525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Renessans epoxası 

İntibah epoxası dünya incəsənətinin tarixində onun ən parlaq səhifələrindən biridir. Bu, XIV-XVI əsrlərdə İtaliyanı, XV-XVI əsrlərdə Alp dağlarından şimalda yerləşən ölkələri əhatə edirdi.

Renessans öz adını bir dövr kimi unudulmuş  antik incəsənətin bərpası hesabına götürmüşdür. Lakin yeni incəsənət, əlbəttə ki, daha böyük əhəmiyyət kəsb edirdi. Renessansın bədii mədəniyyəti iqtisadiyyatın gur inkişafı, orta əsrlər həyat tərzinin dağılması və kapitalist münasibətlərinin meydana gəlməsi dövründə təşəkkül tapdı. Bu dəyişikliklər yeni dünyagörüşün - humanizmin yaranmasına səbəb oldu. Bütün humanistləri insanın yaradıcı gücünə inam ilhamlandırırdı, yeni epoxanın açdığı azadlıq qanadlandırırdı.

Bu vaxt insan idealı meydana gəlir. Onda qədim dövrün idealı ilə ümumi çox şeylər var idi, lakin bu, dünya mədəniyyətinin təcrübəsi ilə “mürəkkəbləşmişdi” və daha çox şeyi bilməyə can atırdı, onu həm də hələ tədqiq olunmamış cəhətlər özünə çəkirdi, onda gözəllik hissi xüsusən inkişaf etmişdi.

Renessans epoxasının xarakterik xüsusiyyəti insan ağlı qarşısında baş əyməklə yanaşı,  dünyanı dərk etmək qabiliyyəti olmaqla, elmin gur inkişafı idi. İdeal axtarışlarında humanistlər bəşəriyyətin tarixinə xüsusi diqqət verirdilər. Rəssamlar dini mövzularda tablolar çəksələr də, onlarda insanların əsrlərlə toplanmış təcrübəsini ifadə etməyə çalışırdılar. Onlar köhnə xristian əfsanələrini yeni məzmunla doldururdular.

Təbiəti öyrənməklə yanaşı, humanistlər incəsənətdə təbiəti və insanı düzgün, başqa sözlə, realistik qaydada təsvir etmək ideyasını irəli sürürdülər. Rəssamlar və heykəltəraşlar insan bədəninin gözəlliyini, onun sifətinin ilhamlılığını, fərdi xüsusiyyətlərini vəsf edirdilər. Arxitektorlar daha çox dünyəvi binalar, varlı adamlar və əyanlar üçün saraylar tikməyə başladılar, kilsə arxitekturası da dəyişildi. Əgər qotik soboru nəhəng ölçülərinə görə seyr etmək çətin idisə, intibahın binalarını bircə baxışla əhatə etmək olardı, bu isə onun hissələrinin professionallığını qiymətləndirməyə imkan verir.

İntibah epoxasının adamlarının həyatı incəsənətlə sıx bağlı idi, bu incəsənət təkcə kilsələri və sarayları doldurmurdu, həm də özünə şəhərlərin meydanlarında, küçələrin kəsişməsində, evlərin fasadlarında və onların interyerlərində yer tapmaq istəyirdi.

Knyazlar, tacirlər, ruhanilər, rahiblər  çox vaxt incəsənətdən başı çıxan sifarişçilərə çevrildilər və rəssamların himayəçiləri oldular. Şəhərlərdə baş məbədlərin tikintisini varlı sexlər öz üzərinə götürürdü. İntibahın adamları üçün incəsənət orta əsrlərdəki din kimi idi, Yeni dövrdə isə bu rolu artıq elm və texnika oynamağa başladı.

İntibahın titanlarından biri Leonardo da Vinçi idi. O, rəssam, arxitektor, alim və mühəndis idi. Özünün rəssamlıq nəzəriyyəsində o, incəsənətlə elm arasında birlik yaradırdı. “Dərk etməyə” görmə xüsusiyyəti ilə bir səviyyədə baxırdı. O, 15 yaşında Florensiya heykəltəraşı və rəssamı Verokkyonun şagirdi olmuşdu. 1481-ci ilə qədər 9 il ərzində Florensiyada işlədi. Hələ ilk işlərində onun bir rəssam kimi novatorluğu meydana çıxdı.  O, əsərin psixoloji məğzini  dərinləşdirib, harmonik kompozisiya yaratdı, havanın təsviri ilə ilk olaraq məkanın dərinliyini verə bildi. Onun rəsmlərində əşyalar tüstü ilə örtülürdü, buradan məşhur “sfumato” üslubu yarandı, italyan dilində fumo - tüstü deməkdir.

Sonra Leonardo Milan sarayına dəvət edildi, burada 17 il ərzində işlədi. Onu rəssam kimi şöhrətləndirən “Madonna qayalarda” və “Sonuncu şam” kimi əsərlərini yaratdı.

