525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

(Əvvəli ötən şənbə sayımızda) 

Azərbaycan Məclisi-Məbusanında 11-ci iclas

(keçən nömrələrin axırı)

Sədr - Daha söz istəyən yoxmu? Məhəmməd Əmin Rəsulzadə.

Rəsulzadə - Möhtərəm Soltan Məcid əfəndi söylədilər ki, aşkardır onuncu nömrə siyahı Mərkəzi Milli Komitə tərəfindən tərtib edildigindən hamı müsəlmanlar ona səs verəcəkdilər. Amma məsələ o qədər də aşkar degildir. Əgər məsələ Soltan Məcid əfəndinin buyurduğu kibi aşkar olsaydı, meydanə 11, 14 və qeyri nömrəli müsəlman siyahıları çıxmazdı. Cəmaət 5-7 müsəlman siyahısı üzərində düşündü və səsini, rəyini müdafiə etmək istədigi yerə verdi. Bu məsələnin bir cəhəti. Bir də təklif olunur ki, Müsavat öz hissəsinə düşən namizədini versin, yerdə qalan namizədləri 42 nəfər versin. Biz buna etiraz etməzdik. Çünki “Müsavat” haman 42 arasında əksəriyyət təşkil etdigindən mexaniki hərəkət etsəydi, istədigi qədər adam keçirə bilərdi. Fəqət biz mexaniki səsə qoymaqla əksəriyyətimizdən istifadə etmək istəmədik. Lakin milli komitələr içində bir vəziyyət var ki, onu nəzərə almalıdır. Çünki siyahı məsələsində bunu böylə düşünmək olmaz. Hərçənd Milli Komitənin səlahiyyəti 42 nəfərə verilmişdi. Fəqət böylə düşünmək şəklən düz olsa da, mənən düz olmaz. Əgər bu səlahiyyəti parlaman qəbul etsə, yenə Müsavat bir şey qeyb etməz. Lakin bir tənasüb əsası var ki, biz onu pozmuş olarız.
 
Seymdə də olduğu kibi çıxmış üzvlər yerinə mənsub olduğu firqə namizəd göstərməlidir. Biz bu əsası pozmaq istəmədik və 10 nömrəli siyahı daxilində qalmış üzvlər, çıxanların yerinə yeni namizəd qoymaq istədilər. Buna şəklən irad olsa da, mənən ola bilməz. Çünki müəyyən bir qism əhali 10 nömrəli siyahıda olan müəyyən adamlara səs vermiş, demək o adamlara etibar etmişdir. Seçiləcək namizədlər də cəmaətin qismi-müəzzəminin rəğbətini qazanmış olan adamların fikrinə uyğun və onları təmsil edəcək adamlar olmaq üçün həmin siyahının üzvləri tərəfindən intixab olunmalıdırlar. Şimdi o adamların yarısı yoxsa, onu təmsil edəcək və yerlərinə nümayəndə verəcək bir mərkəz varsa, o da haman onuncu nömrəyə səs verən əhalinin etibarını qazanmış 10 nömrəli siyahıda olan başqa nümayəndələrdir. Siz bu həqqi onların əlindən almaqla əhalinin hüququna təcavüz etmiş olursunuz. Biz də buna mötərizik.

Sədr - Söz Qənizadənindir.

Qənizadə - Bən genə diyoram o 8 nəfər parlaman əzalığına keçəcək və biz də onlara etibar edəcəgiz. Ancaq biz burada əsasdan danışırdıq. Düzdür 10-cu nömrə Müsavatdan və Milli Komitədən ibarətdir. Bu da doğrudur ki, Müsavat var. Amma Milli Komitə dönüb parlaman olmuşdur. Deməli o Milli Komitə var, mövcuddur. O vəqt 44 nəfər idi.
 
(Səslər - 42 idi). Şimdi həştad olmuşdur. İmdi o həştad nəfərin ixtiyaratını Müsavata vermək olmaz.

Sədr - Təklif var ki, müzakirat qət olunsun. Əhməd bəy təklifinizmi var?

Əhməd Cövdət - Təklif edərdik o 8 adamın siyahısı verilsin 44 nəfərin o səvabdidinə.

