525.Az

Ömrünü bayrağa dəyişən oğul...


 

Ömrünü bayrağa dəyişən oğul...<b style="color:red"></b>

Gəncə şəhəri, Həsənbəy Ağayev küçəsi, ev 12... Bu ünvanda Qarabağdakı aprel döyüşlərində həlak olmuş 26 yaşlı Fərman Əsədli yaşayıb... Soruşmadan, öyrənmədən, üstündəki bayraq nişan verdi mənə Fərman Əsədlinin evini... Ta Moskvadan Gəncəyə məni aparan isə... Təsadüfmü deyim, zərurətmi... O haqda bu zəruri qeydlərdən sonra...

Deyirlər, cəsarət hamının bildiyi köhnədir, onu edən üçün təzədir. Bəs hünər necə?

Hünərin varsa...

 Nə çox qınamışıq, nə çox qınanmışıq. Ədalətsiz müharibənin məğlub tərəfi olmağı etiraf etməsək də... Çingiz Mustafayevin kadrlarına baxıb “Hara qaçırsınız...” kəlmələrindən için-için utanıb, içim-içim kiçilib, daxildən ovulmuşuq... O da tarixin bir dönəmi idi...

O dönəmdən başlanan tarixin uzunmüddətli savaşına dönüşən Qarabağ müharibəsinin 4 günlük qısamüddətli döyüşü özümüzə və özgələrə çox şeyləri sübut etməklə yanaşı, həm də kənar və daxili qınaqlara son qoyan yeni başlanğıc da oldu.

Yaşadığım Rusiyada bu oyanış savaşı medianın gündəminə “Kim birinci başlatdı, döyüş əmrini kim verdi” sualları ilə çıxarıldı...

Siyasi polemikaya yad, hərb qanunlarına uymayacaq ifadədir bəlkə...Amma... O savaş fərmanını... bir də fərman tanımayan könüllər verdi...

 O savaşda bir də Vətən üçün savaşanlar arasında nisbət sıfırlandı.

 Aprelin 1-dən 2-nə keçən gecə ermənilərin mövqelərimizi atəşə tutmasına cavab olaraq Azərbaycan ordusunun əks hücuma keçməsi xəbəri ilə açıldı.

Fərman da getdi. Könüllü olaraq. Sosial şəbəkələrdə onlar haqqında yazılanlar ...

“Yeznə -qayın döyüş bölgəsinə yaxın əraziyə yardıma gedib və yaralanıblar. Yeznəsi yaralı- yaralı maşını sürərək qaynını xəstəxanaya yetişdirib. Hər ikisinin vəziyyəti ağır olsa da, qayın şəhid olub”.

Sanki bir treller filminin süjetindən bəhs olunurmuş kimi... Moskvadakı həmyerlilərimiz mənə zəng edib o yeznə-qayının bizim komissar Elçinin oğlu və kürəkəni olduğunu dedilər.

Polkovnik-leytenant Elçin Əsədov həmkəndçiləri -sərkarlılar üçün hər zaman “bizim komissar Elçin” olub.

Həyətdən bibisi Türkanın səsi gəlir. Kiməsə yanğılı-yanğılı Fərmanı anladır. Anam nəvəsi Fərmanı və qapıdan asılan bayrağı soruşdu. Fərman hanı, bu bayraq nədir?-Fərmanı bu bayrağa dəyişdik, ana-dedim... O gündən Hənifə nənə nəvəsini “Bayrağına qurban olum, Fərman” -deyə oxşayır. Bibisi Türkan deyir.

Məni görüncə... Sən... Gözlərim dolur...

Mən Fərmanı tanımırdım, görməmişdim. Hərbi paltarlı Elçin müəllim isə bizim üçün hər zaman “ulduzlu” qəhrəman olub.

O da bizə yaxınlaşır. Tanıyan-tanımayan axışan o evdə bizi də “tanış olmayan” kimi qarşılayırlar. Mən və qardaşım-biz sizin həmyerliləriniz, simsarlarınız deyincə...

Yenə gözümdə yaş gilələnir. Və komissar səsinə illərin vərdişi hopmuş ahənglə “Ağlamayın” deyərək, bizimlə əl sıxışır.