O, insanın anatomiyasının öyrənilməsinə çox vaxt sərf edirdi. Florensiyada onun inciləri olan “Mona Liza (Cokonda)” və “Müqəddəs Anna Mariya körpə Xristosla” əsərlərini yaratdı. Milanda o, rəngkarlıqla yanaşı, arxitektura və texnika ilə məşğul olur. Alim və mühəndis kimi Leonardo o dövrün bütün elm sahələrini öz nüfuz edən müşahidələri ilə zənginləşdirdi, o, özünün qeydlərinə və rəsmlərinə insan biliklərinin nəhəng ensiklopediyası üçün eskizlər kimi baxırdı.

Üç sahənin dahisi sayılan məşhur italyan heykəltəraşı, rəssamı, arxitektoru və şairi Mikelancelo Buanorotti idi. O, 89 il yaşamış, 1564-cü ildə Romada vəfat etmişdi. Onun sənətində epoxanın qəhrəman idealı əks olunmuşdu. Mikelancelo rəssam Domeniko Girleandaonun emalatxanasında şagird olmuşdu, heykəltəraşlığı isə Bertoldo di Covannidən öyrənmişdi. Lakin onun yaradıcılığının inkişafı üçün Cottonun, Donatellonun, Mazaççonun əsərləri daha böyük əhəmiyyət kəsb etmişdi. O, “Vakx” heykəlini yaratmışdı, “Xristosa yas tutulması”- “Pyeta” isə onun ən uğurlu kompozisiyalarından biridir. Bu əsər Romadakı Müqəddəs Pyotr kilsəsini bəzəyir. Bu heykəl qrupunda o, obrazların parlaq həyati inandırıcılığını verə bilmişdir.

Florensiyaya qayıdıb, “David” heykəli üzərində işləmişdi. Papa II Yuli onu Romaya dəvət edib, özünün sərdabəsini sifariş etmişdi. Bunun üçün bir sıra heykəllər, “Moisey”, “Üsyan edən qul”, “Ölən qul” heykəllərini yaratmışdı. Onun ən möhtəşəm rəngkarlıq əsəri isə Vatikanda Sikstin kapellası tavanının freska tipli rəsmi idi. Bu əsər insanın fiziki və ruhi gözəlliyinin himni təsirini bağışlayır.

Ömrünün son 30 ilini Romada yaşayan Mikelancelo “Qiyamət günü” freskasını Sikstin kapellasının mehrab divarında yaratdı. Burada obrazların faciəvi gücü adamı heyran edir. 20 ilə yaxın bir müddətdə o, Müqəddəs Pyotr kilsəsinin və Romada Kapitoli ansamblının tikintisinə rəhbərlik etdi. Bir arxitektor kimi onun dühası Müqəddəs Pyotr kilsəsinin çox böyük diametrik qübbəsinin tikintisi idi. Bu qübbə Panteonun qübbəsini də kölgədə qoyurdu, yalnız Konstantinopoldakı Aya Sofya kilsəsinin qübbəsi ilə müqayisə oluna bilərdi. Mikelancelo həm heykəltəraşlıqda, həm rəssamlıqda, həm də arxitektorluqda dahi sayılır və bu ölçüdə onunla heç kəs müqayisə oluna bilməz.

Yüksək intibahın parlaq dühası Rafael Santi 1530-cu ildə 37 yaşında ölmüşdü. O, bir neçə il Petro Peruçinonun tələbəsi olduqdan sonra Florensiyaya yollanmış, orada yerli ustaların sirlərini öyrənməklə, öz üslubunu yaratmışdı. 1508-ci ildə o, papa II Yuli tərəfindən Romaya dəvət edilmişdi ki, Vatikan sarayının qəbul otaqlarında divar rəsmi çəksin. Müxtəlif tarixi personajları bir ümumi kompozisiyada birləşdirən Rafaeli, bu freskalar hesabına müasir tarixi rəngkarlığın müjdəçisi hesab etmək olar. Onun yaradıcılığında növbəti mərhələ Madonnanın əsrarəngiz obrazlarının yaradılması ilə əlaqədardır. Bunlara “Madonna Alba”, “Kresloda oturmuş Madonna” tabloları daxildir, daha məşhur olanı isə ətrafında əsl heyranlıq haləsi yaradan “Sikstin Madonnası” əsəridir. Drezden qalereyasında saxlanılan bu tablo körpə İisus və Məryəm ana barədə müqayisə olunmaz müqəddəslik təsəvvürü yaradır. Anasının qucağında elə bil ki, göylərdən enən və mələklərlə əhatə olunmuş körpə uşağın heç də körpələrə məxsus olmayan ifadəli gözləri gələcək faciələri hiss edirmiş kimi, olduqca geniş açılmışdır. Tez artan şöhrəti və məşhurluğu ona səbəb olmuşdu ki, gənc rəssama Romada müqəddəs Pyotr kilsəsinin tikintisinə rəhbərlik etmək tapşırılmışdı. O, Bramante tərəfindən başlanılan Vatikan həyətinin tikintisini başa çatdırmalı idi.

