525.Az

Erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər


 

"İRƏVAN İŞĞAL ALTINDAKI TORPAQLARI AZAD ETMƏYƏNƏ QƏDƏR QARABAĞDA HƏRBÇİLƏRİNİ İTİRMƏKDƏ DAVAM EDƏCƏK"

Erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər<b style="color:red"></b>

"Ermənistan siyasətçiləri və eskpertləri açıq etiraf edirlər ki, Qazaxıstan və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqləri sayılsalar da, bu sözdə belədir. Əməldə isə həm Astana, həm də Minsk Azərbaycanın real müttəfiqidirlər və buna görə də Ermənistan vətəndaşının təşkilata baş katib seçilməsinə mane olurlar. Bəli, bu belədir. İstisna deyil ki, aprel toplantısına da Qırğızıstan prezidenti qatılmasın və baş katibin seçilməsi yenə ləngisin".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistanın hazırkı və keçmiş 3 vətəndaşı - Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirakları xüsusi əhəmiyyətə malik idi: "Birincisi, hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib. Onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyat statusuna razı olduqlarını bildiriblər. İkincisi, Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Bu Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırım törətməsinin etirafı idi. Üçüncüsü, Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sarkisyanın Ermənistanı uçuruma apardıqlarını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildiribər. Bundan sonra azərbaycanlı və erməni fəalların iştirakıyla "Sülh Platforması" təsis olunub. Ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri və "sülh platformasının" yaradılması Ermənistan hakimiyyətinin illərdir apardığı "azərbaycanlılar ermənilərə nifrət edirlər, ona görə də iki xalqın Qarabağda birgə yaşayışı mümkün deyil" təbliğatının effektsiz olduğunu göstərib. Birgə yaşayış mümkündür, sadəcə bunun üçün ədalətli sülh lazımdır".

Politoloq qeyd edib ki, prezident İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə səfəri zamanı aprel döyüşlərində geri alınan Lələtəpə yüksəkliyindən səsləndirdiyi ən yadda qalan mesajı bu olub: "Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin". İlham Əliyev böyük ehtimalla bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tuturdu. Yəni, dövlət başçısı demək istəyirdi ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi ittifaqına və ya birgə hərbi qoşun birlikləri yaradılmasına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə baş vura bilməz. Əlbəttə, Kreml Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını istəmir. Ancaq orası da var ki, Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox, əgər Rusiya hərbi birləşmələri işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə, müharibə total xarakter daşıyacaq ki, bu heç Rusiyanın da maraqlarına cavab vermir. Çünki Cənubi Qafqazda total müharibə Şimali Qafqazda da qeyri-sabitlik yaradacaq. Bundan başqa total müharibə Rusiyanın Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərini yenidən gərginləşdirəcək ki, indiki şəraitdə bu Kremlə lazım deyil".

E.Şahinoğlu hesab edir ki, Dağlıq Qarabağ və cəbhə bölgəsindəki gərginliyin 2017-ci ildə də davam edəcəyini proqnozlaşdırmaq mümkündür: "Yay aylarına yaxın yenidən cəbhə bölgəsindəki vəziyyətin mürəkkəbləşməsini gözləmək olar. Həm Azərbaycan, həm də Ermənistan intensiv şəkildə silahlanırlar. "Bloomberg" agentliyinin məlumatında Azərbaycanın son 10 il ərzində hərbi büdcəsi ilə birgə silah alışına 22,7 milyard dollar xərclədiyi və bunun Avropada rekord göstərici olduğu bildirilib. Həqiqətən Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğalının uzanmasıdır. Azərbaycanın sonuncu böyük hərbi müqaviləsi İsraildən aldığı "dəmir günbəz" raketlərdən müdafiə kompleksidir. Məsələ burasındadır ki, 2016-cı ildə aprel savaşına səbəb olan amillər ortadan qaldırılmayıb: Danışıqlarda irəriləyiş yoxdur. ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriyanın prioritetləri sırasında Qarabağın adı ümumiyyətlə çəkilmir; Atəşkəs daima pozulur; Ermənistan işğal altındakı torpaqlarda hərbi təlimlər keçirir".

