525.Az

“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir” (davamı)


 

“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir” <b style="color:red">(davamı)</b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Gənc alimlə söhbətimizin məğzini müsahibimizin əsasən dini və milli tolerantlığa fəlsəfi aspektdən yanaşması, millət olaraq inkişaf və tərəqqimizin milli və dini özünüdərkdən keçməsi tezisinin müdafiəsi təşkil edir.

– Biz unuduruq ki, tarixlə yaşamaq olmaz. Bu təkcə türklərə yox, müsəlman xalqlarına aid bir anlayışdır, biz keçmişlə yaşayırıq. Bizim tariximiz zəngin olub, şanlı olub. Biz arxaya baxa-baxa gedirik. Ancaq onu da unutmayaq ki, arxaya baxa-baxa gedən  nə ayağının altını görmür, nə də qarşısını. Bu ona gətirib çıxarır ki, Babək, Koroğlu, Qaçaq Nəbi nəsli deyə-deyə, fəxr eləyə-eləyə  bu günümüzü yaddan çıxarırıq, bu günümüzü dərk eləyə bilmirik. Axı inkişaf getməlidir. Su da axmasa iylənər. Düşüncə tərzimiz də inkişaf etməlidir, inkişafa açıq olmalıyıq. Bəzən nələrisə atmağı da, nələrdənsə imtina etməyi də, nələrisə qəbul etməyi də bacarmaq lazımdır. Yoxsa yeni mərhələyə keçmək mümkün deyil. Deməli, biz də nəyisə atmağı bacarmalıyıq, amma nəyi, bax bunu düzgün müəyyənləşdirmək lazımdır. Deməli, öz mədəniyyətimizi, milli dəyərlərimizi, milli kimliyimizi elə dərindən bilməliyik ki, nəyi atmağın, nəyi saxlamağın da vacib olduğunu anlaya bilək. Bu mənimdir, buna toxuna bilmərəm konsepsiyası ilə yaşamaq da mümkün deyil. İslam da inkişafa açıqdır. İslam da düşünməyə, yenilənməyə, irəli getməyə çağırır. Böyüyük, amma böyüklüyü daha da böyütmək lazımdır. Böyüklüyü qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır. Əbu Turxanın “kəsilməz tarix” adlı gözəl bir prinsipi var. Bunu hər yerdə misal çəkirəm. Bu prinsipə görə bu gün bir xalq yoxdursa, deməli, keçmişi də yoxdur. Bu gününü düzgün qurmaqla kəsilməz tarix təmin olunur. Nədir kəsilməz tarix? Əgər bir xalq müəyyən müddət ərzində tarixdən gələn inkişafını kəsir və müəyyən müddət fasilə verirsə, yenidən həmin nöqtəyə gələ bilməz, onu davam etdirə bilməz. Həmin tarix kəsilməməlidir, davam eləməlidir. Kəsilərsə, yenidən hər şeyi sıfırdan başlamalı olacaq. Ona görə imkan vermək lazım deyil ki, kökümüzdən qırılaq, potensialımızı itirəndən sonra yenidən onu axtarmağa başlayaq, ona qayıtmağa çalışaq. Qayıtsaq, yenə sıfırdan başlamalı olacağıq. Buna görə də biz bugünümüzü düzgün qurmalıyıq. Bunun üçün həm milli, həm dini dünyagörüşümüzün inkişafı, həm də təhsilin vəziyyəti nəzərə alınmalıdır. Bu gün dini etiqadımızın düzgün dərk olunması da vacib məsələlərdəndir. Bəzən özünü göstərən dini separatizm meyilləri də məhz dini etiqadımızın düzgün dərk olunmamasından irəli gəlir.  Burada istər yazıçılarımızın, istərsə də filosoflarımızın fəaliyyəti bir-birini tamamlamalıdır. Bu baxımdan bizdə də mərkəzi xətt milli və dini özünüdərk olmalıdır.

– Dediyiniz milli və dini özünüdərk üçün konkret nələr lazımdır?

– İlk növbədə bizə mükəmməl təhsil lazımdır. Məhz yüksək təhsil istiqamət verəcək ki, hansı ədəbiyyatı oxusun, hansı dünyagörüşə malik olsun. Bu lap bağçadan başlamalı bir prosesdir. Çox  təəssüflə qeyd eləməliyəm ki, bu gün orta məktəbi qurtaran gənclərimizdə milli ruh, milli çalar çox zəifdir.

– Dini çalar da həmçinin. Sizcə, məktəbdə lazımi səviyyədə dini bilgi verilirmi? Yəqin ki, islam lazımi səviyyədə orta məktəblərdə təbliğ olunsa, öyrədilsə, bu gün uşaq intiharlarının dəhşətli statistikası ilə qarşı-qarşıya qalmazdıq...

