525.Az

Yarpaqlar hara düşür... (Elegiya)


 

Yarpaqlar hara düşür... <b style="color:red">(Elegiya)</b>

Onun ölümü barədə qəzetlərdən xəbər tutdum. Azərbaycan Dövlət İqtisadi Universitetinin maliyyə kafedrasının əməkdaşları özlərinin alim dostları, kafedranın dosenti Novruz Quliyevin vəfatından kədərlənərək ailəsinə başsağlığı verirdilər. Bütün ölümlərə inanmaq istəmirəm, bu ölümə də inanmadım. Axı bu qədər şaqraq gülüşlü, bu qədər insansevər, həyatsevər, dostsevər bir insan həyatdan belə tez ayrıla bilməzdi. Elə həmin anda da başımı qaldırıb göylərə, gözüm yetəri qədər yaxınlara və uzaqlara boylandım. Artıq bu dünya onsuzdur dedim...

Dünyasını dəyişən dostlarımız, doğmalarımız həmişə mənə ağacdan düşən yarpaqları xatırladıblar. Biri saralıb köçür, biri yaşıl, amma bütün hallarda bu yarpaq tökümünün bircə adı var – ayrılıq. Nə gedir bizdən gedir, bizim yan-yörəmizdən, bizim ətrafımızdan gedir. Amma ürəkdən heç nə gedə bilmir, hər şey onun üstünə, içinə gəlir. Yarpaqlar torpağa düşür, insanlar çiyinlərə, ürəklərə. Amma hər bir kəs özü boyda bu ana torpağı çiyninə qaldırır. Qaldırır ki, onu lap uzaqlardan da görə bilsinlər...

Xəyal məni uzaqlara apardı. Bakıya yenicə gəlmişdim, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ilk kursunda oxuyurdum. Günlərin bir günü məndən yaşca bir qədər böyük curnalist dostum İnqilab Həsənli məni öz dostugilə apardı. Bu, təxminən qırx il bundan qabağın söhbətidir. Səhv etmirəmsə, indiki Şərifzadə küçəsindən bir tin burulub, Yasamalın xırda evlərinin bir-birinə pərçim olduğu həyətlərindən birinə daxil olduq. Bu balaca həyətdə çoxlu qapı var idi. Adama elə gəlirdi ki, bu qapılar qapı deyil, hərəsi bir gözdür, gizli-gizli kirpik vurub, gəlib-gedənlərə baxırlar. Elə bu dəm həmin qapılardan biri açıldı və kandarında gülərüz, hündür boylu, enlikürək bir oğlan dayandı. Niyə orada durmusunuz, içəri gəlin – dedi. Əslində biz heç durmağa macal da tapmamışdıq. Sonralar mənə məlum oldu ki, Novruz müəllim bütün anlarda insanları qabaqlamağa çalışır. Hər ikimiz otağa daxil olduq. Novruz müəllimgilin kirayənişin qaldığı bu otaq uzunsov bir vaqonu xatırladırdı. Baş tərəfdə qoyulmuş çarpayıda nurlu sifət, üz-gözündən təbəssüm yağan bir qadın bardaş qurub oturaraq, yorğanını da çiyninə salmışdı. Bu, Novruzun anası idi. Ay oğul, məni bağışlayın, xəstəyəm, – dedi, – sizi ayaqüstə qarşılayammıram. İnqilab da, mən də – hər ikimiz minnətdarlıqla narahat olmayın dedik, yastığınız yüngül olsun. Onu da hiss elədim ki, İnqilab bu ailənin və Novruzun son dərəcə yaxınıdır. Novruz müdafiəyə hazırlaşırdı, ayrılanda mənə öz “avtoreferat”ını bağışladı. İllər keçəcək, İnqilab dönə-dönə mənə deyəcək ki, biz Novruzla nə dost, nə qohumuq, biz onunla qardaşıq. Qardaşdan da dost olur. İnqilabın danışdığı bir xatirə:

