525.Az

Ənvər Əblucun 70 illik yubileyi qeyd olundu


 

Ənvər Əblucun 70 illik yubileyi qeyd olundu<b style="color:red"></b> Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əməkdar artist Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.
 
Kinostudiyadan APA-ya verilən məlumata görə, tədbirdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova və başqaları Ənvər Əblucun yaradıcılığı haqqında fikirlərini bölüşüb, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışıblar.
 
Qeyd olunub ki, Ənvər Əbluc ömrünün 40 ilini Azərbaycan kinosuna bağlayaraq bir-birindən maraqlı filmə quruluş verib. Onun “Firəngiz”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Pəncərə”, “Ağ atlı oğlan”, “Tərsinə çevrilmiş dünya” kimi bədii filmləri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. O, eyni zamanda “Mozalan” satirik kinojurnalının bir neçə süjetinin, “Körpü” sənədli filmi kimi televiziya əsərlərinin də müəllifidir.
 
Ənvər Əblucun səsləndirdiyi “Tehran - 43”, “Şeytan göz qabağında”, “Sibiriada”, “Firəngiz” və bunun kimi bir sıra filmlərdə dublyaj aktyoru kimi Azərbaycan kino tarixində özünəməxsus yer tutub.
 





12.01.2017    çap et  çap et