525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

(Əvvəli ötən cümə sayımızda)

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

Azərbaycan Məclisi-Məbusanında 11-ci iclas

(keçən nömrələrin mabədi) 

Sədr - Növbədəki məsələ parlamanın keçən iclasında qəbul edilmiş olan iki komissiya təşkilidir ki, bunlardan birisi məmləkətin bütün hasilatını lazımi qaidəyə qoyaraq bəhəqq istifadə etmək və ərzaq məsələsini yoluna salaraq bahalığın önünü almaq işlərinə baxan, digəri də ləvayehi-qanuniyyə komissiyasıdır.
 
Rica edirəm bu komissiyalara namizədlər göstərəsiniz və namizədlərin siyahılarını yazıb verəsiniz.

Rəsulzadə - (yerindən) Bənə söz veriniz.

Sədr - Buyurun.

Rəsulzadə - Bən məsələnin şəklinə aid bir neçə söz söyləmək istərdim. “Müsavat” firqəsi tərəfindən Məclisi-Məbusan əzasından iclasa gəlməyən yoldaşların əvəzinə yeni bir siyahı təqdim edilmişdir. Məzkur siyahı bu gün müzakirə və qəbul edilməli idi ki, şimdi təklif olunan komissiyalara o adamlardan namizəd verə idik. Siz onların üzvligini təklif etmədən namizəd istiyorsunuz ki, bu da şimdilik bizdə yoxdur.

Sədr - Namizədləri göstərməkdən əvvəl digər məsələlərə keçiyoruz (Katibə: Oxu!)

Əhməd Cövdət - (Oxuyur)

Sədr - Məlumunuz olduğu üzrə keçən iclaslardan birisində ədəmi-ictima qanunu qəbul edilmişdi. Bu münasibətlə Divani-Rəyasət öz tərəfindən Gürcüstan hökuməti nəzdində Azərbaycan siyasi nümayəndəsi Məhəmməd Yusif Cəfərov cənablarına teleqraf çəkərək təklif etmişdi ki, o da məmurluqdamı, ya məbusluqda qaldığını xəbər versin. Şimdi onun cavabını eşidiniz. Anlaşıldığına görə Məhəmməd Yusif mütəxəssis hesab edərək eyni zamanda həm məbus, həm də məmurluqda qalmağı özü üçün mümkün ədd ediyor.

Söz Məhəmməd Əmin Rəsulzadənindir.

Rəsulzadə - Qəbul etdigimiz qanunun məzmunu olduqca aşkardır və uzun təfsirə ehtiyacı yoxdur. Səfiri qanunda qeyd edilmiş mütəxəssislərdən hesab etmək olmaz. Səfir: bir siyasi məmur və hökumət tərəfindən təyin olunduğu üçün vəzifəsində məsuldur. Madam ki, hökumət ümumdaxili və xarici işlərində Məclisi-Məbusan hüzurunda məsuldur və madam ki, qubernatorlar məmur bulunduğu mühitdə məsuldur, əlbəttə səfir dəxi xaricdəki vəzifəsində məsuldur. Xariciyyə naziri hökumət və parlaman hüzurunda məsul isə, səfir də ona tabedir, daha mütəxəssis degildir. Buna görə də bu xüsusda çox danışmaq belə lazım degildir. Məktubda çox əsaslar var ki, azacıq tənqidə belə təhəmmül etməz. Məsələn, məktubda denilir ki, xaricdə olan nümayəndələrə də on gün möhlət verilmişdir. Halbuki Parisdə, ya Londonda səfirimiz olsaydı 10 günə cavab verə bilməzlərdi.

Məlumdur ki, biz qanun yazanda gözümüzü yumaraq kağız üzərinə nə gəlmişsə yazmamışıq: zaman və məkanı nəzərə almışıq. Bilmişik ki, Parisdə, Londonda səfirimiz yoxdur. Ancaq Tiflisdə bir səfirimiz var ki, on gün degil 5 gündə də cavab verə bilər. Tənqidə təhəmmül etməyən şeylərdən birisi də məktub Q.Dumaya aid qismidir. Məktubda deniliyor ki, Duma əzası Qafqasiyaya komissar gəldikdə eyni zamanda Duma əzalığında baqi qalmışdılar. Bu başqa bir vəziyyətdir. Çünki inqilab vəqti Q.Duma öz içərisindən bir inqilab komitəsi seçmişdi. O da yoldaşlarını hər yana göndəriyordu, o cümlədən, Qafqasiyaya da göndərmişdir. Bunlar yəqin etmişdilər ki, bir daha Q.Dumaya qayıtmayacaq və onun hüzurunda məsul olmayacaqlardır. Çünki qabaqda ancaq Məclisi-Məbusan gözləniyordu. O, bir inqilab dövrü idi. Biz artıq inqilab dövründən çıxmaq istiyoruz. Bir də Gürcüstanı misal gətirərək gürcü səfirlərinin eyni zamanda məbus olaraq qaldıqlarını göstəriyor. Gürcü Məclisi-Məbusanının da qanunu bizim üçün timsal ola bilməz. Bizim qəbul etdigimiz qanunu onlar qəbul etməmişlərdir. Səfir öz nüfuzunu artırmaq üçün diyor səfir gərək məbus olsun. Bu da düz degildir. Çünki məbusluq onun istedadını artırmaz, ya parlamandan çıxmaq əksildə bilməz. Bu bir sənətdir. Hökumət ona etimad etmişdir. Artıq məbus olub olmamağın fərqi yoxdur. Qanundan xaric olan bu hüququ Cəfərova və ya başqasına müstəsna olaraq vermək mənasızdır. O dəlil və sübutlar ki, burada gətirilmişdir tənqidə təhəmmül etmiyorlar. Ona görə də bən təklif ediyoram ki, bu barədə də Məhəmməd Yusifin izahatı qəbul edilməyib ancaq qanun qərarına görə ya məbusluqda qalsın, ya səfirlikdə.

