525.Az

Azərbaycan 2016-cı ili böyük qələbə ilə tamamladı


 

APREL DÖYÜŞLƏRİ DÖVLƏTİMİZİN HƏRBİ GÜCÜ, İQTİSADİ POTENSİALI, SİYASİ NÜFUZUNUN ERMƏNİSTANDAN QAT-QAT ÜSTÜN OLDUĞUNU GÖSTƏRDİ

Azərbaycan 2016-cı ili böyük qələbə ilə tamamladı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı müşavirədə ötən il ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən işlər, qlobal böhranın ölkədə təsirlərinin minimuma endirilməsi istiqamətində reallaşdırılan islahatlarla bağlı fikirlərini bildirib, 2017-ci ilin Azərbaycan üçün uğurlu inkişaf dövrü olacağına əminliyini ifadə edib.

Prezident qeyd edib ki, Azərbaycan dünya miqyasında sabitliyi ilə seçilir: "2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunub. Yaşadığımız bölgədə və Yaxın Şərqdə qanlı toqquşmalar, müharibələr, terror aktları bölgədəki sabitliyə çox böyük zərbə vurub. Keçən il Azərbaycanda təhlükəsizlik qorunub, xalqın iradəsinə əsaslanan sabitlik, vətəndaş birliyi və həmrəyliyi daha da artıb. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayıb və yaşayır. Sabitliyin mənbəyi xalqımızın iradəsi və seçimidir. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, Azərbaycanın seçdiyi yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur".

2016-cı ilin dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacağını deyən İlham Əliyev vurğulayıb ki, ötən il Azərbaycan öz müstəqilliyinin bərpasının 25 illiyini yaxşı nəticələrlə, uğurlarla qarşılayıb: "İl ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir. 2016-cı ildə Azərbaycanın valyuta ehtiyatları qorunub və hazırda 33 milyard dollar təşkil edir. Görülmüş işlər dünyanın mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir.  Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 65-ci yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb. Azərbaycan MDB məkanında yenə də birinciliyi saxlayıb. 2016-cı ildə sosial sahədə bütün vəzifələr tam icra olunub, sosial məsələlər öz həllini tapıb. Maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaq. Orta təbəqənin maraqlarının qorunması üçün ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır".

İlham Əliyev Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəyini deyib. Prezident bildirib ki, bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan Ordusu ən müasir silah-sursat, texnika ilə təmin edilir: "Bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından dünya miqyasında güclü ordular sırasındadır".

Azərbaycanın heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyini deyən dövlət rəhbəri qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurub: "Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini azad edib və hazırda on minlərlə hektar torpağa nəzarət edir. Aprel döyüşləri bizim şanlı tariximiz, böyük qələbəmizdir. İllər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində Azərbaycanın qarşısında duruş gətirə bilməzlər. Aprel döyüşləri bir daha onu göstərir ki, Azərbaycan istənilən vaxtda məsələni hərbi yolla həll edə bilər. Haqq-ədalət, beynəlxalq hüquq normaları, tarixi həqiqət Azərbaycanın tərəfindədir. Azərbaycanın hərbi gücü, iqtisadi potensialı, siyasi nüfuzu Ermənistandan qat-qat üstündür". 

Dövlət başçısı onu da vurğulayıb ki, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz: "Bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək kredit qarşılığında Azərbaycana təzyiq göstərməyə və öz tələblərini təmin etməyə çalışıblar. Heç bir kənar qüvvə Azərbaycanı istəmədiyi layihəyə cəlb edə bilməz. Azərbaycan iqtidarı üçün əsas dövlətin, xalqın maraqlarıdır".

Bu il də Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməli, inflyasiyanın birrəqəmli olmasını vacib hesab edən ölkə rəhbəri bildirib ki, Azərbaycanın valyuta ehtiyatları qorunacaq və onun artımına da nail olunacaq: "Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində mühüm addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı, habelə inzibati və cəza tədbirləri görülüb. Bank sektorunun beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. 2017-ci ildə sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Sumqayıtdakı Texnologiyalar Parkı və Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Ora qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il təməli qoyulmuş Mingəçevir Sənaye Parkında  gələn aydan etibarən bütün inşaat işləri də başlanmalıdır. Birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İranlı tərəfdaşlarla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyulub. Balaxanı Sənaye Parkında işlər yaxşı səviyyədə davam etdirilir.  Masallı şəhərində sənaye zonası üçün yer ayrılmış və indi infrastruktur işləri gedir".

Prezident qeyd edib ki, Azərbaycan 2017-ci ildə uğurla inkişaf edəcək: "Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı ciddi addımlar atılacaq.

2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək.

Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz inkişaf dinamikasını sürətləndirəcək".