Sədr - 10-cu nömrə siyahının barəsində böylə bir təklif var: parlamandan xaric olan üzvlərin yerinə bu adamlar namizəd göstəriliyorlar: Mustafa Vəkilov, Ağa Əminov, Yusifəli Əliyev, Məhəmmədbağır Şeyxzamanov, Məhəmməd Əli Rəsulzadə, Behbud Ağa Cavanşir, Bəhram bəy Axundov və Əbdüləli bəy Əmircanov. Bən bu siyahıyı səsə qoyuram. Hər kim bu siyahıya razı isə əlini qaldırsın (19), kim əleyhinə isə əlini qaldırsın (15), kim səs verməmişsə əlini qaldırsın (2) deməli məsələ qəbul olunur.

Cəmo bəy - Kvorum yoxdur.

Səslər - Var, var!

Sədr - Bən təsdiq ediyorum ki, var və keçirəm növbədəki məsələyə, oxuyun.

Katib - Göyçay nümayəndəsi Hacı Hüseyn Əfəndizadənin 5 günlük, Qarabağ vəkili Qara bəy Əliverdibəyovun bir aylıq, Zaqatala nümayəndəsi Bayram Niyazi Kiçikxanovun 20 günlük və Cavad bəy Məlikyeqanovun 10 günlük məzuniyyət həqqindəki ərizələrini oxuyur. Cavad bəy ərizəsini geri götürüyor. Yerdə qalanların məzuniyyəti qəbul olunur.

Sədr - Keçiyoram növbədəki məsələyə. Söz Əbuzər bəy Rzayevindir.

Əbuzər bəy Rzayev - Dağıstan hökuməti bizdən 10 milyon manat faizsiz borc istiyor. Hökumət bu borcun verilməsinə razıdır. Əgər parlaman təsdiq edərsə verəriz. Pul təcili surətdə istənildigindən parlaman baxıb təsdiq edənədək hökumət senoren convent rizasilə 3 milyon manat buraxmışdır. Parlaman təsdiq etdikdən sonra qalanını da verəcəkdir. Dağıstan hökuməti bu borcu iki ilə qaytarmalıdır. Bundan əlavə Dağıstan hökuməti bizim hökumətimiz tərəfindən Şimali Qafqasiyada alınmış olan 90 vaqon buğda və sair ərzaq şeylərini xərcsiz buraxmağı vəd etmişdir. Əgər parlaman qəbul edərsə maliyyə nazirinə tapşırılsın ki, bu xüsusda Dağıstan hökumətilə müqavilənamə bağlasın. Büdcə-maliyyə komissiyası tərəfindən borcun verilməsinə məmaniət yoxdur və təklif olunur ki, parlaman təsdiq etsin.

Sədr - Bu barədə kim danışmaq istiyor?

Səslər - Heç kəs, səsə qoyunuz.

Sədr - Danışan yoxdur. Səsə qoyuram. Hər kəs Cəbəliyun hökuməti-cümhuriyyəsinə 10 milyon manat borc verilməsinə razı isə rica edirəm əlini qaldırsın. Deməli əksəriyyətlə qəbul olunur. Növbədəki məsələ spirtlərə aksiz qoymaq həqqindəki qanun layihəsidir.

Səslər - Qalsın sonraya.

Sədr - Təklif var ki, bu məsələ sonraya qalsın. Məsələ gələn iclasa qalıyor. Komisyonlara təklif olunan namizədlər bunlardır: Ləvayihi-qanuniyyə komissiyasına - Malxazyan (erməni), Məhəmmədbəyov (İttihad), Qovmin (  ) və Qəbulzadə (Müsavat) ərzaq və məmləkət məhsulatı işlərinə hüsni-idarə üçün parlaman komissiyasına:

Məhəmməd Əmin - (yerindən) Komissiyalar həqqində bənim bir əsas mülahizəm var.

Sədr - Buyurun.

