525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasındanlatın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli ötən şənbə sayımızda) 

Erməni fraksiyasının bəyannaməsi

Malxazyan - şu bəyannaməyi oxuyur:

Biz Gəncə və Bakı şəhərləri erməni milli şuraları nümayəndələri Azərbaycan Cümhuriyyətinin ali müəssisəyi-təşriyyəsinə daxil olaraq siz, məbus cənabları və sizin şəxsinizdə kəndi müqəddəratını kəndi əlinə almış olan türk millətini təbrik ediyoruz. (Şiddətli alqış).

Biz parlamana gəldikdə gərək türk millətinin və gərək Azərbaycan Cümhuriyyəti daxilində ümum sair millətlərin mənfəəti üçün səmimi surətdə çalışmaq arzusilə gəldik.

Bu məqsədə çatmaq üçün biz cümhuriyyət həyatında ciddi və doğru bir surətdə sarsılmaz etirafi-hüquq və nizami-asayiş əsasları yürütməgi lazım biliyoruz. Həm də Azərbaycan daxilində bütün vətəndaşlar qanun hüzurunda tam mənasilə və şübhəsiz müsavat hüquqa malik olmalıdırlar.

Bizcə bu intizam və hüquq ancaq o vəqt olar ki, Azərbaycan daxilində əqəliyyət təşkil edən ümum millətlərə türk milləti ilə bərabər milli, mədəni məsələlərdə təyini-müqəddərat ixtiyarı verilsin.

Biz var qüvvəmizlə gərək cümhuriyyət daxilində və gərək onun xaricində hər dürlü təməssül, cahangirlik və qəsbkarlıq arzusilə mübarizə edəcəgiz. Böylə arzuları biz həqiqi demokratik-hüquqi dövlət fikrinə müğayir və cümhuriyyətin mövcudiyyəti üçün təhlükəli hesab ediyoruz.

Biz dərin bir etiqad ilə inanıyoruz ki, gərək təşəkkül etmiş cümhuriyyətlər daxilində və gərək onların xaricində Zaqafqasiya millətləri biri-birilə sülh ilə yaşayıb sıxı və səmimi bir surətdə birləşməsələr nə sakitlik ola bilər, nə də doğru sülh, sakitlik və möhkəm sülh olmadıqca nahiyyənin mədəni tərəqqisi və təalisi və əhalinin rifah və səadəti mümkün olmaz. Halbuki hər bir hökumət buna çalışmalıdır. Ona görə biz var qüvvəmizlə Zaqafqasiya millətləri arasında hüquq və ədalət əsasilə birlik və müvafiqət hüsulinə çalışacağız. Çünki nə qədər Zaqafqasiya millətlərindən vəloinki bir qisminin belə qanuni hüquq və tələbatına əməl edilməsə və həyati-milliyyəsi məhfər olsa nə sakitlik ola bilər, nə hökmi-sülh və Zaqafqasiya da daima bir beynəlmiləl münaqişə, ədavət və müsadimə meydanı olar.

Binaənileyh biz var qüvvəmizlə ayrı-ayrı millətlərin sair cümhuriyyətlər zərərinə olaraq özü üçün xüsusi və faiq bir mövqe hüsulinə çalışması müqabilinə və qonşu millətlərin və yeni cümhuriyyətlər daxilində azlıqda qalan millətlərin hüququna hər dürlü təcavüz əleyhinə mübarizə edəcəgiz.

Biz, təcavüzkaranə xarici siyasət əleyhdarı olaraq biz Azərbaycan hökumətilə qonşu millətlər arasında olan ümumi ixtilaflı məsələlərin ədalət üzərinə sülh təriqilə həllinə çalışacağız.

Böylə ixtilaflı məsələlər cümləsinə bir əsası Qarabağ məsələsini də daxil ediyoruz. (Mərkəzdən: İxtilaflı degil! Məhəmməd Əmin: Həll olunmuş məsələdir). Ki buraya eyni zamanda Ermənistan hökuməti də həqqi-hakimiyyət elan ediyor, Azərbaycan hökuməti də. Və bu məsələ sair ixtilaflı məsələlər kibi inanıyoruz ki, istəsək sülh təriqilə həll edilə bilər.

