525.Az

Vaqif Yusiflinin ad gününə


 

Vaqif Yusiflinin ad gününə<b style="color:red"></b>

Vaqif Yusiflini ədəbiyyatla məşğul olan hər kəs tanıyır. Gənc yazarlar, orta nəsil, yaşlı, hətta çox yaşlı şair və yazıçılarımız da onun qələmindən tərif və tənqid payını alıb. Vaqif Yusiflinin məqalələrində ən çox xoşuma gələn cəhət haqqında yazdığı sənətkara məhəbbət, hörmət, can yanğısı hissinin gözə çarpmasıdır. Hətta sərt tənqid etdiyi əsərin müəllifinə də həmin məqalədə hörməti, qayğını, can yanğısını duyursan. Mənim fikrimcə, tənqidçi üçün bu başlıca keyfiyyət olmalıdır. Yəni o təhlil etdiyi əsərdə nöqsan tapdığı üçün sevinmir, həzz almır, amma gizlətmək fikrində də deyil. 

Deyir, amma təəssüf hissi ilə deyir, ağrı ilə deyir. Tənqidçinin üzünə gülən çox olur, amma onu qəlbdən sevən, yaxını, dostu az olur. Amma Vaqif Yusifli kimilər var, az deyil, onları ürəkdən sevən, ürək dostu olan yaxınları var. Çünki onlar “tərifçi”, “tənqidçi” deyil – təhlil edəndir. Ədəbiyyatı sevən, şair və nasirlərin yeni əsərlərini sevə-sevə oxuyan nöqsanından kədərlənən, uğurundan sevinən, haqqında böyük məhəbbətlə yazan insandır Vaqif Yusifli. Bu illər ərzində o, ədəbiyyata məhəbbətini, haqqa sədaqətini sübut edib, mümkün qədər əsl ədəbiyyatın tərəfini saxlayıb, müdafiəsində olub. Vaqifin ömrünün əhatə etdiyi dövrü yaşayanlar, görənlər bilir ki, bəzən haqqı qorumaq da müşkül iş olurdu. Nəinki haqqı demək, hətta bəzən haqqı deyənləri söyməmək, heç olmasa susmaq da cəsarət tələb edirdi. Bütün bu illərdən keçib bu yaşa Vaqif gəlib, heç kəsin yanında gözü kölgəli deyil. Hər bir qələm yoldaşı ilə gülər üzlə görüşə bilir. Bu bir tənqidçi üçün çox çətin işdir. Mən bilən bu məsələdə ən yaxın köməkçisi ədəbiyyatımıza olan məhəbbəti, dostlarına olan sədaqəti olub. Tənqidçinin qələmi qılınc deyil, kəsə ata. Tənqidçinin qələmi sağlamı qorumaq, yaranı sarımaq, sağaltmaq üçündür. Vaqif Yusifli bunları gənclik illərindən bilirdi. İndi isə ömrünün müdrik çağındadır. Biz bir ailəyik – ədəbiyyat ailəsi. Ədəbiyyat bizim yaşadığımız məkandır, ikinci Vətənimizdir. Tənqidçilərimiz bu məkanın ekologiyasının  keşikçiləri, həkimləridir. Vaqif, sən bu sırada ən aktiv çalışanlardan birisən. Az yeyib, çox işləyənlər nəslinə aidsən.

Hamımız səndən yeni-yeni əsərlər gözləyirik. O əsərləri oxumaq arzusu ilə sənə uzun ömür, buz baltası kimi möhkəm can sağlığı arzu edirik. Allahın əlində bu asan bir işdir. Allah duaları eşidəndir. Bunu öz təcrübəmdən bilirəm. Gələn yubileyində görüşmək ümidi ilə dostun 

Fikrət QOCA

 





11.04.2013    çap et  çap et