525.Az

Azərbaycan 2017-ci ilə ciddi iqtisadi hədəflərlə daxil olur


 

"2016-cı İL ÖLKƏMİZİN YAXIN DÖVR ÜÇÜN İNKİŞAFINI VƏ HƏDƏFLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏN İL KİMİ YADDA QALIB"

Azərbaycan 2017-ci ilə ciddi iqtisadi hədəflərlə daxil olur<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı müşavirədə geridə qoyduğumuz ildə siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən işlər, qlobal böhranın ölkədə təsirlərinin minimuma endirilməsi istiqamətində reallaşdırılan islahatlarla bağlı fikirlərini bildirib, 2017-ci ilin Azərbaycan üçün uğurlu inkişaf dövrü olacağına əminliyini ifadə edib.

Prezident qeyd edib ki, Azərbaycan dünya miqyasında sabitliyi ilə seçilir: "2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunub. Yaşadığımız bölgədə və Yaxın Şərqdə qanlı toqquşmalar, müharibələr, terror aktları bölgədəki sabitliyə çox böyük zərbə vurub. Keçən il Azərbaycanda təhlükəsizlik qorunub, xalqın iradəsinə əsaslanan sabitlik, vətəndaş birliyi və həmrəyliyi daha da artıb. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayıb və yaşayır. Sabitliyin mənbəyi xalqımızın iradəsi və seçimidir. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, Azərbaycanın seçdiyi yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur".

2016-cı ilin dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacağını deyən İlham Əliyev vurğulayıb ki, ötən il Azərbaycan öz müstəqilliyinin bərpasının 25 illiyini yaxşı nəticələrlə, uğurlarla qarşılayıb: "İl ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir. 2016-cı ildə Azərbaycanın valyuta ehtiyatları qorunub və hazırda 33 milyard dollar təşkil edir. Görülmüş işlər dünyanın mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir.  Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 65-ci yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb. Azərbaycan MDB məkanında yenə də birinciliyi saxlayıb. 2016-cı ildə sosial sahədə bütün vəzifələr tam icra olunub, sosial məsələlər öz həllini tapıb. Maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaq. Orta təbəqənin maraqlarının qorunması üçün ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır.  Kommunal tariflərin differensiasiyası məsələsində sosial ədalət prinsipi əsas prinsip kimi götürüb. Sosial infrastruktur layihələri icra edilib. 485 məktəb təmir edilib, 29 yeni məktəb tikilib, 41 xəstəxana tikilmiş və ya təmir edilib. Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılıb, yeni qəsəbələr salınıb. 2016-cı ildə ictimai xidmətlər sahəsində işlər uğurla gedib, "ASAN xidmət" mərkəzlərinin sayı 11-ə çatıb. "ASAN xidmət" öz funksiyalarını genişləndirib, "ASAN Kommunal", "ASAN Qatar", "ASAN Viza" təşəbbüsləri irəli sürülüb və reallaşdırılıb".

Azərbaycanın mühüm nəqliyyat dəhlizlərinin yaradılması sahəsində fəal iştirak etdiyini deyən prezident qeyd edib ki, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirib: "Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcək. Milyonlarla ton yük Azərbaycan ərazisindən keçəcək və minlərlə iş yeri yaradılacaq. Bu layihənin icrası ilə Naxçıvan da dəmiryolu blokadasından çıxarılacaq".

Dövlət başçısı onu da vurğulayıb ki, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz: "Bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək kredit qarşılığında Azərbaycana təzyiq göstərməyə və öz tələblərini təmin etməyə çalışıblar. Heç bir kənar qüvvə Azərbaycanı istəmədiyi layihəyə cəlb edə bilməz. Azərbaycan iqtidarı üçün əsas dövlətin, xalqın maraqlarıdır".

