525.Az

Macar türkologiyasının ikinci adamı


 

Macar türkologiyasının ikinci adamı<b style="color:red"></b>

İkinciliyin beynəlxalq təsdiqi

Avropa ali məktəbləri və elmi müəssisələri arasında ilk türk dili kürsüsü, müasir ifadə ilə desək, türkologiya kafedrası 1870-ci ildə Budapeştin Peter Pazmani (indiki Eötvöş Lorand) universitetində açılmışdı.
 
Təşkilatçı və təşəbbüskar dövrünün yarıməfsanəvi şəxsiyyəti - türk dünyasında daha çox Rəşid Əfəndi adı ilə tanınan, Mərkəzi Asiyanın hicra guşələrinə elmi səyahətləri ilə şöhrət qazanan macar professor Armin Vamberi idi.  35 illik fasiləsiz fəaliyyətdən sonra  əməkliliyə ayrılmaq məqamı çatanda onun yerini kimin tutacağı universitet rəhbərliyində heç bir sual doğurmurdu - həmin şəxs XX yüzilliyin başlanğıcında təkcə Macarıstanda deyil, Avropa miqyasında Türkiyənin, türk dili, ədəbiyyatı və mədəniyyətinin mahir bilicilərindən biri kimi tanınan, 33 yaşında Macarıstan EA-nın müxbir üzvü seçilən İqnats Kunoş (1860-1945) olmalı idi.

Maraqlıdır ki, universitet səlahiyyətləri çərçivəsində həll edə biləcəyi kadr məsələsini Avropa orientalistləri ailəsinin müzakirəsinə çıxarmağı lazım bilmişdi. Köhnə dünyanın müxtəlif elm mərkəzlərinə, tanınmış türkoloq və şərqşünaslara  Kunoşun namizədliyi ilə  bağlı sorğu göndərilmiş, fikirləri soruşulmuşdu.

Alınan rəylər təkcə konkret təyinatla deyil, bütünlükdə XX əsr türkologiya elmi tarixində macar ailminin rolunu və xidmətlərini qiymətləndirmək baxımından diqqətəlayiq sayıla bilərdi. Onlardan bəzilərini gözdən keçirək. Məsələn, məşhur Belçika türkoloqu, Əhməd Cəfəroğlunun müəllimi Vilhelm Bang-Kaup yazırdı: “Fakültənizin türk dili kürsüsünə doktor İqnats Kunoşdan daha layiqli bir namizəd tapa bilməzsiniz. Nəşr etdiyi kitab və məqalələr istər ədəbiyyat, istərsə  dilçilik baxımından dərin elmiliyi ilə seçilir. Bu əsərlər sayəsində böyük şöhrət qazanıb və onu üzvləri arasında görmək istəyən hər bir fakültənin iftixarı ola bilər”.

“Doktor Kunoşu professor Vamberinin davamçısı kimi görmək istəyiniz, məncə, çox təbiidir. Osmanlı türkcəsi haqqında yazdığı çoxsaylı və mükəmməl əsərləri ilə türkologiya elminə böyük xidmət göstərmiş, onu üzvləri sırasına alan Budapeşt universitetinə çox böyük hörmət qazandırmışdır” - dövrün tanınmış alman türkoloqu Mark Houtsma isə fikrini belə ifadə etmişdi.

Başqa bir məşhur şərqşünas, İran Məşrutə hərəkarı ilə bağlı fundamental  tədqiqatların  müəllifi Edvard Braun həmkarı haqqında yazırdı: “Onun günümüzün ən yaxşı Osmanlı türkcəsi mütəxəssisi olduğunu düşünürəm. Əsla tərəddüd keçirmədən deyə bilərəm ki, Vamberinin işini ondan daha yaxşı davam etdirəcək bir kimsə görmürəm. Belə fövqəladə  türkoloqa sahib olan Macarıstanda həmin işin məhz doktor Kunoşa həvalə olunmasını tamamilə təbii sayıram”.

Nəhayət, çoxsaylı müsbət rəylər sırasından sitat gətirmək istədiyim sonuncu fikir: “Əsərlərindən tanıdığım doktor Kunoş çox yüksək səviyyəli  türkoloqdur. Sizin dəyərli məktubunuza yalnız bu cavabı verə bilərəm: Əsla tərəddüd etmədən ona Budapeşt universitetinin türkoloji professoru vəzifəsini vermək mümkündür” - bu isə Leypsiq universitetindən Hans Stummenin fikri idi.

