525.Az

Prezident Ermənistana ciddi xəbərdarlıq etdi


 

“AZƏRBAYCAN İSTƏNİLƏN VAXT MƏSƏLƏNİ HƏRBİ YOLLA HƏLL EDƏ BİLƏR”

Prezident Ermənistana ciddi xəbərdarlıq etdi<b style="color:red"></b>

Məlum olduğu kimi, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı müşavirədə ötən il ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən işlər, qlobal böhranın ölkədə təsirlərinin minumuma endirilməsi istiqamətində reallaşdırılan islahatlarla bağlı fikirlərini bildirib, 2017-ci ilin Azərbaycan üçün uğurlu inkişaf dövrü olacağına əminliyini ifadə edib.

Prezident qeyd edib ki, Azərbaycan dünya miqyasında sabitliyi ilə seçilir: “2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunub. Yaşadığımız bölgədə və Yaxın Şərqdə qanlı toqquşmalar, müharibələr, terror aktları bölgədəki sabitliyə çox böyük zərbə vurub. Keçən il Azərbaycanda təhlükəsizlik qorunub, xalqın iradəsinə əsaslanan sabitlik, vətəndaş birliyi və həmrəyliyi daha da artıb. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayıb və yaşayır. Sabitliyin mənbəyi xalqımızın iradəsi və seçimidir. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, Azərbaycanın seçdiyi yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur”.

2016-cı ilin dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacağını deyən İlham Əliyev vurğulayıb ki, ötən il Azərbaycan öz müstəqilliyinin bərpasının 25 illiyini yaxşı nəticələrlə, uğurlarla qarşılayıb: “İl ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir. 2016-cı ildə Azərbaycanın valyuta ehtiyatları qorunub və hazırda 33 milyard dollar təşkil edir. Görülmüş işlər dünyanın mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir.  Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb. Azərbaycan MDB məkanında yenə də birinciliyi saxlayıb. 2016-cı ildə sosial sahədə bütün vəzifələr tam icra olunub, sosial məsələlər öz həllini tapıb. Maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaq. Orta təbəqənin maraqlarının qorunması üçün ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır”.

Ölkə başçısı hesab edir ki, kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir: “Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılıq bərpa edilib. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilib, təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və  bu il təxminən 200 min ton pambıq tədarükü gözlənilir. Bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək.  Baramaçılıqla bağlı çox ciddi addımlar atılması nəticəsində 70 ton məhsul əldə edilib. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində əlavə 40 min hektarda fındıq bağları salınsın.  Hazırda 13 rayonda bu sahədə işlər gedir. Artıq  quru tütünü ixrac etmək üçün müvafiq danışıqlar aparılmış və razılaşmalar əldə edilib. Keçən il 3500 ton quru tütün tədarük olunub. 2019-cu ildə 1300 ton barama istehsalı gözlənilir. Şəki ipək kombinatının tam gücü ilə işləməsi təmin ediləcək. Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılır. Dost, tərəfdaş ölkələrlə  birbaşa danışıqlar aparılır ki, onlar öz bazarlarında Azərbaycan şərabı üçün kvota ayırsınlar. İndi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar tətbiq edilib və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək. Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çayı ixrac etməliyik”.

İlham Əliyev Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəyini deyib. Prezident bildirib ki, bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan Ordusu ən müasir silah-sursat, texnika ilə təmin edilir: “Bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından dünya miqyasında güclü ordular sırasındadır”.

Azərbaycanın heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyini deyən dövlət rəhbəri qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurub: “Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini azad edib və hazırda on minlərlə hektar torpağa nəzarət edir. Aprel döyüşləri bizim şanlı tariximiz, böyük qələbəmizdir. İllər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində Azərbaycanın qarşısında duruş gətirə bilməzlər. Aprel döyüşləri bir daha onu göstərir ki, Azərbaycan istənilən vaxt məsələni hərbi yolla həll edə bilər. Haqq-ədalət, beynəlxalq hüquq normaları, tarixi həqiqət Azərbaycanın tərəfindədir. Azərbaycanın hərbi gücü, iqtisadi potensialı, siyasi nüfuzu Ermənistandan qat-qat üstündür”. 

Dövlət başçısı onu da vurğulayıb ki, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz: “Bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək kredit qarşılığında Azərbaycana təzyiq göstərməyə və öz tələblərini təmin etməyə çalışıblar. Heç bir kənar qüvvə Azərbaycanı istəmədiyi layihəyə cəlb edə bilməz. Azərbaycan iqtidarı üçün əsas dövlətin, xalqın maraqlarıdır”.

Bu il də Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməli, inflyasiyanın birrəqəmli olmalısını vacib hesab edən ölkə rəhbəri bildirib ki, Azərbaycanın valyuta ehtiyatları qorunacaq və onun artımına da nail olunacaq: “Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində mühüm addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı, habelə inzibati və cəza tədbirləri görülüb. Bank sektorunun beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. 2017-ci ildə sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Sumqayıtdakı Texnologiyalar Parkı və Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Ora qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il təməli qoyulmuş Mingəçevir Sənaye Parkında  gələn aydan etibarən bütün inşaat işləri də başlanmalıdır. Birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İranlı tərəfdaşlarla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyulub. Balaxanı Sənaye Parkında işlər yaxşı səviyyədə davam etdirilir.  Masallı şəhərində sənaye zonası üçün yer ayrılmış və indi infrastruktur işləri gedir”.