Hərbi komissar kimi içimdə min parça olsam da dik dayanaraq çox qapılar döyüb “oğlunuz şəhid oldu” xəbərini vermək məcburiyyətində qalmışam. Bir gün ata olaraq bunun mənim üçün də olacağına hazır idim...

Yuxarda... Divana bükülüb qalmış iki yaşlı nənə (Ana nənəsi Almaz və ata nənəsi Hənifə-red.T.V.) və onların arasında məğrur baxışlı gənc ana-Xatirə xanım oturub. Yenə göz yaşlarımı saxlaya bilmirəm. Onlara yaxınlaşıb görüşürəm.

Eyni nida... “Ağlamayin”. İndi bu kəlməni mənə Fərmanın anası Xatirə xanım təkrarlayır.

“Fərman şanslı oğuldu. Doğulandan böyüyənə kimi bizi incitməyib. Özü də heç zaman sıxıntı çəkməyib, ehtiyac nədir bilməyib. Hər əlini atdığı, istədiyi şey onun şansına qarşısına çıxıb, asanlıqla alınıb. Mən bu ölümü - döyüş bölgəsinə getməsi, müharibəni yaxından görüb orada iştirak etmək istəyi... və şəhid olmasını da şansına yazıram “-deyir. Və əlavə edir: - Qəbir daşına şəhid adı yazdırmaq şərəfdir!

Pafos deyil... Fərmanın uşaqlığından, xasiyyətindən, xarakterindən danışır. Xeyirxah və ürəyiyumşaqdı. Bildiyiniz kimi mən də, Elçin də maddi təminatlı ailədənik. Günümüzdə bunu demək nə qədər doğru olmasa da... Təsəvvür edin, xoş məclislərimiz olanda bu stolun üstündəki yeməkləri yığar-hara-deyəndə-körpələr evinə, onlar da yesin-deyə ora götürərdi. Bəzən düşünürəm. Bunu ona bizmi öyrətdik?!

Onunla birlikdə döyüş bölgəsinə gedən Sadiq Əliyevin həyat yoldaşı olan bacısı Lalə Əsədlidən Fərmanı soruşuram.

Anası üçün göz yaşlarını acı loxma kimi boğazında saxladığı titrək səsindən bəlli halda: Necə anladım-deyir. Hələ uşaqlıqdan ayrılmamışıq ki... Baxmayaraq ki, ikimiz də ailəliyik və övladımız var.

Bu arada Fərmanın 2 yaşlı qızı balaca Xatirə telefonda atasının şəklinə baxıb gülümsəyir. Körpə qızcığaz bundan sonra atasını sadəcə şəkillərdən görəcəyindən, şəkillərdə axtaracağından xəbərsizdir, hələ ki...

“Biz ziyalı ailəsində doğulmuş və hərbi komissarın övladları olmuşuq. Hər gün çiynində hərbi xidmətə yola saldığı minlərlə əsgərin yükünü daşıyan, onların taleyindən əndişəli, gecəsi gündüzünə qarışan bir atanın evində böyümüşük.

Mövzu Vətən olunca...

Bizim evdə Vətən, vətənpərvərlik günlük mövzu olub”-deyir Lalə. Fərmanı son dəfə... son sözü... Cəsarət etmədiyim, qırıq-qırıq verdiyim suallar...

Xatirə xanım Lalənin “Fərman”- deyə başladığı ifadəni bitirməyə qoymur. “Qurban olun, Fərmanın son sözü deyə, mənim yanımda danışmayın. Nə dedi, necə dedi o gün son dəfə-kimi ifadələri işlətməyin. Çünki balam hər gün, hər zaman, mən, biz var olunca bizimlədir. Onun sözləri hər gün yenilənir, söhbətləri hər gün təzələnir. Son... yoxdur, sonsuzluq var”.

Yas evlərindən gülab, şəhid evindən bir də gülabqarışıq volokardin qoxusu gələrmiş...

Yanlarında volokardin damcıları tökülmüş stəkanlar... Bədən dik dursa da, ürək bala itkisinin acısından sıxıntılı. Hər nə qədər şəhidlik şərəfli ölüm olsa da, bala itkisi ağrılıdır, acıdır.

