525.Az

Adil Mirseyidin şeirləri


 

Adil Mirseyidin <b style="color:red">şeirləri</b>

Dekabrın 21-i müasir Azərbaycan poeziyasının və rəssamlıq sənətinin istedadlı, tanınmış nümayəndəsi mərhum Adil Mirseyidin doğum günü idi. Gələn il isə unudulmaz sənətkarın 65 illiyi tamam olacaq.

Bu vəsiləylə Adil Mirseyidin şeirlərindən nümunələri oxucularımıza təqdim edir, şairin xatirəsinə bir daha dərin ehtiramımızı bildiririk.

mənim qara sevdam bu gün
könlümün budağında yetişmiş meyvə kimi
dimdikləyir,  dimdikləyir,  dimdikləyir ürəyimi
bir ömür boyu gözlədim səni
ömür necə gəlib keçdi bilmədim
payız qapını kəsdirib artıq
mən çərpələng düzəltdim bir şeirdən
külək gözdən itdi birdən ağaclar arasında
ana yurdum yada düşdü içimdə yarpaq tökümü
pəncərədə sarı xrizantem çiçəyi
qüssə ilə baxır bayırda yağan yağışa
bağrım çartlayır bağrım çartlayır dərddən
heç olmasa bir atlı keçəydi tozlu yoldan
bir it hürəydi hardasa
ya da xoruz səsi gələydi kənddən
uzun ayrılıqdan sonra özümlə görüşdüm mən
dörd yol ayrıcında bir payız günü

lll

bir cüt çöl göyərçini uçub qonub
tül pərdəsi heyva gülü rənginə çalan
üzü güneyə baxan pəncərəmin önünə
niyə insanlar bir-birini öldürürlər
pıçıldadı bir göyərçin mən susdum
dən səpdim göyərçinlərə şeir oxudum
şəhərdə insanlar günəşlə deyil
metro stansiyaları arasındakı
məsafəylə ölçürlər biqalümun zamanı
adi bir yay günüdü bu gün
dəniz kənarına tələsir şəhər insanı
sərin pivə dadır sahildə hava
kədərlidir nədənsə ağacların yaşılı
dəniz mavisi quşların səsi
kədərlidir afişalar vitrinlər
kədərlidi ömrümdən yarpaqtək düşən günlər
mən hər səhər şəhərin mərkəzində
bahalı supermarketlərin
vitrinləri önündən keçirəm
mən hər axşam özümü öldürürəm
sonra gedib meyxanada şərab içirəm
sonra qanlı əllərimlə şeir yazıram
gecələr Hirosima və Xocalı girir yuxuma
Nargin adasında güllələnən gənc şair
təsəlli verir qərib ruhuma
köhnə dostum universitet professoru
həccə gedib dua edib daşlayıb şeytanı
mən isə metro stansiyalarının
arasındakı məsafəylə ölçürəm
barmaqlarım arasından axıb gedən zamanı

lll

ölümlə rəqs eləyən kəpənəklər kimiyəm
ölümlə rəqs eləmək heç ağlına gəlibmi
bir gecə yarısı küçənin ortasında
dəli kimi ağladınmı bir kərə
qara buluddan yağan qara yağmur altında
və o anda ölüm mələyi
sənə toxunmadan keçib gedibmi
bir telefon köşkü tapıb
ən yaxın dostuma zəng vurdum
ölürəm dedim inanmadı
sərxoşsan dedi mənə
halbuki yaxşı bilir on ildi içki içmirəm
bir də yığdım dostumun telefon nömrəsini
ölürəm dedim yenə

yağış kəsdi külək yatdı
indi könlüm çox rahatdı
nə dostum var nə düşmənim
unudub məni ana vətənim
ey ölümlə rəqs eləyən ağ qanadlı kəpənək
gəl mənim dostum ol sən
gəl bir yerdə ölümlə rəqs eləyək