Mərkəz sədri bildirib ki, 2016-cı ilin bitməsinə 2 gün qalmış Azərbaycan-Ermənistan sərhəddində - Qarabağdan uzaq Tovuz rayonu istiqamətində baş verən silahlı insident və tərəflərin itki verməsi 2017-ci ilin də ağır keçəcəyinin və lokal toqquşmaların baş verməsi ehtimalının yüksək olacağının işarəsidir: "Bu insident həm də ona işarədir ki, İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər nəinki Dağlıq Qarabağda hərbçilərini itirməkdə davam edəcək, Dağlıq Qarabağdan uzaq ərazilərdə də hərbçilərinin təhlükəsizlik təminatı yoxdur. 10 milyon əhalisi olan Azərbaycan işğal faktına son qoymaq üçün cəbhə bölgəsindəki itkilərə hazırdır. Əhalisi, əsasən də gənclərinin sayı azalan 2 milyonluq Ermənistan üçün isə cəbhə bölgəsindəki itkilərin yerini doldurmaq getdikcə çətinləşir və bu erməni cəmiyyətində narazılıq doğurur".

Politoloq xatırladıb ki, Türkiyə-Rusiya-İran formatı 20 dekabrda Moskvada ilk toplantısını keçirdi: "Suriya böhranı başlayandan bu yana ilk dəfəydi ki, Türkiyə, Rusiya və İran xarici işlər və müdafiə nazirləri bir araya gələrək Suriya probleminin həlli yollarını birgə müzakirə ediblər. Rusiya və Türkiyə, o cümlədən, İran Suriyada münaqişənin həlli məqsədilə əsas tərəfdaşlara çevriliblər və ortada praktik müsbət nəticələr var. Suriya məsələsində ABŞ-ın oyundankənar vəziyyətdə qalması Türkiyə-Rusiya-İran üçlüyünün maraqlarına cavab verir. Hər üç dövlət Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, bölgədə kürd dövlətinin yaradılmasını istəmir və beynəlxalq terrorçulara qarşı birgə mübazirə aparacaqlarını elan ediblər.

Bu üçlü formatın 2017-ci ildə Azərbaycanla Ermənistanı barışdırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində də fəallaşması  ehtimalı var. Bir şərtlə ki, Suriyada atəşkəs uzunömürlü olsun. Türkiyəli rəsmilər rusiyalı həmkarları ilə Qarabağ münaqişəsinin həlli vacibliyindən də danışır və Kreml əvvəlki illərdən fərqli olaraq Ankaranın Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlayıb. Yeni formatın Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük uğuru "mərhələli həll" planını Ermənistan hakimiyyətinə qəbul etdirməsi ola bilər. Bunun qarşılığında isə Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrdə Ermənistanın iştirakına şərait yaradacaqlarını vəd edə bilərlər. Ancaq atılacaq addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva, həm də Tehran Ermənistan hakimiyyətini "mərhələli həll" planına məcbur etsinlər. Moskva və Tehranın regional maraqları təmin olunmadan hər iki dövlətin Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maraqları olmayacaq".

Ermənistanın özündə "mərhələli planı" ətrafında müzakirələrin genişlənləndiyini deyən politoloq qeyd edib ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın 17 dekabrda lideri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışı da bundan xəbər verir: "Ötən 18 ildə vəziyyət daha da ağırlaşıb" deyən Levon Ter-Petrosyan hakimiyyəti "mərhələli həll" planına razılaşmağa çağırıb.

Ermənistan sürətlə kasıblaşır, ölkə əhalisi, o cümlədən, Dağlıq Qarabağ səfalət içindədir, erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər. Bu vəziyyətdən yeganə çıxış yolu Ermənistanın Azərbaycan və Türkiyə ilə barışmasıdır. Ancaq 2017-ci ildə hadisələrin məhz bu istiqamətdə cərəyan edəcəyini söyləmək çətindir. Çünki apreldə Ermənistanda parlament seçkisi keçiriləcək və indiki hakimiyyət əlindən gələn hər şeyi edəcək ki, səlahiyyəti artırılan parlamenti və hökuməti nəzarəti altında saxlasın. Nə vaxta qədər ki, Ermənistana Dağlıq Qarabağda separatizmi başladan insanlar rəhbərlik edəcəklər, bölgədə sülh mümkün olmayacaq".

Ceyhun ABASOV

 





11.01.2017    çap et  çap et