525.Az

Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik və gələcəyə baxış


 

Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik və gələcəyə baxış<b style="color:red"></b>

politoloq 

Cəmiyyətin ən fəal təbəqəsi olan gənclər milli və qlobal səviyyədə inkişafa böyük dinamizm verirlər. Onlar mədəni-ideoloji və əxlaqi tendensiyaların formalaşmasına təsir göstərir, istehsalatda, eləcə də iqtisadiyyatın digər sahələrində, ictimai həyatda öz yeni baxışları və təşəbbüsləri ilə mühüm rol oynayır, silahlı qüvvələrin şəxsi heyətini təşkil edirlər. Buna görə də, əhalisinin ümumi statistikasında qocalma meyli hiss olunan Qərbin inkişaf etmiş sənaye ölkələrində gənclər böyük diqqət və qayğı ilə əhatə olunur, gənc ailələrlə bağlı məsələlər və gənclər siyasəti ölkənin ümumi sosial-iqtisadi strategiyasının, demoqrafik siyasətin ayrılmaz tərkib hissəsinə çevrilir.

Zəngin tarixə və mədəniyyətə malik ölkəmizdə isə, gənclərə qayğı ənənə halını almışdır. Azərbaycan ailəsində cavanlarla yaşlılar arasında mövcud olan qarşılıqlı hörmət və mehriban münasibət nəsildən-nəsilə ötürülərək cəmiyyətin həyatına dərindən nüfuz etmişdir. Küçədə, ictimai yerlərdə öz valideynləri ilə gəzən körpə uşaqlar Azərbaycan mühitində hamının diqqətini cəlb edir, onlar ətrafdakı insanların xoş nəvazişi və oxşatmaları ilə əhatə olunurlar. Yaşlı insanlar gənclərə, öz övladı kimi öyüd-nəsihət verir, gənclər isə, ağsaqqallara hörmət edir, ağsaqqal olan məkanda davranışlarına  fikir verirlər. Ağsaqqal danışarkən susub onu dinləmək, yaşlı adamlara yer vermək, onlar otağa daxil olduqda ayağa qalxmaq – bütün bu adətlərlə qarşılaşan xarici qonaqlar öz təəccübünü gizlədə bilmir, bəzən normal hesab etmədikləri bu qarşılıqlı hörmətə bəlkə də qibtə edirlər.

Azərbaycan dövləti milli ənənələrə sadiq qalaraq yaşlıları, gəncləri, uşaqları xüsusi qayğı ilə əhatə edir, bu siyasəti ölkə siyasəti səviyyəsinə yüksəldir. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı, gənclərlə bağlı siyasəti də məhz bu zəngin irsdən qaynaqlanır. Beləliklə, ölkəmizdə gənclər siyasəti yuxarıdan aşağı yox, aşağıdan yuxarı diqtə olunur. Lakin bu işin düzgün, sistemli təşkil edilməsi, dövlətin ümumi strateji maraqlarına uyğunlaşdırılması, bir sözlə onun siyasət səviyyəsinə yüksəldilməsi məhz ümummilli liderimizin tarixi xidmətidir. Təsadüfi deyildir ki, Azərbaycanda gənclər siyasətinin əsasını qoyan məhz Heydər Əliyev hesab olunur.

Hələ sovet dövründə respublikaya rəhbərlik edərkən yüzlərlə azərbaycanlı gəncin ittifaqın qabaqcıl ali təhsil müəssisələrində təhsil almasını təşkil etmiş müdrik dövlət xadimi Müstəqil Azərbaycan Respublikasının Prezidenti olaraq bu ənənəni davam etdirmiş, gənclər siyasətimizin əsasını qoymuşdur.

Müstəqilliyimizin ilk illərində gənclər hakimiyyət uğrunda amansız mübarizə aparan müxtəlif siyasi qruplaşmaların ucuz sosial bazasına, bir sözlə, ölkəyə heç bir faydası olmayan, əksinə, ziyan gətirən vətəndaş müharibəsinin qurbanına çevrilmişdilər. Digər tərəfdən onlar, kifayət qədər təlim keçmədən və təcrübə qazanmadan işğalçı erməni ordusuna qarşı hərbi əməliyyatlarda, çox zəif təşkilatlanmış, sistemsiz, yeknəsək mübarizə aparan Milli Orduya, könüllü özünümüdafiə batalyonlarına cəlb olunur, rus ordusunun dəstəyi ilə yüksək təlim keçmiş və silahlanmış erməni hərbi birləşmələrinin asan hədəfinə çevrilirdilər. Hər iki halda gənclər elmdən, təhsildən uzaq düşür, gəncliyin faciəsi yaşanırdı.

