525.Az

Biz yada salmasaq... - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikasında

Biz yada salmasaq... - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Bir neçə gün bundan əvvəl Rəfibəylilər nəslinin ağsaqqalı, dostum və qohumum, Ədliyyə generalı Akif Rəfiyev mənə:

-Yadındadır da - dedi - yanvarın 12-də Xudadat bəyin doğum günüdür, həm də  anadan olmasının 140 ili tamam olur. Televiziya kanallarından biriylə danış, heç olmasa 2002-ci ildə onun haqqında çəkilmiş 45 dəqiqəlik  “Tanrı adamı”   filmini göstərsinlər o gün.

Doğrusu xəcalət   çəkdim.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri, 1919-cu ildən 1920-ci ilin mayında həbsinə qədər Gəncə quberniyasının valisi vəzifələrini icra edən babam Xudadat bəy Rəfibəylinin yubileyi  heç  kəsin yadına düşməsə də, bu  günü ilk növbədə mən xatırlamalıydım.

Tarixi yaddaşımız niyə belə  korşalıb? Bu yaxınlarda  “Exo” qəzetində bir müsahibədə oxudum ki, müstəqil Azərbaycanın ilk səhiyyə naziri adını çəkmədiyi bir yəhudi olub. Müsahibə verənlə əlaqə saxladım,- bu mənim sözlərim deyil -dedi,-müsahibə alan mənim adımdan yazıb.

Müsahibə alan jurnalist heç olmasa Cümhuriyyət ensiklopediyasına baxaydı. Bu ensiklopediyada Rəfibəylilər nəslinin altı nümayəndəsi - Ələkbər bəy, Xudadat bəy, Cavad bəy, Səməd bəy, Eyyub bəy, Cəmil  bəy - haqqında ayrıca  yazılar verilib. Xudadat bəy barədə  yazıda onun  tərcümeyi-halı, tutduğu vəzifələr haqqında dəqiq məlumatlar var.

1920-ci ilin aprelində Azərbaycanın bolşevik işğalı haqqında ürək ağrısıyla yazan Ceyhun bəy Hacıbəyli qeyd edirdi ki, təcavüzkarları belə asanlıqla, ciddi müqavimət göstərmədən gözəl ölkəmizə buraxmağımız üz qaramızdırsa, Gəncə üsyanı tariximizin  ən şərəfli səhifələrindəndir: “ Mayda Gəncədə axıdılan türk qanı 28 aprel ləkəsini sildi”.

Tədqiqatçı, rəhmətlik  Xanlar Bayramov “1920-ci  ilin Gəncə üsyanı” kitabında yazır ki, Orta əsrlərin qiyamçısı Bəndərdən, çar qoşunlarına boyun əyməyən,  qala divarlarında  şəhid düşən Cavad xandan üzü bəri Cəncə həmişə  əyilməzliyiylə seçilən, azadlıq ruhuyla  yaşayan qeyrət istehkamımız olub.

Bolşevik işğalından sonra1920-ci il mayın 10 -da Gəncədə amansız repressiyalar başladı, Bolşevik komissarları  fəxarətlə bəyan edirlərmiş ki, Gəncədə bəy nəslindən bir başıpapaqlı qoymadıq (37-ci ildə bu qana susamışların da ömürləri edamlarla nəticələndi).

20-ci ildə isə Cavad xan nəslindən İsmail xan Ziyatxanov,  Məmməd Bağır Şeyxzamanov həbs edilib güllələndilər, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Behbud xan Cavanşir namərdcəsinə qətl edildilər. X.Bayramov yazır: “Uzun illərin tədqiqatından sonra belə bir nəticəyə gəldim ki, xalqın səbr kasasını daşdıran mayın 10-da Xudadat bəy Rəfibəylinin həbs edilməsi oldu”.

Xudadat bəyin tutulub  Bakıya aparılması xəbəri yayılanda camaat dəmir yolu vağzalına tərəf axışır, valini silahlı gözətçilərin əlindən almağa cəhd edir. Xudadat bəy qətiyyətlə bu cəhdin qarşısını alır. Camaata üz tutub:

- Qan tökməyin, - deyir - bu bizim nəslin  üstündə ləkə kimi qalar, mən namuslu bir ömür sürmüşəm və heç bir günahım yoxdur.

Rəfibəylilər nəsli haqqında dəyərli kitabın müəllifi akademik Rafael Hüseynov  qeyd edir ki, Xudadat bəy  nəslini və  ailəsini hakimiyyətin qisasından xilas etməkçün özünü qurban verdi.

Amma bu  fədakarlığa baxmayaraq Rəfibəylilər nəsli Sovet dövründə doqquz dəfə sürgünlərə məruz qalıb.

Əlbəttə tutduğu vəzifənin miqyasına görə Xudadat bəyi Çili Prezidenti S.Alyendeylə müqayisə etmək gülünc olardı. İri, müstəqil bir ölkənin dünyaca məşhur rəhbəri hara, cəmisi iki il müstəqil yaşamış kiçik bir məmləkətin  əyalət valisi hara? Amma bir cəhətiylə bu müqayisəni məqbul sayıram. Humanist bir peşənin sahibi -həkim olan bu iki şəxs dar gündə qaçıb canlarını qurtarmağı yox, ölümü belə göz önünə alaraq vəzifə ləyaqətini saxlamağı üstün tutublar...

Gəncə üsyanının bilavasitə rəhbəri   isə sonralar xaricə mühacirət edə bilmiş  Cahangir bəy Kazımbəyli idi.   

