525.Az

Yeni siyasi situasiya kontekstində ikitərəfli münasibətlərə baxış


 

Yeni siyasi situasiya kontekstində ikitərəfli münasibətlərə baxış <b style="color:red"></b>

Müasir dövrdə ABŞ-İsrail münasibətləri xüsusi çəkiyə və xarakterə malikdir.

Beynəlxalq münasibətlərdə hər bir dövlətin xarici siyasətdəki əsas məqsədinin öz maraqlarını qorumaqdan ibarət olmasına baxmayaraq, ABŞ ilə İsrail münasibətlərinin gəldiyi nöqtə yalnız bu iki dövləti deyil, başda Orta Şərq olmaq üzrə bütün dünya siyasətinə təsir edəcək səviyyəyə çatıb.

Tarixə nəzər salsaq, 1948-ci il  may 14-də İsrail öz müstəqilliyini elan edib. Onu ilk tanıyan dövlət isə ABŞ olub. Yaranmasından cəmi 11 dəqiqə sonra Birləşmiş Ştatlar İsraili müstəqil dövlət kimi tanıyıb. Münasibətlərin yüksəlişi ABŞ-ın İkinci Dünya müharibəsindən sonra dünyada gedən proseslərlə ciddi olaraq maraqlanmağa başladığı dövrlə üst-üstə düşür. 1948-1967-ci illərarası ABŞ-ın Orta Şərqdəki əsas marağı Sovetlər Birliyini bölgədən uzaq tutmaq idi. Strateji üstünlüyün önəmli olduğu soyuq müharibə zamanı bu üstünlüyün SSRİ-nin əlinə keçməməsi ABŞ üçün həyati əhəmiyyət kəsb edirdi. 

İsrail 1967-ci ildə baş verən altı günlük müharibədə Misir, Suriya və İordaniyaya qarşı qələbə qazanaraq özünü sübut etdi və regionda strateji bir dəyər olduğunu ortaya qoydu. Müharibədən sonra İsrail Yaxın Şərqdə ABŞ lehinə rol alaraq Sovet İttifaqının regiona nüfuz etməsinin qarşısının alınmasında köməkçi olub. Bu səbəbdən də Sovet İttifaqı ilə yaxşı münasibətləri olan Misir və Suriya kimi dövlətlərə məğlubiyyətlər yaşadıb.

1967-ci il müharibəsindən sonra ABŞ ərəb dövlətləri ilə İsrail arasındakı münaqişəyə münasibətini dəyişdirməyə başladı. Əvvəllər ərəb dövlətləri ilə İsrail arasında atəşkəs yaradılmasını nəzərdə tutan siyasət aparan ABŞ 1967-ci il müharibəsindən sonra daha çox İsrailyönümlü  siyasət yürütdü. ABŞ Sovetlər İttifaqını Yaxın Şərqdən uzaq tutmaq istəyərkən İsrailin mövqeyini müdafiə etdi və Sovet İttifaqının regionda daha da fəallaşmasına səbəb oldu. 1970-ci illərin sonunda Yaxın Şərqdə inkişaf edən hadisələr, yəni, 1979-cu ildə Sovetlər İttifaqının Əfqanıstana müdaxiləsi, İranda reallaşan Şah və Qərb əleyhinə İslam inqilabı İsrailin ABŞ yanındakı strateji dəyərinin daha da artmasına rəvac verdi və ABŞ-İsrail münasibətləri "strateji münasibət" səviyyəsinə çatdı. Hətta Reyqanın ikinci prezidentlik dövründə (1985-1989) ABŞ tərəfindən İsrailə NATO ölkələri xaricində ən mühüm müttəfiq statusu verildi. Bu statusla İsrail ABŞ-ın silah sistemlərinə daha rahat çatmaq imkanı qazandı. Yenə bu dövrdə ABŞ İsrailə göstərdiyi yardımı üç milyard dollara çıxardı və 1985-ci ildə azad ticarət müqaviləsi imzaladı. Soyuq müharibə illərində İsraili "strateji bir dəyər" olaraq görən ABŞ İsraildən iqtisadi, hərbi və diplomatik dəstəyini demək olar ki, heç əsirgəmədiyi kimi zaman-zaman bu dəstəyə qarşılığını ciddi xərclərlə ödədi. Məsələn, 1973-cü il müharibəsində olduğu kimi ABŞ İsrailə təcili iqtisadi, hərbi və diplomatik dəstək verdiyi üçün Ərəb dünyasının neft embarqosuyla qarşılaşdı.

İsrail Yaxın Şərqdə demoqrafik baxımdan kiçik bir ölkə olsa da, hərbi, iqtisadi və siyasi güc baxımından bölgənin ən güclü dövlətidir. ABŞ-ın İsrailə sırf demokratik bir ölkə olduğu üçün dəstək verdiyi söylənilir. İllərdir başda ABŞ olmaqla, Qərbdə Yaxın Şərqin tək demokratiya ilə idarə olunan ölkəsinin İsrail olduğu qənaətinə gəlinib. Buna görə də, demokratiya ilə idarə edilən İsrail diktatorlarla əhatələnmiş Yaxın Şərq çöllərində "siyasi bir sahə" kimi varlığını davam etdirir. İsrailin dəstəklənməsinin səbəbi də həmişə məhz bu tezislə izah edilib. Lakin tarixdə ABŞ-ın öz mənafeyi üçün demokratik hakimiyyətləri devirməsi və bunlara qarşı diktatorları müdafiə etməsi faktları da var. Buna görə də "demokratik quruluş" arqumenti ABŞ-ın İsrailə olan dəstəyinin səbəbini tam əsaslandırmır.

Son nəticədə, ABŞ-ın İsraillə qurmuş olduğu xüsusi müttəfiqliyi artıq ABŞ üçün "strateji yük" halına gəlib. Sözügedən münasibət həm də Yaxın Şərqdəki problemləri də çıxılmaz vəziyyətə salıb. Həm Yaxın Şərqdə münasibətlərin normalaşması,  həm amerikalıların ümumi mənafeyi, həm də İsrailin legitimliyi üçün ABŞ ilə mövcud əlaqələrin yenidən gözdən keçirilməsi məsələsi gündəmə gəlir.

Nuray İSMAYILOVA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı

 





17.01.2017    çap et  çap et