525.Az

Dövlət Miqrasiya Xidməti: 10 illik fəaliyyətin uğurlu nəticələri


 

"BİR PƏNCƏRƏ" PRİNSİPİNİN TƏTBİQİ ÖLKƏDƏ MİQRASİYA PROSESLƏRİNİN DAHA ÇEVİK VƏ İŞLƏK MEXANİZMLƏR ƏSASINDA İDARƏ EDİLMƏSİNƏ SƏBƏB OLDU

Dövlət Miqrasiya Xidməti: <b style="color:red">10 illik fəaliyyətin uğurlu nəticələri</b>

Müstəqil Azərbaycan dövlətinin miqrasiya siyasətini Dövlət Miqrasiya Xidməti həyata keçirir.

Hüquq-mühafizə orqanı statusuna malik olan bu qurumun yaradılmasında əsas məqsəd miqrasiya məsələlərini tənzimləmək və ölkəyə qanunsuz mühacir axınının qarşısını almaqdır. Buna qədər isə 2006-cı ilin iyulun 25-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"nı təsdiq etmişdi. Bu, dövlət proqramı 2006-2008-ci illəri əhatə edirdi. Sənədin əsas mahiyyəti miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi tədbirlərinin həyata keçirilməsindən ibarət idi. Proqramda miqrasiya proseslərinin xüsusiyyətləri, dövlət siyasətinin prioritet istiqamətləri öz əksini tapmışdı. Bununla yanaşı proqramın əhatə etdiyi dövr ərzində ayrı-ayrı dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirməli olduqları tədbirlər qeyd edilmişdi. Daha sonra isə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı" əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması zərurətini  nəzərə alan prezident İlham Əliyev 2007-ci ilin martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzaladı. Eyni zamanda, fərmana əsasən xidmətin əsasnaməsi təsdiq edildi. 

Miqrasiya sahəsində "bir pəncərə" prinsipi 

Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edildi, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirildi. 2009-cu ilin martın 4-də miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi məqsədilə prezident İlham Əliyev "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərman imzaladı. Adıçəkilən fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin edilməsinə və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb oldu. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiq edilməsinə başlanıldı və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edildi.

"Bir pəncərə" prinsipi çərçivəsində Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin və müvafiq vəsiqələrin verilməsini, onların qeydiyyata alınmasını, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasını, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsini həyata keçirir. Bununla belə, Xidmət vətəndaşlıq məsələlərində iştirak edir və qaçqın statusunu müəyyənləşdirir.

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə prezident İlham Əliyevin 2009-cu ilin aprelin 8-də imzaladığı fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verildi. 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura  

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının qanunu uyğun olaraq Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yaradılması qərara alınmışdı. Bu məqsədlə 2015-ci ilin mayın 20-də Nazirlər Kabinetinin "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"nin müvafiq tələbləri rəhbər tutularaq İctimai Şuraya ilk dəfə seçkilər keçirilib. Seçkidə vətəndaş cəmiyyəti institutlarının 36 nümayəndəsi seçici qismində iştirak edib. Səsvermənin nəticəsinə görə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və Liderlik Məktəbi baş məsləhətçi Kənan Bağırov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Məmmədova, Vətəndaşların əmək hüquqlarını müdafiə liqası təşkilatının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri seçiliblər. Daha sonra - iyunun 8-də Şura ilk iclasını keçirib. İclasda  Azər Allahverənov səsvermə yolu ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib. Həmin ilin iyulun 1-də isə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi İctimai Şura üzvləri ilə görüş keçirib. Xidmətin struktur bölmə və sisteminə daxil olan qurum rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Xidmət rəisi miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə statuslu mərkəzi icra hakimiyyəti orqanı olan Miqrasiya Xidməti tərəfindən görülən işlər, qarşıda duran vəzifələr barədə söhbət açıb.

F.Nəbiyev miqrasiya sahəsində son illər beynəlxalq hüququn prinsiplərinə uyğun milli qanunvericilik bazasının yaradıldığını xüsusi vurğulayıb, respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlardan bəhs edib. Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına verilən önəmin nümunəsi kimi qeyd olunub. "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış tədbirlər planının icrasının müvəffəqiyyətlə davam  etdirildiyi bildirilib. İctimai Şuranın da Dövlət Miqrasiya Xidmətinin əsas prioriteti olan müraciət edənlərin məmnunluğunun təmin edilməsi, operativlik, şəffaflıq kimi prinsiplərin daha mükəmməl şəkildə reallaşdırılmasına öz töhfəsini verəcəyinə inam ifadə olunub.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov isə şuranın gələcək planları barədə məlumat verib. Xidmətin ictimaiyyətlə əlaqələri, qeyri hökumət təşkilatları ilə əməkdaşlığı istiqamətində atılan addımları, şuranın yaradılmasını yüksək qiymətləndirib.

