525.Az

Tanıdığımız və “tanımadığımız” məşhurlar...


 

Tanıdığımız və “tanımadığımız” məşhurlar...<b style="color:red"></b>

Belə-belə işlər, Əliqismət müəllim...Heç ağlıma da gəlməzdi ki, günlərin bir günü özümüzü yenidən oxuculara, tamaşaçılara, dinləyicələrə, hətta dost-tanışlara, qohum-əqrabaya belə, yaxından tanıtmalı olacağıq. Sən demə, yaşanan ömürlərdən qalan ancaq yaddaşdakı xatirələrmiş ki, onu da zaman-zaman toz basır, bizim yaşıdlarımızın çoxu xatirələrini söyləməyə auditoriya tapmır, müasirlərimiz olan gənc nəslin isə keçmişi öyrənməyə həvəsi və vaxtı da yoxdur. Mən onları heç qınamıram da, İNTERNET boyda nəhəg bir xəzinə var əllərində. Necə deyərlər, dünya barmaqlarının ucunda, hadisələr gözlərinin önündə, planetin bu başında oturub o biri başı ilə danışmaq, yazışmaq, bir-birlərini virtual görmək və sevmək şansı da ki, istəklərinə bağlı...

Bu nostalji dolu gəzişməmə səbəb bəzi mətbuat orqanlarında çalışan həmkarlımın sizin haqqınızda yaydığı təəccüb dolu bir xəbər oldu. Qəzetçilər heyrətlə yazırdılar ki: “Musiqili Komediya Teatrının  direktoru Əliqismət Lalayevin sən demə, həm də gözəl aktyorluğu varmış...”. Onlar televiziya kanallarının birində bədii qiraətinizi görüb demişdilər bunu...

Mən həmişə demişəm və bu gün də təkrarlamaq istəyirəm ki, hər bir insanın ömrü onu tanıyanların yaddaşı qədərdir. Yaddaş da ki, çox incə və ehtiyatla davranmağı sevən bir nəsnədir. Bir də görürsən virtual dostluqlarda olduğu kimi, yaddaşlara elə blok qoyurlar ki, nə səbəbini bilirsən, nə də yenidən ora qayıtmağı qüruruna sığışdırırsan...Nə isə , bu bir ayrı söhbətin mövzusudur...

Bəli, bilənlər, görənlər, bir vaxt sizin mahir ifaçılığınıza və tamaşalarınıza həsəd aparanlar, bu gün də təəssüflə söyləyirlər ki, məmurluq fəaliyyəti ilə bağlı olaraq, Azərbaycan teatrı Əliqismət Lalayevin simasında istedadlı və bənzərsiz bir rejissoru, gözəl bir aktyoru itirdi. Ancaq...sizi ilk gənclik illərindən tanıdığım üçün inamla deyə bilərəm ki, əslində  bir vaxt aktyor kimi səhnəyə çıxaraq bir-birindən maraqlı obrazlar yaratmağınızın əsas səbəbi, rejissorluğunuzdan irəli gələn bir ehtiyacı susdurmaq, ovundurmaq cəhdi idi. Yoxsa, Tofiq Kazımov kimi qüdrətli bir rejissordan və pedaqoqdan aldığınız dərsin meyvələrini dərə bilməzdiniz, ya da ki, bir vaxtlar böyük bir həvəslə seçdiyiniz peşəyə, sənətə sədaqətsizlikqə qınayardınız özünüzü...İncəsənət İnstitutunu bitirərkən diplom işi kimi quruluş verdiyiniz tamaşa – o zaman Azərbaycan dilində ilk dəfə səslənən Amerikalı dramaturq T.Ulyamsın “Sökülən yurd” pyesi barədə o dövrün nüfuzlu rəsmi qəzetlərinin yazdığı  ümid dolu resenziyalardakı fikirlərə biganəliyiniz üçün də yəqin ki, özünüzü bağışlamazdınız heç vaxt. Ən əsası sinfini əla qiymətlərlə bitirdiyiniz o qüdrətli kişinin – Tofiq Kazımovun əməyini, aldığınız qırmızı diploma çəkilən zəhməti, gözü yollarda, qulağı səsdə olan Əzizə ananın ümidlərini daşa vurmuş olardınız...Siz tale yolunuzu özünüz seçdiyinizdən doğulduğunuz ocağın, adı gedəcəyiniz ünvanla həmqafiyə olan Salyanın yollarını Naxçıvana calamaq qismətini də təhtəlşüur qəbul etmişdiniz.

