525.Az

Amerikanın qarşısında dayanan Çin səddi


 

Amerikanın qarşısında dayanan Çin səddi <b style="color:red"></b>

Amerikada 2001-ci ildə Buşun rəhbərliyi altında mühafizəkarların (neokonlar) hakimiyyətə gəlməsi ilə Yaxın Şərqdə soyuq müharibənin bitməsindən sonra davam edən nisbi sülh şəraiti öz yerini yenidən müharibələrə buraxdı. Əfqanıstan və İraq müharibələrindən sonrakı dövrdə İranın yeni düşmən olaraq müəyyənləşdirilməsinə baxmayaraq yeni cəbhə açmaq iqtidarında olmayan Buş hakimiyyətinin 2008-ci ildə Obama liderliyində demokratlarla əvəzlənməsi Yaxın Şərqin yenidən əvvəlki sakitliyə sahib olacağı təsəvvürü yaratsa da region Ərəb baharı adı altında yeni bir qış yaşamağa məhkum oldu. Nə qədər qəribə olsa da Tunisdə bir şəxsin özünü yandıraraq hökumətə etirazını bildirməsi ilə başlayan etirazlar dalğası daha sonra Misirdə, Liviyada və bu gün Suriyada ortaya çıxan iğtişaşların davamı olaraq  region ölkələrini sivil müharibəyə sürükləmiş və nəticədə minlərlə insanın ölümünə rəvac vermişdir. Ərəb baharı adı ilə bəzədilən bu qanlı hadisələrin ABŞ tərəfindən planlı şəkildə icra edilən böyük bir əməliyyatın bir hissəsimi olduğu və ya olmadığı mübahisə mövzusu olsa da proseslərə bir qədər sonra Amerika Birləşmiş Ştatlarının və müttəfiqlərinin açıq şəkildə dəstək verdiyi sirr deyil. Bu mənada, cavablandırılması mühüm olan suallardan biri Ərəb baharının planlaşdırılması və ya ona dəstək verilməsinin Amerika maraqlarına necə xidmət etməsidir.

Hələ Buş administrasiyasının ilk illərində və 11 Sentyabr hadisələrindən bir qədər sonra varlığı ilə bağlı müzakirələrin getdiyi, 2005-ci ildə isə Böyük səkkizlərin iclasında açıqlanmış Genişləndirilmiş Yaxın Şərq layihəsinin əsas məqsədi enerji resursları ilə zəngin region ölkələrində demokratiyanın, bazar iqtisadiyyatının bərqərar olması, avtoritar rejimlərin dəyişdirilməsi, regiondakı aqressiv islamçılığın elmli islamçılıqla əvəzlənməsi və bu vasitələrlə qeyd olunan coğrafi ərazilərdə sülh və təhlükəsizliyin təmin olunması idi. Daha sonra dünya mətbuatında layihənin təsvirini canlandıran etnik və dini əsaslarda bölünmüş “Genişləndirilmiş”Yaxın Şərq xəritəsi yayımlandı ki, dünya siyasi xəritəsində baş verən və baş verməkdə olan bu günki dəyişikliklər həmin təsvirlə müəyyən uyğunluq təşkil edir. NATO və Türkiyə arasında iki dəfə gərginliyə səbəb olan bölünmüş Türkiyə xəritəsində (NATO-nun Müdafiə Kollecində Türkiyəli zabitlərə təqdim edilib) canlandırılan Azad Kürdüstan, Sudanın neftlə zəngin Cənubi Sudan bölgəsində Amerika dəstəyi ilə 2011-ci ildə qurulan respublika, İraqın işğalından sonra ölkənin inzibati bölgüsünün etnik və dini əsaslara görə həyata keçirilməsi (kürd, şiə və sünni), Suriyada vətəndaş müharibəsinin başlaması ilə kürdlərin fəallaşması və İraqın şimalındakı kürdlərlə birləşmə sədaları və nəhayət Türkiyədə kürd məsələsinin həllinə yönəldilən və necə nəticələnəcəyi böyük sual altında olan bir sıra addımların atılması qeyd olunanlar çərçivəsində önəmli məqamlardır.Bu gün böyük dövlətlərin mübarizə meydanına çevrilmiş Suriyada bir millət arasında yaranmış uçurum günbəgün böyüməkdədir. Əsəd ailəsinin də mənsub olduğu ələvilər (Bəşər Əsəd ələviliyin Nüseyrilik qolundandır) tərəfindən böyük dəstək alaraq Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan müxalif qüvvələrin əsas çoxluğunu sünnilər təşkil etməkdədir ki, bu cür bölünmə artıq xalq arasında dərin düşmənçilik izləri qoyub.  Digər tərəfdən vətəndaş müharibəsinin başlaması ilə ölkə əhalisinin 9%-ni təşkil edən kürdlərdə baş qaldıran separatizm meyilləri Suriyanın ərazi bütövlüyünə ciddi bir təhdid deməkdir. Ümumiyyətlə Yaxın Şərq regionu həm strateji coğrafi möqveyi etibarilə və həm də sahib olduğu zəngin enerji resursları baxımından Qərbin və əsasən də Amerikanın xarici siyasətində hər zaman prioritet təşkil edib. Əgər Soyuq Müharibə dövründə Amerikanın regionu qorumaq cəhdləri Sovet İttifaqına qarşı yönəlmişdisə bu gün Çin yüksələn güc olaraq ikincini əvəz etməkdədir. Məhşur amerikalı geostrateq Zbiqniev Brzezinski hələ 1997-ci ildə yazdığı ‘Avrasiya üçün geostrategiya’ adlı məqaləsində Çin və Hindistanı Amerikanın siyasi və iqtisadi birinciliyinə potensial rəqib olaraq qiymətləndirmişdi. Bu gün Çinin sürətlə artan enerji tələbatı onu üzünü Yaxın Şərq və eyni zamanda Afrika ölkələrinə çevirməyə sövq edib ki, bu da Amerika üçün olduqca ciddi təhlükə hesab edilir. Sadəcə Yaxın Şərqdə artan təsiri deyil, ümumilikdə Çinin həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən yüksəlişi onu Amerika hegemonluğuna qarşı potensial rəqibə çevirir ki, bu da ABŞ üçün yolverilməzdir. Bu səbəbdən Ərəb baharına dəstəyin arxasında iki səbəb gizlənir:

