525.Az

“Məhəbbət əfsanəsi” baleti niyə tamaşaya qoyulmur?


 

“Məhəbbət əfsanəsi” baleti niyə tamaşaya qoyulmur?<b style="color:red"></b> Azərbaycan Dövlət Opera və Balet Teatrı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin teatrda tamaşaya hansı səbəbdən qoyulmamasına aydınlıq gətirib.
 
Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva APA-ya bildirib ki, "Məhəbbət əfsanəsi"nin teatrın balet truppasının mövcud imkanları çərçivəsində səhnəyə qoyulması haqqında danışıqlar aparılsa da, xalq artisti Arif Məlikov buna qəti etirazını bildirib:
 
“Arif Məlikovla müsahibədə onun "Məhəbbət əfsanəsi" baletinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmaması ilə əlaqədar məsələyə toxunulub. Əslində bu yeni mövzu deyil. Məsələ ilə əlaqədar Opera və Balet Teatrı mövqeyini dəfələrlə bildirib.

Ondan başlayaq ki, Arif Məlikov müsahibədə belə bir fikir söyləyir: “Bir milyon da gətirib qabağıma qoysalar ki, “Məhəbbət əfsanəsi”ni Bakıda səhnəyə qoyaq, icazə vermərəm”.

Göründüyü kimi, cənab Məlikov özü-özünü inkar edir. Bir tərəfdən heç bir vəchlə tamaşanın Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulmasına icazə verməyəcəyini bildirir, digər tərəfdən isə tamaşanın səhnəyə qoyulmamasına görə teatrı ittiham edir. Əslində isə uzun illər teatr rəhbərliyi ilə Məlikov arasında “Məhəbbət əfsanəsi”nin teatrın balet truppasının mövcud imkanları çərçivəsində səhnəyə qoyulması haqqında danışıqlar aparılıb, lakin o buna qəti etirazını bildirib. Nə qədər ki, o, mövqeyində qalır, “Məhəbbət əfsanəsi” baletinin səhnəyə qoyulması mümkün olmayacaq”. 
 
Qeyd edək ki, xalq artisti, bəstəkar Arif Məlikov APA-ya müsahibəsində Opera və Balet Teatrının ünvanına bir sıra ittihamlar səsləndirib.
 





11.01.2017    çap et  çap et