Elçin Əsədov oğlu Fərmanın və kürəkəni Sadiqin o gün döyüş bölgəsinə getməsi və yaralanması xəbərini almasından danışır:

- Bildiyiniz kimi ermənilər mövqelərimizi aprelin 1-dən 2-nə keçən gecə atəşə tutmuşdular. Cəbhəboyu döyüş qızışmışdı. O gün əli silah tutan-tutmayan cəbhəyə getməyə can atırdı. 20 ildən artıqdır ki, insanlar bu durumdan yorulub və düşmənə birdəfəlik cavab vermək istəyindədirlər. Fərman son zamanlar könüllü olaraq orduya yazılmaq istəyirdi. Hərbi xidmət keçmişdi. Amma içində hər zaman bir həyəcan vardı. Müharibəni yaxından görsəm, vuruşsam...

O hadisəni fürsət sayıb. Yeznəsi ilə “Niva” markalı maşınına minərək “cəbhə bölgəsinə gedək, bəlkə bizim də bir yardımımız toxunar” deyə qərar veriblər. Gedəndə hər ehtimala qarşı əsgərlərə siqaret və ərzaq yardımı da aparıblar.

Səhər təxminən saat 10-11:00 radələrində Tərtər rayonunun Şıxarx qəsəbəsinə doğru yola düşüblər. Onlar qəsəbənin ermənilər tərəfindən agir artilleriya atəşi altında qaldığına şahid olublar. “Əsgərlərimizə hər hansı bir yardıma ehtiyacınız varmı-deyə soruşublar. Onlar da hər şeyin milli ordumuzun nəzarəti altında olduğunu bildiriblər”.

Fərman və Sadiq ərazidə olan mülki vətəndaşların düşmənin hədəfində olan ərazidən çıxarılmasına yardım məqsədiylə onları daşımağa kömək ediblər. (Həmin ərazidə telekanallarımız çəkilişlər aparırlarmış. ANS-in Tərtərdən hazırladığı kadrlara Sadiq və Fərman da düşüb-T.V). Fərmangil ərazini tərk etməyərək düşmən mərmisi düşən yerlərdə yaralananların olub-olmadığını öyrənmək üçün gözləyib və xəstəxanaya çatdırmağa yardım ediblər. Növbəti dəfə geri dönərkən axşamüstü təxminən saat 18-19:00 radələri arasında bir hərbi yük maşınının xarab olub yolda qaldığını görürlər. Əsgər akkumulyatorun pozulduğunu deyib. Fərman mülki əhalinin olduğu yerə geri qayıdaraq maşınlardan birinin akkumulyatoru çıxarıb hərbi maşına salıb və sürücü əsgər Şirinovun yerinə keçərək yaralıları xəstəxanaya çatdırıb.

Elçin ata bu hadisələrə indi yaralı olan kürəkəni Sadiqin şahid olduğunu deyir.

“O əraziyə erməni mərmisi düşmüşdü. Yaralılar vardı. Fərman yenidən gedək görək orada yaralı qaldımı-dedi və “Niva”yla geri qayıtdıq. Axşam saatlarına yaxın hərbi posta doğru geri dönən komandiri gördük”-Sadiq Əliyev danışıb.

Sükan arxasında olan Fərman, yeznəsinə- komandiri də aparaq, sonra dönək- deyərək , Sadiqə- gəl maşını indi sən sür -deyir və yenidən istiqamətlərini dəyişirlər.

Atası Elçin söhbətinə ara verir: “Kapitan Mübariz Rəhimov anası ilə bizdə oldular. O, həyatını xilas etdyi üçün Fərmana borclu olduğunu, belə bir oğul yetişdirdiyimiz üçün mənə və anasına minnətdarlığa gəldiyini dedi”.

M.Rəhimov söyləyib ki, Şıxarxda yerləşən qum-çınqıl karxanasının təxminən 500 metrliyini keçdikdən sonra düşmənin “D-30” top mərmisi avtomaşının yaxınlığına düşüb. Maşının qabaq hissəsində oturan yeznə və qayın ağır yaralanır, kapitan Rəhimov isə xətasız ötüşür. Sadiq özü qanlar içində qaynını Tərtər xəstəxanasına çatdırır. Və orada özü da huşunu itirir. Həkimlərin səyinə baxmayaraq ciyərlərini qəlpə dağıtmış və çox qan itirmiş Fərman Əsədli vəfat edir. Sadiq isə... başının arxa hissəsindən aldığı yaradan bir neçə gün komada qalıb.

