525.Az

Milli iqtisadi potensialımız: gözlə görünməyən milyonlar


 

Milli iqtisadi potensialımız: <b style="color:red">gözlə görünməyən milyonlar</b>

Qloballaşma XXI əsrin başlanğıcından etibarən dünya ölkələrini yaxınlaşdıraraq robot və nano texnologiyaları yaratdı, genetika ve seleksiya sahəsində ağlagəlməz inkişafa nail oldu.

Nəhəng konsorsiumlar Marsda insan məskənləri qurmaq ideyalarını ortaya atarkən, bəzi ölkələrdə də irqçilik, məzhəbçilik, etnik və milli zəmində müharibələr davam etməkdədir.  Beləliklə də qlobal iqtisadi böhran fonunda dünya iqtisadiyyatında yeni risk faktorları yaranır. Bu geopolitik risk faktorları Azərbaycan iqtisadiyyatına mənfi təsir etmədən yan keçə bilməz. Dünyada neft məhsullarının dəyərdən düşməsi buna sübutdur. Məhz belə zamanlarda ölkə iqtisadiyyatının damarlarına yeni qan vurulmalıdır ki, böhran minimum dərəcədə hiss olunsun.

İxracat makroiqtisadi tarazlığı quraraq ölkələrə valyuta gəlməsini təmin edir. Firmaların ixrac etdiyi məhsullardan əldə etdiyi gəlirin ölkə büdcəsinə də böyük faydası olur. Bir ölkədə ixracat yoxdursa, orada iqtisadi həyat dayanmış deməkdir. İqtisadiyyatı daxilə hesablanmış ölkələri araşdırdığımızda inkişaf templərinin yüksək olmadığını görürük. Monqolustan buna misal ola bilər. Xarici ticarətə önəm verən ölkələrin, istehsal və məşğulluq göstəriciləri daha yüksəkdir. Dünya iqtisadiyyatındakı ticarət sövdələşmələrində qəbul edilmiş qızıl standartına görə bir ölkənin sərvəti onun sahib olduğu qızıl ehtiyatıdır. İxracat ölkəyə qızıl gətirir. Xaricdə istehsal olunan malların idxalı ölkədən qızılın çıxmasına yol açır. Ölkələr idxalatı minimuma endirərək sahib olduğu qızıl ehtiyatlarını qorumalıdır. Ölkəyə valyuta, qızıl və rifah gətirən məhsullardan biri də markalaşmış, milli-regional, coğrafi xüsusiyyəti olan maddi sərvətlərdir.

Dünyada elə ölkə var ki, sahibi olduğu 193 milli maddi sərvəti sayəsində ildə 6 milyard avro gəlir əldə edir. Başqa bir ölkə də var ki, 68 adda məhsulu büdcəsinə hər il 3,4 milyard avro qazandırır. Bunlar reallaşması mümkün olan biznes layihələridir. Barəsində söz açdığımız ölkələr İtaliya və Almaniyadır. Və bu cür misallar çoxdur. Yerli və beynəlxalq bazarlara milli-maddi sərvətlərini çıxaran ölkələr inanılmaz gəlir əldə edirlər.  

Bir neçə misal: Fransa yerli və beynəlxalq bazara çıxardığı 170 adda məhsullardan hər il 6 milyard avro, İngiltərə sadəcə 33 adda məhsuldan 1 milyard avro, İspaniya 128 məhsuldan hər il 870 milyon avro, Yunanıstan 86 çeşid məhsuldan 753 milyon avro əldə edir.

İnkişaf etmiş ölkələr bu sahəyə çox diqqət ayırırlar. Buna ən gözəl nümunə Fransa və İtaliyadır. Hər iki ölkədə bu işlər birlik və kooperativlər tərəfindən həyata keçirilir.

İtaliyada Melinda sortu alma yetişdiriciləri və Fransada Rokfor pendiri istehsalçıları da elə bu məqsədlə birlik oldular. Bu məhsulları birlikdən kənarda yetişdirənlər avtomatik olaraq bazardan çıxarılırlar. Fransanın maddi sərvət siyahısında daha çox şərab, likör, pendir növləri və hətta lavanda balı, bal konyakı və tərxun da var. Fransa təkcə parmezan pendirindən ildə 1 milyard avro gəlir əldə edir. Bu rəqəm geridə qalmış dünya ölkələrinin hər birinin illik büdcəsi qədərdir. 

Qeyd etmək lazımdır ki, bu cür maddi sərvətlər yalnız yeyinti məhsullarından ibarət deyildir.  Bura həmçinin qiymətli daşlar, xalça və nadir qumaş növləri də daxildir.

Coğrafi xüsusiyyəti olan bu tip məhsulların bazarı dünya üzrə 200 milyard dolların üzərindədir. Sadəcə Avropa İttifaqı (Aİ) ölkələrinin payı 55 milyard avroya yaxınlaşmaqdadır. Aİ patentləşdirdiyi bu cür məhsulların adının və istehsalının qorunmasına ciddi önəm verir.

