525.Az

Avetyan, Martirosyan, Caqinyan, Arzumanyan, Torosyan və digərləri...


 

Avetyan, Martirosyan, Caqinyan, Arzumanyan, Torosyan və digərləri...<b style="color:red"></b>

Ermənistan 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal edib və hələ də işğal altında saxlayır.

Problemin həll edilməsi üçün qurulan ATƏT Minsk Qrupunun vasitəçilik təşəbbüsləri də heç bir nəticə vermir. Ermənistanın işğalının davam etməsinin əsas səbələrindən ən əhəmiyyətliləri işağala məruz qalan və işğalçı ölkə anlayışına açıqlıq gətirilməməsi, hər şeyin öz adı ilə adlandırılmaması, 100 min Dağlıq Qarabağ ermənisinin insan haqlarının ön plana çıxarılmasına qarşılıq, təxminən bir milyon qaçqın Azərbaycan vətəndaşının öz torpaqlarında yaşamaq hüququnun diqqətə alınmaması və başqa amillərdir.

Ermənistanın işğalçılıq siyasəti bu ölkənin rəsmiləri istisna olmaqla, dövlətə və erməni xalqına heç bir şey qazandırmayıb, əksinə erməni xalqının ödədiyi vergilər onların sosial-iqtisadi problemlərinin həll edilməsi üçün istifadə edilmir, korrupsioner dövlət məmurları tərəfindən mənimsənilir, işğal altında olan bölgədə qondarma qurumun saxlanılmasına və silahlanma yarışı üçün xərclənir. Hakimiyyətdə təmsil olunan cinayətkar zümrə nə qədər sərvət toplayırsa, buna müqabil erməni xalqı o qədər kasıblıq və səfalət içərisində yaşayır.

Ermənistan hakimiyyəti sosial-iqtisadi, demoqrafik, siyasi, təhlükəsizlik sahələrində son 25 ildə yaşanan problemlərin heç birini həll edə bilməyib, əksinə bu problemlər daha da artıb.

Dağlıq Qarabağ probleminin həll edilməməsi Ermənistanın sosial-iqtisadi, demoqrafik, siyasi və təhlükəsizlik sahəsində yaşadığı problemlərin təməlini təşkil edir. Bunu Ermənistanın ilk Prezidenti Levon Ter-petrosyan və digər müxalif siyasilər açıq şəkildə etiraf edirlər.[i]

Ermənistan dövləti Dağlıq Qarabağ probleminin həll edilməsində maraqlı deyil, son 25 ildə hakimiyyətdə təmsil olunan zümrə dövlətin qarşılaşdığı problemlərin əsas səbəbkarının Azərbaycan olduğunu mütəmadi olaraq dilə gətirir, erməni xalqını müharibənin başlayacağı ilə qorxudur, xalqın diqqətini korrupsiya, rüşvət, insan haqlarının pozulması məsələlərindən yayındırmağa çalışır. Amma bu təhdid və qorxutma taktikası bir yerə qədər davam edə bilər və müəyyən zamandan sonra tıxanır.

Erməni xalqı hakim zümrənin onlara təzyiq etdiyini, korrupsiyanı, rüşvəti, insan haqlarının kobud şəkildə pozulmasını görür, bilir, anlayır. Buna etiraz əlaməti olaraq, əhalinin bir qısmı səsini çıxartmağa qorxur, bir qismi ölkəni tərk edir, bir qismi də açıq mübarizəyə qalxaraq hakim zümrədən haqlarını tələb edir və Dağlıq Qarabağ probleminin həll edilməsinin vacibliyini vurğulayırlar. Bu proses artıq başlamışdır və Ermənistan hakimiyyətinin bütün təzyiqlərinə baxmayaraq genişlənir.

Ermənistan son zamanlarda vətəndaşlarının, qeyri-hökumət təşkilatlarının, müxalif siyasi partiyaların Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində göstərdikləri sivil təşəbbüslərin qarşısını sərt inzibati və hüquqi tədbirlərlə almağa çalışır.

2016-cı ilin noyabrında Bakıda keçirilmiş ''Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri'' konfransında erməni nümayəndələr-Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (''Milli Azadlıq Hərəkatı'' ictimai təşkilatının sədri), Syuzan Caqinyan ("Meridian'' hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist) də iştirak etmişdir. Bu konfrans zamanı ''Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma'' yaradılıb və erməni nümayəndələr də bu platforma üzv olublar. Erməni nümayəndələrin Azərbaycana gələrək konfransda iştirak etməsi və platformaya üzv olmaları Ermənistan dövləti tərəfindən birmənalı qarşılanmayıb. Dövlət rəsmiləri erməni nümayəndələri vətənə xəyanət etməklə günahlandırır.