Sizin üçün ən böyük sınaq meydançası-həm həyat, həm də səhnə fəaliyyəti anlamında-Naxçıvan  oldu.

“1980-ci ilin isti yay günlərinin birində Naxçıvana bir  gənc gəldi. Əvvəlcə Mədəniyyət Nazirliyində çalışdı. Təyinatla rejissor göndərilsə də, teatrda boş rejissor ştatı olsa da, onu işə aktyor kimi qəbul etdilər...Teatrda ilk işi isə P. Messinanın  “Sükut divarı“ tamaşasında Antonio rolu oldu. Bu tamaşa Bakıda göstəriləndən sonra “Ədəbiyyat və incəsənət” qəzeti yazmışdı ki: “Əliqismət Lalayev  öz emosional və təbii oyunu ilə bütün tərəf-müqabillərindən fərqlənirdi.”

Naxçıvan Poeziya Teatrı fəaliyyətə başlayanda səhnəyə qoyulan ilk pyes dahi Azərbaycan dramaturqu, romantik poeziyamızın ustadı Hüseyn Cavidin həyatına və yaradıcılıq taleyinə həsr olunmuş “Mənim Tanrım gözəllikdir, sevgidir” əsəri oldu və  Əliqismət  Lalayevə Cavid əfəndinin obrazını yaratmaq  həvalə edildi. Hüseyn Cavidi ilk dəfə səhnədə canlandırmaq, həm də salonda  şairin ciyərparasının – Turan xanımın əyləşdiyini bilmək cavan aktyor üçün çox çətin və ağır sınaq idi. Əliqismət müəllim indi də tez-tez o anları xatırlayır və sidq-ürəklə deyir ki, əgər bu gün məni təkrar bu tamaşaya dəvət etsəydilər və möcüzə baş versəydi, Turan xanım salonda oturub illər boyu xəyalında      sevib – əzizlədiyi, yaddaşının aynasında yaşatdığı babasının-o ayrılıq məqamındakı kimi  gənc, gözəl, müdrik və qüdrətli babasının  səhnəyə çıxacağını dördgözlə  gözləsəydi, inanın ki, mən səhnəyə çıxa bilməzdim. Ancaq o vaxt  tamam gənc idim və görünür hələ çox mətləbləri yetərincə dərk etmək iqtidarında deyidim.

Yeri gəlmişkən, mən həmkarım Cəlil Vəzirovun-bu tamaşanın yaranma prosesini yaxından izləyən və tamaşanın qazandığı uğuru gözləri ilə görən jurnalist-tədqiqatçının qeydləri ilə fikrimi bir qədər də cilalamaq, həmin tamaşa gecəsi yaşananların dəqiq mənzərəsini göz önündə sərgiləmək istəyirəm:

“Bütün tamaşa boyu Cavid — Əliqismət Lalayev səhnədədir və hadisələrin mərkəzində dayanır. Biz Cavidi gah gülər, gah çılğın, gah qəzəbli, gah da mülayim görürük. Aktyor Cavidin keçirdiyi mənəvi iztirabları, şairin romantik  ovqatını səhnədə ustalıqla canlandırır”.

Hüseyn Cavid şəxsiyyətinə və poeziyasına tükənməz maraq və sevgi ona çox fərqli və çox da maraqlı bir obraz yaratmaq imkanı verdi. Bu tamaşa və onun oynadığı rol barədə o vaxtlar çox yazıldı, çox deyildi, lakin gənc aktyor üçün ən böyük qiymət, ən dəyərli mükafat Turan Cavidin “Mən babamı gördüm, sağ ol!”- sözləri oldu.

