525.Az

Tibb elminə həsr olunan ömrün parlaq töhfələri


 

PROFESSOR, ƏMƏKDAR ELM XADİMİ QALİB QARAYEVİN 70 YAŞI TAMAM OLUR

Tibb elminə həsr olunan ömrün parlaq töhfələri<b style="color:red"></b>

Müasir Azərbaycan səhiyyəsinin inkişafında böyük xidmətləri olan görkəmli alimlərimizdən biri də tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Rusiyanın Tibbi Texniki Elmlər Akademiyasının akademiki Qalib Qarayevdir.

Tibb sahəsinə gətirdiyi yeniliklər, ixtiralar sayəsində onun şöhrəti ölkə hüdudlarını aşaraq, uzaq Amerikaya qədər yayılıb.

Qalib Qarayev 1947-ci ildə Qarabağda, indi işğal altında olan Füzuli rayonunun Qarğabazar kəndində, ziyalı ailəsində dünyaya gəlib. 1953-cü ildə Qarğabazar kənd orta məktəbinə daxil olan Q.Qarayev 10 illik təhsilini əla qiymətlərlə başa vurub. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə qəbul olunub. Ali məktəbdə təhsil aldığı illərdə o, Tələbə Elmi Cəmiyyətinin fəal üzvü olub, Biokimya, Patofiziologiya, Uşaq cərrahlığı kafedralarında və Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında fəaliyyət göstərən tələbə elmi dərnəklərində çalışaraq tibb sahəsinin incəliklərinə vaqif olmağa başlayıb. Bunun nəticəsidir ki, Q.Qarayev hələ 2-ci kurs tələbəsi olarkən apardığı elmi tədqiqat işlərinə görə Seçenov adına Moskva Tibb İnstitutunda keçirilən Ümumittifaq tələbə elmi cəmiyyətinin konfransında, daha sonra İvanov, Donetsk,  Minsk, Kiyev, Rostov və Riqa şəhərlərində keçirilən konfranslarda tərifnamələrə layiq görülüb. 1970-ci ildə isə “Ən yaxşı tələbə elmi işi” Ümumittifaq müsabiqəsində Q.Qarayevin “Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi” adlı eksperimental tədqiqat işi bürünc medala layiq görülüb. Həmin tədqiqat işi Sankt-Peterburqun İ.P.Pavlov adına 1 nömrəli Tibb İnstitutunun fakültativ cərrahlıq kafedrasının müdiri, professor V.İ.Kolesovun diqqətini cəlb edib və bu, sonralar gənc tədqiqatçının həyatında mühüm rol oynayıb. Görkəmli alim təhsil aldığı ali məktəbi bitirərkən onun tibb elminə bağlılığını, 12 elmi məqaləsinin çapdan çıxmasını nəzərə alan institut rəhbərliyi elmi şuranın qərarı ilə Q.Qarayevi Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasına kiçik elmi işçi vəzifəsinə təyin edib.

Sonrakı illərdə Q.Qarayevin elmi axtarışları tac damar cərrahlığının pioneri hesab olunan professor Kolesovun məktəbində davam edib. 1972-77-ci illərdə o, tac damarın şuntlanması və anastomozlaşdırılması problemi üzərində “Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi” qrupunda çalışıb və uğurlu elmi araşdırmalar aparıb. Hazırda bu, son dərəcə populyar əməliyyatlardan biri olsa da, həmin dövrdə möcüzə hesab edilirdi. Onun araşdırmaları və təklif etdiyi yeni model sayəsində ürəyin işemik xəstəliyinin cərrahi müalicəsinin çox vacib problemləri həll edilib. Q.Qarayev damar tikən aparat tətbiq etməklə aorta-koronar şuntun əməliyyat texnikasını işləyərək hazırlayıb, onun klinik aprobasiyasını keçirib.

Bütün bu elmi araşdırmalar əsasında Qalib Qarayev 1979-cu ildə “Tac damarların elektrotermokoaqulyasiyası yolu ilə ürək infarktı modelinin yaradılması və ürək əzələsini birbaşa revaskulyarirasiya edən bir sıra metodların müqayisəli qiymətləndirilməsi” mövzusunda, cərrahlıq ixtisası üzrə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.

O, Moskvada olan Ümumittifaq Transplantasiya və Süni üzvlər institutu ilə birlikdə süni ürək və yardımçı qan dövranı aparatı üzərində işləyib, onlarda kəskin koronar qan dövranı çatışmazlığı zamanı baş verən hemodinamik pozğunluğun nizamlanmasında istifadə yollarını araşdırıb. Alim  apardığı tədqiqatlar nəticəsində yardımçı qan dövranı aparatının  orqanizmə qoşulma texnikasının optimal variantını işləyərək ortaya qoyub.

Q.Qarayev ilk dəfə olaraq miokard infarktı zamanı limfaragik sindromun baş verməsini sübuta yetirib və həmin sindromu aradan qaldırmaq yolunu hazırlamaqla cərrahi müalicənin səmərəliliyini artırıb.

