525.Az

Paris - könülü və xəyalı fəth edən şəhər


 

Paris - <b style="color:red">könülü və xəyalı fəth edən şəhər</b>

Dünyada elə şəhərlər vardır ki, onları yenidən görmək, gözəlliklərini daha diqqətlə, heyranlıqla müşahidə etmək həvəsi adamı zaman keçdikcə tərk etmir.

Nyu-Yorkda, Amsterdamda iki dəfə olduğumdan, əvvəlki təəssüratlarım xeyli genişlənmiş və zənginləşmişdi. Üç onillik fasilədən sonra Parislə bir həftəliyə yeni görüşüm Yer kürəsinin bu ən gözəl şəhəri barədəki köhnə xatirələrimi canlandırmaqla, ona daha möhkəm məftun olmaq imkanı yaratdı. Londonda yaşayan və işləyən həkim dostumuz gənc ailəsi ilə birlikdə Fransaya səfərdən həzz aldığına görə, bizim də Parisə səfər etməyimizi israrlı qaydada təkid etdiyindən, onun alicənab müraciətini cavabsız qoya bilmədik və səfər baş tutdu.

Üç dost birlikdə ABŞ-da Şükran bayramı qeyd edilən noyabrın dördüncü həftəsində Fransa paytaxtının tarixi abidələri, muzeyləri ilə bir daha tanış olmağa can atdıq, bu şəhərin meydanları və küçələri isə bizi ağuşuna almaqla heyranlığımzı davam etdirirdi.

Paris nə Viktoriya, nə Niaqara şəlalələri, yaxud da nə Yunanıstanın Kerkira, İtaliyanın Kapri, Sakit okeandakı Taiti adaları kimi təbiətin möcüzəsi deyildir. Parisi yaradanlar, onu inşa edənlər, yenidən planlaşdırıb, ona mükəmməllik və cazibə haləsi verənlər, yəqin ki, qeyri-adi zövqə, istedada, gözəllik hissinə malik olan insanlar olmuşlar. Uzun əsrlər ərzində şəhər təkcə böyüməyib, sərhədlərini genişləndirməyib, həm də adamlara töhfə verdiyi lətafətini xeyli çoxaltmış, bu yolla digər şəhərlərin onunla müqayisə olunmaq imkanlarını müvafiq olaraq azaltmışdır. Roma əbədi şəhər adlansa da, daha qədim tarixə malik olmaqla, səkkiz əsrə yaxın qoca olsa da, London üç əsr ərzində dünyanın ən böyük imperiyasının paytaxtı imkanlarından faydalansa da, Parislə müqayisədə, xüsusən möhtəşəmlik, həm də dəbdəbəli görünüş sahəsində ona xeyli uduzurlar. Nyu-York dünyanın ən iri göydələnlər şəhəri sayılır, Defans rayonu istisna olmaqla, Parisdə isə uca binaların tikilməsinə icazə verilmir, bu məsələdə Amsterdamı da qeyd etmək olar, ona görə də Sena sahillərindəki paytaxt öz cavanlığının və yaşa dolduğu dövrlərin gözəlliklərini qoruyub saxlaya bilmişdir. Şəhər, elə bil ki, baharını ədəbiləşdirməyə çalışmaqla, gözəlliyin itirilmə dövrü sayılan payızının və qışının meydana gəlməsinə imkan vermək istəmir.

Parisin arxitektura sifəti əsrlər ərzində yaranıb. Müxtəlif üslubların xüsusiyyətlərini özündə birləşdirsə də, şəhər ümumi ahəngi, harmoniyanı pozan dəyişikliklərdən özünü qoruyub, öyündüyü bədii vahidliyini saxlaya bilmişdir. Hansısa dəbdə olan cərəyanın zorakı təcavüzünə tabe olmamış, necə deyərlər, özünə məxsus olan dəyərlər bəkarətinin toxunulmazlığına nail ola bilmişdir.

Parisin simvolu Eyfel qülləsi hesab olunur. Bu xüsusi heyranlıq obyekti digər memarlıq abidələrindən xeyli sonra, 1889-cu ildə meydana gəlmişdir. Bu qüllə dünyada çox populyarlıq qazansa da, digər arxitektura incilərinə heç də kölgə sala bilməmişdir. Bu möcüzəli tikinti ucaldılarkən ona Parisin gözəlliyinə xələl gətirəcəyi ehtimalı ilə etiraz edənlər də çox olmuşdu, yazıçılardan biri onu istehza qaydasında “göyün çoban qızı” adlandırmışdı. Lakin Eyfel qülləsi görünməmiş şöhrətə yiyələnməklə, yaradıcısının mühəndis istedadının parlaq abidəsi hesab olunur.