Bu il də Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməli, inflyasiyanın birrəqəmli olmasını vacib hesab edən ölkə rəhbəri bildirib ki, Azərbaycanın valyuta ehtiyatları qorunacaq və onun artımına da nail olunacaq: "Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində mühüm addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı, habelə inzibati və cəza tədbirləri görülüb. Bank sektorunun beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. 2017-ci ildə sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Sumqayıtdakı Texnologiyalar Parkı və Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Ora qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il təməli qoyulmuş Mingəçevir Sənaye Parkında  gələn aydan etibarən bütün inşaat işləri də başlanmalıdır. Birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İranlı tərəfdaşlarla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyulub. Balaxanı Sənaye Parkında işlər yaxşı səviyyədə davam etdirilir.  Masallı şəhərində sənaye zonası üçün yer ayrılmış və indi infrastruktur işləri gedir".

Prezident qeyd edib ki, Azərbaycan 2017-ci ildə uğurla inkişaf edəcək: "Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı ciddi addımlar atılacaq.

2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək.

Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz inkişaf dinamikasını sürətləndirəcək".

Prezidentin müşavirədəki çıxışına münasibət bildirən Milli Məclisin deputatı Tahir Mirkişili hesab edir ki, 2016-cı il bütün dünya ölkələri üçün həm iqtisadi, həm də siyası və hərbi cəhətdən çətin və mürəkkəb bir il olaraq yadda qalıb. O SİA-ya bildirib ki, bu il həm də Azərbaycan üçün çətin bir iqtisadi il olub: "Dünya iqtisadiyyatında baş verən iqtisadi təlatümlər və qeyri-sabitliklər ölkəmizə də təsir edib.

Deputat qeyd edib ki, ölkə iqtisadiyyatına bu formada neqativ yan təsirləri neytrallaşdırmaq və iqtisadiyyatın gələcək illərdə də dayanıqlılığını təmin etmək üçün 2016-cı ilə ölkə prezidentinin rəhbərliyi ilə dərin iqtisadi islahatlara start verilib: "İslahatların hərtərəfli, uzunmüddətli və effektiv olması məqsədilə yaxın, orta və uzunmüddəti əhatə edən "Strateji yol xəritələri" təsdiq olunub. Həmçinin, ölkədəki biznes mühitin daha əlverişli olması, investisiya cəlbediciliyinin artırılması, milli istehsalın dəstəklənməsi, ixraca dəstək məqsədilə çoxsaylı qanunvericilik aktları, fərman və sərəncamlar imzalanıb. Tarixdə ilk dəfə olaraq növbəti ilin dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 50 faizi aşması proqnozlaşdırılıb. Təsadüfü deyil ki, bir çox sahələrdə azalmalara baxmayaraq məhz qeyri-neft sənayesi və kənd təsərrüfatı sektoru 2016-cı ili artımla başa vurub. Qeyd etmək lazımdır ki, məhz bu sektorlar 2016-cı ildə islahatların əsas obyekti olub. Görülmüş işlər dünyanın mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir".

T.Mirkişilinin sözlərinə görə, islahatların nəticələri adətən orta və uzunmüddətli dövrdə özünü göstərir: "Bu baxımdan atılan addımların qısa müddətdə effektivliyi bu tədbirlərin növbəti illərdə də Azərbaycan iqtisadiyyatının artmasına, yeni iqtisadi artım mənbələrinin yaranmasına və iqtisadi inkişafın inkluzivliyinə gətirib çıxaracağına deməyə imkan verir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov da hesab edir ki, 2016-cı il iqtisadi baxımdan Azərbaycan üçün çətin il olub O, "Milli.az"a bildirib ki, buna rəğmən hökumət bu il də daxil olmaqla bundan sonra qeyri-neft sektorunun inkişafına hədəflənən fəaliyyətləri həyata keçirmək üçün artıq həm hüquqi, həm də maliyyə bazasına malikdir: "Müşavirədə qeyd edilən əsas məqam bu olub ki, 2016-cı il gözlənildiyi kimi asan olmadı. Ölkə prezidenti bunu hətta 2015-ci ilin sonunda keçirilən müşavirədə də qeyd etmişdi. Çünki dünya bazarında neftin qiyməti aşağı idi, regiondakı əsas iqtisadi tərəfdaşlarımızda iqtisadi çətinliklər qalırdı. Bütün bunların fonunda ötən il Azərbaycan üçün asan keçməyib".

