525.Az

İran: rejimin sərt üzü


 

İran: rejimin sərt üzü<b style="color:red"></b>

MİLLƏT VƏKİLİ FAZİL MUSTAFA: “AZƏRBAYCANIN HƏR HANSI BİR ŞƏKİLDƏ TƏRƏQQİSİ İRANI NARAHAT EDİR”

Öz məmləkətində az qala dustaq kimi yaşayan güneyli soydaşlarımızın azadlıq mübarizəsi artıq iki əsrə yaxındır ki, qəddarlıqla susdurulur. Tarixin yaddaşında həkk olunmuş qəhrəmanlıq epopeyaları indi bu insanların gözündə adi, lakin qürurlu bir yola çevrilib. Səttərxan, Pişəvəri, Xiyabani kimi azadlığın çırağını əlbəəl bir-birinə ötürən fədailər əslində qəhrəman olmaq deyil, sadəcə öz haqqlarını qoruyaraq azad yaşamaq istəyirdilər. Bu arzu, bu istək, bu minvalla çalışan, çaba göstərən soydaşlarımıza qarşı qurulan istilab meydanı onları daha da mübariz olmağa sövq edir. Çünki bir çox xalqlar kimi güneyli həmvətənlərimiz  də öz milli-mənəvi, mədəni sərvətləri olan ana dillərinə qarşı müxtəlif təzyiqlərlə üzləşir, doğma dillərinin qorunması və inkişafı üçün usanmadan mübarizə aparırlar. Bu baxımdan ana dili uğrunda mübarizə beynəlxalq hüququn tərkib hissəsi olaraq qiymətləndirilir. Etirazçılara cavab olaraq isə rejim Cənubi Azərbaycanda yeni həbs və edam dalğasına başlayıb. İranın İnsan Haqları Fəalları Agentliyinin məlumatına görə, bu ölkədə 2013-cü ilin əvvəlindən indiyədək 14-ü əhalinin gözü qarşısında olmaqla, artıq 70-dən çox insan edam olunub.

Millət vəkili Fazil Mustafa hesab edir ki, İran İslam Respublikası qurulandan bəri daim Azərbaycan millətinə, Azərbaycan türklərinə qarşı amansız mövqe nümayiş etdirir: “Azərbaycanın hər hansı bir şəkildə tərəqqisi İranı narahat edir. Bu baxımdan da göstərilən təzyiqlər davamlı olduğuna görə biz də insan haqları kontekstində İranda olan bu pozuntuları dünya ictimaiyyətinə çatdırmağa çalışmalıyıq. İstənilən halda bu hər bir azərbaycanlının borcudur. Ümid edirəm ki, İranda da nə vaxtsa demokratikləşmə prosesi başlayar və bu cür zorakı, insanın tanal hüquqlarına basqı üzərində qurulmuş rejim mahiyyətini dəyişər. Ancaq bütün hallarda biz öz soydaşlarımıza dəstək olmağı bacarmalıyıq və dünyada onların müəyyən dərəcədə müdafiə olunması istiqamətində işlər görməliyik”. F.Mustafa hesab edir ki, İranda elə bir ideoloji rejim formalaşdırılıb ki, buna qarşı mübarizə uzun illər tələb edir və yalnız xarici dəstəyin köməyi ilə hansısa irəliləyişə nail olmaq mümkündür. Onun fikrincə, ehtiyatlı, daha ağıllı və təşkilatlanmış fəaliyyətə ehtiyac var.

İranda zaman-zaman azərbaycanlı fəalların öz haqq və hüquqlarını tələb etdikləri üçün məqsədli şəkildə həbslərə atıldıqlarını bildirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli növbəti həbs dalğasının da məhz bunun təzahürü olduğunu düşünür. O, qeyd edir ki, güneydə Azərbaycan türklərinin etiraz dalğası gün-gündən böyüməkdədir və bunun qarşısını almaqdan ötrü mövcud rejim ən kəskin addımlara əl atır: “Bu davranışları ilə İran hökuməti heç bir beynəlxalq hüquq və konvensiyaları qəbul etmədiyini göstərir. Eyni zamanda, bu ölkənin konstitusiyasında da göstərildiyi kimi burada yaşayan millət öz dilində təhsil almaq hüququna malik olduğu halda bunu soydaşlarımıza qarşı məhdudlaşdırırlar. İranda cəmi 100 min əhalisi olan ermənilərin məktəbləri olduğu halda, 35 milyon azərbaycanlıya bir orta məktəb belə çox görülür. Bu insan, hüquq və azadlıqlarının kobud sürətdə pozulması demək deyilmi? Öz etiraz səslərini ucaldan milli fəallarımıza qarşı qəbul olunan külli miqdarda cərimələr, əsassız həbs tədbirləri, edam aktları mövcud hüquq pozuntularının aşkar sübutudur. Bu formada minlərlə soydaşımız cəzalandırılmaqdadır. Həbs olunan fəallar qapalı sistemdə saxlanılırlar. Əgər bu insanlar öz haqları uğrunda mübarizə aparırlarsa, bu yolu, bu əziyyəti yaxşı dərk edirlər. Sonda başlarına nə gələcəklərini bilə-bilə öz yollarından çəkilmirlər. Bu onu göstərir ki, cənublu soydaşlarımız öz hüquqlarını əldə edənə qədər bu etiraz dalğaları bitmək bilməyəcək”.

