525.Az

Sual və seçim


 

Sual və seçim<b style="color:red"></b>

Başlayaq dünyaya gəlməyimizdən:

- Gələk, ya gəlməyək?

Baxmayaraq ki, bu heç özümüzdən asılı deyil. Ömür boyu seçimin nə olduğunu  anlamağa çalışdıq. Biz seçimi anladığımız kimi də qəbul etdik - bu prosesi xatırlamasaq belə. Və bunun nəticəsində bu dünyadayıq. Dünyaya gəldikdən sonra isə seçimlərin ardı-arası kəsilmədi:

1. Cənnət , ya cəhənnəm?

2. Atan, yoxsa anan?

3. Sarışın, yoxsa əsmər?

4. Pullu, yoxsa ağıllı?

5. Universtet, yoxsa əsgərlik?

6. Azərbaycan, yoxsa digər ölkə?

7. Rahat iş, yoxsa əziyyət?

8. Sevdiyin, yoxsa ailən seçdiyi?

9. Qız, yoxsa oğul?

10. Uşaqların gələcəyi, yoxsa öz kefin?

12. Qocalar evi, yoxsa ölüm?

13. Bakı qəbristanlığı, yoxsa doğulduğun yer...

Hətta insan öləndən sonra dəfn olacağı yeri bəri başdan seçə bilir.

İnsanın ömrü sual və seçim məngənəsindədir. Sevdiyim şairlərdən birinin dediyi kimi, ilk sual Adəm qadağan olunmuş meyvəyə tamah salanda yaranıb:

-Yeyim, yoxsa yeməyim?

 Həyatda seçim bircə dəfə verilir, bu birdəfəlik şansın qədrini bilək. İlişib keçmişdə qalmayaq - keçmişin seçimi də özü kimi çoxdan keçib gedib və bu gün işimizə yaramaz. İnsanın dünəni ilə bugünü eyni deyil. Dünən insanın seçim imkanı daha çox idi, bugün isə seçim imkanı ən çox zamanın əlindədir.

Hə... Bəzən seçimdən yarımayanda əllərimizi göyə qaldırıb şükür eləməkdən başqa heç nəyə gücümüz çatmır.

Bəzən də... Seçimlərin bizə verdiyi imkanlardan harınlaşıb pəndam olanda şükür eləmək üçün göylərə açdığımız əllərimiz yanımıza düşür, nəfsimizin amiranə çığırtısından ləzzət alırıq. Bu ləzzətin - seçimin havasında boğula-boğula bilmirik ki, dünyanın müxtəlif yerindəki körpələrin qarşısında ikicə seçim bədheybət heykəl kimi dayanıb:

-Ya öz vətənində göydən yağan bombalardan tikə-tikə olmaq, ya da yad sularda boğulmaq...

Bu da seçimdir...

İsmayıl XANLARZADƏ 
İ.Yusifov adına Göradil kənd tam orta məktəbinin 10-cu sinif şagirdi

 





12.01.2017    çap et  çap et