– Bəli, qeyd etdiyiniz kimi dini çalar da lazımi səviyyədə deyil. Ya tamam ifrata varırlar, ya da tamam kosmopolit olmağa meyillənirlər.  Deməli, qızıl ortanı tapa bilmirik. Bu gün dini təhsil zəifdirsə, yaxud fanatizmə gedib çıxırsa, bunun günahkarı ancaq və ancaq təhsili verəndir. Unutmayaq ki, ayrı-ayrı cəmiyyətlər, bəzi imperialist mənafelərə qulluq eləyənlər əllərini aşağı salıb oturmurlar, yatmırlar. Onlar özlərinə sərf eləyən şəkildə bizə zərərli informasiyanı ötürürlər. Bunun önündə akademik səviyyədə, dövlət səviyyəsində tənzimlənən bir tədris yoxdursa, onda həmin ayrı-ayrı qruplar məqsədlərinə çatırlar. Deməli, biz öz əlimizlə övladımızı həmin cəmiyyətlərə təhvil vermiş oluruq. Bayaq qeyd etdiyiniz uşaq, məktəbli intiharlarına gəlincə, burada bir neçə səbəb bərabər götürülüb araşdırılmalıdır. Hansı bir proses bu intihara gətirib çıxarır? Burada cəmiyyətin də rolu böyükdür. Problemdən çıxış yolu tapmaq üçün təkcə dini baxımdan yox, kompleks yanaşma tələb olunur.  Bayaq dediyim kimi dini özünüdərklə yanaşı uşağa, yeniyetməyə, gəncə milli kimliyi də dərindən öyrədilməlidir. O bilməlidir ki, hardan gəlib, kökü hardandır, hara gedir, nəyə xidmət etməlidir?  Bunun isə kökü yenə təhsilə dayanır. Mükəmməl təhsil vasitəsilə şagirdə dünyəvi biliklərlə yanaşı, dini və milli kimliyi aşılanmalıdır. Bu gün yeni yetişən gəncliyimizdə Qərb, Avropa təsiri aşkar duyulur. Bütün bunlara qarşı milli  və dini kimliyimizi sipər edərək duruş gətirə bilərik. Özümüzü tanımalıyıq. Tariximizi, mədəniyyətimizi, keçmişimizi, dinimizi, milliyətimizi tanımalıyıq. Bütün bunları da kənardan gələn hansısa təsadüfi bir ədəbiyyatdan, müəllifdən, yaxud iradəsini diqtə etməyə çalışan kimdənsə yox, öz mütəfəkkirlərimizdən, öz yazarlarımızdan öyrənməliyik.  Niyə məhz özümüzünkü? Çünki özümüzünkü məhz öz milli ruhumuza uyğun olanı verəcək. Bu gün məsələn , belə bir fakt mövcuddur ki, ABŞ- da islamı qəbul etmək istəyən əsgərlər üçün xüsusi Qurani- Kərim tərcümə ediblər. Orada bəzi məsələləri, sözləri, ayələri “yüngülcə” dəyişməklə bütöv ideyaları dəyişiblər və bunu ingilis dilinə tərcümə edib əsgərlərə təqdim edirlər. Onlar Qurani-Kərimi oxuyurlar, amma təhrif olunmuş variantını. Deməli, biz dini olduğu kimi dərk eləməliyik, xurafat tərəfini, təhrif olunmuş variantını yox. O olduğu kimi, akademik səviyyədə. Bundan başqa tariximizi öyrənməklə, keçmişimizi bilməklə yanaşı, orada ilişib qalmamalıyıq, bugünümüzü dərk etməli, inkişafa meyillənməliyik.

– Konkret olaraq siz kimdən öyrənirsiniz, gənclərə də kimi oxumağı məsləhət görürsünüz?

– Mənim özüm klassiklərlə yanaşı, müasir dövrdən ilk növbədə tez-tez görkəmli mütəfəkkir, filosof  Səlahəddin Xəlilovun kitablarına müraciət edirəm. Çünki Səlahəddin müəllimin yaradıcılığında həm milli ruh, həm islam dəyərlərinin düzgün qiymətləndirilməsi, həm də Qərb mədəniyyəti var. Onun yaradıcılığında bu saydıqlarım bir sintez halında birləşir. Səlahəddin müəllim özü isə tez-tez Hüseyn Cavidə, mərhum alim Xudu Məmmədovun yaradıcılığına müraciət edir. Xudu Məmmədovda da həm Qərbi tanımaq var, həm də milli ruh var. Son günlərdə hind mütəfəkkirlərini mütaliə edərkən bildim ki, Qandi rus yazıçısı Tolstoya müraciət edir, ona nəzərən öz xalqına dəyər verir. Sonra gördüm ki, yenə də Tolstoydan nümunə götürərək Səlahəddin Xəlilov öz xalqı və dini barəsində yazır. Məhz təfəkkür,  düşüncə yüksəldikcə daha yuxarıdan baxıb daha çox şey görmək mümkündür. Bu zaman əsl dəyərləndirmə qabiliyyəti yaranır. Niyə məhz Səlahəddin Xəlilovun, Xudu Məmmədovun adını çəkirəm? Çünki onlar milləti oyatmaq istəyən şəxsiyyətlərdir. Əgər Xudu Məmmədov “qoşa qanad” deyib elmlə mənəviyyatı bərabərləşdirməyə çağırırsa, əgər Səlahəddin Xəlilov “mənəviyyat fəlsəfəsi” deyib özünüdərkdən yazırsa, niyə gənclər bunu oxuyub milli və dini kimliklərini dərk etməyə çalışmasınlar? Milli kökümüzü hər şeydən üstün tutan yazıçılarımızı niyə oxumayaq? Şükürlər olsun ki, bizdə belə kamil insanlar var. İnkişaf da, bəşərilik də  özünüdərkdən başlayır. Millət olaraq tərəqqiyə aparan yolumuz məhz milli və dini özünüdərkdən keçir.

Sevinc MÜRVƏTQIZI

 





11.04.2013    çap et  çap et