525.Az

"İslam Həmrəyliyi İli"nin elan edilməsi çox əhəmiyyətlidir"


 

"İslam Həmrəyliyi İli"nin elan edilməsi çox əhəmiyyətlidir"<b style="color:red"></b>

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edib.

Ekspertlər, millət vəkilləri bunun təsadüfi olmadığını deyirlər. Onların sözlərinə görə, Azərbaycan bu gün İslam ölkələri içərisində din və məzhəb ayrı-seçkiliyinin yaşanmadığı bir ölkədir.

Mövzu ilə bağlı fikirlərini açıqlayan politoloq Arzu Nağıyev deyib ki, İslam dünyasında ən vacib amil həmrəylikdir. Radikal islam adı altında həyata keçirilən təxribatlar, terrorların qarşısını almaq üçün İslam həmrəyliyinin çox böyük əhəmiyyəti var. O qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etməsi ölkəmizdə tolerantlıq və multikultural dəyərlərə yüksək önəm verildiyini bir daha sübut edir: "Avroviziya, mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula-1 üzrə Avropa Qran-prisi və digər mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə uğurla keçirilməsi və bu il Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları burada dünyanın hər tərəfindən olan xalqlar və millətlərə yüksək şərait yaradıldığını, onların Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yüksək səviyyədə yaşadıqlarını göstərir. IV İslam Həmrəyliyi Oyunları və "İslam Həmrəyliyi ili" çərçivəsində Azərbaycandakı tolerantlıq və multikultural mühit bir etalon kimi bütün İslam dünyasına transfer edilə bilər". Ekspert bildirib ki, İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacib meyarlardan biridir. O vurğulayıb ki, Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması və münasibətlərinin müsbət məcrada inkişafı dövlətin xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə hesab edir ki, Azərbaycan, həmçinin İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələr arasında da özünəməxsus dəyərləri ilə seçilir:"Buna paralel olaraq Azərbaycanda 2016-cı il "Multikulturalizm İli" elan edilmişdi. 2016-cı il başa çatdı. Prezident qeyd etmişdi ki, Azərbaycanın dini mədəniyyəti onun milli mədəniyyətinin tərkib hissəsidir. Nəzərə alsaq ki, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi oyunları keçiriləcək, onda biz bu iki hadisə arasında əlaqə görəcəyik. Bilirsiniz ki, hazırda islamafob mərkəzlər tərəfindən müsəlman dövlətlərinə və İslam dininə qarşı müxtəlif məkirli oyunlar təşkil edilir".

H.Babaoğlu bildirib ki, əsrlərdən bəri müsəlman aləmində formalaşan dəyərlər deqradasiyaya uğradılır, gözdən salınır: "Bunların hamısı düşünülmüş planın tərkib hissəsi kimi həyata keçirilir. Belə bir vaxtda prezidentin qərarı İslam dininin sülh, dostluq, barış dini olduğunu və dünyaya İslam həmrəyliyini nümayiş etdirmək üçün olduqca aktualdır. Düşünürəm ki, müsəlman ölkələri arasında öz mədəniyyəti və dinə münasibətdə müasirliyi ilə seçilən Azərbaycanın bu siyasəti İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə xidmət edəcək. Ona görə də 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi həm də xalqımızın milli adət-ənənələrinə və daxili dini, mədəni keyfiyyətinə söykənən bir qərardır". Deputat bildirib ki, 2016-cı ildə Azərbaycanda yaşayan bütün məzhəblərə mənsub dindarlar vəhdət namazında iştirak ediblər və bu, artıq Azərbaycanda ənənə halını alıb: "Amma yaxın qonşularımıza nəzər saldıqda görürük ki, məzhəb fərqliliyi düşmənçilik üçün vasitəyə çevrilib. Dövlətlərin yıxılması və terrorçuluq üçün istifadə olunur. Bu baxımdan Azərbaycanda qılınan vəhdət namazı bir nümunədir. Bu kimi keyfiyyətlərinə görə, sözün əsl mənasında Azərbaycan digər müsəlman ölkələrindən yaxşı mənada xeyli fərqlənir. Həqiqi İslam mədəniyyətini dünyaya nümayiş etdirmək və eyni zamanda klassik müsəlman ölkələri ilə Qərb dövlətləri arasında körpü yaratmaq üçün 2017-ci il çox əhəmiyyətli olacaq. Bu il "İslam Həmrəyliyi İli" kimi yadda qalacaq. Bu, həm İslam dünyasında Azərbaycanın mövqeyini gücləndirəcək, həm də xalqımızın dini baxımından aid olduğu dəyərləri qoruması üçün çox ciddi şərtlər formalaşdıracaq".

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov bildirib ki, bəzi Qərb ölkələrində islamafobiya meyllərinin gücləndiyi, müsəlman ölkələrində çaxnaşmaların şiddətləndiyi bir dönəmdə Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi olduqca maraqlı görünür.  BMAM sədri hesab edir ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsinə dünya miqyasında pozitiv yanaşma var: "Bununla bağlı prezidentin imzaladığı sərəncamda da qeyd olunur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu Sovet dövrü Azərbaycanında ənənələr yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. 300-dən çox məscid tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki "İmamzadə" kompleksi əsaslı şəkildə təmir olunub. Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi məhz Bakıda inşa edilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvüdür. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi də məhz bu sərəncamın nə qədər yerində imzalandığını göstərir".

R.Qonaqova görə, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın bütün dünyada barışdıcı qüvvəyə çevrilməsi baxımından çox əhəmiyyətlidir.

PƏRVANƏ

 





17.01.2017    çap et  çap et