525.Az

Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabından parçalar


 

Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabından parçalar<b style="color:red"></b>

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.
 

EŞQ İNANC, EŞQ GÜVƏN, EŞQ İMAN DEMƏKDİR

Gözləməkdən və həsrətdən yaşlandı məndə hər mövsüm. 

Susmaq istədiyi anlar olur insanın; susdurmaq istədiyi gecələr. Belə zamanlarda insan elə udum-udum sükutu hecalayar. Ah bu gecələr; ah bu susmayan gecələr.

Nə edərsə etsin insan; qaça bilməz içindəki yalnızlıqdan. Hələ payına düşmüşsə həsrət; alın yazısı olmuşsa ələm; taleyinə razı olmaqdan başqa nə etsin qələm?

Darıxıram mən sənin üçün şükür məşəlim; darıxıram. Sənsiz çəkilmir bu aləm.

Ölüm bəzən qurtuluş insana; bəzən cəza. Yaşamaq ağır gəlirsə bir cana; nəfəs alsa belə nə fərq edər bir qəlb ölmüşdür yana-yana?

Eşq bir ağaca bənzər; bəzi budaqlarını hüzün, bəzi budaqlarını xoşbəxtlik bəslər. Həsrət acıdan bəslənər; qısqanclıqla çoxalar və vüsalla azalar.

Göy üzü hüznün göz yaşlarından alır yağmurunu; bir dəyirman kimi üyütdükcə üyüdür aşiqi və həsrətlə mayalayar xəmirini.

Əğyar, yarın yanında olduğu üçün

bixəbərdir acıdan; aşiqsə, hər nəfəsdə çəkməklə mükəlləfdir ayrılığı və hər gün vüsala qatar ələmi. Şikayət etmək yasaqdır ona; azadlıq sadəcə xəyallarında tanınar aşiq olana.

Yoxluq nədir bilirsinizmi? Yoxluq vara aşiq olmaq; varda var olmaqdır. Ey insan oğlu - deyə səslənmək istəyirəm bəzən.

Mən tapdım yoxluqda varı; mən tapdım eşqlə; şükürlə yarı. Eşq inanc, eşq güvən, eşq iman demək.

Eşqlə nəfəs alan, aşiq olan insan xoşbəxtdir demək. Amma çox çətinmiş; tapmaq da çətin; tapdıqdan sonra gözləmək məcburiyyətində qalmaq da çətin.

Bilin ki, eşq həyatın və mütləq olanın özü; eşqlə görər, duyar və hiss edər gerçəkdən aşiq olanın gözü.

Yaşlandı içim, yaşlandı gözlərim. Gözləməkdən və həsrətdən yaşlandı məndə hər mövsüm. Dualarım da yaşlandı gözlərimlə. Xəyalım da yaşlandı həsrətinlə. Eşqin közü; həsrətin özü düşdü ürəyimə.

Sən bilirsən Rəbbim; hər şeyi sən bilirsən; əvvəlimi də; axırımı da? Sən hər şeyə qadirsən. Dualarla qapına gələn qulunu geri çevirməzsən ki sən?

Mən bir tək sənə və sadəcə eşqdə eşqə təsliməm; səndən və eşqimdən çox şükür əminəm. 

Həp peşmanlıq yaşadım nəfsə uydum uyalı,
Tövbələrlə coşdum mən Rabbi duydum duyalı... 

SİZ HEÇ... 

Siz heç, pərvanə kimi atəşə verdinizmi özünüzü, o həzz üçün ölərək?

 

Siz heç, həmişə gülməyini istədiyinizin ağlamağına şahid oldunuzmu?

Siz heç, ağlamağın çarəsizlik olduğunu düşünüb sonra da için-için ağladınızmı doya-doya?

Siz heç, qırmaram dediyinizi qırdınızmı bilmədən və öldünüzmü hər nəfəsdə min kərə?

Siz heç, həsrətdən bir mancanağa gərdinizmi özünüzü və sonsuzadək fədakarcasına gözləməyi gözə aldınızmı?

Yağmur isladır, lakin siz heç eşqin yağmurlarında islandınızmı, sonrasında çölün istisində yanacağınızı bilərək?

Siz heç pərvanə kimi atəşə verdinizmi özünüzü, o həzz üçün ölərək?

Siz heç susdurdunuzmu içinizi əbədilik və hər danışmaq istəyəndə susmaq düşdümü taleyinizə?

Siz heç çoxluca sevdinizmi; siz heç çoxluca sevildinizmi xəyalən belə olsa?

Sizin heç qıya bilmədiyiniz, doya bilmədiyiniz biri oldumu həyatınızda və siz heç vüsalçün təxirə saldınızmı həsrətlərinizi?

Siz heç, ölməyi düşündünüzmü yarın qucağında?

Siz heç, ölümünə darıxdınızmı sevdiyin üçün və həsrətdən dəli-divanə oldunuzmu gecələr boyu; sabahın heç olmayacağını düşündürdümü sizə həsrət?

Bülbül gülə aşiqdir və gülün tikanları olsa da, hər nəfəsin ciyərlərinizə batması kimi eşq qarşısında özünüzü heç biçarə hiss etdinizmi?

Siz heç yağmur dənəsi kimi düşüb çölə; susuzluğu gözə alıb açdınızmı qəlbinizi yarpaq-yarpaq hicrana?

Siz heç, heçliyi yaşadınızmı varlığın özündə?

Siz heç, vara aşiq olub çata bildinizmi sonunda heçliyə?

Siz heç, heçliyi daddınızmı? Heçlikdən keçib varlığa, varlıqdan sonra yara qovuşdunuzmu?

Mən qovuşdum. 

Gecəni basdım bir duz kimi yarama
Anladım ki, acıyan yerim qalmamış.
Vurduqca vurdum qəlbimin gizli köşələrinə
Döndüm baxdım ki heç dərs almamış.
Üstünü örtdüm ələmlərimin
Yorğanım qısa gəldi hüzünlərimə.
Yuxusuz qalan əməllərimin
Hər gecə kabusu oldu düşüncələrim.

 





16.01.2017    çap et  çap et