525.Az

Neft Məktəbində layihə iştirakçıları mükafatlandırıldı


 

Neft Məktəbində layihə iştirakçıları mükafatlandırıldı<b style="color:red"></b>

Dünən Bakı Ali Neft Məktəbində (BANM) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş "Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənin bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, professor Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabbarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov qonaq qismində iştirak ediblər.

Mərasimdə çıxış edən rektor Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə Ali Məktəbin tələbə və əməkdaşlarının bir sıra layihələrinin həyata keçirildiyini bildirib.

O, Fondun fəaliyyətini çox yüksək qiymətləndirərək gənclərə göstərilən dəstəyə görə təşəkkür edib.

Müxtəlif ideya və təşəbbüslərin həyata keçirilməsində gənclərə kömək göstərilməsinin dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.
 
E.Qasımov BANM-in əməkdaş və tələbələrinin 2016-cı ildə 8 layihəsinin Fondun müsabiqəsindən keçdiyini və bütün bu layihələrin icrasına Ali Məktəb tərəfindən yüksək səviyyədə dəstək verildiyini qeyd edib.

"Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənın rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı sözügedən layihə haqqında məlumat verib.

O, bildirib ki, gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə 2016-cı ilin noyabr ayının 27-dən başlayaraq hər həftənin bazar günü olmaqla 5 həftə davam edib. Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçirilib. Layihənin təşkilat komitəsi BANM-in tələbələrindən ibarət olub.

BANM-in professoru Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov layihə çərçivəsində təlimlərin yüksək səviyyədə təşkil olunduğunu və iştirakçılar tərəfindən maraqla qarşılandığını və belə layihələrin davamlı olacağına inandıqlarını vurğulayıblar.

Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

 





13.01.2017    çap et  çap et