525.Az

Bulud gözlü qaya


 

Bulud gözlü qaya<b style="color:red"></b>

Hamı hamının dediyi adam ola bilmir. Hamının dediyi adam olmaq Tanrı lütfüdür.

Belə lütfə layiq görülmüş adamlar bu gün az da olsa var. Biri elə bizim dostumuz, qardaşımız Tağı Əhmədov! Bu adamın böyüklüyü, ucalığı heç də təkcə uca boyunda, salğarlı kişi yerişində deyil, bulud gözlü qaya olmasındadır.

Qayalığını ilk baxışda hamı görür. Buludluğunu görmək üçün gərək onun  könül dünyasından xəbərdar olasan.

Bu adam nə qədər zəhmli, sərt görünürsə, bir o qədər də kövrəkdir.

Nə zaman daha da sərtləşir, başını qabağa verir, bilirsinizmi?! Dostun, qardaşın, insanın, Vətənin, torpağın, bütövlükdə bəşəriyyətin ayağına daş dəyəndə! Nə vaxt kövrəkləşir, uşaqlaşır, bilirsinizmi?

Yaxınının, dostunun, millət övladının balasının nişanında, toyunda!

Və onda o boyda qaya-dağ, dağ-qaya yerindən “qopub” oynamağa başlayır. Özü də oynayır, hamı da!

Özü də ağlayır sevincindən, hamı da!

O, adi insan deyil. Qaya-insandır. İnsan-qayadır! O adi kişi deyil. Qaya-kişidir, Kişi- qayadır! Nə qazanıbsa öz insanlığı, kişiliyi sayəsində qazanıb, ucalıqlar ona yaraşır, o, ucalıqlara!

Mən qəlbi, ruhu bütöv Azərbaycan eşqiylə dolu olan, gözlərindən Araz axan, Kür daşan bu bulud gözlü qaya haqqında düşünəndə yadıma Məmməd Arazın “Dağ yaddaşında yazı” adla şeiri düşür.

Elə bil böyük şairimiz bu gözəl şeiri məhz bu böyük, təvazökar adam barəsində yazıb:

Birisini çıxartdılar uca bir yerə,
Tez aşağı daş hellətdi:
- Baxın, hardayam!
O birisi özü qalxdı bu yüksəklərə,
Heç demədi: “Mən də varam,
Mən də burdayam” 
...Yazı gördüm dağ döşündə-
Dağ yaddaşında:
Birincinin helləncinin çuxuru qalıb...
İkincinin ayağının cığırı qalıb!

Bu cığır Tağı Əhmədov kimi Azərbaycan oğullarına, kişilərinə, ziyalılarına, bulud gözlü qayalara məxsusdur.
Belə qayaların əbədi bir statusu var:

Toxunulmazlıq!

Ölməzlik!

Əlçatmazlıq!

Yağış arzulamağa ehtiyac yoxdur. Bulud-qayaya, qaya-buluda nə gəlib.

Dünyanın harasında böyük insanlıqdan, xeyirxahlıqdan, kişilikdən, sərtlikdən və kövrəklikdən, mərdlikdən söhbət açılanda Bulud-qayaların, Qaya-buludların “göz-yaşı” baxırsan ki, artıq ora yağır... 

DUR DAĞININ ŞƏKLİ

El arasında Tur dağına Dur dağı deyilir. Bir adamın çox yaşamasını istəyəndə  deyirlər: “Görüm səni Dur dağı kimi durduqca durasan!” Əziz qardaşım, böyük  ziyalımız  Tağı Əhmədovun 70 illiyi olduğunu biləndə ürəyimdən həmin arzu keçdi.

Belə olur öz- özünün ağası,
Belə olur öz sözünün ağası!
Belə olur yer üzünün ağası,
Belə olur Allahına qul Tağı,
Vətən Tağı, oba Tağı, el Tağı!

Məmməd Araz olaq dedi nədən, daş?
Vətəndaşdı, vətəndaşdı, vətəndaş!
Özü boyda Daş-Vətəndi, Vətən-Daş,
Sıldırımlı qaya zili, daş tağı...
İldırımlı qaya Tağı, daş Tağı!

Hamı üçün gərək insan budu, bu,
İnsan pələng, pələng insan budu, bu!
Uşaq kimi kövrək insan budu, bu,
Harda dərd var, orda tökər yaş, Tağı,
Dörd okean nəymiş? Sanki beş Tağı!

Şahbuzdan çox Qazax tərəf boylanır,
Göydə uçur durna səf-səf, boylanır.
Salatın adına hərf-hərf boylanır,
Dönüb necə Məcnun olur gör, Tağı,
Ata Tağı, Ərən Tağı, Ər Tağı!

O, dünyada yetmiş ildi yaşayır,
Hoyumuza yetmiş ildi... yaşayır,
70 oba, 70 eldə yaşayır,
Yaraşıqdır aya, günə bil, Tağı,
Bəlkə elə Tağı ildir, il Tağı!

Qəlb üşütməz bu qar, ayaz, qardaşım!
Sədası gur, təbi pərvaz qardaşım,
Qəlbi dümağ, qarayağız qardaşım,
Hamı yaşar, ola bilməz Dur dağı,
Bizdən ötrü ocaq Tağı, pir Tağı!

Tağı yurda, xalqa arxa deməkdir,
Tağı yurda, xalqa arxa, köməkdir.
Min il keçsə yenə bizə gərəkdir,
Yaxşıların yaxşısına tay Tağı,
Kim bacarır, ola bilsin qoy Tağı!

 





23.01.2017    çap et  çap et