525.Az

SOCAR “ATV İnternational” telekanalını alıb


 

SOCAR “ATV İnternational” telekanalını alıb<b style="color:red"></b>

 “ATV İnternational” kanalının “Azad Azərbaycan” (ATV) televiziya kanalından ayrılması və başqa qurumun tabeliyində, fərqli adla fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, ATV-nin prezidenti Vüqar Qaradağlı deyib ki, “ATV” 2009-cu ildə yaradılıb və bu müddət ərzində milli-dövlətçilik istiqamətində fəaliyyət göstərib. Lakin müasir texnologiyalardan istifadə məsələsində problemlər yaranıb. Kanal reklam gəlirləri əsasında fəaliyyət göstərmədiyinə görə, bu problemləri həll etməkdə çətinliklər əmələ gəlib. Belə olan təqdirdə “ATV İnternational”ın satışa çıxarılması qərara alınıb. Onun sözlərinə görə, kanalın satışı ilə bağlı təkliflər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəyərləndirilib: “Bundan sonra ATV İnternational SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək”.

ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov bildirib ki, təmsil etdiyi qurum bir sıra sosial layihələr həyata keçirir: “Bizim şirkət təkcə ölkədə deyil, dünyanın bir sıra dövlətlərində beynəlxalq layihələr həyata keçirir. Bu səbəbdən də qərar gəldik ki, prosesə media dəstəyi də verilsin. Beləliklə, satışa çıxarılan “ATV İnternational”ı almaq qərarına gəldik. SOCAR Media İctimai Birliyinin ARDNŞ qarşısında hər hansı öhdəliyi yoxdur. Sadəcə qurum sosial layihə kimi fəaliyyət göstərəcək”.

O qeyd edib ki, kanalda verilişlərin 10 faizi Azərbaycan, 90 faizi region ölkələrinin dillərində yayımlanacaq: “Kanal ən müasir texnologiyalarla təmin ediləcək və regionun lider televiziyasına çevriləcək. Bu kanal SOCAR biznes maraqlarını təmsil etməklə yanaşı, eyni zamanda dövlətin siyasətini yaymağı həyata keçirək”.

X. Məmmədov qeyd edib ki, kanal qeyri-kommersiya təşkilatıdır və ayrılan qrant hesabına büdcəsi formalaşdırılacaq. Kanala jurnalist Azər Xəlilov rəhbərlik edəcək.

“ATV İnternational” televiziya kanalı direktoru Azər Xəlilov deyib ki, bundan sonra “ATV İnternational” televiziya kanalı “CBC” (Caspian Broadcasting Company) adlandırılacaq. Kanal milli ideya, tolerantlıq ideologiyası əsasını üstün tutacaq və Azərbaycanın beynəlxalq təbliğatına yer ayıracaq. A. Xəlilov bildirib ki, hazırda kanalda fars, erməni, rus, ingilis dillərində yayımlanır və bu proses davam edəcək.

 





10.04.2013    çap et  çap et