525.Az

“Daş yuxular”ın erməni dilinə çevrilmiş versiyası gələn həftə satışa çıxarılacaq


 

“Daş yuxular”ın erməni dilinə çevrilmiş versiyası gələn həftə satışa çıxarılacaq<b style="color:red"></b>

Əkrəm Əylislinin “Daş yuxular” romanının erməni dilinə tərcümə edilmiş variantı gələn həftə Ermənistanın kitab mağazalarında satışa çıxarılacaq.

APA-nın “Novosti Armeniya”ya istinadən yaydığı məlumata görə, bu barədə “Nork” nəşriyyatının rəhbəri Ruben Ovsepyan bildirib.
 
Onun sözlərinə görə, kitab 1000 tirajla nəşr olunacaq. Ruben Ovsepyan “Daş yuxular” əsərinin erməni jurnallarından birində də dərc olunacağını bildirib: “Bu kitabı nəşr etməmək bizim üçün utancverici olardı”.
 
Ovsepyan bildirib ki, kitabın tərcüməsi və nəşri ilə bağlı müəllifdən razılıq alınmayıb. Nəşriyyat nümayəndələri romanın çapına icazə almaq üçün yazıçı ilə elektron poçt vasitəsilə əlaqə yarada bilməyiblər: “Ya yazıçının elektron poçtu bağlanıb, ya da o müraciətlərə cavab vermir. Yazıçı cavab verməyib, bu o demək deyil ki, o, romanın tərcüməsinə razılıq verməyib. Hesab edə bilərik ki, məktublarımız ona çatmayıb, çünki onun poçtu bağlanıb. Dünyada elə bir yazıçı tanımıram ki, əsərlərinin erməni dilinə tərcümə olunmasına razı olmasın”.
 
Ermənistandakı naşirlər müəllifin razılığı olmadan romanın erməni dilində nəşri ilə bağlı məsuliyyəti öz üzərlərinə götürüblər: “Əgər Əylisli nə vaxtsa başqa ölkəyə köçsə - hansı ki bu, gözləniləndir – onun maliyyə və yaxud başqa problemləri yaransa, biz ona kitabın nəşrinə görə kompensasiya ödəməyə hazırıq”.

 





12.04.2013    çap et  çap et