525.Az

"Yellənir içimdə bayraq yaddaşım..."


 

UNUDULMAZ ŞAİRİMİZ ALİM MƏHƏRRƏMLİNİN XATİRƏSİNƏ

"Yellənir içimdə bayraq yaddaşım..."<b style="color:red"></b>

Onun haqqında yaxınlarının, dostlarının nisgilli söhbətlərini eşidəndə hardansa Məhəmməd Hadi xatirimə gəlir.

XX əsrin əvvəllərində vətən və millət dərdini çəkə-çəkə yazıb-yaradan Hadinin, XXI əsrdə mənəvi varisi, ruhdaşı tərki-dünya şair, fani dünyanın puçluğundan bezib də quş kimi Haqq dünyasına uçub gedən Alim Məhərrəmli olduğunu düşünürəm. Vətənsevərlik, yurda bağlılıq, taleyin ən çox acısını dadan və bu acıları vəsf etdiyi şeirlərində ağrıya-ağrıya naxışlayan şairin həyatı bir qış gecəsinin zülmətinə qərq olaraq bitdi...

... Elə hey, yır-yığışını edib biryolluq çıxıb gedəcəyini deyirdi. Bu dünyada özünə doğma, isti bir sığınacaq tapa bilmədi, onunçun da o dünyaya uşaq təki ayaqyalın, başaçıq, yüyrək, qaçaraq getdi... Ölümündən iki gün əvvəl son dəfə dostunun yanına gəlib ki, onunla halallaşsın, tapmayıb, qələm kağızı əlinə alıb:

Damıb ürəyimə, ölüb gedəcəm,
Mən səndən halallıq almağa gəldim.
Gəldim ki... Mən sənə söz deyəcəkdim,
Eləcə dedilər, gəlməyəcəksən.
Bax elə həmin vaxt, bax elə o an
Bütün nə vardısa çıxdı yadımdan.
Gəlmədin... hardasan... sonluq bu imiş...
Hardasan, hardasan, evi tikilmiş?

Bununla da ürəyi soyumayıb, höyllənib, qəlbi təlaş içində, ruhu canında çırpına-çırpına varağı o biri üzünə çevirib, qələmi dübarə əlinə alıb uçuna-uçuna son sözünü-sovunu kağıza sərib:

Özümü-özümə sıxıb gedəcəm,
Nəyim var özümə yığıb gedəcəm,
Bezmişəm, dünyadan çıxıb gedəcəm,
Yolum var - dönməyə gəldiyim qədər.

Nə deyibsə, düzünü deyib, ikicə gündən sonra heç kimə demədən, özünü özünə sıxaraq bir zülmət gecədə çıxıb gedib. Amma Alimin fiziki yoxluğundan sonra qayıdacağına inamı böyük olub. Bu inamla da "Yolum var dönməyə gəldiyim qədər..."- deyib...

O günü sübhün ala-toranından sonra doğan qış günəşinin öz ilıq saçaqlarını təbiətə sərdiyi bir vaxtda Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda dostları bəxtikəm şair Alim Məhərrəmlinin doğum-anım gününə yığışmışdı. Həmin vaxt elə sandım ki, o munis çağda özünün-sözünün işığı, nuru ilə tədbirdəkilərin arasında olan Alim Məhərrəmli baxışlarından qəm yağan şəklinin içinə sığınıb dostlarını dinləyirdi. Bax, elə həmin an könlümdən şairin halından xəbər tutmaq, ötüb-keçmiş həyatının doğurduğu bütün "niyə?"ləri soluxub, işığını itirmiş gözlərindən oxumaq keçdi. Dedim, bir qədər də üz-üzə, göz-gözə oturub dərdləşim dərdli qardaşımla. Xəbər alım ki, taleyinə dar gələn bu donu kim biçdi sənə? Bəxtinə yaraşmayan libasın əyninə də oturmadı. Onçun da dilə-gözə tez gəldin. Düz üzün tərsə döndü. Səni bu qəribə görkəmdə görənlər elə hey danlayır, tənə edirdilər. Sən də dad çəkir, haray salırdın ki, mən belə yaşamaq istəmirəm, üzülmüşəm yorulmuşam belə həyatdan...

