525.Az

“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir”


 

“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir”<b style="color:red"></b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Gənc alimlə söhbətimizin məğzini müsahibimizin əsasən dini və milli tolerantlığa fəlsəfi aspektdən yanaşması, millət olaraq inkişaf və tərəqqimizin milli və dini özünüdərkdən keçməsi tezisinin müdafiəsi təşkil edir.

– Bu gün Avropadan bizə külli-miqdarda saxta dəyərlərlə yanaşı, ədəbiyyat axını da var. Bu günlərdə məşhur hind mütəfəkkiri Rabindranat Taqoru oxuyurdum. Çox qəribədir, Taqor artıq ömrünün sonlarında belə bir yazı yazıb ki, bizə Qərbdən – İngiltərədən mədəniyyət gələndə çox sevindik ki, bizə işıq gəldi. Sonra mən yavaş-yavaş gördüm ki, bu, işıq deyilmiş. Bu işığı biz öz daxilimizdə də tapa bilərdik. Sonra mən gördüm ki, ingilislər çıxıb gedəndən sonra Hindistanda, buralarda ancaq xarabalıq və uçqunlar qalıb.

Taqorun əvvəlki əsərlərində Qərb barədə daha fərqli şeylər yazılıb, filosof onda Qərbi sivilizasiya, mədəniyyət ilə birgə assosiasiya edir, ancaq həyatının sonunda bir həqiqəti dərk edir və yazır: “Mən gedirəm, ancaq ümid edirəm ki, Hindistan özünün enerjisini yenidən qaldıra, dirçəldə biləcək”. Bunu çox böyük bir ürək yanğısı ilə yazırdı. O da öz gənclərinə müraciət edərək bildirir ki, Qərbdən sivilizasiya adı ilə bizə sırınanlar mədəniyyət deyil, ancaq tör-töküntüdür. Yəni, fikir verin, Qərbin bu gün özündə dəyər verdiyi ədəbiyyat, filmlər bizə ixrac etdikləri ilə eynidirmi? Təkcə ondan götürün ki, hətta adi bir qida məhsulunu da onlar iki cür istehsal edirlər: özləri üçün və xaric üçün. Hətta üçüncü dövlət və Afrika üçün olanlar belə fərqlidir. Eyni tendensiyanı onlar mədəniyyətdə də edirlər. Elə bunlardan görmək olar ki, əsl mədəniyyəti özləri üçün saxlayıb bizə tör-töküntü ötürürlər. Bunu görmək lazımdır. Bunun nə dərəcədə tör-töküntü, yaxud həqiqi mədəniyyət olmasını görmək üçün müqayisə obyekti lazımdır. Həqiqət müqayisədə üzə çıxır. Mənsur Həllacın bir sözü var: “Ancaq qara baramanın nisbətində ağ ipəyi görmək mümkündür”. Təhlil etməyi bacarmaq, analiz qabiliyyətini inkişaf etdirmək, bunun müqabilində də nəyin üstün olduğunu görməyi bacarmalısan. Bunun üçün mükəmməl təhsil, düzgün yönəldilmiş mütaliə vasitəsilə özünüdərk olmalıdır. Mütaliənin, ədəbiyyatın da önəmi böyükdür. Bu gün yüz cür ədəbiyyat çap olunur və hər kəs də özününkünün məhz ədəbiyyatın mərkəzi olduğunu diqtə etməyə çalışır. Bu gün sivillik adı altında elə “dəyərləri” qəbul etdirməyə çalışırlar ki... Əgər bu “dəyərlər” milli soy- kökü unutdurmağa xidmət edirsə, insanı vasitəyə çevirirsə, onda buna necə yol vermək olar?

– Dəyərlərdən söz düşmüşkən soruşum, milli və dini dözümlülüklə bağlı keçirilən elmi konfrans və tədbirlərdə də tez-tez vurğulanır ki, tolerantlıq bizə kənardan aşılanan dəyər deyil, bu, bizim qanımızdadır, həyat tərzimizdir. Sizcə, bu həyat tərzi hansı dəyərlər əsasında formalaşaraq bu günə gəlib çıxıb?

– Əvvəla bu, bizim dinimizdən – islamdan gəlir. Dini xoşgörülük islamın nəticəsində yaranıb. Bir də bu təbii ki, bizim milli ruhumuzdan qaynaqlanır. Bizim güclü, əzəmətli tariximiz var. Türkçülük tarixini, qəhrəmanlıq silsiləsini nəzərdə tuturam. Güclü bir xalq həmişə qarşıdakına ədalətlə və xoşgörü ilə yanaşır. Çünki o, böyükdür. Biz türk olaraq həmişə böyük olmuşuq. Bu baxımdan bizə yıxılanı kəsməmək, zəifə əl tutmaq, düşmənin övladını götürüb saxlamaq kimi nəcib keyfiyyətlər xasdır.

– Fərman Kərimzadənin “Axırıncı aşırım”ında olduğu kimi, düşmənə öz ailəsinin namusunu etibar etmək də həmçinin...