Sədr - daha danışmaq istəməyən yoxmu? Onda səsə qoyuram:

Qanun xariciyyə nəzarəti məmurluğunda bulunan zatlara da şamildir ya yox. Hər kəs şamil ədd ediyorsa əlini qaldırsın (rusca). Deməli əksəriyyət ilə qəbul olunur. Keçəlim növbədəki məsələyə Məclisi-Məbusan əzasından doktor Cəmil bəy Lənbəranski səhhəti-ümumiyyə nəzarətində məmurluq aldığından məbusluqdan imtina ediyor. (Katib: ərizəsini oxuyur). Növbədəki məsələ məbusluqdan çıxanları əvəz etməkdir. Müsavat ilə milli komitənin tərtib etmiş olduğu 10 nömrəli siyahı tərəfindən yeni namizədlər göstəriliyor: Mustafa Vəkilov, Ağa Əminov, Yusifəli Əliyev, Şeyxzamanov, Məhəmməd Əli Rəsulzadə, Behbudxan Cavanşir, Bəhram bəy Axundov, Əbdüləli bəy Əmircanov.

Məhəmmədbəyov - (İttihad) Yerindən. Etibarnamə komissiyasına verilsin.

Sədr - Məclisi-Məbusanın qəbul etdigi qanuna görə parlamandan çıxmış adamların əvəzinə mənsub olduqları firqə, yaxud təşkilat tərəfindən namizədlər veriliyor. Bu məsələ müzakirə ediləməz. Və etibarnamə komissiyasına verilməsinə ehtiyac yoxdur.

Məhəmmədbəyov - (yerindən) İcazə veriniz.

Sədr - Buyurun.

Məhəmmədbəyov - 10-cu nömrə siyahısı yalnız “Müsavat” tərəfindən degil, Zaqafqasiya milli komitəsi də iştirak etmişdir. Şimdi bu 8 nəfərin namizəd göstərilməsinə haman mərkəzi komitə dəxi iştirak etmişdirmi, ya yox: hal-hazırda o komitə yoxdur. Bu məsələ xeyli əsaslı bir şey olduğundan fraksiyamız tərəfindən də diyoram ki, etibarnamə komissiyasına verilsin.

Sədr - Söz Rəsulzadənindir.

Rəsulzadə - Əgər namizədlər siyahısının etibarnamə komissiyasına verilməsi bundan ötrü təklif ediliyorsa ki, Zaqafqasiya mərkəzi milli komitəsi iştirak edib ya yox, o zaman etibarnamə komissiyasına verilməsinə ehtiyac yoxdur. Burada müzakirə və həll etməlidir. Söyləsinlər burada cavab verəlim. Bu surətlə bizim qabağımıza çıxmaq istiyorlarsa başqa şey ilə çıxsınlar: yoxsa bu imza filandır, onu təhqiq üçün zərrəbin qoymaq, etibarnamə komissiyasına vermək lazımdır deməklə bir şey çıxmaz. Hamıya bəllidir ki, hal-hazırda Zaqafqasiya milli komitəsi yoxdur. Odur ki, komitə bu siyahıya iştirak edib-etmiyib sözləri gülüncdür. Bu söz tənqidə belə dayanmaz. Fəqət diqqət etsəydiniz görərdiniz ki, bu siyahı müsavat və mərkəzi milli komitə tərəfindən degil, 10-cu nömrə siyahı ilə keçən namizədlər tərəfindən tərtib verilmişdir. Ona görə müsaidənizlə məsələyi izah edim.

