525.Az

“Beynəlxalq təşkilatlar Ermənistanın cinayətkar rejimi qarşısında acizdir”


 

“Beynəlxalq təşkilatlar Ermənistanın cinayətkar rejimi qarşısında acizdir”<b style="color:red"></b>

“Ermənistanın mövqeyinə yeni heç nə yoxdur. Uşaqların, qadınların qatilləri meyitlərlə də eyni cür davranırlar”.

Bunu  millət vəkili Asim Mollazadə Ermənistan tərəfinin Azərbaycan hərbçisinin meyitini qaytarmaqdan imtina etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Millət vəkili əlavə edib ki, fakt beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun diqqətinə çatdırılıb: “Bir neçə beynəlxalq təşkilatın nümayəndələri öz mövqelərini ifadə ediblər. Amma təəssüf ki, beynəlxalq təşkilatlar bu cinayətkarlar qarşısında acizdirlər. Xocalı qatilləri öz siyasətlərini davam etdirir və burda yeni heç nə yoxdu”.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Millət vəkili Rövşən Rzayev isə deyib ki, Ermənistanın Azərbaycan hərbi qulluqçusunun nəşini qaytarmaması insanlığa sığmır: “Onların işğalçı siyasətləri davam etdikcə, belə saxtakarlıq, təxribat törədəcəklər. Ermənilər Azərbaycan ordusunun gücünü yaxşı bildikləri üçün qorxuya düşüblər və belə saxtakarlıqlarla dünyaya yalan məlumatlar çatdırmaq istəyirlər”. O qeyd edib ki, ötən ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan ordusunun düşmənə ağır zərbələr vuraraq təmas xəttini keçib, qısa zamanda ərazilərimizin bir hissəsini azad etməsi erməniləri elə qorxuya salıb ki, hansı yollardan istifadə edəcəklərini bilmirlər: “Ermənistanın siyasi rəhbərliyi elə düşünür ki, belə siyasətlə nə isə əldə edə biləcək. Bu, ermənilərin birinci təxribatı deyil. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü təkliflərin həyata keçməsinə çalışmalıdırlar. Çünki bu təkliflərdən başqa düzgün yol yoxdur. Azərbaycan göstərdi ki, hər an ərazilərimizi hərbi yolla düşməndən azad edə bilər. Ermənilər işğalçı siyasətlərini çox davam etdirə bilməyəcəklər”.

Millət vəkili Azər Badamov isə vurğulayıb ki, dekabrın 29-da cəbhə xəttidə erməni diversiyi qrupunun hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan əsgərinin meyitinin bu günə qədər qaytarılmaması Cenevrə konvensiyasına və beynəlxalq hüquq normalarına tamamilə ziddir: “Cenevrə Konvensiyasında qeyd olunur ki, münaqişə zonalarında həlak olmuş insanların meyitlərini qarşı tərəfə 3 gün ərzində qaytarılmalıdır. Çox təəssüf ki, bunun Ermənistana aidiyyəti yoxdur. Ümumiyyətlə, Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrinə, beynəlxalq təşkilatların təkliflərinə məhəl qoymur. Əgər belə olmasaydı, Azərbaycan əsgərinin nəşinin qaytarılması ilə əlaqədar Qırmızı Xaç Komitəsi və ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə əsgərimizin meyiti qaytarılardı. Dünyada ayrı-seçkilik və fərqli yanaşmalar var. Belə fərqli yanaşma olmasaydı, beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qərarlarına və beynəlxalq səviyyədə ölkələrin qoşulduğu konvensiyalara hörmətlə yanaşaraq ermənilərdən onun icrasını tələb edərdilər”.

 Millət vəkili əlavə edib ki, Ermənistan insanlığa yaraşmayan belə vasitələrdən istifadə edərək özünü yazıq kimi göstərmək istəyir: “Terrorçulardan ibarət olan Sarkisyan rejimi ölü meyitlərlə müharibə aparmağa öyrəşibdir. Biz bunu Xocalı soyqırımında və Azərbaycanın işğal altına düşmüş ərazilərində meyitlərin necə təhqir olunmasında görmüşük. Ermənilər Azərbaycan əsgərinin meyitindən də qorxurlar. Həm də əsgərimizin meyitini saxlamaqla beynəlxalq ictimaiyyətə demək istəyirlər ki, bizdə günah yoxdur, təxribatları Azərbaycan tərəfi törədir. Erməni bilmir ki, Azərbaycan tərəfi təxribat törətsə, İrəvana gedib çıxacağıq. Düşünürəm ki, vəziyyət belə davam edərsə, o günə də çox qalmayıbdır. Amma biz ermənidən fərqli olaraq erməni cəsədlərini qaytaracağıq”.

A.Badamov vurğulayıb ki, ATƏT-in Minsk qrupu münaqişələri həll etmək iqtidarında deyil: “Minsk qrupu bir təşkilat olaraq heç bir təsir gücünə malik deyil. Amma Minsk qrupunun həmsədr ölkələri ayrı-ayrılıqda məsələyə öz təsirini göstərə bilərlər. Çox təəssüf ki, həmin ölkələr də münaqişəyə ikili standartla yanaşırlar, ona görə də illərdir nə Dağlıq Qarabağ münaqişəsi həll olunur, nə də ki, indi əsgərimizin cənazəsini qaytarırlar. ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə bölgəsinə gəlməyə üzü yoxdur. Onlar yaxşı bilirlər ki, Azərbaycana gələn kimi əsgərimizin nəşinin qaytarılması ilə ələqadar sorğu-suala tutacaqlar. Ona görə də səfərdən yayınıblar. Həmsədrlərə təxribatlar, əsgər ölümləri maraqlı deyil. Onlara maraqlısı gəlib buraları gəzib, havanı dəyişməkdir. Bu dəfə isə çətin vəziyyətlə qarşılaşıblar”.

PƏRVANƏ

 





14.01.2017    çap et  çap et