Ümumiyyətlə cari işlərimizdə biz cahan demokratiyasına azadlıq gətirmiş olan idealları rəhbər tutacağız.

Geniş zəhmətkeş əhali mənafeyi nöqteyi-nəzərində duraraq biz həmişə Azərbaycan Cümhuriyəti millətlərinin iqtisadi və mədəni tərəqqisinə bais olacaq ümum tədabiri-qanuniyyəyi müdafiə edəcəgik. Fəhlə və topraq həqqindəki qanunlar məsələsində zəhmətin tamamilə azadı və toprağın zəhmətkeş əkinçilərə verilməsinə və hüquqi xəlq hakimiyyətinə səy edəcəgiz.

Bu parlamanı müvəqqəti bir müəssisə hesab edərək biz cəmaət ixtiyarına kənar təzyiqləri qeyri-mümkün edən və azad surətdə arzusunu söyləməyə imkan verən əsaslar ilə çağrılmış cümhuriyyət Məclisi-Müəssisanı vasitəsilə cəmaətin həqiqi arzusunun bəyanına nail olmağa çalışacağız.

İştə məbus əfəndilər, biz bu əsasları rəhbər tutacağız. Nəhayət, bunu da əlavə etməgi lazım biliyoruz ki, Azərbaycan millətlərinin həqiqi mənafeyinə səmimi bir surətdə çalışaraq biz erməni məbusları Azərbaycan parlamanına girərkən erməni parlamanına girsəydik hiss edəcək olduğumuz qədər şimdi də, gələcəkdə dövləti vəzaif və məqasid və dövlət quruluşu məsələlərində öhdəmizə düşən məsuliyyəti hiss edərək giriyoruz. (Gurultulu alqış).

Sədr - Növbədəki məsələ Müsavat fraksiyonu təklifidir. Məzmunu da budur: (oxuyur)

Şimdiyə qədər əksər komisyonların təşkilində qəbul olunan hər fraksiyondan bir nümayəndə vermək üsulu əvəzinə Məclisi-Məbusan komisyonlarının aşağıdakı tərtib ilə təşkilini təklif ediyoruz: Ona qədər əzası olan fraksiyon bir nümayəndə verib. Ondan yuxarı əzayə malik olan fraksiyonlar isə beşdən yuxarı olan kurun tamam on kibi hesab edilməsi şərtilə hər on adama bir nümayəndə verirlər. Bundan sonra təşkil ollunacaq komisyonlar bu üsul ilə təşkil olunduğu kibi bundan əvvəl təşkil olunmuşlar dəxi bu tərtib ilə təşkil olunmalıdırlar.

Sədr - Bu barədə kim danışmaq istiyor buyursun.

Mahmudov Mustafa - (yerindən) Tərcümə edilsin.

Sədr - Söz Aslan bəy Qardaşovundur.

Qardaşov - (Əhrar) Parlamanda baxılmaq üçün bir nakaz təklif olunacaqdır.

Bu nakazda komisyonların surəti-təşkili barəsində izahat vardır, nə cür təşkil olunacağı göstərilmişdir. Bu layihəyi qəbul etsək, nakaza ehtiyac qalmıyor. Məhəmmədbəyovun sözünə bən də şərikəm. Əvvəl nakaza baxılsın, ondan sonra Müsavatın təklifinə.

Sədr - Söz Əhmədzadə Yusifindir.

Yusif Əhmədzadə - (bitərəf) Müsavat firqəsi tərəfindən təklif edilən layihənin müzakirəsi bizim bitərəflər fraksiyası lazım biliyor ki, saxlansın, taki nakazdan sonra baxılsın.

Sədr - Mahmudov Mustafa.

Mahmudov - (Müsavat) Müsavatın təklifi ki, komisyonlara verilən üzvlərin ədədi nəzərə alınsın, bu fraksiya tərəfindən həvayi bir xahiş degildir.