– Bəli, hətta düşmənlik də ədəb-ərkan çərçivəsində olmalıdır. Xalq olaraq öz gücünə arxayın olduğu üçün o mərdliyi qarşıdakına da aşılamağa çalışır. Bu, milli ruhdan gələn bir gücdür. Güclü olan həmişə zəifə qarşı mərhəmətlə yanaşır. Digər tərəfdən, bu, islamla əlaqədardır. İslamı tənqid etmək istəyənlər onun daha çox qorxu tərəfini qabartmağa çalışırlar, sevgi tərəfini yox. Amma gəlin diqqət edək, Qurani-Kərimdə sevgi sözü qorxu ilə yanaşı işlənib. Yəni, saysaq, Qurani- Kərimdə qorxu ayələri heç də sevgi ayələrindən artıq deyil. İslam daha çox sevgi dinidir. Sadəcə olaraq, bəzi insanlar qorxmaqla, bəziləri isə sevgi ilə islah olunur. Bu da insanın özündən asılıdır. İnsan Allahını tanıyırsa və Allaha nisbətdə özünü görürsə, o dərəcədə o ya sevgiyə, ya da qorxuya yaxınlaşır. Müqəddəs kitabımızda da qorxu o kəslərə aşılanır ki, onlar günaha meyillidirlər. İndi sual olunur? Niyə qorxu ayələrini dillərinə gətirirlər, amma sevgi barəsində olan ayələrdən danışmırlar. İslamda sevgi ilə yanaşı həm də mərhəmət, dözümlülük aşılanır. İslamda vurğulanır ki, sənə qarşı ədalətsiz olandan qisas ala bilərsən, amma almasan, bağışlasan daha yaxşıdır. Qurani-Kərimin aşılandığı ən böyük tolerantlıq “kafirlər” surəsində öz əksini tapıb: “Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm! ? Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!... Sizin öz dininiz var, mənim də öz dinim! Elə isə sizin dininiz sizə, mənim dinim də mənə!” Bundan artıq xoşgörü ola bilərmi? Amma bir məsələ də var ki, bu cür xoşgörü bəzən həddindən artıq olanda bizə ziyan verib. Qlobal səviyyədə götürsək, müsəlmanların ən çox əzilən bir ümmət olmasından başlamış, ermənilərin Qarabağda yerləşdirilməsinə qədər olan məsələləri nəzərdə tuturam. Çünki hər dəfə İslama riayət edərək qarşıdakına daha çox tolerant yanaşırıq, çox vaxt da bundan sui-istifadə ediblər və edirlər. Yaşadığımız ölkə bir neçə xalqı özündə birləşdirir. Dövlətin özündən gələn bir xoşgörü ilə hər bir xalqa, etnik qrupa həm hörmət, həm də yüksək münasibət var. Azərbaycanda hansısa xalq o birinin yanında aşağılanmır, nə də əksinə. Bu baxımdan burada dövlətin tolerantlığının nəticəsidir ki, burada hər bir xalq özünü rahat hiss edir. Hələ üstəlik, yad ölkələrdən gələnlər də Azərbaycandakı rahatlığı, qonaqpərvərliyi, yerli xalqın istiqanlılığını, özündən yuxarı başa keçirtməyini görür, ona görə də bura gələn bir daha gəlmək istəyir, hətta burada qalıb yaşamaq, bizneslə məşğul olmaq istəyənlər də az olmur. Bu məhz dövlət tərəfindən yaradılan tolerantlıqdır. Bu gün ictimai həyatın demək olar ki, bütün sferalarında tolerantlıq özünü balanslaşdırılmış şəkildə göstərir. Nəzərə alaq ki, Azərbaycanın əhalisi əsasın türk kökənlidir. Türk kökənli olduğumuzdan təsadüfi olaraq söz açmadım. Bizim tolerantlığımızın bir kökü də soyumuzun türk olması ilə bağlıdır. Məhz türk olaraq böyüklüyümüzdən irəli gəlir ki, Azərbaycanda ləzgi də, talış da, kürd də, inqiloy da, digər millətlərin nümayəndələri də özlərini rahat hiss edirlər. Çünki burada baza möhkəmdir, heç kəs də burada narahatlıq keçirmir.

– Sizin tədqiqat istiqamətiniz həm də milli özünüdərk problemləri ilə bağlıdır. Bu barədə söz açmağınızı istərdik.

– Buna misal olaraq Fransaya diqqət yetirək. Burada milli özünüdərk o qədər yüksəkdir, öz millətinin dəyərlərini o qədər yüksək qiymətləndirirlər ki, hansısa kənar bir qüvvənin buna qarışıb bunu korlamasını istəmirlər. Onlarda demokratiya var, amma özləri üçün, bizim üçün yox. Burada hardasa Qərbin eqoizmi də üzə çıxır. Yaxud alman xalqı özünə o qədər yüksək dəyər verir, adı çəkiləndə o qədər qürur hissi keçirir ki, bunun yanında hansısa üçüncü bir xalq gəlib ona yeni bir mədəniyyətmi öyrədəcək? Ona görə də bunların devizi belədir: mən o qədər yüksəyəm ki, mənə xidmət olunmalıdır. Və uzun əsrlər boyu bir çox ölkələr Qərbə xidmət ediblər, Qərbin müstəmləkəsi olublar. Ona görə də bu gün də Qərb elə hesab edir ki, Şərqə sivilizasiya verib. Hazırda Malayziya, İndoneziya, Hindistan, hətta Yaponiya kimi ölkələrdə də yüksək səviyyəyə qalxmaq o deməkdir ki, deməli, sən Qərbdə təhsil almısan.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





09.04.2013    çap et  çap et