Məlumdur ki, Rusiya Məclisi-Müəssisanı seçkisində bir neçə müsəlman siyahısı çıxarılmışdı. O cümlədən, 10-cu nömrə siyahı iki mərkəzi komitə tərəfindən çıxarılmışdı ki, birisi “Müsavat” mərkəzi komitəsi, digəri Zaqafqasiya mərkəzi Milli Komitəsi idi. Sonra zamanın gedişilə Zaqafqasiya mərkəzi Milli Komitəsi münhəll oldu və onun bütün səlahiyyəti Azərbaycan istiqlalı elanından qabaq Seymdə olan müsəlman nümayəndələrinə verilmiş idi. Bu qərar ilə seymdə olan müsəlman nümayəndələri o komitənin hər bir hüququna varis olmuşdu. Seym dağılıb Azərbaycan istiqlalı elan olunandan sonra Seymin haman müsəlman fraksiyası Azərbaycan Şurayi-Millisi şəklini almışdı. Zaqafqasiya mərkəzi Milli Komitəsi bu namizədlər siyahısı tərtib edilən zaman vardı, ya yoxdu. Lakin indi arada yalnız Müsavat firqəsi vardır. Tutalım ki, arada bir şərikli mal var, şərikin biri meydanda yoxdur, ortada ancaq ikinci şərik qalmışdır.

Bu da demiyor ki, mala bir tək bən sahibəm. O fəqət diyor ki, bu iki şərikin hüsulə gətirdigi diri adamlar vardır. O əzalarda parlamana daxil olmuşlardır. Onlar da hüquqən keçmiş 30 nəfərdir və bu hazırda olanların həqqi var ki, 10-cu nömrə siyahı ilə parlamana keçmiş məbusların çıxanlarını əvəz etsinlər və parlamanın qəbul etdigi qanuna görə çıxmış üzvləri əvəz etmək üçün 10-cu nömrə əzasının iki iclası olaraq məsələ ətraflıca müzakirədən sonra ikinci iclasda çıxmış üzvlərinə nümayəndə verməgə özlərini yeganə müməssil ədd və 8 nəfəri namizəd təyin etdilər. Başqa bir surətdə də olamazdı. Hər surətlə baxsanız görərsiniz ki, böylə də olmalı idi. Bu 8 nəfər də yalnız Müsavat firqəsinin nümayəndələri degil müsavatçı və qismən də bitərəflərdəndirlər ki, ümumiyyətlə 10-cu siyahı adamları tərəfindən təklif edilmişlərdir.

Sədr - Heybət Hümmətqulu Məhəmmədbəyov.

Məhəmmədbəyov - (İttihad) Məhəmməd Əmin cənabları buyurdular ki, Seymdə olan müsəlman üzvlərinə keçmiş Zaqafqasiya Milli Komitəsi ixtiyarat vermişdir. Necə ola bilər? Seym Tiflisdə Zaqafqasiya Milli Komitəsi Bakıda Zaqafqasiya Milli Komitəsi bu ixtiyaratı hanki vəkalətnamə ilə Seym fraksiyasına verdi. Burada deyirlər şərikli mal var, bir şərik yoxdur. Yəni milli komitə yoxdur. Milli komitələr olmayan surətdə bunların adından nə cür 8 nümayəndə seçilir. Müsavat diyor ki, milli komitənin varisi bizik. Əcəba hanki mirovoy və okrujnoy sudlar sizi vərəsə təyin etdi? (Gülüş). Həqiqət-hal böylədir: “Müsavat” Milli Komitə ilə bir yerdə 10-cu nömrə siyahıyı tərtib vermişdir. Bu işin bir istoriyası var. “Müsavat” Qafqasiyada olan milli komitələrlə o vəqt siyahı tərtib etdikdən şimdi də o həqq yalnız Müsavatın olmayıb ümum Zaqafqasiya müsəlman komitələrinə aiddir. O vəqt Soltan Məcid də etiraz etdi ki, sizin ixtiyarınız yoxdur milli komitə əvəzinə adam seçəsiniz. Onları mahallar seçə bilərlər. Qabaqkı seçkidə Müsavat 20 yer götürüb, sair təşkilatlara 10 yer vermişdir. Şimdi də haman 10 yerə Müsavat öz nümayəndələrini seçiyor. Halbuki lazımdır cəmi mahallara, uyezdlərə teleqraf verilsin və o yerlər mahallar nümayəndələrinə verilsin. Fəqət görüyoruz ki, haman 10 yeri də Müsavat öz nümayəndələrinə məxsus ediyor. Burada buyurdular ki, guya bu barədə iki iclas olmuşdur. Biz bilmiyoruz ki, bu iclası kim çağırıb və hanki qəzetələrdə elan edilmişdir. Burası bizə məlum degildir. Biz təklif ediyoruz ki, bu məsələ ya etibarnamə komissiyasına verilsin, yaxud fraksiyalara göndərilsin. Bu ixtiyaratı yalnız Müsavata vermək olmaz.