"Ədalət"də, "Ocaq"da dərc olunmuş ilk gənclik çağlarının şəklinə baxıram, dumduru baxışların, tərtəmiz çöhrən, hələ zəhər dadmamış dodaqların içinin paklığından xəbər verir. Səni belə qalmağa, adam kimi yaşamağa kim qoymadı, ay qardaş! Kim səni həyatından bezdirdi?..  Bu nə təəssüf, bu nə etiraf?

Məndən bəndə olmaz, İlahi sənə,
Ağacam, torpağam, bir daşam daha.
Uçulub dağılmış min illik saray,
Əsən küləklərə yoldaşam daha.

Bilmirdinmi, küləklərlə yoldaşlıq eləyəni də elə küləklər sovurub aparar...

Deyirlər, Alim Məhərrəmli heç nə yazmasaydı belə, təkcə "Hava" şeiri onun şairlik pasportu olacaqdı. Amma o gün sənin hansı şeirini oxudularsa, o əlahiddəliyi hamısında gördüm. Bütün şeirlərini elə bil yüz ölçüb, bir biçmisən, bütün gözəlliklər, axıcılıq, səmimiyyət, şəhdi-şirinlik, bunların da ucalığında tac timsallı poetik məntiq-məna dünyaya şair qiyafəsində gəldiyini bəyan edir.  Bütün şeirlərin bağrından od təki  sıçrayıb qəlbləri yandırır...

Hava var, oynadı köhnə kişilər,
Hava var, paslanıb qan yaddaşında.
Dünyanın ən gözəl adamı sənsən,
Azadlıq havası varsa başında.

Şeirlərini bir toplu halında da görmədim, əlimə nə düşdüsə, kimdə  nə gördümsə, ordan oxuyub səni tanımağa çalışdım. Kimi qınayasan ki! Adamın başının üstündə tavanı, yanında bir canıyananı, ailəsi olar. Palına-paltarına, yemək-içməyinə, səhhətinə baxar. Yaman günündə də mənəvi varidatını, nişanəsini qoruyub saxlayar. Heyhat, olmadı! Yoxsa:

Varım yoxdu - qalar deyim,
Gülüm yoxdu - solar deyim,
Balam yoxdu - ölər deyim...
Dünya mənə neyləyəcək? -

deməzdin ki!

Sən bu dünyada havalı təki, əziyyətlər içində yaşadın. Elə təkcə şəxsi kədərinin içində ictimai ağrıları da mərdanə yaşadığına görə səni böyük vətəndaş kimi xatırlamaq doğru olar.

İndi dostların yanır, heyfsilənirlər ki, Alimin nə vaxtsa bir kitabı çıxıb, o da bilinmir kimlərdə qalıb, haralarda it-bata düşüb... Hər zaman müasirimiz olan böyük Sabirin öz sağlığında kitabı çap olunmamışdı. Amma ölümündən sonra qələmdaşları, maarifpərvər ziyalılar onun "Hophopnamə"sini işıq üzünə çıxardılar... Doğru deyirlər ki, əsl şair bircə şeirindən də bəlli olar, tanınar və sevilər. Sağlığında hələ  kitabına qədər şeirlərin dillərdə gəzirdi.

Sənin doğum-anım günündən danışırdım axı... Həmin günün üzündə sanki bir kədər dumanı vardı. Tədbirin aparıcısı, Alimin dərin məzmunlu, bəmbəyaz, bütünlükdə ovqata köklənmiş sanballı, çəkili şeirlərini ürəyinin tellərindən qopara-qopara ifa edən istedadlı şair Fərqanə Mehdiyevanın səsi ruhumuza sanki narın yağış damcıları kimi çisəkləyirdi. Fərqanə xanım şairin dillər əzbəri olan "Hava" şeirini söylədikcə sanki bağrımıza köz salırdı...

Sağlığında dostun şərəfinə söz deməyə nə var ki. Amma yoxluğunda... Belə günlərin havası bambaşqadı. Sanki dilin kilidlənib, müşkülə düşmüsən... Bayaqdan içinə qısılıb Alimin, gözünün qabağında keçən gəncliyini xatırlayan şair Musa Yaqub gənc həmkarının yaşadığı sevinci az, qəmi çox həyatına təəssüfünü bildirdi:  
 
Mənim ona çox heyfim gəlirdi. Deyirdim, Allah, bu cavan niyə oturub belə gözəl şeirlərini yazmır, bu nə həyat tərzidi binəva yaşayır... Onun ilk şeirinə vaxtilə uğurlu söz yazdım, çap olundu. Alim ənənə üstündə naxış salan şair idi.  Hayıf ki, taleyi gətirmədi. Poeziya yoxdusa, məncə gözəllikdən danışmağa dəyməz. 

