525.Az

“Azernews” qəzetinin 15 illik yubileyi ilə bağlı tədbir keçirilib


 

“Azernews” qəzetinin 15 illik yubileyi ilə bağlı tədbir keçirilib Dünən Azərbaycan Mətbuat Şurasında ingilis dilində çıxan “Azernews” qəzetinin 15 illik yubileyi ilə bağlı dəyirmi masa təşkil olunub.

Ölkəmizin aparıcı media vasitələri rəhbərlərinin, Azərbaycandakı diplomatik missiya və nümayəndəliklərin təmsilçilərinin, ekspertlərin və ictimai xadimlərin qatıldıqları tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. 

MŞ sədri bildirb ki, Azərbaycan müstəqilliyini əldə etməzdən öncə və sonra çoxsaylı beynəlxalq təpkilərlə üzləşirdi. Həmin dövrdə ölkəmizlə bağlı informasiya blokadası yaranmışdı. Həqiqətlərimiz dünya ictimaiyyətinə müxtəlif qrup və mənafelərin prizmasından çatdırılırdı. “Azernews” qəzeti məhz belə bir məqamda doğruları çatdırmaq üçün meydana atıldı. “Nəşrin qurucusu, hamımızın yaxından tanıdığı, görkəmli jurnalist, publisist, yazıçı Fazil Abbasovun fədakar əməyini qeyd etməyi vacib sayıram. O, ötən 15 ildə qəzeti hər cür çətinliklərdən çıxardı, ayaqda saxladı”, – deyən Ə.Amaşov hazırda “Azernews” qəzetinin təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da böyük populyarlıq qazandığını vurğulayıb. Şura sədri yubilyar nəşri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərinə görə rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib. 

“Azernews” qəzetinin qurucusu Fazil Abbasov çıxışında nəşrin yaranma zərurəti barədə ətraflı söhbət açıb: “Həmin illər çox təlatümlü bir mərhələni təşkil edirdi. Azərbaycana kənardan təsir cəhdləri özünü aşkar göstərirdi. Bu təsirlər həm də ideoloji müstəvidə idi. Ölkəmizə xaricdən gələn təşkilatlar, qurumlar özləri ilə müəyyən mənada missioner funksiyası daşıyan media orqanlarını da gətirirdilər. Burada da onlar üçün işləyənlər az deyildi. Belə bir məqamda tam obyektiv sözə ehtiyac var idi. “Azernews”, eləcə də ana dilində çıxan “Azərxəbər” qəzeti ötən 15 ildə bu işi həyata keçirməyə çalışdı. Dünya ictimaiyyətini Azərbaycanla əlaqədar dürüst, qərəzsiz informasiyalarla təmin etdi”.

“Azernews” qəzetinin baş redaktoru Sevinc Mikayılova nəşrin hazırki fəaliyyət dairəsi və yayım xüsusiyyətləri barədə məlumat verərək bildirib ki, mətbu orqanının daxildəki əsas oxucu auditoriyası Azərbaycandakı səfirliklərin, beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin təmsilçilərindən ibarətdir. O, nəşrin başlıca hədəfinin beynəlxalq aləmdə daha çox tanınmaqdan ibarət olduğunu vurğulayıb. Mövcud istiqamətdəki fəaliyyəti intensivləşdirmək üçün qəzetə əlavə peşəkar kadr potensialının cəmləşdiyini diqqətə çatdıran S.Mikayılova onu da bildirib ki, “Azernews” ölkəmizdə iPad applicationa malik yeganə xarici dildə çıxan qəzetdir. Baş redaktor habelə yubilyarın Beynəlxalq Qəzetlər Assosiasiyasına üzv qəbul edildiyi barədə də məlumat verib. 

Türkiyənin Azərbaycandakı Səfirliyinin ikinci katibi Əhmət Doğan və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin müşaviri Kim Conq-ho çıxışlarında ölkə üçün xaricdəki təbliğatın son dərəcədə önəmli məqam olduğuna diqqət çəkərək bu missiyanın 15 il ərzində fasiləsiz olaraq reallaşdırılmasını böyük fədakarlıq nümunəsi kimi dəyərləndiriblər. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib ki, Azərbaycanda dünya mediasına çıxmaq ehtiyacı həmişə hiss olunub. Konkret olaraq İctimai Televiziyanın xaricdəki təmasları, o cümlədən Cənubi Koreyadakı, Macarıstandakı və Türkiyədəki əməkdaşlıq məsələləri barədə məlumat verən C.Məmmədli Azərbaycanın kütləvi informasiya vasitələrinin beynəlxalq media qurumları ilə qarşılıqlı iş mühitinin təməlinin məhz “Azernews” qəzeti ilə qoyulduğunu vurğulayıb. 

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 il ərzində fasiləsiz olaraq qəzet buraxmağın çətinliklərindən bəhs edərək “Azernews”un keçdiyi uğurlu yolu misilsiz nümunə kimi dəyərləndirib.  Çıxış edənlərdən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, ədəbiyyatşünas Nazim Əhmədli, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev yubilyar nəşri, eləcə də onun qurucusu F.Abbasovu səciyyələndirən xüsusiyyətlərdən söhbət açaraq bildiriblər ki, “Azernews”un ötən 15 ildə daşıdığı missiya təkcə peşəkar qəzetçiliklə məhdudlaşmayıb, eyni zamanda özündə ardıcıl lobbiçilik fəaliyyətini birləşdirib.  Sonda çıxış edən F.Abbasov və “Azernews” qəzetinin baş direktoru Sevda İlhamqızı nəşrin fəaliyyətinə verilən dəyərə görə dəyirmi masa iştirakçılarına təşəkkürlərini bildiriblər.
 





28.09.2012    çap et  çap et