Dünyaya kənd təsərrüfatı ixrac edən ölkələrdən biri də Braziliyadır. Bu ölkə qəhvə, şəkər, portağal suyu konsentratı istehsalı və ixracatında dünyada ilk, soya paxlası, tütün, mal və quş əti istehsalında isə ikinci sırada yer alır. Ümumilikdə isə Braziliya 35 adda maddi-milli sərvətə sahibdir. Hindistanda isə bu rəqəm 200-ü keçmişdir.

Təqribən X-XI əsrlərdə Səlcuk dövləti ilə ticari-iqtisadi əlaqələri olan və Cənubi Azərbaycandan üzüm bəkməzi (doşabı) ixrac edən italiyalılar sonradan bu məhsulu qıcqırdaraq Balzamik sirkə əldə etdilər.  Bu gün təkcə İtaliyanın Moderna əyaləti İngiltərə kraliçası və planetin zənginləri və də daxil olmaqla dünya ölkələrinə 12 il palıd çəlləklərdə saxlanaraq tündləşdirilmiş sirkə ixrac edərək liderliyi özündə saxlayır. Onu da qeyd edim ki, Amerika auksionlarında 25 iilik balzamik sirkənin 100 ml.-i 400 dollardan satılır.

Qardaş Türkiyənin 81 vilayətindəki Ticarət Sənaye Palatalarının qeydiyyatından milli və etnik markalı 189 coğrafi xüsusiyyəti olan məhsul keçmişdir. Bu siyahida Ezine pendiri, Bursa ipəyi, Afyonkarahisar mərməri, Kütahya keramikası, İznik çinisi, Kayseri basdırması, Malatya əriyi, Safranbolu zəfəranı, Angora tiftik keçisi, tiftik dovşanı və pişiyi, Van gölü kefalı, Urfa və Adana kababları, Çorum ləbləbisi, Aydın ənciri, Finike portağalı, Ayvalık zeytun yağı, Taşköprü sarımsağı, Tire keçəsi, Antep fıstığı, Tekirdağ rakısı, Kavaklıdere şərabı, Çankırı qaya duzu, Trakya kıvırcık qoyunu da var. 19 ərazi vahidinə sahib olan Dənizli Türkiyənin aqrar vilayətlərindən biridir. Ərazisinə görə Bakıdan 6 dəfə böyükdür. Dənizli Ticarət Birjasından aldığım məlumata görə, Türkiyə dünyaya kəklikotu ixrac edən ölkələr sırasında 4-cü yerdədir. Dənizli isə bu yarışmada Türkiyə lideridir.

İqtisadi cəhətdən Azərbaycandan qat-qat geridə olan Gürcüstan şərabları, mineral suları və digər məhsullarıyla çoxdan dünya bazarlarına çıxa bilmişdir.

Ortaya belə bir sual çıxa bilər: “Azərbaycanda bu iş hansı səviyyədədir?” Ucuzlaşan xam neft qiymətləri fonunda turizm bazarı və ixracat, xüsusilə də bu cür markalaşdırılmış məhsulların satışı, həm ölkə büdcəsinə gəlir, həm də kiçik və orta biznesin inkişafına təkan verə bilər. Gözümüzün önünə Şəki paxlavası, Naxçıvan qaya duzu, Naxçıvan lavaşı, Abşeron ənciri və üzümləri, Bilgəh zəfəranı, narşərablar, Şirvan, Qarabağ, Qazax qrupu əl xalçaları, bəkməzlər, Qızıləhmədi alması, Şəki paxlavası, qoz mürəbbəsi, Hövsan soğanı, mineral sular, Naftalan nefti, qoyun yunundan yorğanlar, qızılgül ləçəyindən yastıqlar, gül suyu, gül yağı, dağ kəklikotusu, Bilgəh zəfəranı, camış südündən alınmış məhsullar, nərə balığı və kürüsü, ləvənginin xammalı, Xarı-bülbül orxideya növü və sair gələ bilər. Xalq arasında sevilən və yalnız kənd rayonlarının bazarlarında satılan regional məhsulların istehsalının artırılması və ya sənayeləşdirilməsi vaxtı gəlib çatmamışdırmı? Bəlkə də yüzlərlə regional məhsul hətta respublika səviyyəsində tanınmamışdır. Halbuki ölkə ancaq bu məhsullardan ildə ən az 500 milyon avro gəlir əldə edə bilər.  Bunun üçün azad təşəbbüskarlığın təşviqi, yuxarıda qeyd olunan Azərbaycan məhsullarına marka sertifikatlarının verilməsi və keyfiyyətin qorunmasına nəzarət vacib şərtlərdəndir. Avropa ölkələri maddi sərvətlərinin qiymətini bilərək bu bazarı çoxdan yaratmışlar. Bu məhsullar ölkə iqtisadiyyatına fayda gətirməklə bərabər həm də gələcək nəsillərə mirasdır.

 





16.01.2017    çap et  çap et