525.Az

Ədəbiyyatımızın Camal Yusifzadə itkisi


 

Ədəbiyyatımızın Camal Yusifzadə itkisi<b style="color:red"></b>

Tanınmış Azərbaycan şairi və publisisti, dəyərli ədəbiyyat və mədəniyyət xadimi Camal Yusifzadə vəfat edib.

Ailəsindən APA-ya verilən məlumata görə, Camal Yusifzadə yanvarın 16-da ürək tutmasından dünyasını dəyişib. Mərhum sənətkar bu gün Lənkəranda dəfn olunacaq.

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun Tarix fakültəsində təhsil alıb (1960-1965).

Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972).
"Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).

1998-ci ildən Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində çalışıb.

Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və başqa pyesləri tamaşaya qoyulub. 

Orijinal bədii yaradıcılığı ilə yanaşı, Camal Yusifzadə ədəbiyyat və poeziya ilə bağlı maraqlı fikirlərilə də seçilib. Son müsahibələrindən birində də bu mövzuyla bağlı diqqətçəkən düşüncələr bölüşüb: "Poeziya insanın özünün-özünə yazdığı məktublardır. Dəfələrlə deyiblər televiziyada şeir oxu. İstəmirəm. Məncə, televiziya şeir üçün deyil. Poeziya çox şəxsi, intim şeydir. Poeziya məclisində oxumaq olar, bir söz demirəm. Amma televiziyada şairin gəlib, misal üçün, on dənə şeir oxuması mənə çatmır... Haqqımda film çəkilib, özüm yetmişə yaxın sənədli filmin müəllifiyəm, amma şair kimi efirdən təmtəraqlı çıxışlar edə bilməmişəm...

Demək olar ki, bütün dünya poeziyasını mənimsəmişəm. İstər Latın Amerikası poeziyası olsun, istər ispanlar olsun, istərsə də ingilislər, fransızlar... Pol Eluar, Rembo, Pablo Neruda və sair. Gəncliyimizdə poeziyaya güclü meylimiz vardı deyə hamısını oxuyurduq. Kitabları da var məndə. Təkcə poeziyanı deyil, nəsri də oxuyurduq...

Şeirə tələbəlikdə başladım. Ədəbiyyat haqqında artıq təsəvvürlərim vardı və bilirdim ki, nə yazacam. Ancaq sərbəst yazmağım xüsusi bir plana uyğun olmadı. Elə düşündüm, elə yarandı və elə yazıldı. Özümü bu cür ifadə eləmək daha asan gəldi mənə. Sərbəst şeirin qaydaları çox gizlinlərdə, çox dərinlərdədir. Ona görə, ənənəvi şeirin qayda-qanunlarını bilmədən sərbəstdə uğur qazanmaq imkansızdır..."

Mərhum şairimizə Allahdan rəhmət diləyir, poeziyasından bir neçə nümunəni oxucularımıza təqdim edirik.

Mənim yaşımda
Heç kim məhəbbətdən ölməyib hələ,
Mən də ölmərəm.
Ölmərəm, ancaq
Görünür yaşamaq çətin olacaq.
Mənim yaşımda birisi yumar gözünü,
Yıxılar həsrətin daş hasarından
Başqa birisinin qolları üstə.
Mənim yaşımda,
zənciri qırılmış bir dəli fəryad,
Sərsəri başına bir cüt diz tapar.
Başqa birisi də bıçaq yerinə
Ruhunu soymağa bir cüt göz tapar.
Nə isə,
Mənim yaşımda
Yaşayar bu dövrü
hərə birtəhər.
Nə isə, nə isə...
Mənim yaşımda
Heç kim məhəbbətdən ölməyib hələ,
Mən də ölmərəm...