Regionu xaosa sürükləyərək Çinin regionda hələ yeni yaranmaqda olan təsir dairəsini yox etmək və ya minimuma endirmək;

Xalqın əli ilə hakimiyyətdən uzaqlaşdırılan köhnə müttəfiqləri yeniləri ilə əvəz etmək və Amerikanın regiondakı hakim statusunu bərpa etmək.

Amerikanın Çikaqo Universitetinin professoru, Con Mirşeimer özünün “Niyə Çinin yüksəlişi rahat olmayacaq” məqaləsində qlobal gücün nə olduğunu izah edərkən qeyd edir ki, heç bir dövlət böyük əraziləri əhatə edən dünyanın yeganə hakimi ola bilməyəcəyindən regional gücə çevrilmək hər dövlət üçün əldə edə biləcəyi ən yaxşı nəticədir. Bu səbəbdən Amerika qlobal hegemon yox, sadəcə dünyanın ən güclü dövlətdir və o bu gün Çinin yalnız Yaxın Şərqdə artan təsirini azaltmağa və enerji təhlükəsizliyinə nail olmasını əngəlləməyə deyil, eyni zamanda Şərqi Asiya regionunda hakim mövqeni əldə etməməsi üçün əlindən gələni edir və edəcək. Dolayısı ilə Amerika və Çin arasındakı bu güc yarışı Afrikanın Şərqindən başlayaraq, Körfəz və Mərkəzi Asiya da daxil olmaqla İndoneziyaya qədər uzanan böyük bir coğrafiyanı əhatə edəcək. Məşhur amerikalı jurnalist və Obamanın yaxın məsləhətçisi Robert D. Kaplan, Hind okeanının 21-ci əsrdə dünyanın strateji qravitasiya mərkəzi olacağını iddia edir. Bu məqamda, 2005-ci ildə Somali piratlarının dünya gündəmini birdən-birə işğal etməsi, lakin son zamanlarda bu məsələnin ümumiyyətlə müzakirə edilməməsi olduqca düşündürücüdür. Somali quldurlarının Afrika Buynuzu adlanan bölgədə “aktiv” fəaliyyəti nəticəsində Amerikanın 11 Sentyabr terror hadisələrindən sonra bölgədə terrorçuluq əleyhinə mübarizə adı altında peyda olmuş Task Force 150 adlı donanmasına 2002-ci ildə digər NATO-ya üzv dövlətlərinin qoşulması ilə NATO-nun Hind Okeanındakı varlığına nail olundu. Bütün bunların davamı olaraq isə 2011-ci ildə Amerikanın Şərqi Asiyadakı ən önəmli müttəfiqi, Çinin isə əzəli rəqibi olan Yaponiya piratçılıq əleyhinə mübarizəyə qoşulmaq adı altında Cibutidə yeni hərbi baza yaratmağa imkan qazandı. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanın Qırmızı Dəniz sahilində yerləşən Yanbu limanı neft ixracında əhəmiyyətli sayıla bilən limanlardandır, ABŞ və Fransadan sonra Yaponiyanın da Cibutidə hərbi baza yaratması Bab-əl-Məndəb boğazı vasitəsi ilə Çinin Qırmızı dənizdəki enerjiyə çıxışını risk altına salır. Təsadüfi deyil ki, çox sürətli bir şəkildə donanmasını gücləndirməyə çalışan Çinin yeni seçilən dövlət rəhbəri Xi Jiping Moskvaya etdiyi ilk rəsmi səfərindən sonra səyahətini Afrika Buynuzuna ən yaxın ölkə olan Tanzaniya ilə davam etdirdi. Tanzaniyada əldə edilən ən önəmli razılaşma isə Çinin Tanzaniyaya liman inşaatında yaxından yardım edəcəyinə dair oldu. Hind okeanının bu qədər önəm qazandığı bir zamanda yüksələn Çin qədər önəmli olan digər nəhəng potensiala sahib dövlət isə Hindistandır ki, onun bu geosiyasi atmosferdə oynadığı və oynayacağı rol ayrı bir araşdırmanın mövzusudur. Lakin qısa olaraq qeyd etmək lazımdır ki, Hindistanın bu geosiyasi oyunda tutduğu mövqe onun Amerikadan çox Çinlə əməkdaşlığa meyilli olduğu yönündədir ki, buna BRICS çərçivəsindəki əməkdaşlıq nümunə kimi göstərilə bilər.

