525.Az

Xatirə Rəhimbəylinin şeirləri


 

Xatirə Rəhimbəylinin <b style="color:red">şeirləri</b>

2017-ci ilin ilk şeiri...

Eh, bu il də keçdi aciz, avara,
Yenə qulaq səsdə, gözüm yoldadır.
Bütün təamlarım barıt qoxuyur,
Bütün arzularım Qarabağ dadır...
Açılmır arzumun qartal qanadı,
Qəfəsdə çırpınan ürək usanır.
Bakıda qurduğum şirin xəyallar
Hərlənib-fırlanıb Şuşada sınır...
Qisas qiyamətə qalmaz... Uzanır
Bu qılınc qollarım düşür kəsərdən.
Çərləyir ürəyim köhlən at kimi,
Ümidlərim bir-bir düşür yəhərdən.
Günəş də gözümə dik baxa bilmir,
Elə küskün-küskün açır sabahı.
Eh, belə çıxır ki, yerdə qalacaq
Xocalıda ölən körpənin ahı?!
Atılsın mina təkpaslı beyinlər,
Yox! Fənddə-feildə, igidim, ölmə!
Sən mənim yeganə arxalandığım,
Sonda ümid ölür... ümidim, ölmə!
Bütün arzularım Qarabağ dadır,
Qəzəbim od tutub yanır Şuşada.
Bakıda qurduğum bütün xəyallar
Hərlənib-fırlanıb sınır Şuşada.

lll

Sən də bu dünyanın ağ-qara görən
Yem üçün yüyürən fərdisənsə, get...
Qulac qollarını dünya malına
Məzlumu tapdayıb gərdisənsə, get!
Bax ha, xoşun gəlməz savaşlarımdan,
Qəbul etdiyimdən, çıxdaşlarımdan.
Qanlı əllərini göz yaşlarımla
Yuyub arıtmağa gəlmisənsə, get.
Sən mənə baş qoşma ,mən buyam, buyam,
Ürəyi çat-çatam, gözləri suyam.
Məni ovutmağa gəlmisən guya,
Halıma xəlvəti gülmüsənsə, get.
Dərdi qələm yazır, dil deyə bilmir,
Küskün ürəyimə “gül” deyə bilmir,
Adımı qəlbindən “sil” deyə bilmir,
Özün öz xoşunla silmisənsə, get.
Bu Tanrı hökmüdür, sən kim, mən kiməm,
Bu haqq qoymur məni qalxam, silkinəm...
“Əliboş, üz qara hikmət mülkünə
sahib olmaq olar”... bilmisənsə, get!!!

II

Mənə də xəbər et hayana getsən,
Yolların çəkilsin gözüm üstdə, get.
Qoyma səksəkədə qalsın ürəyim,
Gedəndə adımı bir yol səslə, get.
Alqışım tökülsün - qırx qoluzorlu,
Duam-sənam gəlsin - qırx incəbelli.
Tək çıxma yollara, obalı-elli
Xəyallarım olsun sənə dəstə,get...
Sözünün üstündə dur ömür boyu,
Qəlbimi qır elə, qır ömür boyu...
Sən ay ayrılığı bir ömür boyu,
Gəlişi, görüşü boyu bəstə, get...
Bilirəm, ta düşməz güzarın mənə,
Qazdırdın bu eşqin məzarın mənə.
Heç vaxt acı çəkmə, azarın mənə,
Onsuz da salmısan canı xəstə, get...
Kim deyir həsrətin yük ürəyimə,
Çək dağı dağ üstdən, çək ürəyimə.
Gözünün qadasın tök ürəyimə,
Ömrümün qalanın xərac istə, get...

lll

Baxdım...Baxışında adamöldürən
Bir qüssə, bir qübar...Yar, elə baxma!
Bütün ümidləri yaxıb söndürən
Zalım bir acı var...Yar, elə baxma!
Bəxtinə doğma ol, yanaşma ögey,
Mənim xatirimə danış eyy, gül eyyy...
Üzgün ürəyindən qüssə, qəm, giley
Hər nə var, sil apar, yar, elə baxma!
Ömrümdə xoş nə var, olsun sənin, yar,
Amma əlin burax bu qüssənin, yar.
Ömrünə gül açsın həmişə bahar,
Düşməsin boran, qar... yar, elə baxma!
Baxdım... Baxışında adamöldürən
Bir qüssə, bir qübar...Yar, elə baxma!

lll

Səni unuduram... əriyib fikrin
Düşür lələk-lələk zər qanadları...
Səni unuduram... gözümün seli
Yuyur köksümdəki dərin çatları...
Səni unuduram... ölür ovcumda
Sözün alabəzək kəpənəkləri.
Səni unuduram... məzarı olur
Əlvan çiçəklərin çiçək ləkləri...
Səni unuduram... düşüb boşluğa
Səhra küləyitək ulayır ürək.
Bu qədər boşuna acı çəkmişəm,
Səni unudaydım əzəldən gərək.
Səni unuduram... unudam gərək
Yaddaşım da qalsın, bir dənəm, sənsiz.
.........Harda quzu mələsə,
.........Bil ki, o, mənəm sənsiz...
Səni unuduram...

lll

Gözümü tox etdin dünya malına,
Gizli mətləbləri yönəltdin mənə.
Qadağan eyləyib gözə girməyi,
Gözə görünməyi öyrətdin mənə,
Şükür, Xudaya!