Prezident qeyd edib, Azərbaycan 2017-ci ildə uğurla inkişaf edəcək: “Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı ciddi addımlar atılacaq.

2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək.

Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz inkişaf dinamikasını sürətləndirəcək”.

Prezidentin müşavirədəki çıxışına münasibət bildirən Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, bu il Azərbaycanda maliyyə sabitliyi olacaq. O “report”a bildirib ki, dolların uçot dərəcəsinin artırılması, neftin qiymətinin düşməsi dünyanın bir çox ölkələrinin valyutalarına, o cümlədən, manatın sabitliyinə müəyyən qədər təsir edib: “Azərbaycan iqtidarı manatın sabitliyi, ölkənin iqtisadi inkişafı üçün bir çox ciddi addımlar atır”.

Deputat qeyd edib ki, bu il regionların inkişafı ilə bağlı yeni mərhələ başlayıb: “Sahibkarlara edilən böyük güzəşt, dövlət tərəfindən regionlarda infrastrukturun yaxşılaşdırılmasına verilən böyük dəstək, sosial evlərin tikintisi ilə bağlı başlayan proses regionlarda iqtisadi həyatı canlandırmalıdır. Bu isə sosial vəziyyətin yaxşılaşmasına, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Hesab edirəm ki, digər dəyişikliklər də olacaq. Bunu da zaman və şərait göstərəcək. Bilirsiz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb, dövlət idarələrinin bir qisminə publik hüquqi şəxs statusu verilib, sahibkarların borclarına amnistiya tətbiq edilib. Bunların hamısı iqtisadi artıma, maliyyə sabitliyinə gətirib çıxarmalıdır”.

A.Mirzəzadə 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişin olacağını vurğulayıb: “Dağlıq Qarabağ probleminin həllində müəyyən dəyişikliklərin olması gözləniləndir. Çünki problemin həllinin zamanı artıq yetişib. Azərbaycan dövlət olaraq qüdrətlənib, ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında qalmasına heç cür dözə bilməz. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ölkəmiz bu məsələ ilə mümkün olan güzəştləri Ermənistan tərəfinə təklif edib. Problem həll edilməlidir, amma həllin hansı formada və necə olmasını indidən demək çətindir. Ümumi analiz problemin həllinin yaxınlaşdığını göstərir”.

Milli Məclisin deputatı Musa Quliyev isə qeyd edib ki, prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında, xüsusilə də ölkə başçısının nitqində söylədiyi fikirlər Azərbaycanın 2017-ci və gələcək illərdə sosial iqtisadi inkişafının yol xəritəsidir. O, SİA-ya bildirib ki, bütün çətinliklərlə yanaşı, ötən il Azərbaycan iqtisadiyyatına 11.7 milyard dollar investisiya qoyulub ki, onun 8 milyonu xarici, qalanı isə daxili investisiyadır: “Ölkə başçısının söylədiyi kimi Azərbaycanın daxili siyasətində sosial siyasət  hər zaman prioritet olub, bu il də belə olacaq”.

M.Quliyev deyib ki, 2017-ci ilin dövlət  büdcəsində də müəyyən azalmalar olmasına baxmayaraq, sosial xərclər nəinki azalmayıb, hətta artıb və büdcənin demək olar ki, 40 faizi məhz bu xərclər üçün nəzərdə tutulub: “Bu il əhalinin sosial müdafiəsinin təmin olunması, rifah halının yaxşılaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bunlar təkcə əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması ilə bağlı deyil. Təbii ki, bunlar da olacaq. Çünki ölkədə yaşayış minimumunu 135 manatdan 156, ünvanlı sosial  yardımın təyin edilməsi üçün lazım olan ehtiyac meyarı isə artırılaraq 116 manat müəyyənləşdirilib. Amma bu il sosial müdafiəni təmin edən digər parametrlər də yaxşılaşacaq. Misal üçün uşaq bağçaları, məktəblər, xəstəxanalar tikilib, təmir olunacaq, istirahət parkları salınacaq, infrastruktur yaxşılaşacaq ki, bütün bunlar əhalinin sosial rifah halına da təsir edəcək”.

Ötən il sosial evlərin tikilməsi ilə bağlı ən böyük sosial layihəyə start verildiyini deyən millət vəkili söyləyib ki, bu ilin ikinci yarısında 2000 vətəndaş həmin evlərlə təmin olunacaqlar: “Bu layihə təbii ki, davam edəcək. Təkcə 2017-ci ildə 29 belə binanın tikilməsi nəzərdə tutulur. Respublikanın bütün regionlarında bu iş həyata keçiriləcək. Yeni iş yerlərinin açılması nəzərdə tutulub. Ötən il ağır il olmasına baxmayaraq, 100 min yeni iş yeri açılıb. Əhalinin sosial müdafiəsini təmin etmək üçün ərzaq təhlükəsizliyi, qiymətlərin tənzimlənməsi, eləcə də inflyasiyanın bir rəqəmli həddə salınması ilə bağlı məsələlər sosial müdafiəyə hesablanan addımlardır ki, bu il də bu işlər davam etdiriləcək”. 

Ceyhun ABASOV

 





14.01.2017    çap et  çap et