Beləliklə, təkcə Budapeştdəki həmkarlarının deyil, Avropanın müxtəlif elm mərkəzlərindəki peşə qardaşlarının da yekdil rəyi ilə İqnats Kunoş 1906-cı ildə türk dili kürsüsü professorluğuna gətirildi. Əslində, yeni təyinat həm də Armin Vamberidən sonra Macarıstan türkologiyasının ikinci görkəmli siması, ikinci adamı sayılmaq anlamına gələn bir seçim idi.  

Zorən türkoloq?  

Avropa miqyasında türk dialektologiyasının və şifahi xalq ədəbiyyatının ilk tədqiqatçısı İqnats Kunoş haqda çoxdan yazmaq  istəyirdim.

Bu arzu məndə bir neçə il əvvəl, yəqin ki, ötən əsrin sonuncu böyük türkoloqu sayılacaq mərhum akademik Georq Xazai vasitəsi ilə alimin nəvəsi, Budapeştdəki ELTE universitetinin dosenti, Skandinav dilləri və ədəbiyyatı üzrə mütəxəssis, Macarıstanın ən böyük nəşriyyatı sayılan “Korvino”nun direktoru Laslo Kunoşla tanışlıq zamanı  yaranmışdı.

Elm tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin çoxunun ömür yolunda təsadüflərin, dövr və şəraitin gözlənilməz ziqzaqlarının həlledici rol oynadığını tarixdən bilirik.  İqnats Kunoşun həyatı da bu mənada istisna deyildi. 1887-ci ildə Debretsen Kalvinist kollejini bitirdikdən sonra o, ali təhsil üçün Peter Pazmani universitetinin Tibb fakültəsini seçmişdi. Həkim olmaq istəyirdi və peşə seçimi yəhudi əsilli ailəsi tərəfindən tam  dəstəklənirdi.

Amma bir neçə gün sonra təbabətlə bağlı fikrindən birdəfəlik daşınmışdı. Otopsiya - meyitlərin yarılması gənc İqnatsda dəhşətli hisslər doğurmuşdu. Bütün istəyinə rəğmən heç zaman həkimlik sənətinə yiyələnə bilməyəcəyini anlamışdı. Tibdən Tarix-filologiya fakültəsinə dəyişmək qərarına gəlmişdi. 

İxtisas kimi dilçilik sahəsini, daha sonra türk dillərini seçməsində isə Rumıniyada yaşayan dəmiryol maşinisti əmisinin məsləhəti, daha doğrusu, həyatı boyu ürəyində yaşatdığı türk sevgisi önəmli rol oynamışdı. “Ən çox bəyəndiyim insanlar türklər, ən asan öyrəndiyim dil türkcədir. Oğlum, latınca, yunanca öyrənmək yerinə türk dilini öyrən. Türk milləti kimi türk dili də bizə ən yaxın dildir. Türkcəni yaxşı öyrənsən, həm vətəninə, həm də türklərə xidmət etmiş olarsan” - bu sözlər yolayrıcında qalan, tərəddüd hissləri keçirən yeniyetmənin gələcək həyatı ilə bağlı qəti qərar qəbul etməsinə təkan vermişdi.

Yəqin ki, orta əsrlər macar tarixinin 150 illik bütöv bir dövrünün Osmanlı imperiyası ilə bağlılığı və ölkə xalqının gündəlik həyatına, mədəniyyətinə, adət-ənənələrinə hopmuş türk izləri də  ixtisas seçiminə təsirsiz ötüşməmişdi. Hətta lap düşmən sayılsalar belə, türkləri öyrənməyin nəyi pis idi? Habsburqlarla müqayisədə onlar macarların dilinə, dininə, məktəbinə toxunmamışdı, özlərindən sonra adil və insani  toplum təəssüratı buraxıb getmişdilər.

Başqa maraqlı detal da diqqəti çəkir: türkoloq olmaq istəyən gəncin ailə soyadı Lüstik idi. Lakin universitet illərində Kunoş soyadını tərcih etmişdi. Bu seçimin kökündə zahirən macarlaşma, hətta türkləşmə niyyətinin dayandığını düşünmək mümkündür. “Kun” dillərini itirmələrinə baxmayaraq Macarıstanda mövcudluqlarını qoruyub saxlayan türk əhaliyə - kumanlara (rus mənbələrində polovets) verilən addır. Kunoş - “kunlu” familiyası ilə sanki gənc İqnats da özünün onlardan biri olduğunu diqqətə çatdırmağa çalışmışdı.