Sədr - Söz Yusif Əhmədovundur.

Əhmədov (bitərəf) - Qabaqdakı məsələlər barəsində danışmıyoram. Lakin bunu demək istiyorum ki, parlaman bir qanun düzəltmişdir, onunla da idarə olunur. Onu da gərək saxlayaq. Yadımdadır ki, bu parlaman bir qanun qəbul edibdir ki, hanki fraksiyadan adam çıxmışsa, çıxan üzvlərin yerinə o fraksiya tazə nümayəndə intixab etsin. Əgər şəxslərdən bəhs edilirsə, parlamanın ixtiyarı yoxdur şəxsi tənqid eləsin. Əsas böylədir ki, hər fraksiya öz nümayəndəsini təklif etməlidir. Bu işin qanuna müvafiq olduğunu isbat üçün bildiriyoram ki, bitərəflərdən məmurluq dolayısı ilə xaric olan məbusların əvəzinə də bitərəflər fraksiyası tərəfindən bu siyahıya 3 namizəd daxil edilmişdir. Parlamanda qəbul olunmuş məsələdən təkrar-təkrar bəhs etmək olmaz. Ona görə təklif ediyoram bu siyahı qəbul olunsun.

Sədr - Söz Əhməd Cövdətindir.

Əhməd Cövdət - Doğrudan da qəbul etdigimiz qanun aşkardır. Parlamandan çıxmış üzvlər məsub olduqları fraksiya namizədlərilə əvəz olunuyorlar. Lakin 10-cu nömrə siyahı həqqində bir az danışmaq lazım gəliyor. Məlum olduğu üzrə 10-cu nömrəli siyahı Müsavat və Milli Komitə tərəfindən tərtib edilmişdi. Bən burada firqəmiz tərəfindən degil, şəxsən öz rəyimi izhar ediyoram. Məhəmməd Əmin əfəndi diyor ki, mərkəzi Zaqafqasiya Milli Komitəsi öz hüququni Seymin 44 nəfərlik müsəlman fraksiyasına vermişdi. Buna görədir ki, onuncu nömrə siyahı “Müsavat” və mərkəzi Milli Komitə tərəfindən yəni Seymin sabiq 44 əzası tərəfindən təkmil edilməlidir. Binaənileyh bən təklif edirəm Müsavat öz hissəsinə düşən yerlərə özü namizədlərini versin. Qalan yerlərə isə Seymin sabiq 44 əzası yəni Zaqafqasiya Milli Komitəsi namizəd versin.

Sədr - Soltan Məcid Qənizadə

Qənizadə - Bu 8 nəfər ki adı oxundu, bunlara etiraz ola bilməz. Doğrudan da layiqli adamlardır. Yoldaşlardan biri danışarkən adımı çəkdiginə görə bir neçə kəlmə danışmalıyam. Məclisi-Müəssisan seçkilərinə siyahı tərtib verilərkən müsəlmanların ancaq bir siyahıları vardı. Sonradan o siyahıya kim yazılsın, kim yazılmasın məsələsi üstündə müsəlman təşkilatları arasında ixtilaf düşdü. O vəqt “Müsəlmanlıq”, ya “İttihad” firqəsi yox idi. Sonradan araya çıxıb ayrıca siyahı çıxarmağı lazım gördü. Aşkar şeydir ki, Müsavat firqəsilə mərkəzi Milli Komitənin bir yerdə verdigi siyahı hamı müsəlmanlar tərəfindən olduğundan millət onun tərəfdarı olacaqdır. Böylə də oldu. Sonra Məclisi-Müəssisana seçilmiş əza 3 qat artırılıb 42 nəfər olmaq üzrə Seymə getdilər və orada bir fraksiya təşkil etdilər. Bu fraksiya Bakıda olan mərkəzi müsəlman Milli Komitəsinin də vəzifəsini ifa ediyordu. İmdi deyirlər mərkəzi Milli Komitə yoxdur. Hazırda ancaq Müsavat firqəsi var. Amma bən deyirəm xayır haman 42 nəfər ki əvvəl binası 14 nəfər idi, Milli Komitə o özüdür. Hansı ki, imdi 120 nəfərə çevrilib, parlaman adı almışdır. Yəni bu 10-cu nömrənin ixtiyarına bütün parlaman şərikdir və onuncu nömrədən çıxan əzanın əvəzinə Müsavat degil, parlaman özü namizədlər verməlidir. Çünki parlaman haman 14 nəfərdir ki, sifətini dəyişib parlaman şəkli almışdır.

“Azərbaycan”, 25 fevral 1919, №122

Bəhəqq - doğrudan
Münhəll - buraxılmış, tərxis olunmuş
Lavayeh - layihələr

(Ardı var)

 





09.01.2017    çap et  çap et