İqtisadçı bununla yanaşı hesab edir ki, bütün bu çətinliklərə baxmayaraq, 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün fərqli bir il kimi yadda qalıb: "Onun əsas fərqliliklərindən biri odur ki, ötən il Azərbaycanda iqtisadi inkişafı stimullaşdıra biləcək və onun hədəflərini müəyyənləşdirəcək strateji yol xəritələri və strategiyalar qəbul edilib. Bu, çox vacib addım idi. Bunlar Azərbaycanın post-neft dövrünə tamamən qədəm qoyduğu 2016-cı il və bundan sonrakı illərdə ölkə üçün post-neft dövrünün hədəflərini müəyyənləşdirməyə şərait yaradıb. Bu baxımdan 2016-cı il Azərbaycanın növbəti illərdə inkişafını və onun hədəflərini müəyyənləşdirən il kimi yadda qalıb". 

V.Bayramov qeyd edib ki, ötən il, həmçinin bank sektorundakı problemlər və onların aradan qaldırılması üçün görülən tədbirlərlə yadda qalıb: "Ötən il xüsusən bank sektorunda olan problemlər iqtisadiyyata təsirsiz ötüşməyib. Ölkədə 10 bankın müflis olması həm banklara olan inamı azaltdı və həm də kompensasiyaların ödənilməsi baxımından dövlət üçün əlavə öhdəliklər yaradıb. Müflisləşən banklarda əmanətlərin bir qisminin dollarda olması isə ölkədə dollara olan tələbatı artırdı, valyuta bazarına neqativ təsir göstərib. Müşavirədə o da qeyd olundu ki, bankların bir qisminin şəffaf işləməməsi və çevik idarəetmə mexanizmindən istifadə etməməsi halları var idi ki, bu baxımdan ölkə prezidenti tərəfindən 2017-ci ildə bankların sağlamlaşdırılması əsas hədəflərdən biri kimi götürülüb. Ona görə də Azərbaycan 2017-ci ilə fərqli iqtisadi hədəflərlə daxil olur. Mövcud hədəflər və həyata keçiriləcək fəaliyyətlər artıq strateji yol xəritəsində tam olaraq əksini tapıb. Ölkə prezidenti tərəfindən valyuta ehtiyatlarının qorunub saxlanması məsələsinin də qeyd edilməsi birbaşa onunla bağlı idi ki, valyuta ehtiyatlarının artması və qorunub saxlanması 2017-ci il də daxil olmaqla həmin ehtiyatlardan istifadə imkanları verəcək. Dövlət Neft Fondunun büdcəsindən 7,5 milyard manatın ayrılmasının nəzərdə tutulması da birbaşa onunla bağlıdır ki, DNF ötən il aktivlərini artıra bilib, eyni zamanda Mərkəzi Bankın valyuta ehtiyatlarında kəskin fərqlər olmayıb. Xüsusən də DNF-nun aktivlərinin qorunub saxlanması fonunda Fond həm büdcə transferlərini həyata keçirə biləcək, həm də Mərkəzi Banka dollar ifadəsində 4 milyarddan artıq dollar transfer edəcək ki, bu vəsait də birbaşa makroiqtisadi stabilliyin qorunub saxlanması üçün istifadə olunacaq".

Mərkəz rəhbərinin sözlərinə görə, 2017-ci ildə mövcud şərtlər daxilində hökumətin həm valyuta bazarında, həm bütövlükdə real sektorda manevr imkanları fonunda daha geniş fəaliyyətlər həyata keçirmək üçün geniş resursları var: "Ona görə də 2017-ci ilin genişmiqyaslı islahatlar ili olacağı gözlənilir. Artıq yol xəritəsində də konkret olaraq 2017-ci il üçün kifayət qədər fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur".

Ceyhun ABASOV

 





13.01.2017    çap et  çap et