Beləcə, İqnats Kunoş bir müddət ailəsindən gizlin şəkildə Tarix-filologiya fakültəsinin dərslərinə davam etməyə başlamışdı. Maraqlıdır ki, sonralar böyük oğlu İştvan həkim olmaq qərarına gələndə əski təcrübəsini göz önünə gətirən atası təxminən iki il ərzində ara-sıra onun fikrini dəyişib-dəyişmədiyini öyrənmək üçün Tibb fakültəsinə gedib əl altından vəziyyətlə maraqlanırmış...

Türk dili,  bütünlükdə isə dil amilinin köməyi ilə tarixin dərinliklərinə varmaq istəyi onu daha çox  macar xalqının soy-kökünü öyrənmək baxımından özünə cəlb etmişdi.  Təhsil həyatının ikinci ilində macarlara qohum sayılan mordvalıların dili üzərində araşdırmalara başlamışdı. İlk elmi məqaləsi mətbuatda 20 yaşlı tələbə ikən çap olunmuşdu. Universitet müəllimləri - dövrün məşhur dilçi və türkoloqları kimi tanınan Armin Vamberi, Yozef Budens  və Ziqmunt Simonyi biliyini, istedadını dəyərləndirib onda hər vasitə ilə elmi tədqiqatlara maraq oyatmağa çalışırdılar. Bu baxımdan rəhbərliyi altında Osmanlı, uyğur, tatar və Çağatay dillərini öyrəndiyi  Vamberinin təsiri xüsusilə böyük olmuşdu.

Universiteti fəlsəfə doktoru dərəcəsi ilə başa vurduqdan sonra İqnats Kunoş bir il ərzində müəllimlər hazırlayan institutda çalışmışdı. Növbəti, 1885-ci ildə Macarıstan EA-nın Anadolu dialektlərini və türk xalq dilini öyrənmək üçün ayırdığı təqaüdü almağa müvəffəq olmuşdu. Həmin ilin aprelində əski Osmanlı torpaqları olan Bolqarıstan üzərindən İstanbula gəlmişdi.

Onun Anadolu dialektlərini incələməsində hər iki müəllimi - Vamberi və Budens eyni dərəcədə maraqlı idilər. Lakin bu zaman tamamilə fərqli məqsəd güdürdülər. Həmin dövrdə macar xalqının və dilinin mənşəyi ilə bağlı iki müxtəlif fikir mövcud idi. Vamberi macarları türk, Budens isə fin-uqor əsilli xalq sayırdı. Anadolu türkcəsinin qədim laylarının macar dili ilə müqayisəli şəkildə öyrənilməsi fikirlərdən birinə haqq qazandıra, digərinin əsassızlığını ortaya qoya bilərdi.

Hadisələri qabaqlayaraq demək mümkündür ki, İqnats Kunoş türk dili, xüsusən də türk dialektologiyası sahəsində linqvistik araşdırmaları ilə mübahisəyə əhəmiyyətli təsir göstərə bilmədi. Vamberinin təşviqi və zəmanət məktubları ilə Türkiyəyə gəlib  Budensin yardımı ilə araşdırmalarını davam etdirsə də, sonda heç birinin “adamı” olmadı. Doğrudur, az sonra fin-uqor nəzəriyyəsinin tərəfdarları üstünlük qazandılar (hərçənd onların mövqeyi indi yenidən  ciddi təftiş obyektinə çevrilməkdədir). Gənc Kunoş prosesə tez qatılsaydı, bəlkə də son qərara müəyyən təsir göstərə bilərdi. Çünki haqqında qiymətli tədqiqatın müəllifi Silard Silyaqinin də yazdığı kimi, “Kunoşun Türkiyədə topladığı xalq dili və ədəbiyyatı nümunələri Macarıstana daha erkən çatmış və nəşr edilmiş olsaydı, macarların mənşəyi ilə bağlı türk və fin-uqor mübahisələri daha uzun sürəcəkdi”.  

Beləliklə, gənc alim Türkiyəyə ayaq basandan sonra sanki hansı məqsədlə göndərildiyini unudub türkcənin qədim laylarını öyrənməkdən daha çox şifahi xalq ədəbiyyatı nümunələri toplamağa başladı. Yəqin bu daha düzgün seçim idi. Bəlkə də bu yolla mübahisənin tarixən əsaslandırılmış məntiqi həlli üçün ortaya daha çox və daha ciddi arqument qoymaq olardı. Çünki folklor özündə dilin arxaik qatlarını, əski inancları, etnoqrafik ünsürləri, animistik təsəvvürləri - bir sözlə, xalqın soy-kökü ilə bağlı bir çox vacib məqamları ehtiva etməkdədir.