1994-cü ildə Azərbaycan gəncləri və müstəqil dövlətçiliyimiz üçün iki mühüm hadisə baş verdi: mayda Ermənistanla atəşkəs müqaviləsi imzalandı; iyulda isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı.

Bu iki hadisənin gənclər siyasəti baxımından əhəmiyyəti ondadır ki, atəşkəs müqaviləsi yüzlərlə gəncimizin ucuz düşmən gülləsinə tuş gəlməsinin qarşısını aldı, bu sahədə mənfi tendensiyanı dayandırdı, ölkədə siyasi sabitlik və o dövr üçün çox vacib olan sosial-iqtisadi inkişaf üçün zəmin hazırladı. Ölkəyə xarici investisiya cəlb olundu, yeni birgə müəssisələr yaradıldı, iş yerləri açıldı və gənclərdə təhsil alıb kadr kimi formalaşmağa stimul yarandı. Azərbaycan gəncləri xarici ölkələrdəki həmyaşıdları ilə bilik və təcrübə mübadiləsi aparır, ölkənin inkişafında dinamik bir qüvvəyə çevrilirdilər.

Cəbhə xəttində atəşkəsin əldə olunması Silahlı Qüvvələrimizdə ciddi islahatların aparılmasına, ordunun təchizat məsələsinin yüksək səviyyədə həll olunmasına, döyüş hazırlığının yüksəldilməsinə, hərbi qanunvericiliyin təkmilləşdirilməsinə də zəmin yaratdı. Cəmiyyətdə ordunun nüfuzu artmağa başladı. Gənclərin də orduya inamı artdı. Nəticədə 90-cı illərin əvvəllərində bəlaya çevrilmiş fərarilik halları azalmağa başladı.

1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə ölkədə gənclər siyasətinin sistematik şəkildə tətbiqinə başlandı. Artıq bu sahəyə nəzarət edən ayrıca bir orqan mövcud idi.

26 iyul 1994-cü il tarixli, 179 nömrəli Fərmanda Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən olunur: Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi; gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə uyğun gələn milli siyasətin həyata keçirilməsi; gənclərin qüvvə və bacarığının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə, ölkədə həyata keçirilən islahat proqramlarının gerçəkləşdirilməsinə səfərbər olunması; gənclər arasında ümumbəşəri və milli dəyərlərin təbliğinin təmin edilməsi; gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət sahələrinin istiqamətləndirilməsi; gənclər arasında Azərbaycanın tarixi və mədəni irsini yaymaqla onların vətənpərvərlik, vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpağımızın müdafiəsinə daimi hazırlıq ruhunda tərbiyə edilməsi; gənclər arasında işsizliyin aradan qaldırılması üçün başqa dövlət orqanları ilə birgə fəaliyyət göstərilməsi; aztəminatlı ailələrdəki və yetim uşaqların sosial problemlərinin həllinə dair dövlət proqramının həyata keçirilməsinə yaxından kömək göstərilməsi; hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərində əksini tapan uşaqların hüquqlarının müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilməsi; bazar iqtisadiyyatı mühitində gənclərin sahibkarlığa cəlb edilməsi sahəsində başqa dövlət idarəetmə orqanlarının işinin əlaqələndirilməsi;

gənclər təşkilatlarının formalaşmasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq iştirak edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi; gənclərin problemləri ilə bağlı beynəlxalq tədbirlərdə onların fəal iştirakına kömək göstərilməsi; Azərbaycan Respublikasında bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi; Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali arasında yayılmasının təmin edilməsi, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsi; əhali, xüsusən böyüməkdə olan nəsil arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi; Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişlənməsinə kömək göstərilməsi.

Göründüyü kimi burada, ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə gənclərin fəal şəkildə cəlb olunmasına, onların milli vətənpərvərlik ruhunda tərbiyəsinə, sağlamlıq, təhsil və məşğulluq problemlərinə xüsusi diqqət ayrılır.