Kimin ki bağlıdır bəsirət gözü
Kölgətək keçirəm onun yanından.
Sənin hökmün ilə gözəl duyğular
Sıralanıb keçir şah damarımdan,
Şükür, Xudaya!
İzn verdiyin yer güzarım olur,
“Yox” desən, günlərim sayır yerində.
Sənin iznin ilə məşvərət edir,
Hər gün mələklərin çiyinlərimdə,
Şükür, Xudaya!
Gör heç dəyişirmi sonum, əvvəlim,
Cızdığın çevrədə dövrə vururam.
Hər gün qulluğuna ərzim var mənim,
Hər gün hüzurunda gəlib dururam.
Şükür, Xudaya!
Alıb əllərimdən adilikləri,
Qeyri -adiliklər bəxş etdin mənə.
Zülmə qabarmağı, haqqa enməyi,
Ürəkdən sevməyi öyrətdin mənə,
Şükür, Xudaya!
Təpədən-dırnağa sirrəm, İlahi,
Hərdən ürək dözmür belə şadlığa.
Sənə qulluğumla hürrəm, İlahi,
Şükür bəxş etdiyin bu azadlığa,
Şükür, Xudaya!

lll

Hər dəfə görürsən gülürəm, amma
Necə güldüyümü hardan biləsən?..
Özüm öz içimdə həbsxanadan
Qaçıb gəldiyimi hardan biləsən?..
Sahibi sən idin bu gülüstanın,
Tikan həsrətinə çox axdı qanım.
Özüm öz qanımı gizlində, canım,
İçib gəldiyimi hardan biləsən?
Etibarı yolub yellərə verdin.
Eşqimi ayaqlar altına sərdin,
Bu fani dünyadan olub didərgin
Köçüb gəldiyimi hardan biləsən?
Ulu eşq yarımaz bircə ömürdə,
Gələcək dünyaya o bir də, bir də.
Mayamı götürüb o böyük sirdən,
Keçib gəldiyimi hardan biləsən?

Bu da bir salam....

Asi deyiləm ki bu qəmdən ötrü,
Qəm çəkmə saçımda bu dəndən ötrü.
Qəbulumsan mənim, tək məndən ötrü
Göydən göndərilən kitabım, salam.
Söylədim, nə çıxdı, nə çıxdı guya,
Sevdiyimi sənə, dərdimi suya?!
Könlümdə yalvarış, dilimdə dua,
Axşam da, sabah da xitabım, salam.
Səndən aldığım hər xətərə şükür,
Acıya, qüssəyə, kədərə şükür.
Öyrəşdim daha bu qədərə, şükür,
Salam, ay ömürlük əzabım, salam....

lll

..Ad gününə sürpriz eləmişdim anamın - xəlvət getmişdim... Adamların arxasında məni görəndə içini elə çəkdi ki... Ürəyi qısılacaqdı az qala... Uşaq kimi sevinirdi...
Özümü qınadım, “icazə ala bilmədim” - dediyimə görə, onu nigaran saxladığıma görə...
Ad günündü , ana, mən də səni elə gözləyirəm, lap sənin kimi... Sənin məni gözlədiyin kimi...

Ah,yenə burnumda tütdü varlığın,
Sənsizlik qoxuyur, anam, hər yan eyyy.
“Ay ana!” çağırdım, xəyallarımdan
Əks-səda gəldi: “Hay can, hay can eyy”
Könlümə çəkdiyin nə dağdı belə,
Aramıza düşən nə Çin səddidir?
Bütün ayrılıqlar yalanmış, ana,
Mən indi anladım ayrılıq nədir...
Ömrüm ip üstündə keçir elə bil,
Əlimdən tutmasan hər an yıxıllam.
Gözümün qorasın sıxıram hər gün
Hər gün şəkilinə qaçıb sıxıllam.
Sovqatın gələrdi bayramdan qabaq,
Səsinsiz gəlməzdi bayram günləri.
Adi günlər qatır iş-güc başımı,
Sənsiz çəkilməzdi bayram günləri....
Bir bax, kimsə məni ovuda bilmir,
Cırnaq uşaq kimi küsüb qalmışam.
Gözümü yollardan yığa bilmirəm,
Gözümü yollardan asıb qalmışam.
“Ay ana” deyirəm hər addımbaşı,
Axı ürəyimi üzür hicran eyyy.
Əks-səda gəlir xəyallarımdan:
“Hay can, anan qurban, hay can, hay can eyyy.Xatirə RƏHİMBƏYLİ

 





07.01.2017    çap et  çap et