İqnats Kunoşa qədər yalnız avropalı türkoloqlar deyil, türklər özləri də nadir istisnalarla sahib olduqları zəngin xalq ədəbiyyatı xəzinəsi ilə maraqlanmamışdılar. Onu toplamağa, nəşr etməyə, araşdırmağa təşəbbüs göstərməmişdilər. Şair Riza Tevfik Bölükbaşı 1913-cü ildə, Kunoşun səyi nəticəsində türk folkloru dünya miqyasına çıxmağa başlayandan sonra  minnətdarlıq hissi ilə yazırdı: “Nə yazıqlar ki, biz bu yazını (toplanmış folklor irsi nəzərdə tutulur - V.Q.)  bilmirik və araşdırılmasına da tənəzzül etmirik. Halbuki əcnəbilər buna çox önəm verirlər. Əziz dostlarımdan macarlı Prof. Dr. İqnats Kunoş türk nağıllarını, tapmacalarını, türkülərini,  oyunlarını toplamış və böyük bir kitab vücuda gətirmişdir”.

Macar alimin türkologiya və folklorşünaslıq qarşısındakı müstəsna xidməti türk mədəniyyət tarixi ilə bağlı mühüm sahənin öncülü olmağı bacarmasındadır. Kunoş kiçik istisnalarla türk xalqının zəngin mədəni-mənəvi irsinə laqeydliyin əsas günahını  ziyalılarda görmüş, İstanbula gəldiyi ilk günlərdə həmkarlarının yanlışını üzə vuraraq  müqəddiməsiz-filan yazmışdı: “Onlar üçün ərəbcə və ya farsca bir kəlmə, nə yazıq ki, bir torba dolusu türkcə sözdən daha dəyərlidir”... Və sanki Mirzə Cəlilin “Anamın kitabı” tragikomediyasının qəhrəmanlarını xatırladan belə üləmaya nümunə göstərmək üçün özü piyada, at,qatır və ulaq belində, kəl arabasında Anadolunun kəndlərini, mahallarını dolaşıb  xalq ədəbiyyatı örnəklərini toplamağa, zəngin mənəvi sərvəti labüd məhvdən xilas etməyə başlamışdı.            

Türk folklorunun Kolumbu 

İqnats Kunoşun türk xalq ədəbiyyatının gələcək tədqiqat sahəsi seçməsinin maraqlı tarixçəsi vardır. Universitetdə türkcəni   çətinliklə başa düşdüyü Osmanlı kitablarından öyrəndiyi, daha doğrusu, əzbərlədiyi dövrdə   təsadüfən Budapeştdə qənnadı məmulatları satan  bir nəfər Anadolu türkü ilə tanış olur. Onun dükanında saatlarca oturub sadə, anlaşıqlı dildə söhbət edirlər. Tələbədə məntiqi  sual yaranır:  əgər ərəb, fars sözlərindən, izafət tərkiblərindən xali belə saf, təmiz dil varsa, deməli, bu dildə yaranan  şifahi ədəbiyyat da olmalıdır. Məsələ ilə bağlı müəllimi Armin Vamberini sorğu-suala tutur:

“Əcəba, türk millətinin xalq ədəbiyyatı varmı? - deyə sordum.

Müəllimim “Bildiyimə görə, o qədər də yox” - dedi. Mən:

-Bəs Əhməd Vəfiq Paşanın “Atalar sözü” adlı məcmuəsi, ya Nəsrəddin Xocanın bütün dünyada məşhur olan və bütün Qərb dillərinə çevrilmiş lətifələri xalq ədəbiyyatı sayılmazmı? - deyə sordum.

-Türklərin xalq ədəbiyyatı bu qədərdir. Başqasını bilmirəm - cavabini verdi.

-Əfəndim, bildiyimə görə, dünyanın hər bir milləti cahil olsun, bütlərə tapınsın, istər müsəlman, istər xristian olsun, xalq ədəbiyyatısız olmaz. Tanrı yaratdıqlarının xalq ədəbiyyatı zatən xalqın düşüncəsidir, dodaqlarının gülüşüdür, ruhunun əyləncəsidir, dərdlərinin fəryadıdır, qəmi varsa, könlünün yarasıdır, bəxti varsa, bəxtinin gülü, sünbülüdür. Türk xalqı düşünməzmi? Köylünün ah-fəğanı göyə çıxmazmı? Baxçasındakı gülünün rəngi, qoxusu yoxdurmu?  Bir sözlə, türklərin xalq ədəbiyyatının olmadığını desəniz, sözünüzə inanmaram.