Şairlik belədir, əgər poetik fikir deyə bilirsənsə, meydana gəl, bacarmırsansa, çəkil get. Alim meydanda oldu, məlum səbəblərdən çəkilib getdisə də şeirləri yaşayır. O, duyğuların içində duyğulanan şairdi. O vaxtlar İsmayıllının "Zəhmətkeş" qəzetinin nəzdində fəaliyyət göstərən "Dağ çiçəkləri" yaranan dövrdən o da çiçək kimi öz ətrini yaydı. Bu gün onun şeirləri səpələnib, onları bir yerə yığmaq lazımdı. Xahiş edirəm, kimdə varsa, yığsın bir yerə kitabını çap edək.

Musa müəllimdən sonra tənqidçi Vaqif Yusifli Alim Məhərrəmli üçün yazdığı "Bir ölüm, bir ayrılıq havası" yazısını bütünlükdə Alimsevərlərin diqqətinə təqdim etdi. Burda Alimin Bakıya təhsil almağa gəldiyi gündən başlamış, onun şair kimi yetişməsi, qəribəliklərlə dolu həyatı, dərdləri, çətinlikləri ifadə olunub. "Alim Məhərrəmli hər cür çətinliyə, həyatın ona bəxş elədiyi maddi və mənəvi sarsıntılara tab gətirirdi. Müxtəlif qəzetlərdə işləyə-işləyə özünü bir jurnalist kimi təsdiq etməyə çalışırdı. İçində nikbin idi, çünki onu hər cür məşəqqətə tab gətirməyə məcbur edən bir qüvvə vardı. O da şeir, poeziya, yazıb-yaratmaq havasıydı. Doxsanıncı illərin sonunda onun "Səni də öyrətdim ayrılıqlara" adlı şeir kitabı da çap olundu. Ara-sıra xəsisliklə də olsa, onun bir şair kimi istedadlı olduğu etiraf edildi...”

Şair Oqtay Rzanın da qəlbini acı təəssüf yandırırdı: "Alimi təzə-təzə tanıyırdım, tanışlıqdan sonra dostluq gəlir. Təəssüf ki, ölüm aman vermədi dostluğumuza. Elə bilirəm Alim bu gününü görürmüş kimi deyib ki, mən köçsəm də mənim həyatım davam etməkdədir. Bugünkü anım günü də şairin həyatının davam etdiyini göstərir".

Maarif Soltanın xatirələri ilk görüşlərindən bu günə cığır salır: "Onu ilk dəfə dərnəkdə gördüm, hiss etdim ki, istedadlı şairdi. Alim özünü məhv etməyə çalışdı. Onun yanğısıyla yanıram ki, niyə belə yaşadı, niyə özünü qoruya bilmədi? Alim poeziyaya bütöv gəlmişdi, onun şeirlərinə əl gəzdirməyə ehtiyac yox idi. Hayıf ki, çoxumuz kimi məsuliyyətsiz idi".

Alimin yoxluğu dostu Vəli Xramçaylını da odsuz-ocaqsız yandırırdı: "Məni onunla Məhəmmədhaqqı tanış edib. Bizim onunla çox yaxın münasibətlərimiz olub. O, çox savadlı, amma özünə qapanıb qalmış adam idi.

Alim təpədən-dırnağa şair idi. Həm də qəribə insan idi. Bir vaxt "Vətən" qəzetini nəşr edirdi. Mənə elə gözəl bir şeir yazmışdı ki, elə bil özünə ithaf etmişdi. Bir baxın, deyib, şeiri qəmli avazla oxuyur:

Hələ böyrümüzdə yanımızdadı,
Hələ ki, yerdədi bu göy adamı,
Göynəyə-göynəyə bir gün gələcək
Qədrini bilmədik deyəcək hamı" .

Və bundan sonra: "Bir şair kimi yaşadı, şair kimi də öldü", - deyib gözlərinin yaşını gizlətdi Vəli Xramçaylı...