Prezidentin müşavirədəki çıxışına münasibət bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli "525"ə bildirib ki, Azərbaycanda ordu quruculuğu dövlətimizin daim diqqət mərkəzindədir: "Buna görə də Azərbaycan ordusunun gücü günü-gündən daha da artır. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən zəbt olunduğu üçün bizim əsas vəzifəmiz işğala son qoymaqdır. Bu məqsədlə Azərbaycan geridə qalan dövr ərzində iqtisadiyyatını inkişaf etdirərək ordu quruculuğu istiqamətində də mühüm addım atıb. Ölkə rəhbərliyi Silahlı Qüvvələrin maddi-texniki bazasını gücləndirmək, ordunu müasir silah-sursat və hərbi texnika ilə təmin etməklə bərabər hərbi kadr hazırlığına da ciddi diqqət yetirir".

E.Həsənli qeyd edib ki, bu gün Azərbaycan dövləti ordunun silahlanması məsələsinə də xüsusi diqqət yetirir: "Biz dünyanın ən nüfuzlu silah istehsalçısı olan ölkələrindən müasir silah-sursat, hərbi texnikalar alırıq. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən yeni silah-sursat və hərbi texnikalar var. Eyni zamanda, müasir hava hücumundan müdafiə, radar və rabitə sistemlərimiz mövcuddur. Malik olduğumuz silah-sursat bütün qoşun növlərimizi təmin etmək imkanındadır".

Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə toxunan hərbi ekspert söyləyib ki, nazirliyin yaradılması ilə Azərbaycan özü də silah istehsalçısına çevrilib: "Biz həm xarici ölkələrdən silah alır, həm də istehsal etdiyimiz silahların ixracı ilə məşğul oluruq".

Azərbaycan ordusunun peşəkarlığının hərbi təlimlərdə özünü bir daha göstərdiyini deyən E.Həsənli bildirib ki, aprel döyüşləri Azərbaycan ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malik olduğunu ortaya qoydu.

Hərbi ekspert vurğulayıb ki, ordu döyüşü, dövlət isə ümumilikdə müharibəni aparır: "Dövlətin media, qeyri-hökumət təşkilatları, ayrı-ayrı nazirliklər, dövlət xidmətləri ilə qurduğu iş onu deməyə əsas verir ki, 2-5 aprel hadisələrindən Azərbaycan dövləti, xalqı və ordusu alnıaçıq çıxdı. Hər kəsə bir daha bəlli oldu ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Torpaqlarımızı işğaldan azad etmək üçün ordumuza çox qısa bir müddət də kifayətdir".

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, ölkə başçısı İlham Əliyev müşavirədə qarşıda duran vəzifələrdən danışarkən ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyini vurğulayıb. O SİA-ya bildirib ki, aprel döyüşləri bizim parlaq qələbəmizdir və bu döyüşlər Azərbaycan dövlətinin gücünü göstərib: "Bununla illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edilib".

Deputatın sözlərinə görə, bu döyüşlərdən sonra hərbi-psixoloji əhval-ruhiyyə Azərbaycanın lehinə dəyişdi, Azərbaycan ordusu qalib ordu adını qazandı: "Ermənistan və onun havadarları gördülər ki, Azərbaycan nə qədər güclüdür, Azərbaycan ordusu nəyə qadirdir. Düşünürəm ki, hərbi-psixoloji əhval ruhiyyənin, eyni zamanda hərbi-siyasi nüfuzun Azərbaycanın lehinə olması artıq bu problemin həllində ölkəmizin maraqlarına uyğun olan yeni şərtlər formalaşdırdı. Elə bu şərtlər də 2017-ci ildə Dağlıq Qarabağ probleminin həllində mümkün irəliləyişləri diqtə edə bilər. Xatırlayırsınızsa, 2017-ci ilin büdcəsi qənaət büdcəsi kimi xarakterizə olunsa da, müdafiə xərclərinə ayrılan vəsaitə toxunulmazdı. Çünki bu, birbaşa milli təhlükəsizlik məsələləri ilə bağlı idi. Ancaq işğalçı Ermənistan öz hərbi büdcəsini ianələr və yardımlar hesabına formalaşdırmağa çalışır. Bu isə sabit  və yetərli vəsait olmasa da, hər halda müəyyən imkanlar yaradır. Bəllidir ki, belə imkanlar etibarlı deyil".

H.Babaoğlu əlavə edib ki, xarici havadarların da köməyi davamlı ola bilməz: "Ona görə də cənab Prezident qeyd etdi ki, xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində Azərbaycanın qarşısında duruş gətirə bilməzlər. Ermənistanda da dərk edirlər ki, onlara silah yardımı edən bəzi ölkələr getdikcə Azərbaycanla daha çox yaxın olmağa çalışırlar. Çünki ölkəmiz regionun güc mərkəzinə çevrilməkdədir. Belə olduqda Azərbaycan gələcəkdə işğalçı Ermənistana  silah yardımının edilməsinin də məhdudlaşdırılmasını tələb edə bilər. Ona görə də Ermənistan mövcud siyasi reallıqları düzgün dəyərləndirərək işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır".

Ceyhun ABASOV

 





17.01.2017    çap et  çap et