525.Az

Yazıçılar Birliyinin mükafatları qaliblərə təqdim olundu (Fotolar)


 

Yazıçılar Birliyinin mükafatları qaliblərə təqdim olundu<b style="color:red"> (Fotolar)</b>

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Birliyin Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək naminə təsis etdiyi müsabiqənin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə nəticəsində “Ən yaxşı nəsr əsərinə görə Yusif Səmədoğlu adına mükafat”a Etimad Başkeçid və Alpay Azər, “Ən yaxşı poeziya əsərinə görə Əli Kərim adına mükafat”a Vaqif Bəhmənli və Mahir Qarayev, “Ən yaxşı tənqidi və publisistik əsərə görə Yaşar Qarayev adına mükafat”a  Vilayət Quliyev və Əsəd Cahangir layiq görülüblər. “Ən yaxşı tərcümə əsərinə görə Tofiq Bayramov adına mükafat” Vilayət Hacıyevə və Ələkbər Salahzadəyə, “Xarici ölkələrdə Azərbaycanı və ədəbiyyatını təbliğ edən ən yaxşı əsərlərə görə Nəcəf Nəcəfov adına mükafat” isə İmdat Avşar (Türkiyə) və Mixail Sinelnikova (Rusiya) verilib.

Mükafatları qaliblərə Xalq yazıçısı Mövlud Süleymanlı təqdim edib. M.Süleymanlı müsabiqəyə təqdim olunan 80 əsərdə Azərbaycanın ədəbi mənzərəsini hiss edə bildiyini söyləyib. Xalq yazıçısı onu da qeyd edib ki, əsərlər arasında olduqca maraqlı əsərlər var idi, ancaq müsabiqənin şərtlərini nəzərə alaraq hər nominasiya üzrə iki ən yaxşı müəllif mükafatlandırılıb. Dəyərli ədəbi şəxsiyyətlərin adına təsis olunmuş bu mükafatlara olduqca ciddi yanaşmağın vacibliyini vurğulayan M.Süleymanlı bu ənənənin gələcəkdə də davam etməsini arzuladığını deyib. Mükafatlar təqdim olunduqdan sonra söz qaliblərə verilib.

İmdat Avşar: “Mən ilk öncə bu mükafatı təsis etdiyi üçün, başda hörmətli Anar bəy olmaqla, Azərbaycan Yazıçılar Birliyinə öz təşəkkürümü bildirirəm. Çox böyük qürur hissi keçirirəm ki, məni də bu dəyərli mükafata layiq bilmisiniz. İstərdim xüsusi qeyd edim ki, mən özümü hər zaman Azərbaycan vətəndaşı kimi hiss etmişəm. Artıq 6 ildir ki, qardaş Azərbaycanın dəyərli ədəbiyyat nümunələrini Türkiyə türkcəsinə tərcümə edirəm. Mən bacardığım qədər Azərbaycan ədəbiyyatının, mədəniyyətinin Türkiyədə geniş təbliğinə çalışıram”.

Əsəd Cahangir: “Mən də öz növbəmdə müsabiqənin bu cür obyektiv keçirilməsinə görə, başda Mövlud Süleymanlı olmaqla, bütün münsiflər heyətinə öz təşəkkürümü bildirirəm. Çalışacam ki, mən bu mükafatı daşımağa layiq işlər görüm”.

Mahir Qarayev: “Müsabiqələrdə mükafatlar almaq mövzusunda bir qədər təcrübəsiz olduğum üçün mən çox söz deyə bilməyəcəm. Ancaq ilk dəfə mükafat aldığım üçün çox həyəcanlıyam, bir o qədər də sevinc hissi içindəyəm. Mənim üçün çox xoşdur ki, Əli Kərim kimi dəyərli şairimizin adını daşıyan mükafata layiq görülmüşəm”.

Vaqif Bəhmənli: Ələkbər Salahzadə, Alpay Azər  də müsabiqənin obyektivliyindən razı qaldıqlarını söyləyib, bu obyektivliyə görə münsiflər heyətinin bütün üzvlərinə minnətdarlıq ediblər.

Münsiflərdən Bəsti Əlibəyli və başqaları da qalibləri təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıblar.

Günel MUSA

 





10.04.2013    çap et  çap et