Miokard infarktı zamanı orqanizmdə gedən intoksikasiya prosesi və onun təsirindən tac damarlarda ikincili olaraq spazmın baş verməsinin açıqlanmasında da görkəmli alimin xüsusi xidmətləri olub. O, bütün bu tədqiqatların nəticəsini birləşdirərək 1987-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının  “Ürəyin pozulmuş limfadrenajının tənzimlənməsi və onun kəskin miokard infarktı şəraitində  ürək əzələsinin birbaşa revaskulyarizasiyasında rolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Q.Qarayevin elmi axtarışları bununla kifayətlənməyib. O, miokard infarktının daha dərin problemləri ilə maraqlanıb. Görkəmli alim bu xəstəliyin patogenezi və müalicəsinə dair ciddi tədqiqat işləri aparıb. Apardığı araşdırma və tədqiqatlar nəticəsində o, miokard infarktı zamanı ürək limfa dövranında baş verən dəyişikliklərin mahiyyətini öyrənib, limfa mayesinin laxtalanma prosesini müəyyən edib.

Daim elmi axtarışlarda olan alim miokard infarktı zamanı baş verən və həyat üçün böyük təhlükə törədə bilən aritmiyaların da əmələ gəlmə mexanizmlərini araşdıran və onun yeni müalicə metodları hazırlanan tədqiqat işləri aparıb. Bütün bu tədqiqat işlərinin nəticələri haqda keçmiş Sovet ittifaqında keçirilmiş elmi yığıncaqlarda çıxışlar olub, diskussiyalar aparılıb. Həmin müzakirələr nəticəsində Ümumittifaq Transplantalogiya və Süni üzvlər institutu, Ümumi Patologiya İnstitutu, SSRİ Elmlər Akademiyasının Sibir filialı ilə birgə elmi axtarışlar aparmaq haqqında müqavilələr imzalanıb ki, bunların sayəsində də daha sanballı elmi araşdırmalar aparılıb.

Q.Qarayevin tədqiqat sahələrindən biri də peritonitlərə dair aparılan araşdırmalardır. Cərrahlığın çox vacib problemi olan bu sahəyə dair apardığı tədqiqatlar nəticəsində görkəmli alim elmə çox böyük yenilik gətirib. Müəyyən edilib ki, peritonit zamanı həyat üçün ən təhlükəli olan peritoneal intoksikasiya sindromunun inkişafında müsariqə limfa düyünlərinin rolu var. Bunun əsasında müsariqə limfa düyünlərini tənzimləyə bilən müalicə metodu işlənərək hazırlanıb ki, bu da bu gün tibdə geniş miqyasda tətbiq olunur.

Bundan başqa professorun bağırsaqların autotransplantasiyasına həsr olunan tədqiqat işləri var. Q.Qarayev tərəfindən qalça bağırsaqdan istifadə etməklə yoğun bağırsağın müxtəlif həcmli defektlərinin plastikasının aparılma texnikası ortaya qoyulub.

Ümumilikdə bütün bu elmi araşdırmalar sahəsində əldə olunan uğurlu nəticələr və tədqiqat işlərinin müxtəlifliyi onu deməyə əsas verir ki, Q.Qarayev geniş diapozonlu bir alimdir. Bu mənada, görkəmli alimi böyük bir elmi məktəbin yaradıcısı da hesab etmək olar. O, 22 ixtiranın və 410 elmi məqalə,  1 dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Q.Qarayevin əsərləri Almaniya, Çexiya, İngiltərə, ABŞ və sair ölkələrin alimlərinin diqqətini cəlb edib. Hələ Sovet dövründə o, ABŞ-ın Meçiqan Universitetində “Ürəyin işemik xəstəliyinə dair” keçirilən konqresə dəvət olunub. 1988-ci ildə baş tutan həmin tədbirə gedə bilməsə də, görkəmli alimin ürəyin işemik xəstəliyinin cərrahi müalicəsinə dair məqaləsi Amerikada çap olunub.

Q.Qarayevin rəhbərliyi altında 56 elmlər namizədi və elmlər doktoru hazırlanıb. O, nəinki vətəni Azərbaycan, eyni zamanda İran, Əfqanıstan, Bolqarıstan və Suriya üçün yüksək səviyyəli elmi kadrlar hazırlayıb.