Yaxın Şərq regionunda Amerika və Çin arasında davam edən səssiz mübarizənin  digər qolu isə yuxarıda qeyd etdiyimiz kimi Uzaq Şərqdə də özünü göstərməkdədir. Bir tərəfdən Çin enerji təhlükəsizliyinə nail olmaq istəyərkən digər tərəfdən Amerika hər vəchlə bu niyyətin qarşısını almağa çalışmaqdadır. Bu gün Çinin neft idxalının 80%-nin təmin edildiyi Malakka boğazının hər hansı bir səbəbdən bağlanılması Çin iqtisadiyyatı üçün olduqca böyük təhlükə deməkdir. Bu səbəbdən Çin prioritet məsələ olaraq müəyyənləşdirdiyi Malakka boğazından asılılığı aradan qaldırmaq üçün bir tərəfdən Birma vasitəsi ilə ölkənin cənubuna neft boru kəmərinin çəkilməsi və Birmaya aid adalarda Malakka boğazına nəzarət etmək imkanlarını artırmaq məqsədilə hərbi baza yaratmağa çalışarkən, digər tərəfdən Tailand ərazisi vasitəsilə Hind Okeanından Tailand körfəzinə kanal çəkilişi üçün 20 milyard dollarlıq layihəni reallaşdırmaqdadır. Bu mənada Birmada dini zəmində baş verən iğtişaşlar, bu iğtişaşlar zamanı saxta rahiblər haqqındakı iddialar, 2007-ci ildə yaşanan Zəfəran İnqilabı, demokratik islahatların aparılması bəhanəsi ilə Qərbdən gələn təzyiqlər və Amerikanın dəstəklədiyi müxalif liderlərdən Aunq San Su Kyinin azad olunması və s. Birmanın Çinlə müttəfiqliyinə qarşı yönələn təzyiq vasitələri kimi dəyərləndirilir.

Malakka boğazı sahilində yerləşən Malaziya isə öz müsəlman dini kimliyi və əhalisinin təxminən 23%-ni çinlilərin təşkil etdiyi dövlət olaraq Çinin regiondakı ikinci önəmli müttəfiqi hesab edilə bilər. Lakin bu ilin fevral ayının 11-də Amerikanın regiondakı əsas müttəfiqlərindən olan Filippin ərazisindən  Sulu Sultanı Camalul Kiram III adlandırılan şəxsə aid silahlıların Malaziyanın Sabah qəsəbəsini zorla ələ keçirməsi də Amerika-Çin münasibətləri çərçivəsində dəyərləndirilməli olan məsələdir. Ümumiyyətlə, Uzaq Şərqdə bu gün Çin-Amerika müttəfiqləri vasitəsi ilə əhatələnmiş vəziyyətdədir. Lakin Çin bu vəziyyətdən çıxmaq və bu geosiyasi oyunu öz lehinə çevirmək üçün kifayət qədər geniş imkanlara malikdir. Önəmli olan eyniylə şahmat oyununda olduğu kimi bu geosiyasi oyunda da gedişlərdən asılıdır.

 





11.04.2013    çap et  çap et