Ustad bir neçə dəqiqə düşünüb-daşınandan sonra üzümə sevinclə baxıb:

-Bəlkə haqlısan. Bəlkə mənim eşitdiklərim yanlışdır. Yaxşısı budur, Türkiyəyə get, türk ədəbiyyatını ara. Allah yardımçın olsun! - dedi”.

Armin Vamberi tələbəsinə təkcə xeyir-dua deyil, həm də Türkiyənin Şeyx Süleyman Əfəndi, Əhməd Vəfiq Paşa kimi tanınmış elm adamlarına ünvanlanmış zəmanət məktubları da vermişdi. İstanbula gəldiyi ilk gündən o, xalqın içində olmağı üstün tutmuşdu. Kitablardan öyrəndiyi türkcəni təkmilləşdirmək, danışıq dilinin incəliklərinə yiyələnmək üçün həftələrlə mədrəsə dərslərinə  getmişdi. Ünsiyyət dairəsi genişləndikcə türk xalq ədəbiyyatının indiyə qədər toplayıcı və tədqiqatçı gözündən kənarda qalan xəzinə olduğunu anlamışdı.

Türk torpağına ayaq basandan üç ay sonra topladığı nümunələr əsasında artıq ilk kitabı çapa hazır idi. Həmin kitab növbəti 1886-cı ildə türkcə mətnlər və macar dilinə tərcümə ilə birlikdə “Üç qaragöz oyunu” adı altında Budapeştdə işıq üzü görmüşdü. Kitaba xüsusən Ramazan bayramlarında nümayiş etdirilən və xalq arasında populyarlıq qazanan üç oyunun mətni, habelə ənənəvi türk gölgə teatrının özəllikləri, aparıcı qəhrəmanlarının - Qaragözlə Hacıvətin səciyyəvi xüsusiyyətləri haqda məlumat daxil edilmişdi. Macarların timsalında Avropa ilk dəfə türk xalq teatrının  mövcudluğundan xəbər tutmuşdu. Əsərin çap nüsxələrinin keçmiş sədrəzəm, diplomat, yazıçı və tərcüməçi Əhməd Vəfiq Paşa, maarif naziri Münif  Paşa kimi nüfuz sahibi insanlara təqdim edilməsi İqnats Kunoşun üzləşdiyi bir sıra çətinliklərin aradan qaldırılmasına imkan yaratmışdı.

Aradan qırx il keçəndən sonra, 1925-ci ildə ilk  addımlarının uğurunu yada salan alimi gəncliyə xas coşqunluq və şairanəliklə yazmışdı: “İştə vətənimi tərk edəli beş həftə olur-olmaz, Rumelidəki türk xalqının ədəbiyyat qapısını açdım, içəriyə girdim, beytlər baxçasında çiçəklər topladım. Bu kiçicik dəmətim gərçi bir kaç çiçəkdən, bir kaç yarpaqdan ibarət olsa da, onlarda təbiətin verdiyi rayihə var. Əcəba, ustad Vamberinin şübhəsinə qarşı, Allahın xalqı heç ədəbiyyatsız olarmı?  Bəşər övladının tarlası heç çiçəksiz qalarmı?”

Bir neçə ay ərzində “Koroğlu”, “Kərəm ilə Əsli”, “Aşıq Qərib”  dastanlarını, çoxsaylı nağıl və şərqiləri, tapmacaları, Nəsrəddin Xoca lətifələrini yazıya almaq mümkün olmuşdu. İqnats Kunoş topladığı zəngin, rəngarəng nümunələr əsasında “Osmanlı türk xalq ədəbiyyatından örnəklər” toplusunu hazırlayıb birinci cildini 1887-ci, ikinci cildini isə 1889-cu ildə Budapeştdə nəşr etdirmişdi. Eyni ildə Armin Vamberinin ön sözü ilə “Türk xalq nağılları” kitabı çapdan çıxmışdı. Bu kitabı türk nağıllarını Avropada tanıdan ciddi məxəzlərdən biri idi. Türk  nağılları ingiliscəyə ilk dəfə onun sayəsində çevrilmişdi. 1901-ci və 1913-cü illərdə Londonda nəşr olunan  “Turks Fairy Tales and Folk Tales” və “Fourty-four Türkish Fairy Tales” kitablarının əsasında Kunoşun topladığı xalq nağılları dayanırdı.