İtalyan İntibahı rəssamlarının parlaq yaradıcılığı ötüb keçən beş əsr ərzində dünyanın təsviri sənət ustaları üçün məktəb rolunu oynamışdır. Hələ XVI əsrin əvvəllərində alman rəssamları italyan rəngkarlığından, xüsusən Leonardo da Vinçi sənətindən öyrənmişdilər. Böyük rus rəssamları İtaliyada olarkən həmin sənətin sirlərini öyrənərək, öz incilərini yaratmışlar. Karl Bryullov məhz Renessans rəngkarlığın təsiri altında Romada özünün məşhur “Pompeyinin son günləri” adlı nəhəng və qeyri-adi təsir gücünə malik olan tablosunu yaratmışdır.

Renessans rəssamlığı sonralar Sandro Bottiçellinin, Titsianın, Pintorettonun portret janrlarındakı tablolarında insanın və təbiətin həyatı təsdiq edən gözəlliyini tərənnüm etməklə yanaşı, maksimum ifadəlilik vermək naminə rəssamlıq texnikasına yeniliklər gətirmiş, tutqun və işıqlı rənglərin kontrastı ilə təəssüratı xeyli zənginləşdirməyə nail olmuşdular. Renessans rəssamlığı dünyanı harmonik qaydada başa düşməsi ilə fərqlənirdi və harmoniyaya bu xidmətdə onlarla cərəyanlar yaransa da, öz yüksək sənət nümunəsi olmasını itirmir və insanlar az qala yarım min il keçdikdən sonra onların incilərindən həzz almaqda davam edir. Bu əsərlər müasir insana da dünyanı, təbiəti, canlı aləmi, ən başlıcası, gözəlliyi dərk etməkdə və sevməkdə əvəzsiz köməklik göstərir.  

Böyük kəşflər epoxası 

İntibah dövrünü - XV və XVI əsrləri həm də böyük coğrafi kəşflər epoxası adlandırırlar. Məhz həmin dövrdə Xristofor Kolumb Amerikanı kəşf etdi, Vasko da Qama Hindistana gedən dəniz yolunu tapdı. Fernan Magellan isə dünya ətrafına üzməklə ilk belə bir səyahət etdi. Əlbəttə, avropalılar əvvəllər də coğrafi kəşflər etmişdilər. Belə ki, 1000-ci ilə yaxın skandinaviyalı vikinqlər Amerikanın sahillərinə çatmış, Marko Polo isə quru yolla XIII əsrdə Hindistana və Çinə getmişdi.

İntibah epoxasının ilk kəşfləri sahəsindəki tədbirlər əsasən Avropa dövlətlərinin hökmdarları və həmçinin tacirlər tərəfindən təşkil edilir və maliyyələşdirilirdi. Onlardan hər biri Hindistanın və Şərqi Asiyanın varlı torpaqları ilə ticarətdən mənfəət götürməyə ümid edirdilər. İspaniya və Portuqaliya isə həm də bununla yanaşı, Avropada öz siyasi və hərbi təsirini gücləndirmək istəyirdi.

Yeni torpaqların XV əsrdəki axtarışı müəyyən dərəcədə səlib yürüşlərinin ənənələrini davam etdirirdi. Katolik kilsəsi isə missioner fəaliyyəti ilə xristianlığı bütün dünyada yaymağa can atırdı.

Uğurlu dəniz səyahətlərinin ən mühüm şərti, onlar isə yeni kəşflərə gətirib çıxarırdı, dənizçilik işinin inkişafı, naviqasiya və kartoqrafiya sahələrində elmi biliklərin genişlənməsi idi. Dünya haqqında anlayışlarda əsl dönüş Yer kürəsinin şar formasında olması ilə baş verdi. Kolumb Amerikanı kəşf etdiyi 1492-ci ildə Nyurnberqdən olan Martin Bexaym ilk qlobus yaratdı. XVI əsrdə isə kainatın quruluşunun geosentrik nəzəriyyəsi meydana gəldi və sübut edildi ki, Yer Günəş ətrafında fırlanır. Bunu ilk dəfə Nikolay Kopernik sübut etdi, sonralar isə Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirdilər. Bu nəzəriyyə xristian kilsəsinin dünyanın yaranması barədəki təliminə əsaslı qaydada zidd idi, ona görə də kilsə belə ideyaların yayılmasını sərt qaydada təkzib edirdi.

Portuqaliya Cənubi-Şərqi Asiyanın varlı torpaqları ilə bütün ticarətin, ərəblər və Aralıq dənizinin Avropa dövlətləri vasitəsilə aparılması ilə barışmaq istəmirdi. Portuqaliyanı belə iqtisadi asılılıqdan qurtarmaq üçün kralın oğlu prints Henrix Dəniz Səyyahı (1394-1460-cı illər) XV əsrin birinci yarısında San-Visenti burnunda ilk dənizçilik məktəbi yaratdı. Burada gələcək dənizçilər hazırlanırdı. Prints Henrix ərəb tacirlərindən kənar qaydada Asiyaya nüfuz etmək üçün yeni yollar açmaq məqsədilə Qərbi Afrikanın sahilini tədqiq etmək vəzifəsinə girişdi.

(Ardı var)

 





16.01.2017    çap et  çap et