“Mən anamın tək övladı idim. Novruzgil isə bir neçə qardaş-bacıydılar. Tərtərdə rayon mərkəzində qonşu binalarda yaşayırdıq. Hər ikimiz də Tərtərdəki məktəbin eyni sinfində oxuyurduq. O qədər ünsiyyətimiz var idi ki, bir-birimizi danışmadan, uzaqdan belə duya bilirdik. Orta məktəb illəri arxada qaldı, Novruz avtomobil qəzasında dünyasını dəyişmiş bank müdiri qardaşının yolunu davam etdirərək, İqtisad Universitetinə daxil oldu. Mən isə bir qədər gec universitetin gurnalistika fakültəsinə qəbul oldum. Yataqxanada qalırdım. Bir gün yataqxananın həyətindən qulaqlarıma Novruzun doğma səsi gəldi. Aşağı düşüb görüşdüm. Sonra Novruz çıxıb getdi. Səhərisi bir də gördüm ki, o, məni yenə səsləyir. Dünən ayaqqabımın köhnə olması onun diqqətindən yayınmamışdı, mənə təzə bir ayaqqabı alıb gətirmişdi. İllər keçdi, bu həyatın daşlı-kəsəkli yollarında neçə-neçə ayaqqabılar geyinib, ayaqqabılar köhnəltdim. Amma Novruzun aldığı o dəri ayaqqabı qədər isti, rahat ayaqqabıya rast gəlmədim. Görünür, o dost payı olduğundan bu qədər əziz olub, mənim üçün unudulmaz xatirəyə çevrildi...”

Bəli, Novruz müəllim insanlara, qohum-qardaşa son dərəcə diqqətli və həssas idi. Yadımdadır, bir neçə il bundan əvvəl şəmkirli dostum, eloğlum Müseyibin oğlu İqtisad Universitetində təhsil alırdı. Xırda bir tələbə problemi yaranmışdı. Müseyiblə Novruz müəllimin yanına getdik. O, bu problemi tezliklə qaydasına qoydu. Bundan sonra, necə deyərlər, mən yalan oldum, Müseyib, bir də onun qardaşı Səməd gerçək. Beləcə, hamımızın birgə olan dostluğumuz, ünsiyyətimiz yarandı. Novruz müəllim ailə həyatı qurdu, övladları dünyaya gəldi. Ömür-gün yoldaşı Rəna xanım dəfələrlə qarşımıza çay-çörək gətirdi.

Ömrün elə çağları gəlir ki, özündən asılı olmadan neçə-neçə dürlü qayğıların əlində ələk-vələk olursan. Bunlara da dözmək olur, amma üstümüzü kəsən qəfil ağrı-acılar, xəstəliklər aman vermir ki, dost-tanışı vaxt-vədəsində axtaraq. Bir ara mən xəstələndim, bir ara İnqilab xəstələndi, Müseyibin ayağı amputasiya olundu, görüşlərimizə payız qırovu düşdü. Gümanımız telefonlara qaldı. Elə bax beləcə günlərin birində müəllim, alim dostumuz Novruz Quliyevin həyatdan köçməsindən xəbər tutdum. Rəna xanım deyir ki, elə bir ciddi xəstəliyi yox idi, bir balaca şəkəri var idi. Moskva altındakı sanatoriyaların birindən yenicə qayıtmışdıq. Bir qədər əvvəl bədənini yüngülvari dalamış iflicin əlamətləri əllərində qalmışdı. Bir gün evə qayıdıb gördüm ki, masanın arxasında oturub dərin xəyala dalıb. Sənə nə olub, gəmilərin batıb? – dedim. Köksünü ötürüb mən həmişə bu əllərimin çörəyini yemişəm. Onunla yazıb-yaratmışam, müdafiə eləmişəm, neçə-neçə kitablar bu əllərdən keçibdi. İndi əvvəlki gözəl xətlə yaza bilmirəm, Rəna, dedi və gözlərində yaş gilələndi.

Üstündən o qədər də ötmədi, günlərin bir günü evimizə gələn dostlarla oturub şən-şaqraq zarafatlar eləyib, xatirələr danışdı. Səhərisi gün isə bir quş kimi uçub getdi...

Həmişə Novruz müəllimin barəsində yaxşı sözlər eşitmişəm. Qayğıkeş dost idi, qayğıkeş insan, gözəl ailə başçısı, zəhmətkeş alim. Uzun illər – lap gənclik illərindən Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kafedrasında çalışıb, neçə-neçə nəsillərə sevdiyi peşənin incəliklərini öyrədib, məsuliyyətini andırdı. İnsanlar da yarpaqlar kimidir. Amma yazqabağı ağacların yarpağı olmur, tumurcuğu, bir də göynəyi olur. Novruz müəllimin itkisi yaz ağacının göynəyinə bənzədi...

Taleh HƏMİD

 





12.04.2013    çap et  çap et