Biz görüyoruz ki, hər fraksiya komissiyaya bir adam verəndə az mövcudlu fraksiyaların adamları 3-4 komisyonda üzv bulunurlar və məzkur komissiyaların bütün iclaslarında isbati-vücud edəmiyorlar. O səbəblə komissiyaların iclası kvorum yoxluğundan qalıyor. Burada deyirlər ki, nakazda komissiya həqqində dəsturüləməl göstəriləcəkdir. Fəqət bən o komissiyanın katibi olduğum üçün ərz edərəm ki, orada böylə şey yoxdur. Əgər öylə bir iş olsaydı, nakaz ruznameyi-müzakiratın axırında olduğundan ola bilər ki, heç bu gün müzakirə edilməsin, gələcək iclasa qalsın.

Bu surətlə də komisyonların iclasları təxirə düşəcəkdir. Halbuki vəqt tənk, iş çoxdur. Gündən-günə komisyonların işi daha da artıyor. Binaənileyh bən fraksiyon tərəfindən təklif edərdim ki, Müsavat firqəsinin təklifi bu gün müzakirə və qəbul olunsun. Çox üzvlü fraksiyalar az ədədlilərin yerini doldurmaq surətilə komisyonların əza miqdarını təkmil edək.

Sədr - Söz Qardaşov Aslan bəyindir.

Qardaşov - Bən məsələnin eyni mətləbini danışmıyoram, bircə onu diyoram ki, bu məsələ Müsavat deyən kibi nakazda olmalı bir maddədir. Hərgah bu üsul göstərilsə nakazdakı maddələr bir az təbdil ediləcək olursa eyni məsələ hasil olar.

Bən təklif edirəm, əvvəl nakaza baxılsın.

Sədr - Söz istəyən yoxsa, məsələyi bitmiş hesab edərək səsə qoyuram.

Rəfiyev - (yerindən) Bənə söz veriniz.

Sədr - Söz Musa bəy Rəfiyevindir.

Rəfiyev - (Müsavat) Hərgah Müsavatın təklif etdigi məsələ nakazda olsaydı biz də Aslan bəyin sözünə şərik olardıq. Məəttəssüf nakazda bu məsələyə dair bir şey yoxdur. Parlaman üzvləri bilirlər ki, komissiyalar nə cür işliyorlar, ələlxüsus büdcə komissiyasından 8 əza var.

Əlbəttə cənab sədr bu gün təklif edəcək ki, bu miqdar iki dəfə artsın (sədr - var, var) nə üsul ilə olur-olsun. Biz təklif ediyoruz nakaza baxılanadək bu təklif qəbul olunsun. Nə vəqt nakaza baxılsa o gün bu da nakaza daxil olar.

Sədr - Söz istəyən yoxsa, səsə qoyuram, hər kəs Müsavatın təklifini qəbul ediyorsa əlini qaldırsın (18), kim əleyhinədir əlini qaldırsın (9), hər kəs səs vermiyor rica edirəm əlini qaldırsın. Deməli məsələ keçiyor. Bərayi-məlumat ərz etmək istərəm ki, fraksiyaların üzvləri bu miqdardır: “Müsavat” 23, “İttihad” 11, “Əhrar” 8, “Hümmət” 4, Sosialistlər ittifaqı 7, bitərəflər 12, rus-slavyan 5, erməni 6, iki üzv də heç bir firqəyə daxil degildir. Bu münasibətlə təvəqqe ediyorum onlar hankı fraksiyaya daxil olduqlarını bildirsinlər. Hacı Kərim Saniyevdən təvəqqe edirəm hankı fraksiyadan olduğunu bildirsin. Adı bitərəflər siyahısında var.

Saniyev - Bən hümmətdənəm.

Sədr - Əşrəf Tağıyev hankı fraksiyadandır.

Tağıyev - “Əhrar”dan.

Sədr - Əfəndiyev Mirzə hankı fraksiyadandır.

Əfəndiyev - “Əhrar”, “Əhrar”!

Sədr - Ağa Aşurov hankı fraksiyaya mənsubdur?