lll

bir kənd çayxanasında sobaya yaxın oturub
ömrümü günümü vərəqləyirəm
təzə şəhər lətifələri danışıram
boz divardan mənə baxan kölgəmə
sən ən ağır günlərində ömrünü
bir fransız romanıtək varaqlayarsan
təzə şəhər lətifələri danışmağıma baxma
mən içimdə hönkürüb ağlayıram
sənin adını gizlətmişəm mən
dodağımda çatlayan iki söz arasında
son dəfə üzünü görmədən bəlkə
uçub gedəcəm bir gün qaşla göz arasında
neçə gündü bir bulud tovuz quşu qanadıtək
açıb qanadını başımın üstə
bu çərşənbə axşamı mən dəli-divanəyəm
bu çərşənbə axşamı bu canı məndən istə
sobaya yaxın oturmuşam bir kənd çayxanasında
qara xəbər döydü birdən çayxana qapısını
mən qəhr oldum kürəyimdə qara xəbər
şəhərdə işıqlar sönsə bu gecə
sən qara çırağın işığında
dua elə mənim üçün dua elə səhərə qədər

lll

balaca bir mətbəx şəkli çəkir
səhər erkən pəncərədən süzülən işıq
əşyaların çizgiləri aydınlığa qovuşur
seylon çayı dəm alır darçın qarışıq
bu mətbəxdə mavi bəyaz bir hüzn var
hüznlə süslənib səhər
süfrədə isti çörək radioda boyat xəbərlər
ətirşah qoxusutək islaq bir kədər
dənizin üstündən duman çəkilir
sübh namazına durub dua eləyir
umudları boşa çıxmış br qadın
bu balaca mətbəxi bu islaq ətirşah qoxusunu
bu qadının gözlərini bu qadının yuxusunu
və pəncərədən süzülən işığı sevirəm mən
bu sevda mənimlə məzara girər
uçun quşlar uçun, uçun dünya gözəldi bu gün
mən də bu gün qanad açıb uçardım
ürəyimdə ağır yük olmasaydı
gecə səhərə qədər ağlayan tut ağacı
gün doğunca gülümsədi üzümə

lll

uçan quşun kölgəsini
tutub basdım bağrıma
unuduldu bir anlıq unuduldu ağrı-acı
axıb gedən buludları akvarelə bənzəyən
bir qərib gündə pəncərəmin şüşəsini
döyür ağ tut ağacı
qədərində nə varsa onu yaşayacaqsan
demişdi mənə şaman kimi bir rəssam
aradan uzun illər ötüb keçib
o rəssamı xatırladım bu axşam
bu şəhərdə şaman kimi bir rəssam vardı
bir gecə ay onu çəkib apardı
təbəssümü qaldı aynada
yaşıl rəngim quruyub palitrada
pəncərədən baxıram payız gəlib dağlara
götür fırçanı bulud şəkli çək
o buludu uzaqlara aparın külək
siz məni boş verin dostlar bu anda
bir qızılgül ləçəyinə  bükmüşəm ürəyimi
qədərimlə baş-başa buraxıb gedin məni
içimdə vivaldinin musiqisi səslənir

lll

unudulmuş bir axşamın melanxolik musiqisi
açır mənim ürəyimin gizli yaralarını
unudulmuş sevdaların
qanı axır açıq yaramdan
ay Allah bitdim mən
ay Allah qurtar məni bu yeknəsəng musiqidən
bir gecə qatarı fit verib keçir
unudulmuş istasiyondan
unudulmuş istasiyonda sonbahar yalnızlığı
yağmur içində gözləyir bizi
orda yağmur altında qoyub gəlmişik
ən gözəl ən şirin xatirəmizi
ay Allah qurtar məni bu yeknəsəq musiqidən
hulqumumda bir hıçqırıq boğulur
bir tamu əzabıyla şair ömrü yaşadıq
bir sirr qalmayıb daha
baxdığımız aynalarda
iki ayna arasında unudulmuş istasyon
göyüzündə görklü ay
ay Allah qurtar məni bu yeknəsəng musiqidən
meyxanə guşələrində
şərab şüşələrində
sevdiyimiz qadınların qüssəli gözlərində
şairlərin nəğmələrində duaların sözlərində
təsəlli aradıq təsəli hanı
hər yerdə girov qoyduq biz şirin canımızı
ay Allah qurtar məni bu yeknəsəng musiqidən
guya xoşbəxt olmalıydıq ulduzların altında
guya səadət gəlib çalmalıydı qapımızı
guya fani dünya aldatdı bizi
hər divar bir qapıymış guya
guya bütün sevdalar
unudulmuş bir röya
ay Allah qurtar məni bu yeknəsəng musiqidən