Nəhayət, Türkiyədə başa çatdırdığı mühüm işlərdən biri “Osmanlı türk xalq ədəbiyyatı örnəkləri”nin üçüncü cildi idi. Həmin dövrdə eyni səciyyəli işi Rusiyada görən akademik V.Radlovun təklifi ilə sonuncu cild Budapeştdə deyil, Peterburqda nəşr olunmuşdu. Radlov aşiq şeirləri, mahnılar, bilməcə, ninni, lətifə və s. ehtiva edən toplunu 1899-cu ildə özünün “Türk xalq ədəbiyyatı nümunələri” oncildliyinin 8-ci cildi kimi “Türk xalq ağızları” adı altında çap etmişdi.

İqnats Kunoş Türkiyənin Bursa, Aydın, İzmir, Kastamonu, Kutahya kimi vilayətlərinə səfərləri zamanı dil və etnoqrafik özəllikləri ilə seçilən köçəri zeybək, yörük (türkmən) tayfalarının dastanlarını, nağıl və mahnıları yazıya almış, fərqli dini toplumun - ələvilərin, bəktaşi dərvişlərin dini ədəbiyyatı ilə  maraqlanmışdı. Ölkənin dərinliklərinə nüfuz etdikcə dil və folklorla bir sırada xalqın yaşam tərzinin özünəməxsusluqlarına diqqəti də əhəmiyyətli dərəcədə artmışdı. Macar türkoloqunun dövrü üçün bestseller sayılan “Anadolu mənzərələri” (Budapeşt, 1891) kitabı həm də tarixi-etnoqrafik çalarların zənginliyi ilə seçilirdi.

Türk insanına sevgisi, sadəliyi, səmimiliyi, zəngin biliyi sayəsində İqnats Kunoş dərviş təkkələri və saraylara, yörük alaçıqları və köylü daxmalarına eyni asanlıqla yol tapmağı bacarmışdı. Onun dostları sırasında türk mədəniyyətinin və ədəbi-ictimai fikrin Əhməd Vəfiq Paşa, Münif  Paşa, Macar Osman Paşa, Hülusi bəy, şairə Nigar xanım, Əbuzziya Tofiq, Rəcaizadə Mahmud Əkrəm, Əhməd Rasim, Fuad Köprülüzadə və b. tanınmış nümayəndələri vardı.

Müəllimi Armin Vamberi kimi İqnats Kunoş da Rumelinin, Anadolunun kənd və qəsəbələrini dolaşdığı illərdə türklərlə qaynayıb-qarışmağı, bəlli ölçüdə türkləşməyi bacarmışdı. Rəşid Əfəndi adı ilə tanınan müəllimi kimi onun da türk adı vardı - bir çoxları üçün sadəcə Qədir Əfəndi idi. Lakin türk dünyası ilə bağlı səyahət və araşdırmalarında həm də Britaniya imperializminin mənafeyini güdən Vamberidən fərqli olaraq Kunoş yalnız elmin maraqlarına xidmət etmişdi. Folklor nümunələrinin uğurla toplanması üçün  xalqla eyniləşmək, onunla qaynayıb-qarışmaq bacarığını mühüm şərt kimi önə sürmüş, şəxsi  həyat təcrübəsindən çıxış edərək yazırdı:  “Dərləyicinin hər şeydən öncə türklər arasında yaşaması gərəkdir. Dərləyici material topladığı şəxslərin sevinclərini və kədərlərini paylaşmalı, onların adət-ənənələrinə uymalı, onlar kimi geyinməli, hətta lazımi məqamlarda özünü islamı qəbul etmiş biri kimi göstərməyi bacarmalıdır”.

Diqqətəlayiq haldır ki, İqnats Kunoşun türk xalq ədəbiyyatını toplanması, nəşri və Avropada tanıdılması istiqamətindəki fəaliyyətini təkcə türk ziyalıları deyil, Osmanlı hökuməti də qədirşünaslıqla qiymətləndirilmişdi. Sultan II Əbdülhəmid 1888-ci  ildə  alimi 3-cü dərəcəli Məcidiyyə ordeni ilə təltif etmişdi.

İqnats Kunoşun qısa fasilə ilə Türkiyədə beş il sürən fəaliyyəti hər cəhətdən uğurlu olmuşdu. Ona görə də alim 1906-cı ildə türk dilləri professoru vəzifəsini tutmaq üçün Budapeşt universitetinə təqdim etdiyi tərcümeyi-halında aşağıdakı sətirləri yazmağa özündə tam mənəvi haqq görmüşdü: “Anadolu və Balkan türklərinin xalq ədəbiyyatlarının demək olar ki, bütün nümunələrini xalq ağzından birbaşa toplamağı və Avropa elminin indiyə qədər tanımadığı bir çox türk dialektlərini tanıtmağı bacardım”.  