M.Ə.Rəsulzadə - İndiyə qədər parlamanda komisyonlar təşkil edildikdə fraksiya hesabilə, yəni hər fraksiyadan birər üzvdən ibarət oluyordu. Halbuki komissiya parlamanın rəyini təmsil etməlidir. Bu mülahizə ilə paritet əsasilə qurmaq düz degildir. Zira parlamanda fraksiya qüvvələri müxtəlifdir: öylə fraksiya var 4 nəfərdən ibarətdir, öyləsi var 20-dən də ziyadədir. Ona görə bu əsas ədalətsiz oluyor. Doğrudur komisyon özbaşına heç bir məsələyi həll etmiyib parlamana veriyor, fəqət bununla bərabər komisyonun rəyinin böyük təsiri oluyor. Bu mülahizə ilə bu fraksiya başı (paritet) hesabının əleyhindəyiz. Doğrudur, parlamanın bu xüsusda müəyyən bir qanunu yoxdur və nizamnamə bu günlərdə müzakirə ediləcəkdir, nizamnamə bu məsələyi aydınlaşdırar. Lakin o vəqtədək biz təklif edərdik komissiyaların doğru əsas üzərinə qurulması üçün indilik hər komissiyaya firqələr öz üzvlərinin miqdarı nisbətində nümayəndə versinlər. Ona görə biz təklif ediyoruz nizamnamə qəbulunadək hələlik hər 10 məbusdan bir nümayəndə hesabilə təşkil olunsun. Yarıdan ziyadənin də bir nümayəndəyə etibarı olsun. Bu surətlə 10-24 əzadan ibarət fraksiya iki nümayəndə, 25-dən otuzadək 3 nümayəndə versin. Bu əsas üzərinə 23 əzadan ibarət olan Müsavat fraksiyasına komissiyada 2 nümayəndə yeri verilsin.

Ağamalı oğlu - (yerindən) Evinizi Allah yıxsın görəsən bizə də bir şey düşdümü?

Sədr - Təklif barəsində danışan varmı?

Səslər - Kvorum yoxdur!

Sədr - Rica edirəm sakit olasınız, diyorsunuz kvorum yoxdur. Bir neçə qanun var ki, onlara baxacaq komisyon yoxdur. Yoldaşlarınızı buraxmayınız çıxıb getsinlər, papiros çəkmək bəhanəsilə dışarı çıxıb gediyorlar. İşlər də qalıyor. Heybətqulu əfəndi danışmaq istiyorsanız buyurun:

Məhəmmədbəyov - Cənab sədr buyurdu ki, bir neçə komissiya təşkili lazımdır. Bir para layihə var ki, onlara baxmaq lazım gəlir. Sədrin buyurduğuna görə komissiyalar təcili olduğundan bən təklif edərdim bu komissiyalar bu saat köhnə əsas ilə intixab edilsinlər. Nizamnamə parlamana gəldikdən sonra tazə əsas ilə intixab edərik.

Sədr - İclasda 35 adam var. Kvorum olmadığından iclası qapamağa məcburam. Rica edirəm gələn iclasın vəqtini təyin edəsiniz.

Səslər - Divani-Rəyasət təyin etsin.

Sədr - İclası qapanmış elan ediyoram.

İclas saat 20:05 dəqiqə qalmış qapanıyor. 

Hökumətin istefası 

Məclisi-Məbusanın 25 fevral iclasında Rəisi-Vükəla Fətəli xan Xoyski həzrətlərinin istefa məktubu oxunaraq qərar verilmişdir. Bu kabinənin istefası qəbul edilərək yeni kabinə təşkili üçün namizəd tapmaq Məclisi-Müəssisan sədrinə həvalə edilsin. Və yeni kabinə təşkilinədək məmləkətin idarəsi sabiq kabinəyə tapşırılsın.

“Azərbaycan”, 26 fevral 1919, №123 

Səvabdidə - doğru hesab edilmə
Mötəriz - etiraz edən
Cəbəliyun - dağlılar
Senoren-konvent - parlamentdə ağsaqqallar şurası 

Azərbaycan Məclisi-Məbusanında 12-ci iclas

25 fevral 

Bu gün mühüm məsələlər müzakirəsi gözləndiyi hiss olunur. Parlaman və Divani-Rəyasət əzası tam heyətlə, cəmaət hamısından çox ziyadə, böyük intizar, sükut və diqqət hökmfərmadır.

Sədr - Həsən bəy Ağayev

Katib - Əhməd Cövdət Pepinov

İclas açılır: saat 2-yə 5 dəqiqə işləmiş.