Tanınmış rejissor Azər Paşa Nemət o vaxtlar  Naxçıvan teatr aləmi ilə sıx əlaqə saxlayan istedadlı rejissorlardan idi. O, kollektivlə görüşəndən sonra quruluşunu verdiyi “Kabinet əhvalatı” pyesində baş rolu oynamağı Əliqismət Lalayevə həvalə etmişdi, gənc aktyor həm də bu tamaşada rejissorun assisenti kimi xeyli zəhmət çəkməli olurdu.

Naxçıvan teatrının 80-ci illərin uğur qazanmış səhnə əsərlərində oynadığı obrazları ilə Ə. Lalayev teatrın aparıcı aktyorları arasında öz yerini möhkəmlətsə də, fikri-zikri əsas sənətinin – rejissorluğun yanında idi. Oynadığı rolların hamısına əmək sərf eləmişdi, yuxusuz gecələr keçirmişdi, bir mizanı, bir hərəkəti tapmaq, cılalamaq üçün dönə-dönə məşq etmişdi, ancaq nə qazandığı uğurlar, nə tamaşaçı alqışları, nə də mütəxəssislərin müsbət rəyi onun arzusuna və can atdığı niyyətə mane olmağa qadir deyildi.

Sizin, Əliqismət müəllim, “Həyat rejissoru” adlı kitabınızda çap olunmuş məqaləsinə bir neçə dəfə istinad etdiyim müəllifi, bütün həyatını Azərbaycan, ilk növbədə isə Naxçıvan teatrının tarixini araşdırmağa, bir çox sənət adamları və teatr tamaşaları barədə sanballı resenziyalar yazmağa həsr edən teatrşünas, mərhum Cəlil Vəzirovu ehtiramla yad edirəm. Çünki yazılanlar əşyayi-dəlil kimi  qalır və yeri gələndə bir çoxlarının istifadə etdiyi qiymətli mənbə olur. Onun bir əyalət teatrında  sizin yaratdığınız rollar, quruluş verdiyiniz tamaşalar,  bu şəhərin mədəni-ictimai həyatında bu gün də  görünən yeriniz və sizi tanıyanlar tərəfindən ehtiramla xatırlanan fəaliyyətiniz barədə bir kitab da hazırladığından xəbərdaram və deyilənə görə  o kitab elə sizin təvazökarlığınızın ucbatından hələ də çap edilməyib. Nə bilmək olar, bəlkə o kitab oxuculara təqdim edilsəydi, bu günün gəncliyi sizi daha yaxından tanıyardı!

Mən bu an, 5-10 il sonra hansısa cavan bir jurnalistin heyrətlə verəcəyi sualı da eşidirəm: deyirlər, Əliqismət Lalayev həm də yaxşı rejissor olub, bu düzdür?

Bu yazıdan sonra həmin  sualın gündəmə gələcəyini, maraq doğuracağını nəzərə alıb onu cavablandırmağa tələsirəm: bəli, Əliqismət Lalayev istedadlı, öz dəsti-xətti olan, fərqli səhnə yozumuna  malik , novator bir rejissor olub!