Aşurov - Bən heç bir fraksiyaya mənsub deyiləm.

Səslər - Dikidir (ümumi gülüş).

Sədr - Tağıyev Ağazeynal bir aydan ziyadədir ki, gedib və heç bir məlumat verməmişdir. Parlamanda qəbul edilmiş qanuna görə mümaileyh parlaman üzvligindən xaric hesab ediliyor. Bələdiyyə idarəsindən rica edərdim onun əvəzinə başqa bir adam göndərsin. Erməni fraksiyasından komissiyalara bu qərar ilə nümayəndə veriliyor: ləvazim komisyonuna Amaspur, nizamnamə - Papyan, topraq - Arşak Malxazyan, maliyyə-büdcə - S.Tağyanosov, fəhlə komisyonuna - Cubaryan, mandat - Papyan, Məclisi-Müəssisan dəvəti komisyonuna - Yervand Tağyanosov, sorğu komisyonuna - Yervand Tağyanosov, etiraz yoxsa qəbul olunur. Keçən səfər iki komisyona adam seçiliyordu: Ləvayehi-qanuniyyə və məmləkətin hasilatını hüsni-istifadə komissiyalarına seçki tamam olmadı. Rica edirəm şimdi əza göstərəsiniz. Şimdiyə qədər göstərilənlər bunlardır: Ləvayehi-qanuniyyə komisyonuna - A.Malxazyan, Mahmudbəyov Babaxan, Kujin Vasili, Ağa Əminov, Abdulla əfəndi Qəbulov, Vanseviç, Pepinov, Camalbəyov.

Məmləkətin məhsulatını hüsni-istifadə komisyonuna, Tsxoqaya, Vəzirov Zeynal bəy, Vinoqradov, Əhmədov Yusif, Paronyan, Əliyev Yusifəli və Qardaşov Aslan bəy.

Bu miqdarda daha əza əlavə ediyormusunuz? Buyurun: Aslan bəy Qardaşov.

Qardaşov - Bir sualım var, nə səbəbə bənim təklifim səsə qoyulmadı? Ona görə...

Sədr - Bağışlayın, məsələ qəbul olunub keçib. Bitərəflər fraksiyasından komissiyalara bu məbuslar təklif olunurlar: etibarnamə komisyonuna - doktor Bəhram bəy Axundov, nizamnamə komisyonuna - Abduləli bəy Əmircanov, Məclisi-Müəssisan seçkiləri komisyonuna - Behbud xan Cavanşir, etiraz yoxsa qəbul olunur. Növbədə məzuniyyətlər məsələsidir.

Katib - Asif bəy Şıxəlibəyov iki həftə, Abdulla bəy Əfəndiyev üç həftə, Bəhram bəy Vəzirov bir ay məzuniyyət həqqindəki ərizələrini oxuyur.

Sədr - Bu 3 ərizəyə etiraz yoxsa, qəbul olunur. Söz Əliheydər Qarayevindir.

Qarayev - (“Hümmət”) Əfəndilər! Bu vəqtədək bizim komissiyalar işləyə bilmiyorlar. Çünki üzvləri gediyorlar. Budur 3 üzv məzuniyyət istiyor. Bən təklif edərdim ancaq ikisinə birər həftə məzuniyyət verilsin.

Sədr - Daha kim danışmaq istiyor? Təklif var ki, ikisinə birər həftə məzuniyyət verilsin, halbuki üçdürlər. Hankısına verilsin.

Səslər - Üçünə də birər həftə.

Sədr - Söz Bəhram bəy Vəzirovundur.

Vəzirov - (İttihad) Həzərat! Məzuniyyət istəyənlərin biri mənəm. Bən Cəbrayıl uyezdi Qaryaginə gedəcəgəm. 4 gün fayton ilə oraya getmək və 4 gün gəlmək, bu 8 gün eylər. Bir həftə məzuniyyət mümkün olarmı? Məzuniyyət verirsiniz, bir ay verin, vermirsiniz heç verməyin!

Səslər - Doğrudur.