lll

nord soyuducusunu ərzaqla doldurmuşdu
qapını bağlayıb şeir yazırdı
payız gəlib qapısında durmuşdu
o baharda gördüyü yuxuları yozurdu
pərdələri çəkmişdi telefonu qapalı
acı qəhvə içirdi kaptan blek çəkirdi
mətbəxdə yuyulmamış qabqacaq
bir gün yuxusuna Lermontov girdi
bir də geri dönərmi o əski macəralar
nə köhnə inturist qalıb nə də uzaq vağzallar
hardasa qəzaya uğrayıb qatar
xoşbəxtlikdən qız bürcü öz yerindədi hələ
hər şairin ürəyində bir gizli dəfinə var
demonla qumar oynayırdı gecələr
gənc Qusar zabiti ərköyün mişel
sanardı ki qarşıda şöhrət gözləyir onu
amma ki pusquda durmuşdu duel
dueldə öləcəyini bilmirdi hələ
hələ ki xoşbəxt idi iyirmi yeddi yaşında
beştau dağlarında silahlar çəkiləndə
təzə bir şeir havası vardı başında
bu nə yuxuydu belə anlamadı zavallı
niyə Lermontov gəlib yuxusuna girmişdi
qələm düşdü əlindən daha şeir yazmadı
dəli könlü susmuşdu kirimişdi
tənha yelkən ağarırdı uzaqda
evdən çıxmamışdı günlərdən bəri
son dəfə aynada özünə baxdı
qapını açan kimi ölüm girdi içəri

lll

bəxti yatmiş bir ömrü
oyada bilmədi quşlar röyadan
dur ayağa yuxu yiyəsi dur qalx ayağa
nə umursan bu dünyadan
gün doğub qarşı dağa
yüz sirrin qıfılı qırıldı birdən
mənim ayağım üzüldü yerdən
gözüm görməz oldu dilim lal oldu
haqdan savayı hər şey bir anda xəyal oldu
sən harasa getməliydin bu səhər
gedib geri dönməmək var bilirəm
bir buludun üstündə oturub gözlə səbrlə gözlə
mən Allah eşqinə sənə gəlirəm
bir şair xəyaləti dolaşar bu dünyada
damağında tüstülənər qəlyanı
birdən qafası qızar birdən qaynayar qanı
dolaşar gecə yarı İstanbulda, Parisdə
Ləkidə Şəkidə Bakıda Varşavada
bilirəm ki sənin xəbərin yoxdu
mən intihar elədim yağmurlu bir havada
bir şair xəyaləti dolaşır bu dünyada
bir gün sənin gözünə görünəcək röyada

lll

qiş gecəsi boz dumana bürünür
qış gecəsi ay çox solğun görünür
bəyaz aya baxınca ürəyimiz üzülür
göz yaşları axmadan kipriklərə düzülür
mən də aytək saralıram soluram
mən də aytək  göyüzündə yalqız oluram
heç bilmirəm təqvimdə günlərdən hansı gündü
yenidən yaşamış kimiyəm indi
a luna kanula gülüm çiçəyim
parçalanır bu gecə parçalanır ürəyim
göydə ay solub gedir soyuq qış havasında
yuxuda səni gördüm bir bülbül yuvasında
mən yuxumun içində qarışdırdım yuxumu
sən bülbül yuvasından səsləyirdin ruhumu
mən qanımla ay rəsmi çəkirəm aynada
ilahi namaz üstə diz  çökürəm aynada
aynadakı bu adam nəyin nəsidi Allah
qeybdən bir səs gəlir kimin səsidi Allah
allahım bir zamanlar mən ay suvarisiydim
mən cənnətdən qovulan bir mələk varisiydim
ayrılıq acısı var bu gün şeirlərimdə
metropol həyatına alışmış bir şamanam
alnımda gözəl ayın öpücüyü görünür
mən artıq taleyimlə barışmış bir şamanam
iki gecədi ay çox solğun görünür
ömrümün aynasında sənin ruhun görünür

 





02.01.2017    çap et  çap et