Nəsrəddin Xoca sevgisi 

Avrasiya  xalq ədəbiyyatının möhtəşəm simalarından  Nəsrəddin Xocanın -Molla Nəsrəddinin adı gənc macar türkoloquna hələ Anadoluya ilk səfərindən əvvəl yaxşı tanış idi. Bunu müəllimi Armin Vamberi ilə yuxarıda misal gətirilən dialoqundan da görmək mümkündür.

Nəsrəddin Xoca onun yalnız tədqiqat obyekti deyil, həm də sevimli ədəbi qəhrəmanı, müxtəlif münasibətlərlə üz tutduğu klassik Şərq müdriki idi. Oğlu İştvan atası haqqında araşdırmaçı Silard Silaqyi ilə söhbətində İqnas Kunoşun xarakterindəki hazırcavablıq, yumor hissi, ədalətlilik, ürəyiyumşaqlıq, çətin vəziyyətdə ruhdan düşməmək və s. xüsusiyyətləri ilə hər kəsdən daha artıq Nəsrəddin Xocaya borclu olduğunu xüsusi vurğulamışdı.

Macarlar Anadolu türklərinin müdrik məzhəkə qəhrəmanı ilə ilk dəfə Kunoşun təqdimatında, 1896-cı ildə çıxan “Kiçik Asiya türk dialektləri” kitabı vasitəsi ilə tanış olmuşdular. Burada xalq nağılları, türkülər, tapmacalar və s. ilə birlikdə səkkiz  Xoca lətifəsi də  yer almışdı. Üç il sonra isə İqnas Kunoş artıq Konya və Aydın bölgələrindən toplanmış 168 lətifədən ibarət “Nəsrəddin Xoca lətifələri” (“Nasreddin Hodsa trefai”)  kitabını ortaya qoymuşdu. Sonralar həmin toplu “Türk xocasının lətifələri” adı ilə 1926 və 1996-cı illərdə yenidən nəşr olunmuşdu. Alimin 1930-cu ildə çapdan çıxan “Şərq xalqlarının gülüşü” əsərinin mühüm bir qismi də Nəsrəddin Xocanın lətifələrindən ibarət idi.

Tərtibçinin geniş ön sözü ilə açılan 1899-cu il nəşrində hər lətifənin transkripsiyalı orijinal mətni və macar dilinə tərcüməsi verilmişdi. Bu keyfiyyətinə görə nəşr həm türkcəni öyrənmək, həm də Nəsrəddin Xocanın mizah dünyası ilə tanış olmaq istəyənlər üçün eyni dərəcədə yararlı və əhəmiyyətli sayıla bilərdi. Topladığı lətifələrdən 116-sı akademik V.V.Radlovun adı çəkilən 10 cildliyinə salınmışdı.  Yeri gəlmişkən, iki alimin türk folklorunun toplanması və tədqiqinə  yönəlik elmi əməkdaşlığı 1887-ci ildən başlamış və 30 ildən çox davam etmişdi. 

İqnas Kunoş Nəsrəddin Xocanı real tarixi şəxsiyyət sayırdı. Onun fikrincə, Xocanın prototipi xəlifə Harun ər-Rəşid zamanında yaşamış molla Məhəmməd Nəsrəddin idi. Rəvayətlərə görə Sivrihisar, yaxud Ağşehirdə doğulub. Həyatının sıx bağlı olduğu yerlər sırasında Konya və Yenişehir xatırladılır. Bir sıra lətifələrdə Nəsrəddin Xocanın adının dövrün Teymurləng, Osmanlı sultanı I Bəyazid, Qaraman  əmiri Əlaəddin ilə yanaşı çəkilməsinə diqqət yetirilir. Bütün bu tarixi asossasiyalar  xalq qəhrəmanının XIV əsrin sonu - XV əsrin əvvəllərində Qaraman əmirliyinin torpaqlarında yaşadığını söyləməyə imkan verir. Kunoşun fikrincə, Nəsrəddin Xoca Osmanlı hakimiyyətinin, ümumən iqtidarların boşluğu, səfehliyi, özündənmüştəbehliyinə qarşı sadə  xalqın  istehzalı münasibətini ortaya qoyan, xalqın dili ilə danışıb onun sözünü deyən müdrik el  ağsaqqaldır. 