Q.Qarayev xüsusi istedada malik olan alim olmaqla yanaşı yüksək səriştəli rəhbər və ictimaiyyətçidir. O, 1982-ci ildə Respublika Səhiyyə Nazirliyi Kollegiyasının qərarına əsasən N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri vəzifəsinə təyin edilib. Həmin il 53 ştat vahidinə malik olan laboratoriya institutun korpusunda kiçik bir sahədə yerləşirdi. Onun rəhbər təyin edilməsindən sonra laboratoriya yenidən quruldu, ölkənin aparıcı institutları ilə əlaqələr yaradıldı və müştərək tədqiqat işləri planlaşdırıldı. Nəticədə yeni istiqamətli ümumittifaq əhəmiyyətli elmi araşdırmalar aparılmağa başlanıldı. Həmin dövrdə Sovet ittifaqında elə bir elmi yığıncaq olmazdı ki, orada bu laboratoriyanın əməkdaşları çıxış etməsin. Bundan əlavə qısa zaman kəsiyində sözügedən laboratoriyanın maddi-texniki bazası möhkəmləndirildi, elmi potensialı yüksəldildi. Təsadüfi deyil ki, 1984-cü ildə SSRİ-ABŞ birgə tədqiqat planının bir mərhələsinin aparılması məhz Q.Qarayevin rəhbərlik etdiyi laboratoriyaya həvalə edildi. Aparılan bu uğurlu fəaliyyətlərin nəticəsi olaraq 1986-cı ildə SSRİ Səhiyyə Nazirliyinin müvafiq qərarı ilə laboratoriya üçüncü kateqoriyadan birbaşa birinci kateqoriyaya keçildi ki, bu da müəssisənin daha nüfuzlu elmi təşkilat olmasını sübut etdi.

Q.Qarayevin yüksək səviyyəli tibbi kadrların hazırlanmasında ekspert kimi xüsusi xidmətləri var. O, 1986-cı ildən Müdafiə Şurasının üzvü olub, 1988-91-ci illərdə isə Şurada sədr müavini kimi fəaliyyət göstərib. Həmçinin, professor 1989-91-ci illərdə SSRİ Ali Attestasiya Komitəsinin tibb elmləri üzrə ekspertiza şurasının üzvü olub, ittifaq ölkələrində opponent kimi çıxış edib. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra isə o, yeni yaradılan Ali Attestasiya Komitəsinin tibb bölməsində çalışıb, attestasiya işinin təkmilləşməsində böyük əmək sərf edib. Görkəmli alim əvvəl ekspert kimi, daha sonra tibb elmləri üzrə ekspert şurasının elmi katibi, Müdafiə Şurasının sədr müavini və sədri kimi fəaliyyət göstərib.

Tibb Universiteti tarixində ilk dəfə Q.Qarayevin təşəbbüsü və ali məktəb rəhbərliyinin dəstəyi ilə “Sağlamlıq” elmi jurnalı təsis edilib. Onun baş redaktoru olduğu bu jurnal 1995-ci ildən bu günə kimi hər ay nəşr olunur, dünya ölkələrinin bir çox kitabxanalarına göndərilir.

Görkəmli alimin fəaliyyəti dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qalib Qarayevə əməkdar elm xadimi fəxri adı verilib. 2013-cü ildə isə o, Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilib. Daha sonra, 2014-cü ildə Rusiya Tibbi Texniki Elmlər Akademiyası Q.Qarayevi quruma üzv qəbul edib. Görkəmli alim qeyd edir ki, bu onun üçün olduqca əlamətdar hadisə olub: “Mən Rusiya alimləri ilə birgə 40 il bundan əvvəl süni ürək və yardımçı qan dövranı aparatı üzərində elmi tədqiqat işləri aparmışam. Aradan bu qədər vaxt keçməsinə baxmayaraq akademiya süni ürəyin yaradılmasında xidmətlərimə görə, məni axtarıb tapıb. Bu mənim üçün olduqca qürurvericidir”.

Görkəmli alim həm də gözəl ailə başçısı, öz dövlətinə sədaqətlə bağlı olan nümunəvi vətəndaşdır. O, Azərbaycanda keçirilən prezident və parlament seçkilərində Yeni Azərbaycan Partiyasının təşkil etdiyi təbliğat-təşviqat kampaniyalarının fəal iştirakçısı olub.

Q.Qarayev təcrübəli pedaqoq olan həyat yoldaşı ilə birgə övladlarının yüksək səviyyədə təhsil alması üçün əlindən gələni edib. Görünür, qızları Sevinc, Könül və Günel də atadan övlada irsən ötürülən bu mirasa, prinsipə sadiq qalaraq tibb elminə doğru istiqamətləniblər. Onun böyük və ortancıl qızları ginekologiya üzrə çalışırlar. Professorun kiçik qızı Günel Qarayeva isə hərbi hospitalda göz həkimi kimi fəaliyyət göstərir. Q.Qarayevin hər üç qızı tibb üzrə fəlsəfə doktorudur. Görkəmli alim insan üçün əvəzsiz olan nəvə sevincini də dəfələrlə yaşayıb. Vətənə müqəddəs borcunu da bir an olsun belə yadından çıxarmayan Q.Qarayev peşəkar həkim kimi müstəqil ölkəmizin Ermənistanla müharibə etdiyi ağır günlərdə doğulduğu Füzuli rayonuna yollanaraq cəbhə bölgəsində döyüşən həmvətənlərimizə tibbi yardım göstərib, müharibənin ən qızğın vaxtlarında öz peşəsini şərəf və ləyaqətlə yerinə yetirib.

Yanvarın 17-də görkəmli alimin 70 yaşı tamam olur. Qalib Qarayevi bu əlamətdar hadisə münasibətilə təbrik edir, həyat və fəaliyyətində ona yeni uğurlar arzulayırıq.

Ceyhun ABASOV

 





14.01.2017    çap et  çap et