Bayaqdan şairin dostlarını həyəcanla dinləyən, xatirələrinə bələnən şair Sabir Arazlı elə bunları dilə gətirdi: 
"Mən bura bu qarlı gündə 4 saatlıq yolu basa-basa gəlmişəm ki, Alim haqqında deyilən sözləri eşidim. Onun şeirlərini "Yada düşdü"jurnalında oxumuşam. O şeirlərdən qidalandım. Bu gün onun 55 yaşı tamam olur.

Aramızda olmasa da o bizim qəlbimizdə, düşüncəmizdə yaşayır.

Çoxlarının ilk sözə çətinliklə başladığını görən Şahməmməd Dağlaroğlu da düşdüyü vəziyyəti dilinə gətirdi:

Şairin sağlığında danışmaq asan olur, olmayanda çətin... Alim "Dağ çiçəkləri" dərnəyinə şair kimi gəlmişdi.

Onun bir fikrindən tutub neçə-neçə şeir yazmaq olardı. Alim özünə baxmırdı, onun bizdən ən fərqli cəhəti o idi ki, dünyanı bizdən yaxşı görürdü. Alim şeirin alimi idi. Alim adı sözün həqiqi mənasında istedadın adıdır.

Ruhu şad olsun. Belə adamlara öldü demək olmur, onun bir şeiri yaşayırsa, demək özü də yaşayır. Onun "Daha məndən Kərəm olmaz" adlı gözəl şeiri qəlbimə necə od saldısa, "Sən nəğməsən" şeirini yazdım. O, başdan-başa nəğmə idi.  

Daş bağlayıb ürəyinə qış günü,
Kimdi salan çölə səni, ay Alim?
"Daha məndən Kərəm olmaz"- deyirsən,
Əsli görmür hələ səni, ay Alim!

1981-ci ildən başlanan dostluğumuzun əksidir bu şeir".

Ötərxan Alimi ölümündən sonra şeirlərindən, haqqında söhbətlərdən tanıyıb sevdiyini dilə gətirdi: "Nəzakət xanım otağında duyğulu bir insandan söhbət etdi. Soruşdum, özü alimdi, ya adı Alimdi. Dedi ki, şeirin alimidi, həm də adı Alimdi. Yaxın günlərdə yenə Alimin sözü düşdü, şeirini oxudum, çox duyğulandım. Dünya Alimdən heç nəyini ala bilmədi. Öz şeirlərini yazdı, dostlar qazandı getdi".

Xatirə Əziz dost itkisilə barışa bilmədiyini, həyatına təəssüfləndiyini gizlədə bilmirdi: "Alimlə bağlı xatirələrim var, o xatirələri yazacağam. Alimə yazdığım şeir də o xatirələrdə yer alacaq. Anamın ad günündə, 2009-cu il martın 10-da bizə gəldi. Anam onu oğlu kimi qarşıladı. Ailəmizdə xətri əziz tutulurdu... Onun ölümünə heç inanmadım. Düşünürəm, belə bir istedadlı insanı qoruya bilmədik. Bəlkə də bu, bir alın yazısı idi... Onun şeirlərində elə bir xətt vardı ki, hamı özünü orda görə bilirdi. Ruhu şad olsun".

Alim Məhərrəmlinin  dostu Məhəmmədhaqqıya yazdığı iki şeiri onun son şeirləri idi. "Hardasan, hardasan, evi tikilmiş...", "Gedəcəm" şeirlərini oxuyanda sanki adamın içini bir üşütmə sarır...

Məhəmmədhaqqının ən yaxın dostunun, sirdaşının yoxluğundan ürəyi hələ də param-parça idi: "Alimin taleyində Haqqı kimi bir insan olub, onun ölməyə haqqı yox idi. Bizi birləşdirən Müdri kəndi olub. Alim mənə hər kəsdən yaxın idi. Bir kənddən olmuşuq, qohum idik, müəllim kimi də eyni məktəbdə çalışırdıq. O, ədəbiyyat müəllimi idi. Vurğunu idi ədəbiyyatın. Alim havalı bir insan olub. Mütaliəsi geniş idi. Onu müəllim kimi də sevmişəm. Biz o zaman məlum hadisələrdən sonra erməni məktəbini Azərbaycan məktəbinə çevirmişdik. Bir gün 8-ci sinfə "Leyli və Məcnun"u keçirdi. Dərsini dinləyirdik, düz 3 saat danışdı. Ermənistandan qaçqın kimi kəndimizə gələn bir ədəbiyyat müəllimi o dərsi eşidəndən sonra, ümumiyyətlə, onun savadına, hazırlığına bələd olandan sonra dedi ki, Alim müəllimdən sonra mənim sinfə girməyim doğru deyil... " Alim təbiətən qapalı, dərviş ruhlu bir insan idi. Sərt olduğu qədər də mülayim idi. Elə bir gün olmur ki, onu xatırlamayım. Bu gün Alimin ölümündən sonra qayıdış günüdü. Qayıdış günün mübarək olsun, dostum..."

