525.Az

UNEC-də semestr imtahanları başladı


 

UNEC-də semestr imtahanları başladı<b style="color:red"></b>

Dekabrın 29-dan etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016-2017-ci tədris ilinin qış imtahan sessiyasına start verilib.

Yazılı və test üsulu ilə keçiriləcək imtahanlarda ümumilikdə 12086 tələbənin iştirakı nəzərdə tutulub. Onlardan 2986 nəfəri I kurs, 2839 nəfəri II kurs, 2878 nəfəri III kurs, 3126 nəfəri IV kurs, qalanları isə növbəti ilə qalan tələbələrdir. İlk dəfə olaraq Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində imtahanlar eyni qaydada keçiriləcək.

Qış imtahan sessiyası üçün 598  fənndən (Azərbaycan  bölməsi - 329, Rus bölməsi - 264 və Xarici dil - 5 (İşgüzar, İxtisas yönümlü, İngilis, Fransız və Alman dilləri) imtahan testləri hazırlanıb.

İmtahanda cavablandırması üçün hər tələbəyə 50 sual veriləcək. Bunun üçün üç tədris korpusunda 5 imtahan zalı hazırlanıb və vahid şəbəkəyə birləşdirilərək 430 kompyuter quraşdırılıb.  İmtahanlarda gün ərzində 7 növbədə 3010 tələbə imtahan verəcək.

1 və 4 kurs tələbələrinin iştirak etdiyi imtahana hər qrup üzrə 1 məsul şəxs, 4 nəzarətçi, 1 tyutor və 1 dekan müavini nəzarət edəcək. Tələbələrin işini asanlaşdırmaq üçün imtahanın sualları öncədən universitetin saytında yerləşdirilib.

İmtahanda yalnız 25 faiz davamiyyəti olmayan tələbələrin iştirakına icazə verilməyib.

UNEC-in rektoru, professor Ədalət Muradov imtahan sessiyasının başlanması ilə əlaqədar tələbələrə müraciət edib. Rektor tələbələrə uğurlar arzulayıb: “Qarşıdan gələn qış imtahan sessiyasında hər birinizə böyük müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, tədris müddətində qazandığınız biliklərlə daha da əzmlə çalışacaq və imtahanlarda ən yüksək nəticəni göstərəcəksiniz. Sizin uğurunuz əzizlərinizə və müəllimlərinizə bəxş etdiyiniz ən gözəl hədiyyə olacaqdır. UNEC tələbəsinin hər zaman olduğu kimi, bu dəfə də öz bilik və savadı ilə üstünlüyünü nümayiş etdirəcəyinə inanıram. Hər bir tələbənin biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyimizi yenə də qoruyacağıq”.

Sessiya dövründə hər həftənin şənbə günü UNEC rektorunun QHT, KİV və ictimaiyyət nümayəndələri ilə birgə keçirəcəyi “Açıq qapı”da tələbələrin bütün müraciətləri dinləniləcək, operativ tədbirlər görüləcək. Sessiyanın sonuna kimi QHT nümayəndələri, təhsil ekspertləri və imtahanlara məsul şəxslər Radio UNEC-in canlı efirində tələbələrin suallarını cavablandıracaqlar. QHT nümayəndələri tələbələr arasında imtahan sessiyası ilə bağlı anonim sorğu da keçirəcəklər.

UNEC imtahan sessiyasının obyektiv və şəffaf təşkilinə dair müxtəlif layihələr həyata keçirilir. Onlardan biri də E-apellyasiyadır. İmtahan sessiyası dövründə Elektron Müracət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apellyasiya müraciətlərini edə və nəticələrini öyrənə bilərlər.

Sessiya dövründə “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin cavablandırılması və araşdırılması QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə olunub.

Dünən “Qaynar xətt” xidmətinə daxil olan müraciətləri “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva dinləyib, araşdırıb və sualları cavablandırıb. İmtanan yenicə başladığı üçün qaynar xəttə müraciətlər əsasən sorğu xarakterli olub.

Xatırladaq ki, biliyin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq “525-ci qəzet” imtahan sessiyası ərzində UNEC-ə informasiya dəstəyi verir.

S.QARAYEVA

 





29.12.2016    çap et  çap et