525.Az

Səyyad Aranın hekayələr kitabı çıxdı


 

Səyyad Aranın hekayələr kitabı çıxdı<b style="color:red"></b>

Tanınmış yazıçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın “Sazaq” adlı hekayələr kitabı işıq üzü görüb.

Kitabın redaktoru Elçin İsgəndərzadə, texniki redaktoru Şükufə Əhmədli, cildin rəssamı isə Əlisəmid Kürdür.  “Vektor” Beynəlxalq Nəşrlər Evində çap olunmuş 224 səhifəlik kitab 1000 tirajla nəşr edilib.

Kitab “37-ci il qurbanlarına və onların ata üzü görməmiş balalarına” epiqrafı ilə başlayan “Təmizlik kağızı” hekayəsilə açılır. Hekayədə XX əsrin 30-40-cı illərindəki Azərbaycan kəndi, onun sosial və məişət həyatı, repressiyaya uğramış adamların ailələrinin çətinlikləri, cəmiyyətdən dışlanmaları gerçəkçi bir dillə təsvir olunur. Süjet xətti oxucunu o illərə aparır.

Növbəti hekayə “Soyuq günəş” adlanır. Yazıçı bu əsərini qardaşına ithaf edib. Mətn Azərbaycan dilinə məxsus elə şirinliklə başlayır ki, ilk cümlələrdən oxucunu özünə çəkə bilir:

- Sənnənəm...

Səs o dünyadan gəldi. Ona görə də səs yiyəsinin üzünü görmədi. Hardan görəcək, zülmət qaranlıqdı. Müdhiş sükutdan adamın zəhri yarılırdı. Sinəsinə elə bil yerin-göyün ağırlığı çökmüşdü - zəlzələydi, nəydi?

Üçüncü hekayə “Balıq günü”dür. Digər hekayələrdə olduğu kimi xatirələrə yer verilən mətndə hadisələrin gedişatında müəllif ölkənin, cəmiyyətin, insanların problemlərini oxucuya çatdırır, insan xislətinin çoxqatlılığını, onun psixoloji travmalarını, ağrılarını özünəməxsus üslubda ifadə edir.

“Günün günorta çağı” digərlərindən fərqli olaraq “şəhər hekayəsi”dir. Hadisələr bu dəfə kənddə, dağların qoynunda, aranın tozlu istisində deyil, şəhərdə cərəyan edir. Amma insanların problemləri də, danışdıqları mövzular da, ağrıları da bir-birindən çox fərqlənmir. Hekayənin baş qəhrəmanı fiziki qüsurlu qocadır. O, yeriyə bilmir, hərəkət üçün əlil arabasına möhtacdır. Yazıçı bu personaj vasitəsilə insanların qərəzli, önyarğılı davranışlarını tənqid etmədən, səhv olduğunu ustalıqla nəzərə çatdırır, empati hissinin vacibliyini diqqətdə saxlayır.

“Havalar soyuyanda” hekayəsində isə əsas obraz dilənçi bir kişidir. Dilənməyini arvadından gizləyir. Təki gündəlik ruzusunu birtəhər toplasın, evə əliboş dönməsin. Dilənçinin Fuad adlı personajla söhbəti bu baxımdan kifayət qədər maraqlıdır:

- İşləmirsən?..

- Heç bir yeri qurtarmamışam. Savadım yoxdur.

- Dilənmək çox çətindir?

- Ölüm ondan yaxşıdır.

- Bəs niyə ölmürsən?

- İxtiyarım yoxdur. Balalarım var. Onları böyütməliyəm.

Sonuncu hekayə adını kitaba verən “Sazaq”dır. Can verən adamın başına yığışan qohum-qonşunun dialoqlarına şahid olur, ailənin problemlərini, adamların xislətini öyrənirik. Digər hekayələrdə olduğu kimi, müəllifin yazı dili, üslubu o qədər səmimi təsir bağışlayır ki, oxucu hərdən özünü o adamların başı üzərindən xəstə yatağına boylanan halda təsəvvür edir.

Hekayələrin bəziləri 80-lərin axırı, 90-ların əvvəlində, bəziləri isə yaxın illərdə qələmə alınıb.

Cavid QƏDİR

 





30.12.2016    çap et  çap et