Dünyanın heç bir nöqtəsində öz torpağında, yurdunda yaşayan insanlara – kompakt bir topluma qarşı İrandakı kimi aqresiv siyasət yürüdülmədiyini dilə gətirən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mövcüd İran rejiminin azərbaycanlılara qarşı törətdiyi əməllər barədə dəfələrlə ölkə mətbuatında, cəmiyyət daxilində məlumatların yayıldığını bildirib. O hesab edir ki, bu məsələdə hər kəsin birmənalı şəkildə mövqe sərgiləməsinə və birgə fəaliyyət göstərməsinə ehtiyac var: “Azərbaycan türklərini heç bir halda meydanda tək qoymaq, rejimlə mübarizədə qorxu altında buraxmaq olmaz. Digər tərəfdən təəssüf ki, bu gün İranın nüvə proqramı ətrafında müxtəlif sanksiyalar tətbiq edən Qərb – Avropa uzun illərdir ki, rejim tərəfindən insanların hüquq və azadlıqlarının kobud şəkildə taptalanmasına heç bir reaksiya vermir. Dünyanın hər hansı bir ölkəsində baş verən kiçik bir hadisəyə reaksiya verən beynəlxalq ictimaiyyət 35 milyonluq bir millətin, toplumun hüquq və azadlıqlarının qorunması istiqamətində heç bir addım atmır. Bu da ikili standartların göstəricisidir. İran rejiminin mahiyyəti hər kəsə bəllidir. Düşünürəm ki, Azərbaycan türklərinin birliyi, bütövlüyü onların hüquq və azadlıqlarının qorunması istiqamətində daha geniş addımlar atılmasına gətirib çıxaracaq. Yenə də son ümid millətin, xalqın özünədir”.

Soydaşlarımızın mövcud rejim tərəfindən repressiyalara məruz qalması faktlarına da münasibət bildirən E.Mirzəbəyli qeyd edib ki, ən müxtəlif formalarda Azərbaycan türklərinin genefondunu məhv etməyə çalışırlar: “Faktiki olaraq özlərini hərbi cinayətkar kimi aparırlar. İnsanlar haqsız yerə həbs olunur, ən müxtəlif şəkildə onlar iqtisadi-sosial cəhətdən basqılara məruz qalır, təhqir olunaraq aşağılanırlar. Edam bu qəbildən olan ən son həddir. İnsanlara dözülməz cəzalar tətbiq edilir. 1988-ci ildən başlayaraq Azərbaycan xalqı Sovet imperiyasına qarşı ayağa qalxaraq mübarizə aparmağa başlamışdı. Apardığımız  uğurlu mübarizəni hazırda cənubi azərbaycanlı soydaşlarımız davam etdirir. Bu mübarizədə təbii ki, ölüm də olacaq, itkilər də olacaq. Azadlıq istəyən millət, xalq təbii ki, öz azadlığı uğrunda mübarizə aparmağı da bacarmalıdır”.

Azərbaycan Region Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Nicat Cəmilzadə də Cənubi Azərbaycanda soydaşlarımıza qarşı baş verən haqsızlıqları insan hüquqlarına zidd olduğunu bidirərək bu haqsızlıqlara qarşı bir millət olaraq mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb: “Bir millətin dilinə, milli maraqlarına hörmət göstərilmirsə, nəyə görə də mübarizə aparılmasın? Yaxın zamanlarda ərəb ölkələrində baş vermiş üsyanları, azadlıq davalarını hamımız yaxından müşahidə etdik. Amma təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı, Avropa İnsan Hüquqları Məhkəməsi İran əhalisinin 55 faizdən çoxunu təşkil edən soydaşlarımızla bağlı səsini çıxarmır”. N.Cəmilzadə hesab edir ki, dünya Güney Azərbaycanda baş verən haqsızlıqlara qarşı nə qədər göz yumsa, biganə yanaşsa, soydaşlarımızın mübarizəsi bir o qədər alovlanacaq: “Bugünə kimi azadlıq uğrunda canlarından keçən qəhrəmanlarımızın şərəfli xatirələrini unutmaq, Güney Azərbaycanın hazırki ağır durumunu dərk etməmək, keçmişdə olanlara biganə yanaşmaq olmaz”.

Ceyhun ABASOV

 





11.04.2013    çap et  çap et