Sadiq başında qalan qəlpəni, ürəyində isə xilas edə bilmədiyi qaynının acısını daşımağa məhkumdur.

“O gün, o axşamüstü oğlu və kürəkəninin könüllü olaraq döyüş bölgəsinə getdiyindən xəbərsiz olan Elçin müəllimlə Xatirə xanımın arasında belə bir dialoq olub.

Elçin müəllim:-Döyüşlər başlayıb, ermənilər tərəfdən çox sayda itkilər var, amma təbii müharibə qurbansız olmaz, biz də çox şəhid vermişik”.

 - “Məndən ötdü, sənə dəydi”... Dəyən, şəhid olan hamısı bizim balamızdır”-deyə yanğıyla Xatirə xanım deyib.

Sən demə o an- oğlu Fərman qanlar içində xəstəxanada can verirmiş.

Keçmiş komissar Elçin Əsədov hərbçiyə məxsus təmkinini pozmadan bir şəhid qapısında heç zaman unuda bilmədiyi hadisəni xatırlayır.

2005-də olmuşdu bu. Mart ayının 7-də. Atəşkəs zamanından şəhidlər verə-verə gəlirik. O zaman Oş vilayətindən qovulmuş bir azərbaycanlı ailəsinin övladı şəhid olmuşdu. Mən şəhidimizin xəbərini verməyə getmişdim. Qapıda anası mənə:- “Məni 8 İart bayramı münasibəti ilə təbrik etməyəmi gəlmisiniz”-dedi.

Sabah 8 Mart olacaqdı. O an o anaya deməyə söz tapmadım.

Şəhid olmaq-canını Vətən üçün fəda etmək şərəfdir! Şəhidlik əlzatmaz zirvədir!

Ali təhsil ocaqlarının birində müəllim olan bibi-Nurlana Əsədova- “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim”...-bu ifadə ilə başla xatirə, anım yazısını--demişdi.

Mən Vətən torpağının bir qarışı üçün özü torpağa dönən oğullar deyə yazıram.

Ehtiyatda olan polkovnik-leytenant, ömrünün 25 ilini hərbi xidmətə həsr edən komissar Elçin Əsədov “mənim oğlum belə olmalıydı” - deyir. Oğlu kimi oğullarla qürur duyduğunu söyləyir.

 “Hər ikisi dövlət qulluğunda işləyən, maddi sıxıntısı olmayan oğlu və kürəkəninin döyüş bölgəsinə getmələri ürəklərindəki təpərə, təmənnasız vətən sevgisinə bariz sübutdur. Hərbçi olaraq döyüş meydanında şəhid olmaq ölümlərin ən şərəflisidir”.

Fərman mülki geyimdə getdiyi döyüş zonasında şəhid olub. Könüllü olaraq rahat həyatdan imtina edib qanın- qadanın içinə atılmaq, Vətən darda olanda dadına çatmaq istəyiylə ora getmək də bir başqa cəsarətdir və hünər istər.

Yazının başında qeyd etdiyim kimi - əgər hünərin varsa...

Komissar Elçinin sadəcə bir istəyi var. Balaca Xatirənin böyüyəndə babasına verəcəyi - “Atam kim olub”-sualına -”Sənin atan şəhid olub”- cavabını verə bilməsi...

Fərman və Sadiq bir də Vətəni daha çox kim sevir- müqayisəsi, nisbəti zəncirini qıranların ilkləridir. Və bir də güllə səsindən daldalanmayıb, ona sarı qoşan yeni Azərbaycan gəncliyinin örnəyidir!

Mövzu Vətən olunca, gerisi təfərrüatdır, məncə də...

Sizcə də Fərman şəhid adına layiq deyilmi?!

P.S. Şəhid kimdir? Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci bəndi:

Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Tünzalə VƏLİQIZI
Moskva-Gəncə-Moskva
20.05.2016

 





14.01.2017    çap et  çap et