1970

lll

Çözələnir sübh çağı
Civil-civil civildəyir torağay.
Heyva ətirli yaydı...
Üfüqdə havalanmış cılız ixtiyar qoca
Cismən xəstəxanada, ruhən çox uzaqdaydı!
Otaq, yataq ağappaq,
Tibb bacısı - təsəlli -
Ağ xalatda, ağ papaq!
Qoca röyada bəlkə? -
Ağ paltarda,
Ağ kəfəndə,
Ağ yuxu!?
Havalanmışdı ruhu.
- Xeyir ola, Əli dayı?
Dara çəkir yaddaşın?
Yuxun qaçıb? Dərd alıb?
O yaş deyil axı yaşın!
- Nəə, ey, ay bala,
İçimdə çözülməyən bir ağac dərdi qalıb.
Ovxarlanır baltası,
Əsim-əsim əsir səsi
- Elə bu?
Qəm eləmə, qəm yemə!
Bu gün-sabah oğlun gələr,
Qayıdarsan evinə,
Colma-cocuq, el-oba,
Qonum-qonşu, yurd, binə...
- Nə kənd? Nə ev? Nə binə?
Ay ötüb ki, burdayam...
İncimərəm gəlməsə!
Ümü-küsü... nə isə!?
Səbrim tükənib daha,
Ümid yoxdur sabaha
İndicə bu dəqiqə, o gədəyə zəng elə.
De İblisə uymasın,
İçi içimdən keçən o ağaca qıymasın!
Nəhəng, ulu ağacdı -
Civil-civil quşları, pırıl-pırıl saçları,
İsinməyən kölgəsi,
Div ayaqlı gövdəsi.
Tanrıdan dilənmişəm; ölsəm içinə çəksin!
Ərşə qalxan ruhumu onun kökünə əksin!
Di tez elə! Əriməyib vaxt hələ.
Yamyaşıl bu arzumu vaxt var ikən çin elə.
Hər anın öz hökmü var: səhər vallah gec olar!..
Sabah daha gec oldu -
Əcəl daha kəc oldu!
Qəhərlənmiş qocanı TANRI qoynuna aldı.
Taybatay havalanmış pəncərə açıq qaldı.
Sabah daha gec oldu -
Balta daha kəc oldu!
Nəhəng qarağacın
Qırış-qırış kölgəsi budağında saraldı!..
Bir ixtiyar qocanın yamyaşıl dərdi qaldı...

2005

lll

Heç nə olmur özbaşına;
Nə olum,
Nə ölüm,
Nə də ki, sevda
Allahına daş atanın
Daşı düşür öz başına!
Nəhəng təkər - çərxi-fələk,
xəlbir - ələk -
Yer fırlanmır özbaşına.
Yer hərlənir -
Ay dolanır, gün yanır!
Gündüzlər gündüz gəlir,
Gecələr də hər gecə!
Ölüm sabah donunda,
Ayrılıq da eləcə.
Həsrət varmı özbaşına?
Ağrısını çəkə-çəkə.
Nəsə gərək itirəsən!
Havalanma göz yaşına,
Ölən gündən - keçmişdən
Nəsə gərək götürəsən,
Kişilər də tənha olmur özbaşına! -
nəsə hopur yaddaşına.
"Sevda" deyib ölən yar,
Alovlanan sevdanı,
Eşq məsəli - həyatı
Adidən də adi edən qadın var!
Əzabı sev -
içində azmısan daha!
Qarışqatək yükünü
Daşı-apar sabaha!
O gün ki ötüb keçəcək,
O şey ki, bitib keçəcək.
Salxım söyüd,
Ağlamağa dəyməz axı!
Suyum, güldanım - gülüm,
Vaxt itirmə boşuna,
Nəkarəsən bu dünyadan
Köç edəsən özbaşına!?
Məhəl qoyma baş daşına -
yaşına,
Əzrailə, İblisə!
Hadi, hadi, hadi get -
Nə qədər ki
Məhəbbət var, ölüm var,
Yaşa getsin özbaşına!

2005

lll

Atamın kölgəsi evimizdə imiş.
Gün düşdü üstünə
üzünü gördüm
Sildim üz-gözünü, toz-torpağını,
Taxçada, boxçada izini gördüm.
Tanrı qismətindən
payı var imiş;
İlahi gülüşün
gözünü gördüm!
Kölgəsi yamanca kədərli idi, -
Həm nəmdi, həm ilıq,
qırış-qırışdı.
Atamın kölgəsi qocalmamışdı.
Atamın kölgəsi evimizdə imiş, -
Baxdım kölgəsinə -
özümü gördüm,
Adana axşamı
müqəddəs gecə
Anam yemək çəkib sağına qoydu -
Sağında atamın dizini gördüm...
Ölüləri içinizdə dəfn edin! -
İçinizdə baş daşı yox, qəbir yox,
İçinizdə heç vaxt,
Heç kim itməyəcək!
Ölüləri ruhunuza dəfn edin -
Kölgələri mütləq evə gələcək!

2007

 





17.01.2017    çap et  çap et