525.Az

Dillər Universitetində mediatur - Fotoreportaj


 

UNİVERSİTETDƏ İMTAHANLARIN GEDİŞİ İZLƏNİLİB VƏ CAVABLARIN YOXLANILMASI PROSESİ HAQQINDA MƏLUMAT ƏLDƏ EDİLİB

Dillər Universitetində mediatur - <b style="color:red">Fotoreportaj</b>

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

Mediaturda 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədilə KİV nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri və ADU-nun İctimai Nəzarət Şurasının üzvləri iştirak ediblər. Onlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.

ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Əfqan Abdullayev deyib ki, hazırda universitetdə 6381 tələbə təhsil alır: "Onlardan 86 nəfəri qiyabi şöbədə oxuyur. Tələbələrin 6 121 nəfəri bakalavriat, 260 nəfəri isə magistratura

pilləsində təhsil alır. Ali təhsil müəssisəsinin professor-müəlllim heyətinə 770 nəfər daxildir". Professor qeyd edib ki, ADU-da payız imtahan sessiyasına dekabrın 30-dan start verilib. İmtahan sessiyası Pedaqoji (ingilis dili - alman dili), Pedaqoji (ingilis dili – fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və beynəlxalq münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura fakültələrində və SABAH qruplarında əyani şöbədə fevralın 3-dək, qiyabi şöbədə isə fevralın 9-dək davam edəcək. ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkii, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunması məqsədilə bir sıra yeniliklər edilib: “Artıq bu qış sessiyasından imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir. İmtahan prosesində tətbiq edilən yeniliklər yazı işlərinin yoxlanılmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan sonra

təkraryoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur”.

Ə.Abdullayevin dediyinə görə, imtahanlar yalnız yazılı formada keçirilir. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib: “Məlumat üçün bildirim ki, universitetdə 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün üniversitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib. Bununla yanaşıADU-da İctimai Nəzarət Şurası yaradılıb.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid bildirib ki, tələbələrə universitetdə aparılan islahatlar, yeni metod, İctimai

Nəzarət Şurasının fəaliyyətinin mahiyyəti izah olunmalıdır: “Tələbələr bilməlidir ki, onun ancaq oxumaqdan və savadını artırmaqdan başqa yolu yoxdur. Tələbə buna inandıqdan sonra zəhmət, əziyyət çəkib, özünə, biliyinə güvənərək uğur qazana bilər. Əgər universitet tələbələri arasında belə fikir, inam formalaşsa hesab edirəm ki, bu digər sahələrə də siraət edəcək. Professor Əfqan Abdullayev Dillər Universitetində yeni ab-hava gətirib. Yeni islahatlar aparılır. Tələbələr də onalara yaradılan bu şəraitdən yararlanmalıdırlar”.

R.Məcid vurğulayıb ki, Azərbaycan Dillər Universitetində daim müxtəlif səpkili tədbirlər təşkil olunub: “Təklif edərdim ki, universitetdə ədəbiyyat sahəsi ilə bağlı keçirilən tədbirlərin sayı artırılsın. Tez-tez Azərbaycan ziyalıları, mədəniyyət, incəsənət adamları ilə görüşlər təşkil olunsun. Hesab edirəm ki, tələbələrin Azərbaycanın mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış olması baxımından bu çox önəmlidir”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Dillər Universitetinin İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev isə bildirib ki, Azərbaycan Dillər Universitetində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan İctimai Nəzarət Şurasında tanınmış media nümayəndələri, qeyri-hökumət təşkilatları və eləcə də təhsil ekspertləri təmsil olunur: “ADU-da daimi fəaliyyət göstərən şura yaradılıb. ADU-nun rəhbərliyi tərəfindən bizə müvafiq yer ayrılıb. İctimai Nəzarət Şurasının üzvləri növbəli şəkildə hər gün orda olurlar. Şura üzvləri imtahan başlamamışdan əvvəl bütün otaqları gəzir və tələbələrlə görüşürlər. İmtahan başlayandan sonra isə şura üzvləri prosesi kənardan müşahidə edirlər”.

Şura sədri qeyd edib ki, tələbələrin imtahanlar və digər məsələlərlə bağlı onlara müraciət etmələri üçün müəyyən addımlar atmışıq: “Bununla bağlı Facebook sosial şəbəkəsində səhifəmiz və elektron poçtumuz fəaliyyət göstərir. Həmçinin, Azərbaycan Dillər Universitetinin hər bir korpusunda şəffaf

qutular qoyulub. Hər bir tələbə həmin qutuya yaxınlaşaraq adını da qeyd etmədən onu narahat edən bütün məsələlərlə bağlı təklif və şikayətini bildirə bilər. Biz də həmin məktublara baxıb onları universitet rəhbərliyi ilə müzakirə edək. Çünki rəqabətli dövlət və cəmiyyət yaratmaq istəyiriksə, eyni zamanda rəqabətli təhsil müəsissələri də yaratmalıyıq. Həmçinin, rəqabət qabiliyyətinə davamlı tələbələr də hazırlamalıyıq ki, onlar həm ölkə daxilində həm də ölkə xaricində sağlam rəqabət apara bilsinlər”.

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

S.QARAYEVA

 





18.01.2017    çap et  çap et