Görüşün sonunda II dərəcəli dövlət miqrasiya xidməti müşaviri F.Nəbiyev İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələrini təqdim edib, bu məsuliyyətli işlərində uğurlar arzulayıb və onların aktiv fəaliyyət göstərmələrinin zəruririliyini bir daha diqqətə çatdırıb.

Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq 

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkələrarası dialoqun gücləndirilməsi, müvafiq sahələr üzrə əməkdaşlığın, qanunsuz miqrasiya ilə mübarizə sahəsində əlaqələrin genişləndirilməsi, miqrasiya və inkişafın əlaqəli idarəolunması sahəsində praktiki və innovativ təcrübələrin tətbiqi məqsədilə xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Bununla əlaqədar olaraq Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq edir.

Dövlət Miqrasiya Xidməti çoxtərəfli əsasda Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Avropa İttifaqı (Aİ),  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), Müstəqil Dövlətlər Birliyi (MDB), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), həmçinin ikitərəfli münasibətlər əsasında Türkiyə, Rusiya, Niderland Krallığı və digər ölkələrlə qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənir.

Azərbaycan Respublikası BMqT-yə üzv olduqdan sonra bu təşkilatla ölkəmiz arasında əməkdaşlıq daha da inkişaf etdirilib. Bu qurumla Dövlət Miqrasiya Xidməti arasında miqrasiya proseslərinin tənzimlənməsi, səmərəli readmissiya idarəçiliyinin yaradılması, sığınacaq axtaran şəxslərlə müsahibələrin aparılması, əmək bazarı informasiya sisteminin gücləndirilməsi və digər maraq kəsb edən istiqamətlərdə mütəmadi olaraq görüşlər keçirilir və fikir mübadiləsi aparılır. Faydalı əməkdaşlığımızın nəticəsi kimi 2015-ci ilin sentyabrın 2-dən 3-dək Azərbaycan Hökumətinin dəvəti əsasında BMqT-nin baş direktoru Uilyam Leysi Svinqin ölkəmizə rəsmi səfəri və prezident İlham Əliyevlə görüşü dövlətimizin bu təşkilata verdiyi önəmin bariz nümunəsidir. Təşkilat ölkəmizdə miqrantların hüquqlarının qorunmasına, onların davamlı inteqrasiyasına yönəlmiş bir sıra önəmli layihələr həyata keçirib. Hazırda "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi uğurla həyata keçirilməkdədir. 

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli 

Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində BMT QAK ilə səmərəli əməkdaşlıq edir. Təşkilatın Azərbaycandakı Nümayəndəliyi ilə Xidmət əməkdaşları arasında qaçqın statusunun müəyyənləşdirilməsi, sığınacaq axtaran şəxslərin mənşə ölkələrinə könüllü surətdə qaytarılması və digər maraq kəsb edən mövzularda müntəzəm olaraq işgüzar görüşlər keçirilir. Hazırda BMT QAK ilə birgə "Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü" (ŞACQKT) layihəsi həyata keçirilir.

Dövlət Miqrasiya Xidməti beynəlxalq dialoq alətləri, o cümlədən, qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan Almatı Prosesi, Aİ ölkələri, Şengen ölkələri, Şərq Tərəfdaşlığı və Qərbi Balkan, Mərkəzi Asiya ölkələri, Rusiya və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa təkan vermək məqsədi ilə yaradılmış Praqa Prosesi və miqrasiyanın dayanıqlı tənzimlənməsi sisteminin yaradılması istiqamətində fəaliyyət göstərən, 50-dən çox hökumət və 10 beynəlxalq təşkilatdan ibarət Budapeşt Prosesi çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirir.

Ümumilikdə, Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti bunu deməyə əsas verir ki, həyata keçirilən işlər bu sahədə mövcud olan bir çox problemlərin aradan qaldırılmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, hazırda ölkəyə qanunsuz yollarla daxil olmağa çalışanlar xarici ölkə vətəndaşlarının qarşısı qətiyyətlə alınır, eləcə də miqrasiya prosedurları "Bir pəncərə" prinsipi əsasında tam hüquqi çərçivədə yerinə yetirilir ki, bu da Azərbaycanda dövlət təhlükəsizliyinin qorunması kimi mühüm məsələdə Dövlət Miqrasiya Xidmətinə öz vacib rolunu layiqincə yerinə yetirməyə imkan verir.

Ceyhun ABASOV
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10-cu ildönümü münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunur

 





10.01.2017    çap et  çap et