İstər Naxçıvandakı uzun illər teatr yaradıcılığı, istər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin rəisi və sonralar Mədəniyyət və Turizm Nazirliyində incəsənət şöbəsinin müdiri vəzifələrində işləyərkən ölkə teatrlarının inkişafı, yaradıcılıq fəaliyyətinin istiqamətləndirilməsi sahəsində onun xidmətləri xüsusi qeyd edilməlidir. Hələ Naxçıvan teatrında quruluşcu rejissor vəzifəsində çalışarkən  istedadlı aktyor və rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb etmiş və mütəxəssislər hər zaman onu bacarıqlı, ümidverici bir yaradıcı şəxs kimi qiymətləndirmişlər. Onun hazırladığı əsərlər ideya-bədii düşüncə tərzi, səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmiş, bu tamaşalar müxtəlif illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi mükafatlarını almışdır. Naxçıvan teatrında quruluş verdiyi əsərlər arasında Hüseyn Cavidin “Ana” və “Uçurum” mənzum dramları, Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” və “Kamança” pyesləri əsasında “Keçən günlər” komediyası, Emin Sabitoğlu və Sabit Rəhmanın “Hicran” musiqili komediyası, Hidayət Orucovun “Məni qınamayın” psixoloji  komediyası, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”, Aleksey Dudaryevin “Astana”əsərləri... siyahını uzadıb sizi yormaq istəmirəm. Ancaq inamla deyə  bilərəm ki, aktyorluq və rejissorluq  fəaliyyəti Naxçıvan teatrının əsl intibah və çiçəklənmə dövrünə təsadüf edən Əliqismət Lalayevin özü də elə bu inkişafın və tərəqqinin inkişaf mexanizmini hərəkətə gətirən əsas qüvvələrdən biri idi. Təəssüf  ki, o illər bir çox teatr tamaşalarının, kütləvi tədbirlərin kino və  ya televiziya lentlərində əbədiləşdirilməsi o qədər də asan məsələ deyildi, hər kəsin də evində videokamera və ya bu gün dəbdə olan elektron informasiya texnologiya nümunələri yox idi və ən əsası o ilin gəncliyi də öz istedadinı bu yolla təbliğə o qədər  həvəsli  deyildi sanki. Elə bu səbəbdən də Azərbaycan Televiziyasının qızıl fonduna daxil olan “Ana” (H.Cavid) faciəsindən başqa bir tamaşa qalmadığından, bu səhnə əsərlərinin təsir gücünü yalnız sözün köməyi ilə cızmaq məcburiyyətindəyik və nə yazıq ki, söz bəzən hiss və duyğuları görüntü qədər dəqiq və rəngli ifadə etmək təsirinə malik olmur.

Əliqismət Lalayev bu gün də rəhbərlik etdiyi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının fəaliyyətində diqqəti cəlb edən uğurlu tamaşaların hazırlanmasına imza atır. Onun layihəsi ilə teatrda qoyulan əsərlər bu gün Musiqili Komediya Teatrının yaradıcılığında əsl dönüş yaradıb.

Teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan və dövlət teatrları tarixində ilk antrepriz tamaşa kimi yadda qalan N.Qoqolun “Evlənmə” (2011) tamaşası məhz Əliqismət Lalayevin rəhbərlik etdiyi dövrdə ən yaxşı səhnə əsəri kimi Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görüldü.

Milli teatr sənəti sahəsindəki uğurlarına görə 2012-ci ilin may ayında “Yaxşıların yaxşısı” Milli Mükafatına layiq görülmüş teatr rəhbəri, kollektivin vətənimizin hüdudlarından kənarda tanınması üçün də böyük layihələr həyata keçirib. Belə ki, son 4 ildə teatr bir çox Beynəlxalq Festivallarda iştirak etmiş, Rusiya (Moskva, Novosibirsk, Yekaterinburq), Gürcüstan (Tiflis, Marneuli, Bolnisi), Türkiyə (Bayburt) dövlətlərində qastrollarda olmuş, həmçinin Azərbaycan teatrının 140 illik tarixində ilk dəfə olaraq okeanın o tayına – Amerikaya səfər etmişdir.

Beləliklə, sanki yaxşı “Tanıdığımiz məşhurlar”dan birinin – Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin  üzvü Əliqismət Lalayevin aktyorluq və rejissorluq fəaliyyəti ilə qısaca da olsa sizi tanış etdik, bir sualın da cavabını  çözdük. Və bir daha əmin olduq ki,  bu gün milli teatr sahəsində çalışan hər kəslə Əliqismət Lalayevin müzakirə edə bilmək və həlledici söz demək haqqı var. Çünki o, həm yaxşı ədəbiyyatçı, bacarıqlı teatr təşkilatçısı, istedadlı  aktyor və doğrudan da  əsl  səhnə və həyat rejissorudur...

 





12.04.2013    çap et  çap et