525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1907-ci il. Azərbaycanın tanınmış aktyoru, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı İsmayıl Dağıstanlı (Hacıyev) anadan olub (1907–1980).

İ.Dağıstanlı 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-1937) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).

O, 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Aktyor “Səbuhi”, “Böyük dayaq”, “Qatır Məmməd”, “Qara daşlar”, “Koroğlu”, “Kölgələr sürünür”, “Axşam konserti” və başqa filmlərdə çəkilib.

1938-ci il. İtaliyanın tanınmış kinoaktyoru, estrada müğənnisi, bəstəkar, rejissor Adriano Çelentano anadan olub.

Müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq dövrdə A.Çelentano tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb.

1938-ci il. Azərbaycanlı şair Mikayıl Müşfiq (İsmayılzadə) güllələnib (1908-1938).

M.Müşfiq müasir Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynamış nadir istedadlı şairlərdəndir.

Onun “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Gənc şair bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib.

M.Müşfiq repressiya dövründə 1938-ci il yanvarın 6-da güllələnib.

Nakam şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

1962-ci il. Azərbaycan aktrisası, SSRİ Xalq artisti Mərziyyə Davudova (1901, Həştərxan - 1962, Bakı) vəfat edib.

Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn M.Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib.

Geniş yaradıcılıq diapazonuna malik olan aktrisanın Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətləri olub.

O, “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər filmlərdə çəkilib.

1976-cı il. Azərbaycanın klassik bəstəkarı, dirijor, librettoçu, Xalq artisti Əfrasiyab Bədəlbəyli vəfat edib (1907-1976).

Sənətkar Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib.

Ə.Bədəlbəyli ilk milli baletin müəllifidir. O, 33 yaşında yazdığı “Qız qalası” əsəri (1940) ilə musiqi tariximizdə Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarının, simfonik poema və təntənəli marşın müəllifi kimi adını mədəniyyət tariximizə qızıl hərflərlə həkk edib.

Ə.Bədəlbəyli bir çox dram tamaşalarına (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s.). musiqi bəstələyib.
 





06.01.2017    çap et  çap et