Müqəddimədə Nəsrəddin Xoca lətifələri xronoloji ardıcıllıq baxımından iki yerə ayrılmışdı: Xocanın yaşadığı dövrə aid  hadisələri və onun zamanından sonra baş vermiş olayları əks etdirən lətifələr.  Eyni zamanda Nəsrəddin Xocadan əvvəl mövcud olmuş bir sıra lətifələrin bilərəkdən, müəyyən səbəblərə görə xalq müdriki ilə əlaqələndirilməsi də diqqətdən qaçırılmamışdı. 

Bu da ilk növbədə Nəsrəddin Xocanın adına, hikmətinə hər zaman ehtiyac olmasından irəli gələn zərurət kimi dəyərləndirilmişdi. Xalq belə aqil  insanların hər zaman yaddaşlarda yaşamasına, bənzərlərinin yetişməsinə maraqlı idi. İqnats Kunoş fikrini əsaslandırmaq üçün yarı tarixi, yarı nağılvari bir olaydan söz açır. III Sultan Muradın hakimiyyəti dövründə özünü Nəsrəddin Xocanın nəvəsi kimi qələmə verən şəxs sədrəzəmin yanına gəlib vəzifə istəyir. Sədrəzəm həqiqətən Xocanın nəvəsi olduğunu sübuta yetirsə, vəzifə alacağını vəd edir. Adam çox fikirləşmədən atını saray mühafizinin davuluna bağlayır. At ürküb yerindən götürülüncə, davul dəhşətli səs-küy salır. Bir sürü qatır küçələrə düşür. Bütün İstanbul bir-birinə qarışır. Sədrəzəm tizfəmliyi və yumor hissinə görə bu şəxsin  gerçəkdən  Xocanın nəvəsi olduğuna inanıb arzusunu yerinə yetirir.

İqnats Kunoş yalnız Anadoluda yayılmış Nəsrəddin Xocanın lətifələrini toplasa da, onun digər türk boylarının, habelə dünya xalqlarının folkloruna nüfuz etdiyini bilirdi. Kitabına yazdığı ön sözdə  Tiflis və Kazanda Nəsrəddin haqqında nəşrlər meydana çıxdığını diqqətə çatdırır, hətta ərəblərin məşhur gülüş qəhrəmanı Çohanın adı dəyişdirilmiş Xoca olduğu qənaətini əsaslandırmağa çalışırdı. Milli folklor tariximizdə arasında Molla Nəsrəddin lətifələrinə də rast gəlinən ilk  toplu Əlabbas Müznibin tərtibi ilə 1908-ci ildə Bakıda çapdan çıxmışdı. Tiflisdə isə   müəllim A.Zaxarovun topladığı Molla Nəsrəddin lətifələri SMOMPK (“Sbornik materialov po opisaniyu mestnostey i plemyon Kavkaza”) məsmuəsinin 1889-cu il  9-cu buraxılışında özünə yer almışdı. İqnats Kunoşun həmkarı V.V.Radlov vasitəsi ilə bu nəşrdən xəbər tutduğunu ehtimal etmək üçün yetərincə əsas var.

Yuxarıda adı çəkilən “Türk xocasının lətifələri”  kitabının müqəddiməsində  Nəsrəddin Xoca türk xalqının milli varlığının ifadəçisi, nöqsan və qüsurlara qarşı mübarizəsinin rəmzi, haqq və həqiqətin sözçüsü  kimi dəyərləndirir. Müəllif  şəxsən topladığı  330-dan çox  lətifələrin xronologiya və məzmun baxımından sistemə salınmasına da ilk dəfə bu əsərində təşəbbüs göstərmişdir. Lətifələr Nəsrəddin Xocanın uşaqlığı və gəncliyi (32, rəqəmlər mövzu ilə bağlı lətifələrin sayını göstərir - V.Q.), həyatının yetkin dövrü (180), arvadı ilə münasibətləri (50), eşşəyi ilə bağlı macəralar (35), ömrünün son illəri və ölümündən sonrakı  hadisər (31) kimi mövzular ətrafında  qruplaşdırmışdı.

İqnats Kunoşun səyi nəticəsində macarlar Avropa xalqları arasında birincilər sırasında böyük Şərq müdrikinin şəxsiyyəti ilə, dinindən və milliyyətindən asılı olmayaraq insanın islahına, təkmilləşməsinə xidmət edən ibrətamiz gülüşü ilə tanışlıq imkanı qazanmışdılar. Xalq da xidmətləri müqabilində  dövrün ünlü macar şairi Layoş Palaqyinin (1866-1933) dili ilə ona “bizim xocamız” adını vermişdi.

(Ardı var)

 





23.01.2017    çap et  çap et