525.Az

Avropanı - Türkiyə daxil - niyə sevirəm - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikasında

Avropanı - Türkiyə daxil - niyə sevirəm - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

İnsan qanına susamış müxtəlif radikal qüvvələr İslamın müqəddəs adıyla möhtəkirlik edərək  müsəlmanları öldürərkən...

Şiələrin, ya sünnilərin hakim  olduqları  nüfuzlu dövlətlər  başqa müsəlman ölkələrində hərəsi öz təriqətinə mənsub olanları bir-biriylə ölüm-dirim  savaşına  təhrik edərkən...

Nüvə fövqəldövlətləri Şimali Afrika, Yaxın və Orta Şərq  məmləkətlərində bir müstəbidləri devirib, başqa müstəbidləri qoruyaraq xalqları başıpozuqluğa, hərcmərcliyə, xaosa, min cür müsibətə düçar edərkən... 

İraqda və Suriyada bombardmanlardan on minlərlə dinc əhali - qocalar, qadınlar, körpələr tələf olarkən... 

Yüz minlərlə müztərib insan dopdolu, etibarsız qayıqlarda açıq dənizə çıxıb ölümdən qurtulmaqçün ölümün ağuşuna atılarkən...

Qoca Avropa öz  şəhərlərində terrorçu partlayışları və qəddarlıqla  üzləşəcəyini  bilə-bilə  və üzləşdiyinə  baxmayaraq, “yadları” xilas edərkən “özününkülərin” təhlükəsizliyini risqə atacağını dərk edərək yenə də  qucağını bu biçarələrə açır, sahil qoruma gəmilərini göndərərək onları suların girdabından qurtarır...

Bax buna görə - bütün təzadlarına, ziddiyyətlərinə, naqisliklərinə rəğmən   Avropanı, ya ən azı onun özgə insanların dərdinə biganə qalmayan ölkələrini sevirəm. O ölkələri ki, humanizm, tolerantlıq-dözümlülük dəyərlərini, hər bir insanın -hansı millətə, irqə, dinə mənsub olmasına məhəl qoymadan yaşamaq haqqına  tapınmağı  rahat, arxayın  və tox həyat  sürməkdən üstün tutur.

Türkiyəni  “Avropa evinə” buraxmamaqçün hansı bəhanələr gətirirlər gətirsinlər, Atatürk  məmləkəti coğrafi cəhətdən də, siyasi quruluşuna görə də Avropanın ayrılmaz parçasıdır. Asiyayla Avropanı yalnız real yox, həm də mənəvi körpülərlə bir-birinə qovuşduran Türkiyə - sekulyar, layiq, dünyəvi, demokratik, çoxpartiyalı dövlət olaraq Avropanın müsəlman ölkəsidir və “öz” terrorçularından əzab çəkə-çəkə, hər gün neçə-neçə insanını xain təcavüzlər nəticəsində itirə-itirə, sərhədlərini milyonlarla Suriya qaçqınlarına açır, onlara  torpaqlarında sığınacaq verir. Mən Avropanın qapılarını “başqalarının” üzünə bağlı saxlayan qapalı “xristian klub” kimi yox, haçansa Azadlıq, Bərabərlik, Qardaşlıq  şüarlarını bəyan edən və bunlara etibarlı qalmağa cəhd edən qitə kimi sevirəm. Təsadüfü deyil ki, despotik ölkələrin müxalifətçiləri Avropanı nə qədər qınasalar da, söysələr də, nicat tapmaq məqamı gələndə  məhz Qərbə üz tuturlar.

Arzu edirəm ki, mühacirlərin neçə-neçə nəsli, o sıradan son nəsli də, heç olmasa, minnətdarlıq hissindən məskən saldıqları ölkələrin mənəvi dəyərlərinə, həyat tərzinə, ənənələrinə sayğıyla yanaşsınlar, “gəmidə oturub gəmiçiylə dava etməsinlər”. Sidq ürəkdən ona da inanmaq istəyirəm ki, Avropanın əzəli vətəndaşları lap demokratik seçki yoluyla olsa belə, radikal qüvvələrin, ifrat millətçilərin, qatı şovinistlərin, bütün “gəlmələrə” qarşı nifrət püskürən ultraların hakimiyyəti ələ almasına imkan verməyəcəklər.  Bütün başqa  xalqlara, yaxın və uzaq qonşulara düşmən gözüylə baxmaq, kor-koranə nifrət,  ədavət  gec-tez belə yalançı patriotların öz xalqlarının başında partlayır. Nasist Almaniyasının, faşist İtaliyasının, totalitar rejimlərin hökm sürdüyü digər ölkələrin acı aqibətini, tar-mar olmalarını xatırlamaq yetərlidir.  

Binəsib, bədbəxt qaçqınları qəbul edən, özgə dərdini, fəlakətini  sözdə, dildə yox, əməldə bölüşən, kimsəsizlərə hayan olan, qahmar duran Avropaya təşəkkürlər! İlk olaraq qapılarını müztərib insanların üzünə açan Türkiyəmizə, bitib-tükənməz qaçqın axınlarının qarşısında süpər olub Avropanı da bu sunamidən qoruyan Türkiyəyə təşəkkür!

Qədəm basdığımız ildə Avropaya da, Rusiyaya da, Türkiyəyə də, vətənim Azərbaycana da, dünyanın bütün ölkələrinə və xalqlarına da dinclik, hüzur, rifah, xeyir-bərəkət, inqilablarsız, çevrilişlərsiz günlər, aylar diləyirəm. Nə vətəndaş, nə qeyri müharibələr baş versin, heç bir ölkə özgəsinin torpağına tamah salmasın, kiməsə arxalanıb qamarladıqlarından da dava-dalaşsız əl çəksin.

 





09.01.2017    çap et  çap et