525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1991-ci il. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Heydər Əliyevin sədrliyi ilə dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması barədə qərar verilmiş və bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə müraciət ünvanlanmışdı.
 
1905-ci il. Görkəmli alim, akademik, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı Yusif Məmmədəliyevin doğum günü (1905-1961).

Yusif Məmmədəliyev 1947-1951-ci və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.

Y.Məmmədəliyevin qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə Nobel mükafatına təqdim olunması məsələsi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarılıb, sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlinib. Lakin Sovet Ordusunun rəhbərliyindəki ermənilər - marşal Baqramyan, general Babacanyan, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Mikoyan buna mane olublar.

Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu.

1934-cü il. Görkəmli yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Cəfər Cabbarlı vəfat edib (1899-1934).
O, Bakı Politexnik Məktəbinin elektromexanika şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Lakin sonradan təhsilini universitetin şərq fakültəsinin tarix şöbəsində davam etdirib.

C.Cabbarlı 1928-ci ildə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesi əsasında ssenari yazıb və Azərbaycanın kino tarixinə ilk milli ssenarist kimi daxil olub.

1989-cu il. Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb.

Bu hadisə Azərbaycan tarixinə “sərhəd hərəkatı” – milli həmrəylik aksiyası kimi düşüb.

 





31.12.2016    çap et  çap et