Erməni nümayəndələr xalqın mövcud rejimin inzibati və siyasi təzyiqindən təngə gəldiyini açıq şəkildə dilə gətirir, hakim zümrənin dövlət əmlakını necə taladığını, korrupsiya və rüşvətin adi hala çevrildiyini, vətəndaşların hüquqlarının necə pozulduğunu faktlarla açıqlayırlar. Ermənistanda hakim partiyanın nəzarətində olan KİV-lər isə Azərbaycanda konfransda iştirak edən erməniləri təhqir edir, hətta onların öldürülməsinin vacibliyini qeyd edirlər.[ii]

Maraqlısı odur ki, Ermənistan dövlət rəsmilərindən və onların nəzarətində olan KİV-lərdən fərqli olaraq erməni ictimai rəyinin müəyyən bir hissəsi Bakıda konfransda iştirak edən və platformda təmsil olunan Vahe Avetyan, Vaan Martirosyan və  Syuzan Caqinyanı qətiyyətlə dəstəkləyir və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini qeyd edirlər. Azərbaycana gələn ermənilər mədəni cəsarət nümayiş etdirərək, Ermənistanı işğalçı ölkə olaraq gördüklərini, Xocalı qətliamını Ermənistan dövlətinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı olaraq gördüklərini bildirir, Xocalı soyqırımı abidəsinə çələng qoyaraq və baş əyərək üzr istədiklərini nümayiş etdirirlər.

Hələlik bəzi erməni aydınları "Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma''ya üzv olmasalar da bu təşəbbüsü dəstəkləyir, Ermənistanda hakim zümrənin xalqa təzyiqlərini dilə gətirir, Xocalı soyqırımını tanıdıqlarını bildirirlər. Erməni yazıçı Anna Paytyan da belə aydınlardandır. Paytyan da Xocalı soyqırımını tanıyır və bu soyqırımı törədənlərin cəzalandırılmasını tələb edir. Paytyan sosial şəbəkədə belə bir yazı paylaşıb:

"Xocalı soyqırımı olub! Buna görə də quldurlar-Njdenin tərəfdarları cavab verməlidir. Onlar əsgər deyil, cinayətkar və qatillərdir. Levon Ter-Petrosyan, Vazqen Sərkisyan, Robert Köçəryan, Serj Sərkisyan, Arabo silahlı qrupu. Bütün bu insanlar uşaq və qadınların qatilləridir!''[iii]Bu günə qədər heç bir erməni aydını Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının zəruriliyi haqda fikirlərini bu qədər açıq şəkildə dilə gətirməyib.

Ermənistanda xalqa qarşı dövlət təzyiqi, ədalətsizlik o həddə çatıb ki, artıq sadəcə siyasi səbəblərə görə deyil, sosial və bürokratik səbəblərə görə də ermənilər Azərbaycan dövlətindən köməklik istəyir, Azərbaycana gəlmək arzusunda olduqlarını bildirirlər. Belə ki, bir müddət Fransada qaçqın statusunda yaşayan Tamella Arzumanyan və Hovannes Torosyan cütlüyü Ermənistanın Fransadakı səfirliyinin onların sənədlərini başqa bir şəxsə satmasından sonra yenidən Ermənistana qayıtmağa məcbur olub və ölkələrində heç bir dövlət qurumu onların şikayətlərinə baxmır. Cütlük Azərbaycana gəlmək və "Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma''ya üzv olmaq istədiklərini sosial şəbəkədən rəsmən elan ediblər.

Böyük bir ehtimalla erməni aydınlarının bir qismi "Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma''nın fəaliyyətini kənardan seyr edir və ilk fürsətdə bu platformaya üzv olacaqlar. Prosess artıq başlayıb və geri dönüşü yoxdur, Ermənistanın hakim zümrəsinin təzyiqləri, həbslər, hədə-qorxu bu prosesin qarşısını almağa yetərli deyil, əksinə, bu platformaya qoşulmaq istəyənlərin sayının həndəsi silsilə ilə artmasına təkan verir. Ermənistanda hakim zümrə bir az da aydınlarının, qeyri-hökumət təşkilatlarının, sağlam məntiqli insanların fikrini dinləməlidir.

Newtimes.az
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru

 





13.01.2017    çap et  çap et