Nəzakət Məmmədlinin səsi-sözü titrəyirdi: "Mənim çiyinlərimdə Alimə bir vəfa borcum var. Təəssüflənirəm ki, onu öləndən sonra dərindən tanıdım. Tez-tez gələrdi "Yada düşdü"nün ocağına. Həyat tərzi xoşuma gəlmirdi, danlayırdım onu, incimirdi məndən. Düzələcəyinə ümid edirdim. Qədərsiz içirdi, elə əcəli də içki oldu. Onu qoruya bilmədiyimizdən çox sıxılıram. İlk kitabına ön sözü gözəl şairimiz Musa Yaqub yazıb, onun şeirlərinə, gələcəyinə inandığı üçün xeyir-dua verdi... Otağıma gələnə Alimdən danışıram, Məcnunsayağı yaşayan Alimdən".

Nəzakət xanım doluxsunmuş halda, gözünün yaşını uda-uda Alimə həsr etdiyi şeirini oxuyur. Bu da həmin şeirdən bir bənd:

O zərif vücuda sığmırdı ürək,
Yükü ağır idi, çəkmirdi ürək,
Sorğudan, sualdan bezmişdi ürək,
Canını dişinə sıxıb getmisən.

Qardaş dağı ölənəcən qardaşın sinəsindən çəkilməz, son nəfəsinəcən yandırıb-yaxar onu. Alimin yoxluğu Muradı da beləcə, odsuz-ocaqsız yandırır: "Mən burda ədəbiyyatı sevən bir insan kimi danışıram. Alim duyğusallıqda tək idi. Onun dörd qardaşı, arxası, köməyi vardı. Amma yenə də içində bir tənhalıq vardı. O da olmasaydı, şeirlər olmazdı, siz də onu bu qədər məhəbbətlə xatırlamazdınız. Onun itkisi ailəmiz üçün çox ağırdı. Onu ədəbi ictimaiyyət müəyyən qədər tanıyırdı, Musa Yaqub, Maarif Soltan, Vəli Xramçaylı, Məhəmmədhaqqı, yenə kimlərsə tanıyırdı. Qınayırdım, tənbeh edirdim qardaşımı, deyirdi, mən də belə doğulmuşam. Bir dəfə Musa müəllim xəbər aldı ki, Murad, Alim sənin qardaşındı, dedim bəli. Dedi istedadlı şairdi, onu qoru. Alimi xarakterinə, təbiətinə görə qoruya bilmədik, heç şeirləri də harda itib-batdı, bilmədik. Alim ədəbiyyata nə veribsə, yaşayır, biz onu ağrılarının içində xatırlayırıq, adı pozulmayan yazı kimi qəlbimizdədir".

Murad bəyin "Qardaş ağrısı" şeiri hamımızı kövrəltdi...

P.S. Son bir neçə gündü Alimsevərlərin əhatəsindəyəm. İndi şairin haqqında yanğılı, qəlb ağrıdan xatirələri eşidincə, qəribə də olsa elə bilirəm, onun gəzdiyi, gördüyü yerlərdən keçmişəm. Yollar, ağaclar, yaşıl düzənlər, kol dibindən boy göstərən bənövşələr, zəmilərin sarı çiçəkləri də Alimi tanıyırmış... Demə, mən də çoxları kimi onu əzəldən tanıyırammış. Sadəcə, görüşməmişik, amma arada bir ruh yaxınlığı, duyğuların keçib gəldiyi körpü  varmış. Bu, duyğusal insanların bir-biri ilə yaxınlığının, qohumluğunun nişanəsiymiş. Nə yaxşı ki, bu cür nişanələr varmış. Olmasaydı, biz bir-birimizdən necə xəbər tutardıq...

Yerin behişt olsun, qardaş...

P.S.S. Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Alim Məhərrəmli 2010-cu ilin soyuq dekabr ayında Haqqa qovuşub. Ruhu şad olsun...

 





17.01.2017    çap et  çap et