525.Az

"Ermənilər cəbhədə gərginlik yaratmaq əmrini "ağa"larından alır"


 

"BU YOLLA AZƏRBAYCANA TƏZYİQ EDƏRƏK, HANSISA NİYYƏTLƏRİNİ HƏYATA KEÇİRMƏYƏ ÇALIŞIRLAR"

"Ermənilər cəbhədə gərginlik yaratmaq əmrini "ağa"larından alır"<b style="color:red"></b>

Son günlərdə Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət  yenidən gərginləşib və atəşkəs rejiminin pozulması  aktiv fazaya keçib.

Yaranmış vəziyyətlə bağlı millət vəkili Asim Mollazadə mətbuata açıqlamasında  bildirib ki, ermənilər onsuz da  təxribatlarını dayandırmayıblar:
 
"Sadəcə, hərdən bu aktiv fazaya keçir. Ermənistan müstəqil dövlət olmadığından, bir çox hallarda cəbhə xəttində gərginlik yaratmaq əmrini də "ağa"larından  alırlar". O, hesab edir ki, ermənilərin "ağa"larının bölgədə xüsusi maraqları olduğundan, cəbhə xəttində gərginliyi yaratmaqla, müəyyən siyasi məqsədlər güdürlər: "Bu yolla Azərbaycana təzyiq edərək, hansısa niyyətlərini həyata keçirməyə çalışırlar. Ona görə də  ermənilərin son günlərdə cəbhə xəttində atəşkəs rejimini pozaraq, təxribatlar törətməsinin arxasında  bir şantaj dayanır".

Politoloq Qabil Hüseynli öz növbəsində hesab edir ki, ermənilər cəbhə xəttində gərginlik yaratmaqla, Azərbaycanı öz təxribatlarına cəlb etmək istəyir: "Bu yolla həm də özlərinin ordusunun daxilindəki pozuculuq, fərarilik hallarını "xarici düşmən" obrazı ilə cəzalandırmağa çalışırlar. Elə bu günlərdə Xankəndində bununla bağlı xüsusi müşavirə keçirildi. Müşavirədə ordunun aşağı komandir heyəti ilə ordudakı fərarilik hallarının səbəbləri müzakirə edildi. Burada digər məqam isə ondan ibarətdir ki, beynəlxalq aləmdə vəziyyət ağırdır və siyasi  cəbhələşmə var". Politoloq əlavə edib ki, burada daxili amillər də mövcuddur: "Belə ki, bu gün Ermənistan cəmiyyətində  Sərkisyan rejiminə qarşı böyük nifrət formalaşıb. Bunu bilən Sərkisyan rejimi sərhəddə vəziyyəti gərginləşdirməklə daxili ictimai-siyasi vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Yəni, ölkə daxilində siyasi qütbləşmə pik həddinə çatıb və cəmiyyətdə Sərkisyan hakimiyyətinə nifrət son həddədir. Nifrət o qədər güclüdür ki, hətta, gənclər ordudan yayınır və birdəfəlik ölkəni tərk edirlər. Bu yolla isə Sərkisyan rejimi cəmiyyətin gözünü qorxutmaq  istəyir. Digər bir məqam da ondan ibarətdir ki, İrəvan Ermənistan-Azərbaycan sərhəddində təxribatlar törətməklə,  Putin "NATO"sunu, yəni, KTMT-ni, xüsusən də, Rusiyanı  prosesə cəlb etmək istəyir. Odur ki, bu gün  Ermənistan çox məkri planlarla məşğuldur. Amma hər halda Rusiya da vəziyyəti görür". Sonda Q.Hüseynli onu əlavə edib ki, İrəvan bütün bu təxribatları acizlikdən edir.

Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri, politoloq  İlqar Vəlizadə isə açıqlamasında deyib ki, 2016-cı il aprel döyüşlərindən sonra  erməni cəmiyyətində  sülh tərəfdarlarının  sayı artıb və onların mövqeyi cəmiyyətə möhkəmlənməkdədir:"Artıq Ermənistanın sabiq prezidenti  Levon Ter-Petrosyan bununla bağlı mövqeyini ortaya ataraq, "mərhələli sülh" variantını cəmiyyətə təqdim edib.Bu da erməni cəmiyyətində böyük rəğbətlə qarşılanıb. Petrosyan bu mövqedən yararlanaraq,  ölkədə keçiriləcək parlament seçkilərində uğur əldə etmək istəyir. Bu isə hakim  Serj Sərkisyan rejimini ciddi narahat edir. Ona görə də hər vasitə ilə  cəmiyyətdə sülh tərəfdarlarının mövqeyini zəiflətməyə çalışırlar. Son günlərdə cəbhə xəttində baş verən proseslərin bir amili də bununla bağlıdır". İ.Vəlizadənin fikrincə, hakim  Sərkisyan rejim  sərhəddə təxribat törətməklə, sülh tərəfdarlarına demək istəyir ki, "siz sülh istəsəniz də, baxın, Azərbaycan  münaqişəni sülh yolu ilə deyil, güc yolu ilə həllinə üstünlük verir".

"Bu yolla sülh tərəfdarlarının mövqeyini zəiflədərək, öz mövqelərini möhkəmlətməyə çalışır. Hakim rejim də yaxşı anlayır ki, sülh tərəfdarlarının mövqeyi bir az da möhkəmlənsə, vəziyyət tamamailə başqa istiqamətdə inkişaf edəcək.  2016-cı il aprel döyüşlərindən sonra ölkəni tərk edənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Odur ki, müharibənin erməni cəmiyyəti üçün hansı acı fəsadlar verdiyinin fərqindədirlər. 2016-cı ildə erməni deputatlardan biri çıxışında bildirdi ki, əgər əvvəlki illərdə ölkəni il ərazində 40-45 min insan tərk edirdisə, aprel döyüşlərindən sonra  tərk edənlərin sayı kəskin artıb. Nəticədə ötən il ölkəni rəsmi olaraq tərk edənlərin sayı 60 minə çatıb. Əgər  müharibə məsələsi reallaşarsa, o zaman   ölkənin tərk edənlərin sayı daha da artacaq. Odur ki, erməni cəmiyyətində ciddi narahatlıq var və onlar sülh variantına  razıdırlar. Ancaq hakim rejim buna mane olur və cəbhə xəttində bu mövqenin möhkəmlənməsinə imkan verməyərək təxribatlar törədir"- deyə, o, bildirib. Politoloq hesab edir ki, burada digər bir amil də var: "Bu da ondan ibarətdir ki, İrəvan təxribatları Ermənistan-Azərbaycan sərhəddində törətməklə, KTMT-ni  hansı vaxtilə olursa-olsun, bu prosesə cəlb etmək istəyir. Baxmayaraq, KTMT-yə daxil olan üzvlərin böyük əksəriyyəti bu məsələdə  Azərbaycanın mövqeyini dəstəkləyir, ancaq ermənilər təxribatı Ermənistan-Azərbaycan sərhəddində törətməklə niyyətlərinə nail olmağa çalışırlar".

K. HƏMİDOV

 





17.01.2017    çap et  çap et