26 yanvar 1996-cı ilə Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının gənclərinin birinci forumunun keçirilməsi haqqında Sərəncam imzaladı və həmin il, fevralın 2-də ilk gənclər forumu keçirildi. Forum gənclərimizin bir araya gəlməsi, öz fikirləri, təklifləri və problemlərini ölkə başçısına çatdırmaları, fikir, təcrübə mübadiləsi aparmaları, gələcəkdə fəaliyyətin əlaqələndirilməsi və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün gözəl imkan yaradır. Buna görə də, indiyədək keçirilmiş 6 forumun hər biri gənclərin mütəşəkkilliyi və təşkilatlanması baxımından olduqca faydalı olmuş, onların dövlətin ümumi strategiyası ətrafında səfərbər olunmasına xidmət etmiş, ölkə rəhbərliyi və müxtəlif dövlət orqanları ilə əməkdaşlığın genişlənməsinə böyük töhvə vermişdir. Bu tədbirlər eyni zamanda ölkə rəhbərliyinin gənclərə qayğısının və diqqətinin nümunəsidir. Təsadüfi deyildir ki, ölkə başçısının müvafiq sərəncamına əsasən, 2 fevral hər il ölkəmizdə “Gənclər günü” kimi qeyd olunur.

1996-cı ildə Azərbaycan gəncləri üçün daha bir əlamətdar hadisə ölkəmizin müstəqil dövlət kimi ilk dəfə olimpiya oyunlarına qatılması olmuşdur. Müstəqilliyimizin mühüm əlamətlərindən biri olaraq milli olimpiya komandamızın formalaşması və onun ölkəmizi bü cür yüksək səviyyəli idman tədbirində təmsil etməsi cənab Heydər Əliyevin böyük zəhmətinin nəticəsi idi. Hələ 26 fevral 1995-ci ildə onun imzaladığı “1996-cı ildə Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya oyunlarına hazırlıq haqqında” Sərəncamına əsasən, hazırlıq işləri ilə bağlı təşkilat komitəsi yaradılmış və müvafiq qurumlara konkret tapşırıqlar qoyulmuşdur. Aparılan gərgin iş nəticəsində Azərbaycan milli olimpiya komandası ilk dəfə qatıldığı Atlanta Yay Olimpiya Oyunlarında ölkəmizi 23 idmançı ilə yüksək səviyyədə təmsil etdi və bir gümüş medal qazandı.

Olimpiya infrastrukturunun sonrakı illərdə də ardıcıl olaraq inkişaf etdirilməsi olimpiya komandamızın daha yüksək nəticələr əldə etməsinə və ölkəmizin idman nüfuzunun artmasına şərait yaratdı. Bu, eyni zamanda ölkə rəhbərliyinin gənclərimizin sağlamlığına verdiyi böyük töhfə və diqqətdir.

9 aprel 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahənin normativ-hüquqi tənzimlənməsi sahəsində aparılan islahatların nəticəsi olaraq bir sıra məsələlərə aydınlıq gətirdi və hüquqi boşluqları aradan qaldırdı. Qanunun qəbul olunması ilə, respublikada bu sahədə artıq müəyyən hüquqi mexanizm və sistem yarandı.

Qanunun 3.1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.”

Qanunun 2-ci Fəslində isə, gənclər siyasətinin aşağıdakı istiqamətləri müəyyən olunur: gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; istedadlı gənclərə dövlət qayğısı; gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; gənclərin məşğulluğunun təmin edilməsi; gənc ailələrə dövlət yardımı; gənclər təşkilatlarına dövlət yardımı.

Gördüyümüz kimi, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu sahədə mükəmməl hüquqi baza və fəaliyyət mexanizmi formalaşmışdır. Məhz bu xidmətlərinə görə o, haqlı olaraq ölkədə gənclər siyasətinin banisi hesab olunur. Ulu öndər gənclərin qayğısına qalır, öz övladları kimi onların problemləri ilə maraqlanırdı. Ulu öndər istedadlı gənclərə böyük dəstək olur, onlara stimul verirdi. O, müstəqillik illərində də, gənclərimizin xaricdə təhsilinə xüsusi maraq göstərirdi. Xarici səfərləri zamanı həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşlər onun səfər proqramının ayrılmaz hissəsi idi. Bu görüşlər olduqca səmimi keçir və hər bir gəncin xatirəsində əbədi izlər qoyurdu. Xaricdə təhsil alan hər bir gənc öz prezidneti ilə görüşərkən qürur duyur, onunla fəxr edirdi, qərib diyarlarda yalqız olmadığını, hiss edirdi. Ümummilli liderimiz sanki öz ürəyində ölkəmizin, xalqımızın hərarətini onlara aparır və onlarla paylaşırdı. Heydər Əliyevin timsalında o gənclər sanki öz valideynlərini görür, sanki onların öyüdlərini, tövsiyələrini dinləyirdilər. Azərbaycan gəncliyi o günləri xoş hisslərlə xatırlayır və onun kimi vətənpərvər, savadlı və ən əsası qayğıkeş olmağa çalışırlar.

 





11.04.2013    çap et  çap et