525.Az

Doğru söz həqiqi ünvanını tapanda... (oxucu məktubu)


 

Doğru söz həqiqi ünvanını tapanda... <b style="color:red">(oxucu məktubu)</b>

Mən uzun illər Cəbrayıl rayonunda rəhbər komsomol, partiya və təsərrüfat orqanlarında çalışmışam. 59 il iş stajım var, partiya və əmək veteranıyam.

Hazırda heç yerdə işləmirəm, yaşımla əlaqədar təqaüdə çıxmışam. Ümummilli lider Heydər Əliyevin yetişdirdiyi kadrlardan biri olmağımla hər zaman fəxr edir, qürur duyuram. Ulu öndərin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi xətti də ürəkdən bəyənir və dəstəkləyirəm. Mən bir ziyalı kimi mətbuata möhkəm bağlıyam. Demək olar ki, hər gün kütləvi informasiya vasitələrini izləyirəm. Onların sırasında xüsusi yer tutan “525-ci qəzet”in fəal oxucularındanam. Qəzetin səhifələrində elm və mədəniyyət, klassik və çağdaş ədəbiyyat nümayəndələrinin həyat və yaradıcılığı, ölkədə və dünyada baş verən yeniliklər, beynəlxalq qlobal problemlərlə əlaqədar dərc olunan materialları maraqla oxuyuram. Bu işə gərgin əmək sərf edən qəzetin hər bir əməkdaşını alqışlayıram. “525-ci qəzet”in 16 mart 2013-cü il tarixli sayında işıq üzü görən Ramil Əhmədin “Min beş yüz ilin Anarı” adlı məqaləsi diqqətimi çəkdi, nə gizlədim, çox xoşuma gəldi. Odur ki, bir oxucu kimi həmin məqaləyə öz münasibətimi bildirməyi qərara aldım.

Açığı, görkəmli yazıçı, dramaturq və publisist, xalqımızın layiqli oğlu Anara həmişə böyük hörmət bəsləmişəm. Onun Azərbaycan cəmiyyətində qazandığı nüfuzdan, insanlıq, vətəndaşlıq mövqeyindən daim qürur duyuram. Odur ki, sözügedən məqalədə Xalq yazıçısı Anarın ünvanına söylənən bütün fikirlər mənim də ürəyimcədir. Gənc ədəbiyyatşünas Ramil Əhməd bu dəyərli yazısında Anar müəllimin ədəbiyyatımızda, ictimai həyatımızda rolunu, yüksək intellektini, bilik səviyyəsini, mən deyərdim ki, zərgər dəqiqliyi ilə qiymətləndirməyi bacarıb. Müəllif Anarı məşhur əsərinin timsalında “beşmərtəbənin altıncı mərtəbəsi” adlandırmaqla çox sərrast, orijinal bir müqayisə aparmağa nail olub. Mən gənc müəllifi belə gözəl, obyektiv məqalə münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə Nüsrət Sadıqov
Cəbrayıl rayonundan
məcburi köçkün

 





11.04.2013    çap et  çap et