Babam haqqında  yazmağım  qeyri-təvazökar görünə bilər, halbuki bizim günlərdə bununla kimsəni təəccübləndirmək olmaz. Hər halda Xanlar Bayramov və Rafael Hüseynovdan başqa iki jurnalistin yazısından  da sitat gətirmək istəyirəm. Azad Şərifov və S.Abdullayeva “Özünü günahkar saymadı” adlı məqalələrində yazırlar ki, Xudadat bəyi bir neçə maddəylə ittiham edirdilər, o cümlədən,  bolşevikləri təqib etməkdə və musavatçılıqda, halbuki, Xudadat bəy nə Musavat, nə də hər hansı başqa partiyanın üzvü olub və Gəncə bolşevikləri onun valiliyi müddətində açıq fəaliyyət göstəriblər.  Aprel işğalından sonra  Bakıda iqtidarı  bolşeviklər zəbt edəndə Gəncə kommunistləri  valini yanına gəlib hakimiyyəti ondan təhvil alıblar. A.Şərifov və S.Abdullayeva yazılarında onu da göstərirlər ki, Xudadat bəyə ən əsas ittiham guya ki, ermənilərə zülm etməsi olub. Ancaq bir neçə erməni “şahidin” ifadəsinə əsaslanan bu ittiham heç bir konkret faktla təsdiq olunmayıb.Yeri gəlmişkən, “şahidlərdən” başqa istintaqı aparan da, hökmü çıxaran da erməni millətindən idilər.

Xudadat bəy ittihamların heç birini qəbul etmir, “Əgər mənə imkan verilsəydi,   mövcud olan sənədləri üzə çıxarıb heç bir günahım olmadığını sübut edərdim” - deyir.

Belə bir imkanı vermədilər ona. Tələsik çıxarılmış hökmlə Azərbaycan ordusunun 76  yüksək rütbəli zabitiylə birlikdə Nargin adasında güllələndi.

Türk kommunistlərinin rəhbəri Mustafa Sübhi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə, Azərbaycan İnqilab Komitəsinə və Orconikidziyə ünvanladığı məktubda qeyd edirdi ki, Gəncə üsyanının əsas səbəbi Xudadat bəy Rəfibəylinin həbs edilməsi olub.

Xudadat bəyin həbsindən sonra Gəncə ziyalılarının  nümayəndələri, o cümlədən,  Xudadat bəyin əmisi oğlu Cavad bəy Rəfibəyli Bakıya gəlib bu məsələylə əlaqədar N.Nərimanova müraciət edirlər. Amma artıq gec idi, iş işdən keçmişdi, Xudadat bəy qətl edilmişdi. Nərimanov həkim həmkarı kimi  tanıdığı Xudadat bəyin güllələnməsinə dərin təəssüfünü bildirir, bu işdə bağışlanmaz günahı olan komissarın adını çəkir, “Heyf ki, Firudin bəy  Köçərli və Xudadat bəy Rəfibəyli kimi qiymətli ziyalılarımızı qoruya bilmədik” - deyir. Xudadat bəyin qətlinə sonralar Məmməd Əmin Rəsulzadə də böyük təəssüfünü bildirib.

Xudadat bəy, atası, el ağsaqqalı Ələkbər bəylə birlikdə Tiflisdə təşkil olunmuş ilk müstəqil Azərbaycan hökümətinin üzvlərini Gəncədə qarşılayanlar sırasındaydılar. Bu mövzuda rəssam Arif Məmmədovun çəkdiyi iri tablo Gəncədə cümhuriyyət hökumətinin yerləşdiyi binada asılıb (Yeri gəlmişkən, Şərqdə ilk cümhuriyyət hökumətinin yerləşdiyi bu binanı İstiqlal muzeyi etməyin vaxtı çoxdan çatıb). Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi hökumətin ilk səhiyyə naziri Xudadat bəy Rəfibəylinin Nuru paşayla fotoşəkli də durur.

Çox-çox illər sonra babamın Nargin adasında güllələndiyini bildikdə gündə pəncərəmdən seyr etdiyim bu adaya getmək fikrinə düşdüm. Neftçi qaynım rəhmətlik Çingiz Səfərovun təşkil etdiyi katerlə o, mən və yoldaşım Zemfira xanım adaya getdik. Bomboş qalmış adada tək bir mayak gözətçisi rus yaşayırdı. Evinin həyəti boşaldılmış araq şüşələriylə dolu idi.

Bu anlarda beynimdə dolaşan fikirlərdən bir dastan yazmaq olardı yəqin. Burdan kimlər gəlib keçib... Çar vaxtının məhbusları, əsir türk əsgərləri, bolşeviklərin ölümə məhkum etdikləri musavatçılar, on yeddi il sonra həmin bolşeviklərin özləri, ziyalılar, siyasətçilər, günahsız adi adamlar. Susuzluqdan, aclıqdan, istidən ya soyuqdan olmazın əziyyət çəkənlər, güllələnənlər, dənizə atılanlar...

...Və indi  cilovsuz Xəzər küləklərinin cövlan etdiyi adamsız ada... Tək bir  sakini - tənhalığını araqla ovudan yalqız insan...  Bir də gəmilərin yolunu yönəldən mayak...

Bəlkə də  haçansa bu məşum adada ən ağır günlərini yaşamış və həyatlarını burda bitirmiş insanların xatirəsinə abidə qoyulacaq və bədbəxtlərin sərgərdan ruhları nəhayət,  huzura qovuşacaq. Və o zaman  xalqının müstəqilliyi,  səhhəti və sağlamlığı yolunda ömrünu fəda etmiş  Xudadat bəyin də ruhu şad olacaq.

10 yanvar 2017

 





16.01.2017    çap et  çap et