Sədr - Parlamanın iclası açılıyor. Bugünki iclasın ruznameyi-müzakiratı Divani-Rəyasət tərəfindən bu qərar ilə tərtib verilmişdir.

1- Varid olmuş məktublar. O cümlədən istefa həqqində Rəisi-Vükəlanın göndərmiş olduğu məktub, Müsavat fraksiyasının komisyonlar intixabı həqqində təklifi, bəzi üzvlərə məzuniyyət, o cümlədən Asif  bəy Şıxəlibəyova, Abdulla bəy Əfəndiyevə və Bəhram bəy Vəzirova.

2- Keçən səfərdən natamam qalmış iki komisyona əza intixabı.

3- Bir neçə qanun layihələri:

a- Hərbiyə nəzarətinin qanun layihəsi

b- Bakı bələdiyyə idarəsinə 4 milyon istiqraz həqqindəki qanun layihəsi

t- Dəmiryol təarifəsinin təzyidi həqqində qanun layihəsi

s- Alkol vergisi (aqsiz) layihəsi

c- Tənbəki və spirt vergisi (patent) layihəsi

4- Məclisi-Məbusan Nizamnaməsi.

Hərgah bu cür tərtib olunmuş müzakirati-yövmiyyəyə etiraz yoxsa qəbul olunur.

Məhəmmədbəyov - (yerindən) Müsaidə veriniz.

Sədr - Buyrunuz.

Məhəmmədbəyov - (İttihad) Bən təklif edirəm ki, Məclisi-Məbusan Nizamnaməsi məsələsi ikinci növbəyə qoyulsun. Qaldı ki, “Müsavat” fraksiyonunun təklifi üçüncü məsələ olsun. Əvvəlcə nizamnaməyə baxılsın, sonra komisyonlar intixabı təklifinə.

Sədr - Söz Cavad bəy Məlikyeqanovundur.

Məlikyeqanov - “Müsavat” fraksiyonu tərəfindən təklif olunur ruznameyi-müzakirat tərtib olunduğu qərar ilə qalsın.

Sədr - “İttihad” fraksiyonu növbeyi-müzakiratı dəgişmək təklif ediyor. Hər kəs ruznameyi-müzakiratı elan edildigi tərtib ilə qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxıyor). Demək əksəriyyət ilə qəbul olunur.

Katib - (Fətəli Xanın məktubunu oxuyur).

Sədr - Bu məktub bərayi-məlumat oxundu. Bu barədə müzakirə ola bilməz. Malik olduğum həqqə istinadən bu barədə parlaman rəisi tərəfindən tədbirlər olacaqdır. (Dərin sükut). Müəyyən təklif ola bilər.

Rəsulzadə - Müsaidə buyurunuz.

Sədr - Söz Rəsulzadə Məhəmməd Əminindir.

Rəsulzadə - Böylə mühüm bir zamanda Rəisi-Vükəla əsəblərinin yorğun və xəstə olub dövlət işlərindən ötrü lazımi qərar işləməgə təhəmmül etmədigindən dolayı istefa veriyor. Bu barədə yalnız təəssüf etməlidir ki, böylə mühüm zamanda məmləkətin siyasəti-ümumiyyəsi pərişan bir halda ikən Rəisi-Vükəla səhhətinin pozulmasından dolayı istefa veriyor ki, bizcə Məclisi-Məbusan bu mativi qəbul etməyə bilməz. Adətən Məclisi-Məbusan bildigi kibi bir namizəd dəvət edib kabinə təşkilini ona tapşırılmasını kəndi rəisinə mühəvvəl etməlidir.

Sədr - Hərgah başqa bir təklif yoxsa, “Müsavat” tərəfindən edilən təklif qəbul olunur. Keçək növbədəki məsələyə.

Rəsulzadə - (yerindən) Müsaidə veriniz. Əlbəttə yeni hökumət təşkilinə qədər indiki hökumət iş başında qalmalıdır.

Sədr - Üzr istiyoram. Ruznameyi-müzakiratı elan edərkən bir şeyi unutdum. Parlamanda iştirak edən erməni fraksiyası tərəfindən bəyannamə (deklarasiya) oxunacaqdır. Ona görə növbədən xaric olaraq erməni fraksiyonu üzvü Malxazyana söz veriliyor.

(Ardı var)

 





16.01.2017    çap et  çap et