525.Az

İlham Əliyev: "Azərbaycan 2017-ci ildə uğurla inkişaf edəcək"


 

DÖVLƏT BAŞÇISI BİLDİRİB Kİ, BÜTÜN SOSİAL PROQRAMLAR İCRA EDİLƏCƏK VƏ İQTİSADİ İNKİŞAFLA BAĞLI ÇOX ÖNƏMLİ ADDIMLAR ATILACAQ

İlham Əliyev: "Azərbaycan 2017-ci ildə uğurla inkişaf edəcək"<b style="color:red"></b>

2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi" ili elan olundu.

Bu barədə qərarı prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı açıqlayıb.

Dövlət rəhbəri qeyd edib ki, 2016-cı ildə Azərbaycan öz inamlı  inkişafını davam etdirib: "Qarşıda duran bütün vəzifələr icra olunub.  2016-cı ildə də ölkəmizdə iqtisadi inkişafla bağlı çox mühüm addımlar atılıb. Qeyri-neft sənaye istehsalı keçən il 5 faiz, kənd təsərrüfatı 2,6 faiz artıb. Yaradılmış gözəl sərmayə iqlimi hesabına Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə cəlb edilib. Ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Azərbaycan 2016-cı ildə böhranlı vəziyyətdən şərəflə çıxa bilmiş, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılıb".

Ölkəmizin 2017-ci ildə uğurla inkişaf edəcəyinə əminliyinə ifadə edən prezident bildirib ki, bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq: "2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən biz görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır. Ən çox tənəzzül inşaat sektorunda müşahidə olunurdu. İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atılmışdır. 2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək. Bir çox layihələrin icrası nəzərdə tutulur. Onların arasında xüsusilə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini qeyd etmək istərdim. Keçən ay Yasamal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra ediləcək. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, hündürmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. Məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək".

"Multikulturalizm ili"ni uğurla keçirildiyini deyən prezidentin sözlərinə görə, Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır: "Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır. Keçən il və ondan əvvəlki illərdə multikulturalizmlə bağlı bədbin fikirlər səslənib. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də özlərinə rəva bilib multikulturalizmlə bağlı çox təhlükəli ifadələr işlədiblər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə əlbəttə ki, səylərini davam etdirəcək".

İlham Əliyev xatırladıb ki, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirib. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam" deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar".

Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik bir ölkə olduğunu vurğulayan dövlət başçısı bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə yüksək qiymət verirlər: "Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edirəm”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov bildirib ki, müşavirədə dövlət başçısının qeyd etdiyi kimi 2016-cı il dərin islahatlar ili olub: "Artıq ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılıb. İqtisadiyyatın hər hansı bir sahəsində öz potensialını təqdim etmək üçün hər bir vətəndaşa bütün qapılar açılıb. Dövlət investisiyalar qoyur, xarici investisiyaların cəlb edilməsinə dövlət təminatı verilir. Sadəcə imkanı olanlar seyredici mövqeyini saxlayıb yaradılmış şəraitdən maksimum istifadə edərək həm özü inkişaf etməli, həm də yeni iş yerlərinin açılmasında və ixrac yönümlü məhsulların istehsalında öz töhfəsini verməlidir".

A.Badamovun sözlərinə görə, dövlət başçımızın müşavirədə toxunmadığı iqtisadiyyatın elə bir sahəsi qalmadı ki, 2017-ci ildə inkişaf etdirilməsi nəzərdə tutulmasın: "Qeyd etmək istəyirəm ki, 2017-ci ildə ölkəmiz neft iqtisadiyyatından iqtisadiyyatın reallıqlarına əsaslanan iqtisadiyyata keçid edəcək. Bura ölkənin sənayeləşməsi, kənd təsərrüfatının valyuta gətirəcək ənənəvi sahələrin inkişafı, nəqliyyat dəhlizlərin istifadəyə verilməsi, inşaat sektorunda inqilabi tikintilərin nəzərdə tutulması, turizm potensialından yüksək dərəcədə istifadə edilməsi, sosial layihələrin yerinə yetirilməsi, xidmətlərin asanlaşdırılması və sair daxildir. Məhz belə olanda milli valyutamız da möhkəmlənər, həm də dinamik inkişaflı iqtisadiyyata nail olmaq olar".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi çox düzgün, zərurətdən doğan və yalnız islam dünyasında yox, bütün dünyada böyük əks-səda yaradacaq bir addımdır. O, "Trend"ə bildirib ki, bu gün Azərbaycanın bütün dini konfessiyaları, bütün millətləri öz siyasəti ilə birləşdirdiyini və islam dünyasının ən çətin, ən problemli dövrünü yaşadığını nəzərə alsaq, bu addımın əhəmiyyətini bir daha anlamış olarıq: "Həmçinin bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Eyni zamanda, ötən ili "Multikulturalizm İli" elan etməklə Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini ortaya qoydu və dünyaya göstərdi ki, bu konfessiyalar, dinlər içərisində xüsusi diqqətə layiq olan islam dinidir. Bununla yanaşı, cənab prezidentin "Biz islam dünyasını birləşdirmək istiqamətində səylərimizi ortaya qoyacağıq" sözləri heç də təsadüfi deyil və hesab edirəm ki, bu, həm millətimizin adını islam dünyasında, həm də islam aləmini dünyada yeni və yüksək bir mərhələyə qaldıracaq".

Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, İslam aləmində ən vacib amil həmrəylikdir. O SİA-ya bildirib ki, radikal islam adı altında həyata keçirilən təxribatlar, terrorların qarşısını almaq üçün İslam həmrəyliyinin çox böyük əhəmiyyəti var: "Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etməsi ölkəmizdə tolerantlıq və multikultural dəyərlərə yüksək önəm verildiyini bir daha sübut edir. Avroviziya mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula-1 üzrə Avropa Qran-prisi və digər mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə uğurla keçirilməsi və bu il Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları burada dünyanın hər yerindən olan xalqlar və millətlərə yüksək şərait yaradıldığını, onların Azərbaycanda sülh və əminamanlıq şəraitində yüksək səviyyədə yaşadıqlarını göstərir. IV İslam Həmrəyliyi Oyunları və "İslam Həmrəyliyi İli" çərçivəsində Azərbaycandakı tolerantlıq və multikultural mühit bir etalon kimi bütün İslam dünyasına transfer edilə bilər".

Ekspert bildirib ki, İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacib meyarlardan biridir. O vurğulayıb ki, Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması və münasibətlərinin müsbət məcrada inkişafı dövlətin xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir.

Ceyhun ABASOV

 





12.01.2017    çap et  çap et