Sədr - Söz Qasım bəy Camalbəyovundur.

Camalbəyov - Şəxsi işləri üçün məzuniyyətə getmək istəyənlərə yoldaşım bir həftə məzuniyyət verilməsini təklif etdi. Fəqət bir həftə məzuniyyət ilə bir iş görmək olmaz. Yoldaşımızın təklifi səhvdir. Məzuniyyətə gedənlərə iki həftə istiyor iki həftə, bir ay istiyor bir ay məzuniyyət verilsin. Bu təklifi bən firqə tərəfindən ediyoram.

Sədr - Təklif var ki, məzuniyyət istəyənlərə istədikləri müddətə məzuniyyət verilsin. Etiraz yoxsa, qəbul olunur. Keçəlim növbədəki məsələyə.

Katib - (oxuyur) Məclisi-Məbusan Divani-Rəyasətinə:

İşlərin çoxluğunu və mühümlügünü nəzərə alaraq maliyyə və büdcə komisyonu 19 fevral iclasında kəndi əzası miqdarının 2 qat artırılmasını qət etmişdir. Binaənileyh bu barədə lazımi təşəbbüsatda bulunmağı Məclisi-Məbusan divani rəyasətindən rica olunur.

Maliyyə-büdcə komisyonu rəisi əvəzinə Musa bəy Rəfiyev.

Sədr - Söz Musa bəy Rəfiyevindir.

Rəfiyev - Həqiqətən büdcə komisyonuna mühüm layihələr gəliyor və komisyonun işi çoxdur. Büdcə komisyonu 8 əzadan ibarət olduğundan xeyli azdır. Bir də nəzərdə tutulmuşdur ki, büdcə-maliyyə komisyonunda iştirak edən üzvlər sair komisyonlarda da olduqlarından komissiya iclasına gələ bilmiyorlar. Ona görə də layihələr həqqində öz fraksiyalarına xəbər verə bilmiyorlar. Odur ki, parlamana bir layihə təqdim olunanda və layihə təcili olduqda fraksiyalar xəbərdar olmadıqlarından məsələyi təxirə salmağı təklif ediyorlar. Bundan dolayı biz təklif ediyoruz maliyyə komisyonu 8 nəfər əvəzinə 20, ya 21 olsun. Hər xırda fraksiyadan 2 və böyük fraksiyadan 3-4 üzv verilməsini təklif ediyoruz.

Sədr - Etiraz yoxsa, qəbul olunur. Rica ediyoram iclasın axırınadək namizədlərinizi göstərəsiniz.

Rəfiyev - (yerindən) Namizədlər bu gün qəbul olunan üsul ilə təklif edilsinlər.

Sədr - Əvət. Keçəlim növbədəki məsələyə. Divani-Rəyasətə bir neçə layihəyi-qanuniyyə verilmişdir.

Məarif nəzarətindən - Orucov mətbəəsinin qiymətinin özünə verilməsi həqqində.

Təriq və məabir nəzarətindən - Şuşa yolları təmirinin nəzarət ixtiyarına verilməsi həqqində.

Maliyyə nəzarətindən - Quberniya mədən vergisi idarəsi təşkili həqqində.

Yenə maliyyə nəzarətindən - Quberniya və uçastok gəlir vergisi idarələrinə üzvlər intixabı həqqində.

Yenə haman nəzarətdən - Vergilər şikayətinə baxmaq üçün Şurayi-Ali idarəsi təsisi həqqində.

Maliyyə nəzarətinin vergi şöbəsindən - Konyak, üzüm və tut spirtlərinə vergi təyini həqqində.

Poçt teleqraf nəzarətindən - Poçt teleqraf qanununun bəzi maddələrinin dəgişməsi həqqində.

Divani-Rəyasət bu layihələrin həpsinin ləvayehi-qanuniyyə komissiyasına verilməsini təklif ediyor.

“Azərbaycan”, 27 fevral 1919, №124

Təzyid - artırma

Vəzaif - vəzifəhlər

(Ardı var)

 





23.01.2017    çap et  çap et