Ümumi rəyə etiraz etmək çətin olsa da, zənnimcə, Zəfər Tağı daha böyük şərəfə layiqdir. Onun tikintisinin təşəbbüskarı ilk imperator olduğundan, Napoleon epopeyasının rəmzi sayılan bu abidə keçmiş Ulduz, indiki Şarl de Qoll meydanında yerləşməklə, Grand Army-nin - Böyük Ordunun şərəfinə ucaldılmışdır. Zəfər Tağı qədim Romanı bəzəyən həmin tipli abidələrin ənənəsi əsasında yaradılsa da, onlardan daha böyük məşhurluq qazanmışdır. Tağda əsgərləri müharibəyə yola salan Marselyoza barelyefi həkk olunmuşdur. Fransızların milli bayramı - 14 iyul 1789-cu ildə Bastilyanın alınması günü hər il bu meydanda hərbi paradla təntənəli qaydada qeyd edilir. I və II Dünya müharibələrində həlak olan fransız hərbçilərinin şərəfinə Zəfər Tağının altında əbədi məşəl yanır. Mənşəcə fransız olan ABŞ-ın birinci ledisi Jaklin Kennedi (qızlıq soyadı Buvye idi) həmin rəmzə valeh olduğundan 1963-cü ilin noyabrında Dallasda qətlə yetirilən və Vaşinqtondakı Arlinqton qəbiristanlığında dəfn edilən əri, prezident Con Kennedinin məzarı önündə belə əbədi məşəlin alovlanmasını arzu edirdi. Yəqin ki, ərinin matəmi vaxtı mütəəssir olan qadın bu iki qəbir arasındakı fərqi nəzərə almamışdı. Zəfər Tağı altındakı məşəl hansısa konkret şəxsiyyətin şərəfinə deyil, naməlum əsgərə həsr olunmuşdur. Əri isə terrorun qurbanı olan real ABŞ prezidenti idi.

Müharibə veteranlarına qayğıya və diqqətə gəldikdə, fransızlar onlara hörmətlə yanaşmağa hələ üç əsr bundan əvvəl başlamışlar. XVII əsrdə Günəş Kral - XIV Luinin sərəncamı ilə şəhərdə qübbəsi qızılla örtülmüş Əlillər evi tikilmişdi. Burada 7 min qoca və yaralı fransız əsgəri sığınacaq tapmışdı. Belə bir versiya da mövcuddur ki, kral Parisin küçələrini miskin görkəmli müharibə əlillərindən təmizləmək üçün həmin ideyasını reallaşdırmışdı. Evin binalarından birində Ordu muzeyi yerləşir. Əlillər kilsəsində isə Napoleon Bonapartın qəbri yerləşir. İmperator 1821-ci ildə öləndə sürgündə yaşadığı Müqəddəs Yelena adasında sadə bir qəbirdə dəfn edilmişdi. 1840-cı ildə kral Lui-Filippin göstərişi ilə imperatorun cəsədi qəbirdən çıxardılıb Parisə gətirilmiş və təntənəli qaydada Əlillər kilsəsində dəfn edilmişdi. Binanın qübbəsi altında yerləşən, qırmızı porfirdən olan sərdabədə dahi sərkərdənin cəsədi uyuyur.

I Dünya müharibəsinin məşhur sərkərdəsi marşal Ferdinand Foş da burada dəfn edilmişdir. Müttəfiq qoşunların komandanı kimi o, 11 noyabr 1918-ci ildə (11.11.1918) almanların təslim olmaq barədəki təklifini qəbul etmiş və bununla müharibə başa çatmışdı. De Qoll meydanından çıxan çox sayda küçələrdən biri onun şərəfinə Foş avenyusu adlanır. Şəhərdə onun at üstündə heykəli də qoyulmuşdur.

Yazıçı Andre Morua 1929-cu ildə vəfat edən görkəmli sərkərdənin dəfn mərasimindən maraqlı bir əhvalatı qələmə almışdır. Marşalın dəfn mərasimi çox izdihamlı keçirdi. Əlillər evinin yanına çox sayda adam, həmçinin müharibə veteranları toplaşmışdı. Onlardan biri ayağını tapdalayan cavan oğlana acıqlı etirazını bildirərək demişdi ki, özü də o ayağımı ki, mən onu cəbhədə itirmişəm, indi protez ayaqla gəzirəm. Bu hərəkətilə cavan oğlan, veterana görə təkcə ona deyil, həm də dəfn mərasiminə yığışdıqları sərkərdəyə hörmətsizlik etmişdi.

Parisin yaraşığı, heç şübhəsiz, Yelisey çölü avenyusudur. Bu avenyunun adı Elizium (yunanca Eluzion, latınca Elusium) sözündən götürülmüşdür, ədəbi baharı olan cənnət çölləri və ya axirət dünyasındakı qəhrəmanların, möminlərin və şərəfli adamların yaşadıqları kiçik vilayət, başqa sözlə, müqəddəs yer demək idi. Mifə müraciət bu adda tamamilə yerinə düşür, avenyu, onda möminlər, qəhrəmanlar gəzməsə də, cənnət məkanına bənzəyir. Şəhərin bu baş prospekti de Qoll meydanından, Zəfər Tağından başlayıb, Konkord meydanında qurtarır. Avenyunu gözəl binalar, bahalı restoranlar və mağazalar bəzəyir. Küçənin hər iki tərəfindəki köşklərdə qızğın alver gedir. Dünyanın ən məşhur gecə klubu sayılan “Lido” da burada yerləşir. Monmart rayonundakı “Mulen Ruj” - “Qırmızı dəyirman” kankan rəqsinə görə çox şöhrət tapsa da, Lido həqiqi sənət, ehtirası coşduran rəqs məbədinə bənzəyir. Burada çox sayda, bəlkə də, yüzdən çox yarımçılpaq, gənc, gözəl, bədənləri bir boyda və ölçüdə olan qızlar rəqs etsə də, onlar şəhvəti deyil, gözəlliyi və sənəti nümayiş etdirirlər, burada, doğrudan da, bayağılıqdan əsər-əlamət hiss olunmur. Əlbəttə, “Lido” klubu heç də adını daşıdığı Venetsiya yaxınlığındakı monastıra bənzəmir, lakin orada rəqs edən qızları Veneranın ardıcılları, müasir rəfiqələri adlandırmaq daha düzgün olardı.

(Ardı var)

 





23.01.2017    çap et  çap et